Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moldovanin paytaxti Kişinyovdan Bakiya qayidarkən Binə hava limaninda jurnalistlərin suallarina verdiyi cavabı - 7 oktyabr 2002-ci il


Heydər Əliyev: Axşamınız xeyir, güman edirəm ki, Moskva televiziyası və radiosu Kişinyovda Müstəqil Dövlətlər Birliyinin zirvə görüşündə müzakirə etdiyimiz məsələləri çatdırıblar. Ona görə bu barədə əlavə məlumat verməyə ehtiyac yoxdur. Bunlar hamısı geniş işıqlandırılıbdır və yəqin ki, siz də bilirsiniz. Ümumiyyətlə, zirvə görüşü çox yaxşı keçdi, yaxşı işgüzar söhbət oldu, dövlət başçıları təklikdə görüşdülər. Sonra isə ümumi müzakirələr oldu. Hər halda, orada qəbul olunan qərarlar Müstəqil Dövlətlər Birliyinin işinin daha da təkmilləşməsinə yönəldilibdir. Güman edirəm ki, bunu da təmin edə biləcəyik.

Mənim Köçəryan ilə də görüşüm oldu, söhbət etdik və danışıqları davam etdirmək haqqında razılığa gəldik. Ola bilər ki, Praqada NATO-nun zirvə görüşündə yenə görüşək və danışıqları davam etdirək. Biz təkbətək görüşəndən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Amerika, Fransa, Rusiya nümayəndələri bizə qatıldılar. Biz onlara apardığımız danışıqlar haqqında məlumat vermədik. Amma, ümumiyyətlə, onlar da, biz də eyni fikirdə olduq ki, danışıq prosesi davam etməlidir və bunun zəifləməsinə, səngiməsinə yol vermək olmaz. Bu qədər.Orada başqa ikitərəfli görüşlər də oldu və bunların hamısı yaxşı şəraitdə keçdi.

Sual: Cənab Prezident, dövlət başçılarının görüşündə Qarabağ məsələsi müzakirə olundumu?

Cavab: Bu barədə danışıq oldu, amma müzakirə olmadı.

Sual: Cənab Prezident, ümumiyyətlə, yenidən görüşməkdən əlavə, danışıqlarda irəliləyiş varmı?

Cavab: Bilirsiniz, hər halda, hansısa irəliləyiş olmasa, biz daha görüşmərik.

Sual: Cənab Prezident, belə bir fikir var ki, ictimai televiziyanın dövlət tərəfindən maliyyələşdirilməsi üçün prezidentin razılığı olmalıdır. Siz buna razılıq verəcəksinizmi?

Cavab: Qızım, bu bizim daxili işimizdir. Mən heç bunu bilmirəm. Amma haradansa məlumat toplamısınız və mənə sual verirsiniz. Ona görə mən Sizə cavab verə bilmərəm.

Sual: Cənab Prezident, Sizin bu həftə çox gərgin iş rejiminiz gözlənilir. Amma demişdiniz ki, sahibkarlarla görüşdən sonra müşavirə olacaqdır. Bu müşavirə konkret nə vaxt keçiriləcəkdir?

Cavab: Bilirsiniz ki, mən sahibkarlar haqqında bir çox fərmanlar vermişəm. Sonuncusu çox ciddi bir fərmandır və böyük əks-səda doğurubdur. Hələ bir neçə fərman da verəcəyəm, onlar hazırlanır. Həmin fərmanları da verəndən sonra, bəli, biz ümumi toplantı keçirəcəyik.

Sual: Cənab Prezident, Vergilər naziri bildirib ki, Sizin fərmanınız əsasında çox böyük struktur dəyişikliyi olacaqdır.

Cavab: Yəqin ki, Siz fərmanı oxumusunuz. Vergilər Nazirliyinin ştatı 40 faiz ixtisar olunur. Elə bunun özü sahibkarlar üçün böyük bir töhfə deyilmi?!

Sual: Cənab Prezident, Xəzərlə əlaqədar Rusiya ilə Azərbaycan arasında imzalanmış sazişdən sonra daha hansı sahələrdə sənəd imzalanacaqdır? Ümumiyyətlə, Türkmənistanla işlər nə yerdədir?

Cavab: Bilirsiniz, hələ ki, biz bunu etdik. O biri sahələrdə də işimizi aparacağıq. İndi bir şey deyə bilmərəm. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR