Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanda Rusiya Federasiyası mədəniyyət günlərinin təntənəli açılış mərsimində fasilə zamanı Rusiya nümayəndə heyəti ilə söhbəti - Respublika sarayı, 22 aprel 2002-ci il


Azərbaycanda Rusiya Federasiyası mədəniyyəti günlərinin başlanğıcı gözəl oldu. Həm də ona görə gözəl oldu ki, bu günləri Vladimir Fedoseyev kimi görkəmli dirijorun rəhbərlik etdiyi belə görkəmli orkestr açır.

Otuz il bundan əvvəl, 1972-ci ilin sentyabrında da Azərbaycanda Rusiya Federasiyası mədəniyyəti günləri keçirilmişdi, o vaxt biz Sovetlər İttifaqının tərkibində idik. Gözəl kollektivlər idi, təxminən 250-300 nəfər gəlmişdi. Musiqiçilər də, teatr xadimləri, müğənnilər, şairlər də var idi. Görkəmli yazıçıların, şairlərin çoxu xatirimdədir. İndi onlar həyatdan köçmüşlər, onların hamısı burada olmuşdular. Mən həmişə onlarla birlikdə idim, biz burada çox yaxşı günlər keçirdik. Hətta o vaxt bu, günlər deyil, dekada adlanırdı. Sonra isə onun adını dəyişib günlər qoydular. Əvvəlcə Bakıda çıxışlar oldu, sonra isə bölgələrə getdilər, bağlanış üçün yenidən Bakıya qayıtdılar.

O vaxt bizim belə sarayımız yox idi. Sumqayıtda, Gəncədə, Neft Daşlarında çıxış edirdilər. Xatirimdədir, çoxlu adam tutan bərə ilə Neft Daşlarına getdik. Orada, bərənin göyərtəsində konsertlər verildi, kayutlarda çal-çağır vardı. Biz - mən və tanınmış incəsənət xadimləri, günlərin iştirakçıları kapitanın kayutuna toplaşdıq, pəncərədən dəniz görünürdü, hamı yeyib-içirdi. Mən birdən çox görkəmli bir şairi xatırlayaraq soruşdum: "Bəs o hanı?" Dedilər, yoxdur. Aradan yarım saat keçdi. O yenə də yoxdur. Göstəriş verdim ki, axtarıb tapsınlar. Onu axtarmağa getdilər və sonra gəlib qulağıma pıçıldadılar ki, o, bir kayuta girib qapını bağlamışdır və hansısa bir xanımla içir. O xanım da tanınmış aktrisa idi. Bax, o vaxt sizin orkestr burada çıxış etmişdir, mən də konsertdə olmuşdum.

Yeri gəlmişkən, sonralar mən Moskvada yaşayarkən də konsertlərinizi dinləyirdim. Deməliyəm ki, Fedoseyev dəyişməyibdir. Düşünürdüm ki, Fedoseyevi zahirən dəyişmiş ağsaçlı qoca kimi görəcəyəm, o isə elə əvvəlki kimidir. Həqiqətən, mən Moskvada sizi təxminən 15 il əvvəl görmüşdüm və ondan sonra görməmişdim. Bütün insanlar dəyişirlər, mən də dəyişmişəm, o isə heç dəyişməyibdir.

Bilirsiniz, Çaykovskinin yaradıcılığı çox xoşuma gəlir. Onun müsiqisi, simfoniyaları öz xüsusiyyəti ilə bir çox simfonik əsərlərdən fərqlənir. Mən Çaykovski haqqında filmi xatırlayıram. Yaxşı, gözəl film idi və Çaykovskinin musiqisi ilə müşayiət olunur.

Buraya gəldiyinizə görə sizə təşəkkür edirəm. Bilirəm ki, orkestrinizin çox zəngin proqramı var, siz bütün dünyanı gəzib dolaşırsınız, konsertlər verirsiniz. Buna baxmayaraq, Azərbaycana gəlməyə və tamaşaçılarımız qarşısında çıxış etməyə vaxt tapdınız. Bu, böyük işdir və mən sizə təşəkkür edirəm.

