Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Qumbaridze ilə görüşdə söhbətindən - Prezident sarayı, 7 aprel 1999-cu il


Heydər Əliyev: Xoş gördük, hörmətli cənab Qumbaridze! Bu yaxınlarda mən Moskvada prezident Eduard Amrosiyeviç Şeverdnadze ilə görüşdüm. Biz işlərimiz barədə yaxşı danışdıq. İndi işlər necədir?

Zurab Qumbaridze: Heydər Əliyeviç, vaxt tapıb məni qəbul etdiyinizə görə sağ olun. Mənə kifayət qədər xoş və sevindirici bir tapşırıq verilibdir. Əlbəttə, xəbəriniz var ki, aprelin 17-də Gürcüstan Azərbaycanla birlikdə region üçün, Azərbaycan və Gürcüstan üçün, bəlkə də bütün dünya ictimaiyyəti üçün böyük bir günü qeyd etməyi planlaşdırır. Həmin gün Bakı-Supsa neft kəmərinin və Supsa terminalının - böyük bir layihənin, bir vaxtlar Sizin başladığınız, Sizin həyata keçirdiyiniz böyük bir işçinin açılış mərasimi olacaqdır.

Birmənalı şəkildə deyə bilərəm ki, indi Gürcüstanda böyük hazırlıq görülür. Gürcüstan Azərbaycan nümayəndə heyətinin, bu layihənin həyata keçirilməsi üçün hər şeyi etmiş olan Azərbaycan Respublikasının prezidenti Heydər Əliyeviç Əliyevin gəlişini böyük hörmətlə, məsuliyyətlə və böyük fərəhlə gözləyir.

Siz bilirsiniz ki, ötən dövrdə çoxları bu layihənin reallaşması ideyasına, bütövlükdə Azərbaycanın neft sərvətlərindən istifadə edilməsi ideyasına şəkk-şübhə ilə yanaşırdı. Amma Sizin sayənizdə, çəkdiyiniz zəhmət sayəsində bütün bunlar artıq həyata keçirilir və aprelin 17-si buna ən yaxşı misaldır, həmin gün Siz və prezident Eduard Amvrosiyeviç bu layihənin başa çatdırıldığını elan edəcəksiniz.

Mən Eduard Amvrosiyeviç Şeverdnadzedən dəvət məktubunu çatdırmaq tapşırığı almışam. Amma Siz özünüz bilirsiniz ki, Eduard Amvrosiyeviç ilə birlikdə Sizin xidmətiniz olan bu tədbirə dəvət rəmzi səciyyə daşıyır. Siz qonaq deyil, Gürcüstan prezidenti ilə birlikdə bu tədbirin əsas sahibi hesab edilirsiniz. Bu, birgə tədbirdir və əlbəttə, indiki halda bu dəvət diplomatik xarakterə malikdir. Bİz Sizi salamlamağa həmişə şadıq. Bir səfir kimi əminəm və şadam ki, münasibətlərimiz elə səviyyəyə çatacaq ki, onda biz Sizi Gürcüstanda hətta formal dəvətlərsiz də salamlaya biləcəyik.

17 aprel çox maraqlı gün olacaqdır. Potiyə çoxlu qonaq gələcəyi gözlənilir. Poti kiçik şəhər olsa da, oraya 400-500 adam dəvət edilmişdir. Bunlar əsasən jurnalistlər, bu layihənin iştirakçıları - səhmdarlar, inşaatçılardır, mən layihənin həyata keçirilməsində iştirak etmiş şirkətləri nəzərdə tuturam. Yəni tədbirin böyük əhəmiyyəti var və orada Sizin iştirakçınız, Sizin rolunuz isə, şübhəsiz, olduqca mühüm və çox fərəhlidir.

Siz bilirsiniz ki, elə həmin gün Poti dəmiryol terminalının açılışı da planlaşdırılır. Bizim qonağımız kimi Siz yəqin ki, hər iki tədbirdə iştirak edəcəksiniz. Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanın gəlişi gözlənilir. Bu tədbirlərdə o da iştirak edəcəkdir. Beləliklə, həmin gün iki tədbirlə - Supsa terminalının açılışı ilə, - bu zaman Siz ilk tankerə neftin necə vurulduğunu görəcəksiniz, - habelə Poti dəmiryol terminalının açılışı ilə əlamətdar olacaqdır.

Tədbir müəyyən vaxt üçün nəzərdə tutulmuşdur Sizi Eduard Amvrosiyeviç Şevardnadze salamlayacaq və mən onun dəvət məktubunu məmnuniyyətlə Sizə çatdırıram.

