Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçə "Şöhrət" ordeninin təqdim olunması mərasimində nitqi - Prezident iqamətgahı, 12 iyun 1998-ci il


Hörmətli Mstislav Leopoldoviç Rostropoviç, əziz Slava!

Xanımlar və cənablar!

Bu gün mən çox xoş bir missiyanı yerinə yetirməli - zəmanəmizin böyük musiqiçisi Mstislav Postropoviçə müstəqil Azərbaycanın yüksək mükafatı olan "Şöhrət" ordenini təqdim etməliyəm. Mstislav Leopoldoviç Rostropoviç Azərbaycanda, Bakıda doğulmuş, yeniyetmə illərini burada keçirmişdir. Rostropoviçlər ailəsi uzun illər ərzində Bakıda yaşamışdır. Mstislav Rostropoviçin atası Leopold Rostropoviç Azərbaycanda yüksək professional musiqi təhsilinin təşəkkülünə və inkişafına böyük töhfə vermişdir. Böyük Üzeyir Hacıbəyovla, musiqi sənətinin digər çox görkəmli xadimləri ilə birlikdə o, Şərqdə ilk ali musiqi məktəbinin - Azərbaycanda konservatoriyanın əsasını qoymuşdur. Leopold Rostropoviç ali musiqi məktəbimizin, indiki Musiqi Akademiyasının təşəkkülündə və inkişafında bir çox illər iştirak etmişdir. Rostropoviçləri Azərbaycanla bir çox başqa şeylər də bağlayır. Sonralar Mstislav Rostropoviç Moskvada məşhur musiqiçi, musiqi sənəti xadimi olmuş, ən əvvəl özünün qeyri-adi istedadı, əməksevərliyi, fədakarlığı sayəsində böyük şan-şöhrət qazanmışdır. O özünün bir çox əsərləri ilə, coşğun, geniş fəaliyyəti ilə rus, dünya musiqi sənətini zənginləşdirmişdir. Bu gün biz həmyerlimiz, dostumuz barədə böyük sevinc hissi ilə deyə bilərik ki, Mstislav Rostropoviç bir musiqiçi kimi, musiqi sənəti xadimi kimi formalaşmaqda böyük yol keçərək dünyanın görkəmli musiqiçilərindən biri olmuş, bütün dünyada şöhrət, nüfuz qazanmışdır. Onun yaradıcılıq fəaliyyəti, musiqi sənətinin, ümumən dünyada bütün mədəniyyətin inkişafına töhfəsi bir çox ölkələr, dövlətlər tərəfindən, dünyanın bir çox məşhur mədəniyyət, incəsənət, musiqi xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Slava Rostropoviç dünyada belə yüksək nüfuza nail olmuş, belə yüksək ad və belə şöhrət qazanmış tək-tək insanlardan biridir. Yenə deyirəm, bu, ən əvvəl onun fitri, bənzərsiz istedadı və fədakarlığı, əməksevərliyi, öz peşəsinə, sənətinə, öz işinə sədaqəti ilə bağlıdır.