Mən salona diqqət yetirdim. Bilirsiniz, mən tamaşa salonunda tez-tez oluram, indi isə lojada idim və oradan salonu müşahidə etmək imkanım var idi. Hamı böyük diqqətlə dinləyirdi. Açığını deyək, simfonik musiqi rəqs təranələri deyildir. Deməli, insanlar bu musiqini başa düşürlər. Bax, bizim dinləyicilər belədir. Bir baxın, salona 2 mindən çox adam toplaşıb və onların musiqiyə münasibəti necədir. Mən şadam ki, əvvəla, bizim insanlar Rusiya incəsənətini sevirlər. İncəsənətin müxtəlif növləri var. Məsələn, Xazanov adamları güldürür. Bu da incəsənətin bir növüdür. Simfonik musiqi isə incəsənətin çox mürəkkəb, çətin növüdür. İkincisi isə, adamlarımız bu musiqini çox diqqətlə, nəfəs çəkmədən dinləyirdilər. Musiqi qurtaran kimi, sürəkli alqışlar oldu. Gözəl musiqidir! Orkestrin solistinin royalda ifası çox gözəl idi. Çaykovskinin musiqisində royal həmişə mühüm rol oynayır. Bəlkə də mən bilmirəm, o qədər də başa düşmürəm, lakin subyektiv fikrimi bildirirəm. Çaykovskinin əsərlərində royal xüsusi yer tutur, çox melodik, gözəl səslənir, ruhu oxşayır. Biz bu gün qonağımızın bu konsertini həyəcanla dinlədik. Çox sağ olun.

Mən burada Sovet Azərbaycanının rəhbəri olanda, filarmoniyaya gedirdim, simfonik musiqini çox sevirəm. Orada konsertlər olurdu, Niyazi və digər dirijorlar çıxış edirdilər. Görürdüm ki, rəhbər işçilərimiz bu konsertdə yoxdur. Əlbəttə, konsertlərdə həmişə adam çox olurdu, Bakıda simfonik musiqiyə xüsusi münasibət var. O zaman mən elan etdim ki, hər cümə axşamı günü axşam saat 7-də filarmoniyada simfonik musiqidən ibarət konsertə gəlmək lazımdır. Birinci dəfə gəlib gördüm ki, canlarını dişlərinə tutub oturublar. Düşündüm ki, ürəklərində məni söyürlər. Sonra fikirləşdim ki, onlar bu musiqini başa düşmürlər. Biz Niyazi və Janna Dozortseva ilə razılaşdıq ki, Dozоrtseva hər dəfə konsertə gəlib simfonik musiqidən danışacaq, sonra konsert başlanacaqdır. Bundan sonra onlar musiqini daha yaxşı qavramağa başladılar. Xatirimdədir, bir dəfə mən beletajda oturmuşdum, birdən rəhmətlik həyat yoldaşım mənə dedi: "Gör simfonik müsiqiyə necə qulaq asırlar". Mən gördüm ki, bir cərgə o yanda Nazirlər Soveti sədrinin müavinlərindən biri möhkəm yatıb və xoruldayır. Həyat yoldaşım dedi ki, yazıqdır, niyə məcbur edirsən. Dedim ki, məcbur edirəm və edəcəyəm. Yeri gəlmişkən, sonra onlar öyrəşdilər, hətta həvəsləndilər də. Sonralar çox da məcbur etmək lazım gəlmədi. 1982-ci ilin axırınadək, mən burada işlədiyim müddətdə belə etdim, sonra hər şey pozuldu.

Əlbəttə, indi, demokratiya şəraitində insanları məcbur edə bilmərəm. O vaxt kommunist sistemi idi və kommunist intizamı vardı. Birinci katib dedi, qurtardı, indi isə məcbur edə bilmərəm. Amma görürəm ki, məcbur etmək lazım da deyildir. Doğrudur, adətən, rəhbər işçilər əyləşən sırada boş yerlər də görürdüm.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT