Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr olunmuş beynəlxalq simpoziuma - Bakı, 6 noyabr 1996-cı il


Hörmətli alimlər!

Xanımlar və cənablar!

Sizi dünya ədəbiyyatının klassiki, dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr olunmuş beynəlxalq simpoziumun açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Füzuli beş əsrdir ki, dünya poetik fikrinin inkişafında misilsiz rol oynayır. Onun yaradıcılığı əsrlərdən bəri Yaxın və Orta Şərqin ədəbi fikrini öz təsiri altında saxlamışdır. Füzuli poeziyasının türk xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qovuşmasında əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu gün türkdilli xalqların hər biri Füzulini öz doğma şairi kimi sevir və onun 500 illik yubileyini təntənəli şəkildə qeyd edir.

Füzuli Azərbaycanın böyük milli sənətkarı olmaqla yanaşı bütün müsəlman aləminin qəlb şairidir. Qoca Şərqin bədii, ədəbi-nəzəri, mənəvi-estetik dünyasının elə bir guşəsi yoxdur ki, Füzuli şeri ilə bəhrələnməsin. Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır.

Əziz Füzulişünas alimlər!

Sizi bu gün Füzulinin tarixi Vətənində - milli dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikasında salamlamaqdan xüsusi fərəh hissi duyuram. Bu beynəlxalq simpozium bir daha təsdiq edir ki, dünyanın bir çox ölkələrində Füzulişünaslıq bir elmi istiqamət kimi artıq özünü təsbit etmişdir. Füzulinin tədqiqi və nəşri sahəsində Azərbaycanda da, sizin ölkələrdə də böyük işlər görülmüşdür.

Mən inanıram ki, Azərbaycanda keçirilən bu yubiley təntənələrindən sonra bütün dünyada Füzulişünaslıq elmi daha da inkişaf edəcəkdir. Füzuli irsinin və dövrünün öyrənilməsində yeni elmi nəticələr əldə olunacaqdır. Sizə bu nəcib və şərəfli işinizdə uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 8 noyabr 1996-cı il.

Tarixi arayış

MƏDƏNİYYƏT