Azərbaycan Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin görüşdən sonra jurnalistlərin suallarına cavabı - Moskva, Azərbaycan Prezidentinin iqamətgahı, 24 yanvar 2000-ci il


Heydər Əliyev: Bu gün Gürcüstan prezidenti Eduard Şevardnadze və mən bizim aramızda yaranmış dostluq ənənəsinə uyğun olaraq görüşdük. Biz harada oluruq-olaq,- suallar olsa da, olmasa da,- hökmən görüşürük, fikir mübadiləsi aparırıq. Bu ənənə yaşayır və bizə - Gürcüstana və Azərbaycana, Eduard Amvrosiyeviçə və mənə kömək edir. Odur ki, biz bu ənənəyə sadiq qalaraq görüşdük. Gürcüstanda, Azərbaycanda olan vəziyyətdən, dostluq, qardaşlıq münasibətlərimizin inkişafı sahəsində gələcək addımlardan danışdıq. Ölkələrimiz arasında problemlər yoxdur, məsələlər yoxdur. Bu, çox yaxşıdır. Allah eləsin ki, bütün ölkələr arasında Gürcüstanla Azərbaycan arasındakı kimi belə münasibətlər olsun.

Sual: Dağlıq Qarabağ və Abxaziya məsələlərinin hələ nizama salınmadığını nəzərə alsaq, siz qarşıdakı sammitdən nə gözləyirsiniz?

Heydər Əliyev:  Şübhəsiz ki, Müstəqil Dövlətlər Birliyinin üzvləri arasında ən çox bizdə - Gürcüstanda və Azərbaycanda həmişə böyük ümüdlər və ən mürəkkəb vəziyyət olmuşdur, çünki Gürcüstanda Abxaz münaqişəsi, bizdə isə Ermənistan-Azərbaycan münaqişəsi davam edir. Bunlar çox ağır münaqişələrdir və onları həll etmək lazımdır. Lakin sabah bu məsələlər sammitin gündəliyində olmayacaqdır.

Sual: Sizin Robert Koçaryanla bugünkü gorüşünüzdə müəyyən irəliləyiş oldumu. Siz Rusiyanın münaqişəni nizama salmağa həqiqətən kömək göstərmək arzusunda olduğunu hiss etdinizmi?

Heydər Əliyev:  Rusiya bəyan edir ki, o, münaqişənin həllinə kömək göstərmək istəyir.

Sual: Eduard Amvrosiyeviç, son vaxtlar mətbuatda yazırlar ki, Gürcüstan Bakı - Ceyhan layihəsi ilə bağlı tələblər irəli sürür və bu tələblər həmin layihənin digər iştirakçıları üçün məqbul deyildir. Siz bu barədə nə deyə bilərsiniz?

Eduard Şevardnadze:  Zənnimcə, bu, heç də ən mürəkkəb məsələ deyildir. Əvvəla, Ankarada danışıqların birinci mərhələsi yaxşı keçdi, tərəflər üç əsas məsələ barəsində razılığa gəldilər, tariflərlə bağlı problemlərin müzakirəsinə başladılar. Bu gün onlar danışıqları başa çatdıra bildilər,belə ki, nümayəndə heyətimizə başçılıq etmiş xarici işlər naziri buraya gəlmişdir. Yəqin ki, növbəti görüş Bakıda, Ankarada və ya İstanbulda olacaqdır. Lazım gələrsə, biz Heydər Əliyeviçlə öz sözümüzü deyirik.

Sual: Qafqazda regional təhlükəsizlikdən söhbət gedəcəkmi? Sabahkı dördtərəfli görüş nəyə həsr olunacaqdır?

Heydər Əliyev:  Görüşərik, sonra isə sizə deyərik.

Sual: Bu gün siz Boris Yeltsinlə görüşdünüz. Əgər sirr deyilsə, o, necə görünür? Sizin xudahafizləşməyiniz necə keçdi?

Eduard Şevardnadze: Bu, təsirli görüş idi. Axı biz onu 20-30 ildir tanıyırıq, birlikdə işləmişik. Deməliyəm və Heydər Əliyeviç də razılaşar ki, Boris Yeltsin yaxşı formadadır. Demə, istirahət o qədər də qorxulu deyilmiş.

Sual: Sabah o, sammitdə olacaqmı?

Eduard Şevardnadze: Xeyr.

Sual: Bəs siz MDB Dövlət Başçıları Şurasının sədri vəzifəsinə kimi namizəd göstərəcəksiniz?

Eduard Şevardnadze: Cənubi Qafqaz ölkələrindən çətin ki, kimisə. Ancaq özünüzün gümanınız var.