Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının ali dini rəhbəri Ayətüllah Seyid Əli Xamneyi ilə görüşdə söhbətindən - Tehran, 10 dekabr 1997-ci il


Seyid Əli Xamneyi: Cənab Heydər Əliyev, Sizi səmimiyyətlə salamlayıram və Sizinlə görüşdən məmnun qaldığımı bildirirəm.

Cənab prezident, xoş gəlmisiniz! Mən Allah-təaladan arzu edirəm ki, bu səfər Sizin üçün xoş keçsin. İKT-nin VIII zirvə görüşü bu təşkilatın üzvü olan bütün ölkələr - İslam aləmi üçün mühüm bir hadisədir. İslam Birliyinin üzvü olmaq böyük sərvətdir. İKT-yə qarşıdakı üç ildə İran İslam Respublikası rəhbərlik edəcəkdir ki, bu da dost və qardaş ölkələr üçün yaxşı imkanlar açır.

Heydər Əliyev: Hörmətli Ayətüllah Xamneyi, səmimi sözlərə görə Sizə minnətdarlıq edirəm. Tehrana gəlməyimdən, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VIII zirvə görüşündə iştirak etməyimdən məmnun qaldığımı bildirirəm. Xatırladım ki, mən bu təşkilatın 1994-cü ildə Kasablankada keçirilmiş VII zirvə görüşündə də iştirak etmişəm.

İKT-nin VIII zirvə görüşünün Tehranda keçirilməsini və İran İslam Respublikasının qarşıdakı üç ildə bu təşkilata sədrlik edəcəyini əlamətdar hadisələr kimi qiymətləndirirəm.

Biz zirvə görüşündə Sizin nitqinizi böyük diqqətlə dinlədik. Bu nitqinizə və zirvə görüşünün mütəşəkkil qaydada keçməsinə görə mən Sizi təbrik edirəm. Dünyəvi dövlət quran müstəqil Azərbaycan Respublikası öz dininə böyük hörmətlə yanaşır. Biz ötən uzun illərdə itirdiklərimizi, adət-ənənələrimizi bərpa edirik, canlandırırıq, onların durmadan inkişaf etdirilməsi üçün ölkəmizdə bütün imkanları yaradırıq. Xalqımızı 70 il ərzində İslam dinindən ayırmağa çalışıblar. Bilirsiniz ki, biz Sovetlər İttifaqının tərkibində ateist tərbiyəsi, təbliğatı altında yaşamışıq. Ancaq buna baxmayaraq, xalqımız öz dinindən heç vaxt ayrılmayıbdır, onu qəlbində, ürəyində saxlayıb və imkan olan kimi hər şey açılıbdır. Bu da dinimizin - İslam dininin nə qədər qüdrətə, gücə malik olduğunu bir daha göstərir. Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycan öz müstəqilliyini bundan sonra heç vaxt əldən verməyəcək və dinindən də ayrılmayacaqdır. Nəzərə çarpdırıram ki, İran ilə əlaqələrə Azərbaycan çox böyük əhəmiyyət verir, Azərbaycan-İran münasibətləri daimi dostluq və qardaşlıq münasibətləri olmuşdur. Bizim arzumuz, istəyimiz ondan ibarətdir ki, bu münasibətlər daha geniş, sıx, mehriban, səmimi olsun. Əməkdaşlığımızı genişləndirmək üçün insani, elmi, mədəni, ticarət əlaqələrinin durmadan möhkəmləndirilməsi vacibdir.

Seyid Əli Xamneyi: Cənab prezident Heydər Əliyev, Sizin fikirlərinizə şərik olduğumu bildirirəm. Siz həqiqətən böyük siyasi təcrübəyə malik şəxsiyyətsiniz, respublikanızın son illər qazandığı təcrübə, Sizin rəhbərliyinizlə görülən işlər dövlətiniz üçün yenidir.

Heydər Əliyev: Hazırda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır, həmsədrlərdən münaqişənin həllinə yönələn yeni təkliflər alınmışdır. Biz bu təklifləri əsas kimi qəbul etmişik. İstəyirik ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilsin, ölkəmizin ərazi bütövlüyü təmin olunsun, doğma yurdundan zorla qovulmuş, hazırda çadırlarda ağır şəraitdə yaşayan bir milyondan çox vətəndaşlarımız öz yerlərinə qayıtsınlar.

Azərbaycanlı qaçqınlara etdiyi humanitar yardıma görə İran İslam Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirməklə, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında qeyri-konstruktiv mövqeyindən əl çəkməyən Ermənistana bir çox dövlətlərin siyasi və iqtisadi dəstək verməsindən təəssüfləndiyimi bildirirəm.

Əmin olduğumu vurğulayıram ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Tehran görüşündə Ermənistanın Azərbaycana təcavüzünü pisləyən sənədlərin qəbulu üçün İran öz nüfuzundan səmərəli istifadə edəcəkdir.