Heydər Əliyev: Dəvətə görə, prezident Şevardnadzenin məktubuna görə sağ olun. Biz həmin məsələni bu yaxınlarda Moskvada görüşümüz zamanı müzakirə etdik.

Bakı- Supsa neft kəmərini birlikdə açmaq üçün aprelin 17-də Gürcüstanda, Potidə hökmən olacağam. Bu, özünün həm iqtisadi, həm texniki, həm də siyasi əhəmiyyətinə görə həqiqətən çox böyük layihədir. Biz bu yaxınlarda xarici neft şirkətləri ilə birlikdə xəzərdəki yataqların istismarına başladıq. Qısa müddətdə Bakı- Novorossiysk neft kəmərini çəkdik və 1997-ci ilin noyabrdan başlayaraq Xəzərdə çıxarılan nefti Qara dəniz sahilindəki Novorossiysk limanına ixrac edirik. Bundan sonra biz Bakı-Supsa neft kəmərinin və Poti şəhərində terminalın inşasına başladıq. Bu, böyük işdir, orada milyonlarla dollar qoyulmuşdur, mürəkkəb texniki qurğular tikilməsi nəzərdə tutulurdu. Allaha şükür ki, biz bunun öhdəsindən yaxşı və vaxtında gəldik. Neft kəməri artıq çoxdan çəkilmişdir. Son vaxtlar boru neftlə dolduruldu. Məlumdur ki, boru kəməri artıq tamamilə doldurulmuş və neft artıq Potiyə çatmışdır. Mənə söyləyiblər ki, çox yaxşı terminal tikiblər və ayın 17-də neft kəmərini işə salmaq lazımdır ki, neft bu kəmərlə axsın və biz onu həmin marşrutla ixrac edə bilək.

Bizdə neft uğurla çıxarılır. Bu il "Çıraq" platformasından 5 milyon tondan artıq, ola bilsin, daha çox neft çıxarılacaqdır. Bakı-Supsa neft kəmərinin gücü 5 milyondan çoxdur və lazım gələrsə, bu marşrutla vurulan nefti artırmaq olar.

Bu, böyük hadisədir, Gürcüstanla Azərbaycan və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, yəni xarici ölkələrin bir çox neft şirkətlərinin daxil olduqları konsorsium arasında yaxşı və səmərəli əməkdaşlıqdan xəbər verir.

Bu marşrutun böyük əhəmiyyəti var, çünki o, Azərbaycan üçün hər cəhətdən daha məqbuldur. O, bir də bununla əlamətdardır ki, biz Azərbaycan neftini dünya bazarına birbaşa çıxaracağıq. Azərbaycan nefti çox keyfiyyətlidir, lakin Novorossiyskdə onu Qərbi Sibirdən göndərilən neftlə qarışdırırlar. Burada isə neft xalis Azərbaycan, Xəzər neftidir. Bu boru ilə dünya bazarlarına keyfiyyətli neft daşınacaqdır.

Bu yaxşı işdir və düşünürəm ki, Xəzərdə işimizin böyük perspektivi var. Bilirsiniz ki, biz dünyanın müxtəlif neft şirkətləri ilə 15-dən çox iri müqavilə imzalamışıq, fəal iş gedir. Odur ki neft hasilatı ildən-ilə artacaq və təbii olaraq, indi "Çıraq" platformasında nəzərdə tutulduğundan daha çox miqdarda neft ixracı məsələsi qarşıya çıxacaqdır. Buna görə də biz Bakı-Ceyhan neft kəmərinin inşasını planlaşdırırıq. Ötən ilin oktyabrında Ankarada Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Özbəkistan Bakı-Ceyhan neft kəmərinin inşası haqqında bəyannamə imzaladılar. Düşünürəm ki, biz tezliklə bu neft kəmərinin də inşasına başlayacağıq, o da Azərbaycanı və Gürcüstanı birləşdirəcək və təbii ki, ölkələrimizin iqtisadi inkişafına təkan verəcəkdir.

Bütün bunlar Azərbaycanla Gürcüstan arasındakı mövcud olan dostluq, qardaşlıq münasibətlərinə əsaslanır. Buna görə də şadam ki, biz artıq bu işi yerinə yetirmişik və indi yalnız rəsmi açılış qalır. Ayın 17-də biz Potidə, Gürcüstanda bir yerdə olacağıq.

Xahiş edirəm, mənim salamımı, ən xoş arzularımı Eduard Amvrosiyeviçə, Gürcüstandakı dostlarımızın hamısına çatdırasınız.

Zurab Qumbaridze: Cənab prezident! İcazə verin aprelin 17-dəki hadisə ilə əlaqədar informasiya materialı hazırlamaq üçün Bakıya gəlmiş Gürcüstan jurnalistlərini Sizə təqdim edim.