Bununla yanaşı, Mstislav Rostropoviç dünyada digər cəhətdən də məşhurdur. O öz professional musiqiçi fəaliyyəti, mədəniyyət sahəsində yaradıcılıq fəaliyyəti ilə yanaşı, azadlıq, müstəqillik, insan hüquqlarını müdafiə rəmzinə, zorakılığa, ədalətsizliyə qarşı etiraz rəmzinə çevrilmişdir. Bu baxımdan musiqi, incəsənət və mədəniyyət sahəsində fəth etdiyi uca zirvələrlə müqayisədə onun vətəndaş mövqeyi həyatında heç də az əhəmiyyət kəsb etmir. Sovet İttifaqında totalitar rejimin mövcud olduğu o ağır illərdə Mstislav Rostropoviçin özündə cəsarət taparaq, bütün bunlara qarşı öz etiraz səsini ucaltması, nəinki sadəcə olaraq öz fikrini bildirməsi, həm də adamların hüquqlarının, azadlığın müdafiəsi uğrunda fəaliyyət göstərməsi, özü də qətiyyətlə fəaliyyət göstərməsi həqiqətən hünərdir, qəhrəmanlıqdır. Hər şeyin artıq arxada qaldığı indiki vaxtda bu, müəyyən dərəcədə adi, özlüyündə təbii olan bir hala çevrilmişdir. Əgər fikrən o illərə qayıtsaq və o vaxtlar Mstislav Rostropoviçin coşğun vətəndaş fəaliyyəti ilə bağlı hər şeyi və o dövlətdə - bizim hamımızın yaşadığı Sovet İttifaqında onun ətrafında yaranmış vəziyyəti xəyalımızda canlandırsaq, bunun nə demək olduğu aşkar olar. Ona görə də hesab edirəm ki, bu, həqiqətən hünər, qəhrəmanlıqdır və özünü tamamilə doğrultmuşdur. İndi dünya dəyişmişdir, dünya azadlıqsevər adamların görmək istədikləri kimi, Mstislav Rostropoviçin görmək istədiyi kimi olmuşdur. Buna görə də indi biz demokratiyadan, azadlıqdan, şəxsiyyət azadlığından, insan hüquqlarından danışarkən yaşamış olduğumuz o ölkədə, o rejimdə bu proseslərin necə baş verdiyini, bu gün reallığa çevrilmiş hallar barəsində öz fikirlərini yalnız və yalnız tək-tək adamların, - onların arasında Mstislav Rostropoviç də vardı, o vaxtlar mərd-mərdanə söyləməyə necə cürət etdiklərini aydın təsəvvür edirik.

Öz dahi musiqi fəaliyyəti, mədəniyyət sahəsində fəaliyyəti ilə yanaşı, Rostropoviç özünün məhz vətəndaşlığı, vətəndaş hüquqları uğrunda coşğun, cəsarətli fəaliyyəti sayəsində dünyada nüfuz qazanmışdır. Azərbaycanda biz, Mstislav Rostropoviçin həmyerliləri bütün bunları izləyirdik. Şəxsən mən Mstislav Rostropoviçin şəxsiyyətinə dərin hörmət bəslədiyimə görə, onun nəinki musiqi sahəsində, həm də vətəndaş hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini çox diqqətlə izləyirdim. Əlbəttə, biz təşviş keçirir, narahat olurduq. Lakin həyat Mstislav Rostropoviçin haqlı olduğunu təsdiq etdi.

İndi biz Azərbaycanda milli azadlıq, dövlət müstəqilliyi əldə edərək, bu azadlığın olmasını istəyənlərin hamısına öz ehtiramımızı böyük minnətdarlıq hissi ilə bildiririk. Onlardan biri, ən parlaq, ən görkəmli şəxsiyyət Mstislav Rostropoviç idi. Mstislav Leopoldoviç Moskvada özünün coşğun fəaliyyəti illərində Azərbaycanla əlaqələrini heç vaxt kəsməmiş, Azərbaycanın incəsənət, musiqi xadimləri ilə yaradıcılıq və dostluq münasibətləri saxlamış, onlara kömək etmiş, dəstək vermişdir. Yəni o, - mən bunu xüsusi sevinc hissi ilə deyirəm, - doğulduğu, yaşadığı, valideynlərinin də yaşayıb - yaratdıqları torpağı heç zaman unutmamışdır. Buna görə də Azərbaycanın musiqi, incəsənət xadimləri ona həmişə böyük hörmət və məhəbbət hissləri bəsləmişlər.

Bilirəm ki, hətta o illərdə, Rostropoviç totalitarizmə qarşı etiraz səsini qaldırdıqda, vətəndaş hüquqları uğrunda çıxış etdikdə onun hərəkətinin müdafiəsi üçün kimlərinsə öz fikrini açıq söyləməsinin çətin olduğu vaxtlarda çoxları qəlbində onunla razı idi. Hərçənd ola bilsin ki, məlum səbəblərə görə o adamlar eynilə onun kimi hərəkət edə bilmirdilər. Buna görə də biz Mstislav Rostropoviçin Azərbaycanla həmişə yaradıcılıq əlaqələri saxlamasını, öz təsirini və köməyini göstərməsini qiymətləndiririk.

Mstislav Rostropoviçin Azərbaycanla qarşılıqlı münasibətlərində ötən ildən yeni mərhələ başlanmışdır. Bu mərhələ 1997-ci il martın 27-də Parisdə mən əziz dostum Slava ilə görüşdüyüm və bu böyük musiqiçinin, həmyerlimizin 70 illiyinə həsr olunmuş şənliklərdə onun dəvəti ilə, Fransa prezidentinin dəvəti ilə iştirak etdiyim vaxtdan başlanmışdır. Onda mən onun yubileyinin Azərbaycanda, öz vətənində mütləq qeyd olunmasını təklif etdim. Ona görə ki, əgər həmyerlimizin yubileyi Parisdə təntənə ilə qeyd edilmişsə, onun doğulduğu Azərbaycanda belə şənliklər keçirilməsəydi, torpaq bundan inciyərdi. Əlbəttə, insan həyatı boyu öz yaşayış yerini, öz iş yerini dəyişir. Bu, istənilər adam üçün təbii haldır. Az insan tapılar ki, onlar doğulduqları yerlərdə bütün ömürləri boyu qalsınlar. Slava da Azərbaycandan, Bakıdan getdikdən sonra bir çox şəhərlərdə və ölkələrdə yaşamışdır. Lakin insanın doğulduğu torpaq onun əsas vətənidir. Bilmirəm kim necə hesab edir, ancaq mən belə hesab edirəm. Buna görə də ötən il biz dostumuz Slava Rostropoviçin 70 illiyini burada böyük sevinclə qeyd etdik. Mən şadam ki, o günlər yaxşı keçdi və nəinki yubilyar üçün, bizim üçün, həm də bütün Azərbaycan ictimaiyyəti üçün hadisəyə çevrildi. Buna görə də mən Rostropoviçin Azərbaycanla münasibətlərinin məhz yeni mərhələsinin başlandığını deyirəm. Bu mərhələnin epizodik deyil, əksinə, sabit, daimi xarakter daşıdığını belə bir fakt sübut edir ki, dostumuz Slava iyunun 7-dən Bakıdadır, burada böyük və səmərəli iş aparır, gənc musiqiçilərimizlə məşğul olur və bununla da müstəqil Azərbaycanın musiqiçi kadrlarının hazırlanmasına çox böyük kömək və dəstək göstərir. Bu, çox yüksək qiymətə layiqdir.

Rostropoviçin il ərzindəki iş cədvəlinin necə olduğunu biz bilirik, hər halda, mən yaxşı bilirəm. O, dünyanın bir çox musiqi mərkəzləri ilə, müxtəlif ölkələrin paytaxtları, müxtəlif ölkələrlə o dərəcədə bağlıdır ki, aldığı böyük təkliflər, öz yaradıcılıq fəaliyyətini həyata keçirməyə dair özünün planları əsas götürülərək, onun bütün vaxtı tam bir il əvvəlcədən nəinki günlər üzrə, hətta saatlar üzrə bölünmüşdür. Belə bir fəaliyyət şəraitində Azərbaycana bu qədər günlər ayırmaq, Azərbaycanın musiqi sənətinin gənc kadrlarının hazırlığı ilə məşğul olmaq son dərəcə böyük köməkdir. Ümid etmək istəyirəm ki, incəsənət xadimlərimiz, xüsusən Mstislav Rostropoviç ilə təmasda olmaq, onun məsləhətlərini almaq, ondan dərs almaq xoşbəxtliyi nəsib olmuş gənc musiqiçilər bu gözəl imkandan maksimum səmərə ilə istifadə edəcəklər. Buna görə də bu gün qeyd etməyə şadam ki, Azərbaycan ilə böyük musiqiçi Rostropoviç arasında əlaqələrin, münasibətlərin yeni mərhələsinin artıq öz konkret nəticələri var. Ümidvaram ki, bu nəticələr gələcəkdə daimi və sabit xarakter daşıyacaqdır.

Mstislav Rostropoviç dünyanın bütün ölkələrində böyük nüfuza malikdir. O, haraya gedirsə-getsin, harada olursa-olsun, hər yerdə nəinki incəsənət, mədəniyyət xadimlərinin, həm də bütün ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Bu, onun malik olduğu keyfiyyətlərə və xidmətlərə görə təbii haldır. Azərbaycanda ona xüsusi hörmət, məhəbbət hissləri bəslənilir və onun burada olması ilə əlaqədar xüsusi sevinc hissi duyulur. Buna görə də, əziz Slava, sizin Azərbaycanda olmağınız bizim üçün, ictimaiyyətimiz, dövlətimiz üçün böyük hadisədir.

Əziz Slava, bunu da ayrıca qeyd etmək istəyirəm ki, bu günlər siz Azərbaycanın həyatının çox ciddi problemlərinə - Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə, Azərbaycan ərazisinin bir hissəsinin işğalı ilə, işğal olunmuş topraqların sakinlərinin öz doğma yerlərindən didərgin salınması ilə bağlı problemlərə də böyük diqqət yetirdiniz və dünən gördüyünüz kimi, bu insanlar çox ağır şəraitdə, çadırlarda və həyat üçün uyğunlaşdırılmamış digər müxtəlif yerlərdə yaşayırlar. Dünən bütün gününüzü buna həsr etməyinizi mən yüksək qiymətləndirirəm. Bizə çoxlu qonaqlar gəlir, biz hamıya Azərbaycanın indiki reallığı ilə tanış olmağı təklif edirik. Deməliyəm ki, onların çoxu bizim xahişimizi qəbul edir, öz yerindən-yurdundan zorla çıxarılmış köçkün insanların yaşadıqları yerlərə gedirlər. Bunlar Bakıda, onun ətrafında olan yerlər, Azərbaycandakı çoxlu çadır şəhərcikləridir, siz dünən onlardan bəzilərində olmusunuz. Ancaq öz yerindən-yurdundan zorla çıxarılmış köçkün insanların, Azərbaycan vətəndaşlarının yaşadıqları yerlərə belə geniş proqram üzrə sizin etdiyiniz səfəri çox az adam etmişdir. Siz burada da özünüzün böyük diqqətinizi, həssaslığınızı və insaniyyətinizi nümayiş etdirmisiniz. Sizi müşayiət edən şəxslər Azərbaycanın bugünkü həyatının bu sahəsi ilə necə diqqətlə tanış olmağınız və dünən necə həyəcan keçirməyiniz barədə mənə danışıblar. Bəlkə də sırf qonaqpərvərlik baxımından sizdə belə həyəcan doğurmağımız lazım deyildi. Ancaq, eyni zamanda, siz dözümlü, bir çox sarsıntılara, məhrumiyyətlərə, çətinliklərə məruz qalmış insansınız, siz bərkdən-boşdan çıxmış insansınız. Ona görə də həmin saatlar sizin üçün ağır olsa da, öz doğma yerlərindən zorla qovulub çıxarılmış, altı ildən artıq çox çətin şəraitdə yaşayan və yalnız bir şeyi - öz doğma yurdlarına qayıtmağı gözləyən bu insanlar, hər halda, sizin torpağınızın övladlarıdır. Onlar hər şeylərinin - evlərinin, şəhərlərinin, kəndlərinin, qəsəbələrinin dağıldığını, talan olunduğunu bilsələr də, öz yerlərinə qayıtmaq istəyirlər. Mən onlarla dəfələrlə görüşmüşəm və həmişə də deyirlər ki, təki öz torpaqlarına, hətta quruca yerlərinə, doğmalarının, əzizlərinin, əcdadlarının dəfn olunduğu torpaqlara qayıtsınlar, sonra isə necə yaşamağın çarəsini özləri tapacaqlar.

Siz bütün bunları öz gözünüzlə gördünüz.Əziz Slava, dünənki səfərinizə görə sizə xüsusi təşəkkür etmək istəyirəm. Bu da təsadüfi deyildir. Çünki şəxsiyyət kimi siz öz fəaliyyətinizlə mədəniyyətin, incəsənətin, musiqinin hüquqlarını çoxdan aşmısınız. Siz vətəndaş hüquqları uğrunda çıxış etdiyiniz vaxtdan etibarən vətəndaş kimi, şəxsiyyət kimi bu cür fəaliyyətə geniş şəkildə qoşulmusunuz. Sizin dünən gördükləriniz bu təcavüz, vəhşilik nəticəsində tək-tək adamların deyil, Azərbaycanın bir milyon vətəndaşının hüquqlarının tapdalandığını, pozulduğunu göstərən haldır.

Əziz Slava, həyatımızda belə iştirakınıza görə çox sağ olun. Bu səbəbdən də şəxsən mən sizi təkcə qonaq, bizim keçmiş həmyerlimiz, görkəmli musiqiçi hesab etmirəm. Mən sizin simanızda həmişə böyük vətəndaşı, təkcə bir çox məsələlərə biganə qalmayan cəsarətli insanı deyil, həm də insan azadlığı, hüquqları pozularkən bütün işlərə fəal surətdə qarışan bir insanı görmüşəm. Bəzi fikirlərimi deyərkən eyni zamanda hesab edirəm ki, bütün ictimaiyyətin, Azərbaycan dövlətinin rəyini və fikirlərini ifadə edirəm.

Əziz Slava, uğurlarınız münasibətilə, gözəl fəaliyyətiniz münasibətilə və müstəqil Azərbaycanın yüksək dövlət mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilməyiniz münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Bilirsiniz ki, bu da çox əlamətdardır. Siz Azərbaycan torpağında doğulanda Azərbaycan azad, müstəqil deyildi. İndi isə Azərbaycan azad ölkədir, müstəqil dövlətdir. Dünya Birliyində özünün layiqli yerini tapmış ölkədir, demokratikləşdirmə prosesinin fəal getdiyi, demokratik, hüquqi, dünyəvi dövlət qurulan, demokratik cəmiyyət formalaşdırılan, demokratikləşdirməyə, bazar iqtisadiyyatı yaradılmasına və Azərbaycanın dünya iqtisadi sisteminə, ümumən dünya birliyinə qovuşmasına yönəldilən siyasi və iqtisadi islahatlar həyata keçirilən ölkədir. Ölkəmizin əvvəllər malik olmadığı öz atributları, ordenləri var. "Şöhrət" ordeni də Azərbaycanın dövlət mükafatıdır. Yeri gəlmişkən, mənə xoşdur ki, bu ordenin adı ilə sizin adınız eynidir. Sizi bir daha təbrik edirəm və bu yüksək mükafatı sizə böyük məmnuniyyətlə təqdim etmək istəyirəm.

Əziz Slava, sizə möhkəm cansağlığı arzulayıram. Şadam ki, səhhətiniz yaxşıdır, mən bunu görürəm. Mən sizdən bir qədər yaşlıyam, lakin biz bir nəslin adamlarıyıq. Ona görə də kimin səhhətinin necə olduğunu uzaqdan müəyyənləşdirə bilərəm. Allaha şükür ki, səhhətiniz çox yaxşıdır. Qoy o, daha da möhkəm olsun, çünki sizin planlarınız, niy-yətləriniz elədir ki, onları həyata keçirmək üçün ən azı hələ bu qədər də ömür gərəkdir. İstəyirəm ki, bunların hamısı çin olsun. Sizə yeni yaradıcılıq uğurları, bütün ictimai, siyasi fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulamaq istəyirəm. Sizin gözəl ailəniz, Qalina Pavlovna Vişnevskaya kimi qəşəng xanımınız var. Ərlə arvadın eyni bir sahədə çalışması, üstəlik, onların eyni baxışlara malik olması xoşbəxtlikdir. Görkəmli müğənni olan Qalina Pavlovna Vişnevskaya o çətin dövrdə, siz cəsarətli vətəndaş addımı atanda sizə vəfalı dost oldu. O, həmişə sizinlə birlikdə idi. Bu gün də sizinlədir. Bu, böyük səadətdir. Möhkəm arxa olanda insan həmişə daha cəsarətlə hərəkət edir. Sizin yaxşı uşaqlarınız, nəvələriniz var. Şadam ki, Allah bu baxımdan səxavətini sizdən əsirgəməyib, sizə sərvət veribdir. İstəyirəm ki, sizin bu sərvətiniz daha da artsın. Sizə ən xoş, ən yaxşı arzularımı bildirirəm. Sizi bir daha təbrik edirəm!

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT