Azərbaycan Prezidenti Heydər Əliyevin məşhur müğənni Yaqub Zurufçu ilə görüşdəki söhbətindən - Klivlend şəhəri, "Omni" hoteli, 16 may 1999-cu il


Yaqub Zurufçu: Cənab prezident, Sizinlə görüşmək mənə böyük şərəfdir. Səhhətinizin yaxşı olduğunu görmək isə məni olduqca sevindirir. Mən Sizə bütün dünya azərbaycanlılarının sonsuz məhəbbətini, hörmət və ehtiramını, xoş arzularını çatdırmaq istəyirəm. Sizi xoş əhval-ruhiyyədə görməkdən böyük fərəh duyuram, sevincimin həddi-hüdudu yoxdur.

Heydər Əliyev: Çox sağ olun. Sizi görməyimə çox şadam. Xoş sözlərinizə görə təşəkkürümü bildirirəm.

Yaqub Zurufçu: Cənab prezident, biz Sizinlə fəxr edirik. Sizə hörmətimizin, məhəbbətimizin sonu yoxdur. Sizi belə gözəl görməyimdən çox məmnunam. Cərrahiyyə əməliyyatının uğurla nəticələnməsinə görə də Sizi təbrik edirəm.

Heydər Əliyev: Səmimi sözlərinə və məni ziyarət etdiyinə görə sənə minnətdaram. Çox sağ ol. Mən də səni çox istəyirəm. O gün səni yada salmışdıq. Erten Paşa ilə "Aman ayrılıq" mahnısını xatırladıq. Dedim ki, o mahnını mən çox eşitmişəm. "Aman ayrılıq" mahnısını Yaqub Zurufçudan başqa ikinci bir oxuyan yoxdur.

Yaqub Zurufçu: Sizin söhbətinizi eşitmək mənə xoşdur, cənab prezident. Onu da deyim ki, Sizin müalicənizin uğurla başa çatması Amerikada yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılanıb. Bu münasibətlə hətta şənliklər də keçirilib. Həmvətənlərimiz Sizə cansağlığı, uzun ömür arzulayırlar.

Heydər Əliyev: Çox sağ olun, Sizin sözləriniz mənə böyük məmnunluq gətirir. Çünki mən də həmvətənlərimi, bütün Azərbaycan xalqını, dünyanın hər bir guşəsində yaşayan azərbaycanlıları çox sevirəm.

Yaqub Zurufçu: Biz də Sizi çox sevirik, cənab prezident. Allah Sizdən razı olsun. Sənətimə verdiyiniz yüksək qiymətə görə də təşəkkür edirəm. O mahnının kasetini gətirmişəm, hədiyyə olaraq Sizə verirəm. Həmişə ayaq üstə olasınız. Bizim vəzifəmiz öz sahəmiz üzrə yaxşı işləməkdir. (Sonra Yaqub Zurufçu pianino arxasına keçdi və "Aman ayrılıq" mahnısını özünəməxsus ustalıqla ifa etdi)

Heydər Əliyev: Çox sağ olun. Siz həmişəki kimi, bəlkə də daha gözəl ifa etdiniz. Təşəkkür edirəm. Həm oxumanıza, həm də mənə göstərdiyiniz sonsuz hörmət və ehtirama görə. Amerikada yaşayan soydaşlarımıza mənim salamımı və istəyimi çatdırmağınızı xahiş edirəm. Onların həyatı, işi, fəaliyyəti məni həmişə maraqlandırıb. Sizə də, həmvətənlərimə də dərin minnətdarlığımı bildirirəm. Bir daha təşəkkür edirəm. Sağ olun.

Yaqub Zurufçu: Sağ olun, cənab prezident. Var olun.

Tarixi arayış

MƏDƏNİYYƏT