Azərbaycan Respublikasının Milli Məclisinə - Bakı şəhəri, 24 dekabr 1998-ci il


1998-ci il dekabr ayının 31-də bütün dünyada yaşayan soydaşlarımız böyük iftixarla və qürur hissi ilə Dünya azərbaycanlılarının həmrəyliyi gününü qeyd edəcəkdir. Azərbaycanlılar min illərlə öz tarixi, etnik, doğma torpaqlarında - böyük Azərbaycanda yaşayıb yaratmış, bəşər sivilizasiyasına dəyərli töhfələr vermişlər. Lakin dünyada gedən müharibələr, inqilablar, hərbi münaqişələr və ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi yerlərindən-yurdlarından kütləvi surətdə sürgün, deportasiya olunmuş, represiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür.

Dünya azərbaycanlılarının birliyi  müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirilməsində, ümummilli məqsədlərimizin gerçəkləşməsində, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində və dövlətçilik ənənələrimizin inkişaf etdirilməsində müstəsna əhəmiyyət kəsb edir. Bu isə dünya azərbaycanlılarının gələcəyə inamını, mübarizə əzmini və qətiyyətini nümayiş etdirir.

Dünya azərbaycanlılarının əbədi və sarsılmaz həmrəyliyini təcəssüm etdirən bu tarixi gün münasibətilə amnistiya aktının qəbul edilməsi dövlətimizin humanist siyasətinin, insan hüquq və azadlıqlarına hörmət və ehtiramının təzahürü olardı. Amnistiyanın Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında xidməti olmuş, soyqırımına, represiyalara, sürgünlərə, deportasiyalara məruz qalmış, vətən uğrunda döyuşlərdə iştirak etmiş şəxslərə, həmin döyüşlərdə həlak olmuş, itkin düşmüş şəxslərin yaxın qohumlarına, habelə əlillərə, qadınlara, həddi-buluğa çatmamışlara və digərlərinə tətbiq olunması nəzərdə tutulur.

Məhkumlardan, onların valideynlərindən, yaxın qohumlarından daxil olan çoxsaylı müraciətlərdə cinayət törətmiş şəxslərin öz əməllərindən səmimi peşman olduqları, gələcəkdə qanunlara əməl edəcəkləri bir daha vəd edilir. Əminəm ki, amnistiya aktı qəbul olunduğu təqdirdə cinayət məsuliyyətindən və cəzalardan azad edilən minlərlə insane göstərilən etimaddan düzgün nəticə çıxaracaq, tezliklə cəmiyyətə qovuşacaq, qanunlara hörmət ruhunda davranacaqlar.

Bu humanist addım cəzadan azad olunan şəxslərin əqidəsini və iradəsini möhkəmləndirəcək, onların gələcəyə inamını artıracaq və böyük məsuliyyət hissi ilə azərbaycanlıların həmrəyliyinə, birliyinə çalışmağa sövq edəcəkdir.

İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi hesab edən Azərbaycan dövləti amnistiya aktını qəbul etməklə humanistlik, insanpərvərlik və ədalət prinsiplərinə sadiq olduğunu bir daha nümayiş etdirəcəkdir.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq "Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə amnistiya haqqında" qərar layihəsini müzakirənizə təqdim edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM