Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti Fərhad Bədəlbəyliyə təbrik məktubu - Bakı şəhəri, 26 dekabr 1997-ci il


Hörmətli Fərhad Bədəlbəyli!

Sizi - Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndəsini 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin ifaçılıq sənətiniz musiqi həyatımızda mühüm yer tutur. Siz Azərbaycanın ifaçılıq məktəbini nüfuzlu beynəlxalq müsabiqələrdə təmsil edərək böyük uğurlar qazanmısınız. Klassik musiqimizin dünyada yorulmaz təbliğatçısı kimi əməyiniz yüksək qiymətə layiqdir. Ölkəmizin görkəmli bəstəkarlarının əsərləri və dünya musiqi xəzinəsindən incilər sizin ifanızda musiqisevərlərin böyük rəğbətini qazanmışdır.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan bir nəslin zəngin ənənələrini davam etdirərək siz respublikamızın musiqi həyatında öz dəsti-xəttinizlə seçilirsiniz. Bakı Musiqi Akademiyasının rektoru kimi gənc musiqiçilər nəslinin yetişdirilməsi sahəsində pedaqoji fəaliyyətiniz təqdir olunmalıdır.

Sizin ictimai həyatda iştirakınız bilavasitə musiqi ilə bağlı olaraq musiqi xadimləri cəmiyyəti və "Azərbaycan mədəniyyətinin dostları" fondunda öz əksini tapmışdır. İnanıram ki, siz istedadınızdan, təşkilatçılıq qabiliyyətinizdən və təcrübənizdən istifadə edərək zəngin musiqi mədəniyyətimizin təbliğ olunması və respublikada gənc musiqiçi kadrların hazırlanması sahələrində bundan sonra da var qüvvənizi sərf edəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT