Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ross Uilson, Gürcüstandakı səfiri Riçard Mayls, Ermənistandakı səfiri Con Orduey və onları müşayiət edən nümayəndə heyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 11 аprеl 2003-cü il


Аzərbаycаn Prezidenti Heydər Əliyev diplomatları səmimiyyətlə salamlayaraq, Amerika Birləşmiş Ştatlarının üç ölkədəki səfirlərinin, başqa məsul işçilərinin Bakıda toplaşmasından məmnun olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, siz Bakıda çox mühüm bir dövrdə toplaşmısınız. Amerika Birləşmiş Ştatlarının İraqdakı əməliyyatları uğurla həyata keçirilir. Mən məmnunam ki, biz də Amerika Birləşmiş Ştatları ilə bir koalisiyadayıq. Müharibə qurtarmaqdadır, ancaq hələ İraqda çox işlər görüləcəkdir.

Mən dünən prezident cənab Buşun İraq xalqına müraciətini dinlədim. Hesab edirəm ki, çox vacib bir müraciətdir, prezident Amerika Birləşmiş Ştatlarının İraqda görəcəyi işlər haqqında öz fikirlərini söyləyibdir. Məhz bu zaman Amerika Birləşmiş Ştatlarının üç Cənubi Qafqaz ölkəsindəki səfirlərinin və başqa məsul işçilərinin məsələləri burada müzakirə etməsi, hesab edirəm, çox əhəmiyyətlidir.

Prezident Heydər Əliyev daha sonra xatırlatdı ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə çox sıx əlaqədədir. Biz 11 sentyabr hadisələrindən sonra da dərhal antiterror koalisiyasına qoşulduq. İraqda əməliyyatlar başlayarkən Amerika koalisiya elan edəndə, biz heç bir tərəddüd etmədən bu koalisiyaya daxil olduq. O vaxt bizə çox suallar verirdilər, bizdən narazılıqlar edirdilər. Ancaq mən o vaxt bilirdim ki, Azərbaycan düzgün qərar qəbul edibdir. Bu gün də bir daha təsdiq olunur ki, biz düzgün qərar qəbul etmişik və Amerika Birləşmiş Ştatları ilə bir yerdəyik.

Güman edirəm, siz burada çox mühüm məsələlər müzakirə edəcəksiniz. Təbiidir ki, İraq məsələsi birinci yerdə durur. Ancaq mənə belə gəlir ki, Cənubi Qafqaz məsələləri bizim üçün daha da vacibdir. Mən çox məmnun olaram ki, siz bu məsələləri müzakirə edəsiniz, öz aranızda işlərinizi əlaqələndirəsiniz və Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranmasına daha çox səylər göstərəsiniz.

ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson səmimi qəbula görə həmkarları adından minnətdarlığını bildirərək dedi ki, cənab Prezident, çox sağ olun ki, vaxt tapıb bizi qəbul edirsiniz.

Mənim üçün böyük şərəfdir ki, ABŞ-ın Qafqaz ölkələrindəki səfirlərinin bu görüşündə ev sahibi rolunu oynayıram. Bizim hamımız üçün böyük şərəfdir ki, bu gün Sizinlə görüşürük.

Siz Riçard Maylsı xatırlayırsınız, o, Azərbaycanın müstəqilliyinin ilk günlərində burada işləyibdir. Elə bilirəm ki, həmin dövr haqqında hər ikinizin xoş xatirələri var. Səfir Con Orduey Yerevandan gəlibdir. Biz çox ümid edirdik ki, ABŞ-ın Xəzər hövzəsinin enerji məsələləri üzrə müşaviri, səfir Stiven Mənn və ABŞ-ın Türkmənistandakı səfiri xanım Laura Kennedi də buraya gələ biləcəklər. Lakin onlar son anda səfərlərini təxirə saldılar.

Görüşün digər iştirakçılarını da təqdim edən diplomat bildirdi ki, bu, ABŞ səfirləri arasında illik görüşdür. Sonuncu belə görüş Bakıda 2000-ci ildə keçirilmişdi. Bu görüşlərdə fikir mübadiləsi aparır, işlədiyimiz ölkələrdə gedən inkişaf haqqında informasiyanı bölüşürük və eyni zamanda, işimizi öz aramızda və Vaşinqtonla əlaqələndiririk.

Siz çox doğru dediniz ki, bizim bugünkü və sabahkı görüşlərimizin əsas mövzusu İraqla bağlı olacaqdır. Təhlükəsizlik məsələləri də müzakirə mərkəzində olacaq, terrorizmə qarşı mübarizə üçün ölkələrə ayrılacaq yardım, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Əlbəttə, münaqişələr, ilk növbədə Dağlıq Qarabağ və Abxaziya münaqişələrinin həlli yolları da müzakirələrimizdə əsas yer tutacaqdır.

Cənab Prezident, mən düşündüm ki, bizim müzakirələr Sizinlə görüşmədən başlaya bilməz. İstərdik ki, Siz region, Azərbaycan haqqında fikirlərinizi bizimlə bölüşəsiniz. Sizinlə görüşərkən çox zaman qonşu ölkələrdə baş verən hadisələri müzakirə edirik. İndi orada olan nümayəndələri də dinləyəcəksiniz.