Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş konstitusiyasının təklif olunan dəyişikliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yerli və xarici jurnalistlərin suallarına cavabları - Bakı şəhərinin Səbail rayonundakı 17 nömrəli referendum məntəqəsi, 24 avqust 2002-ci il


Sual: Cənab Prezident, lütfən deyin, Sizcə, oğlunuz İlham Əliyev qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürəcəkmi?

Heydər Əliyev: Siz bu sualı nə üçün verirsiniz? Siz hansı kütləvi informasiya vasitəsini təmsil edirsiniz?

Jurnalist: Mən İngiltərədənəm və «Röyter» agentliyini təmsil edirəm. Çoxları deyir ki, növbəti prezident oğlunuz olacaqdır.

Heydər Əliyev: Bunu o barədə danışanlardan soruşun.

Sual: Siz prezident seçkilərində iştirak edəcəksinizmi?

Cavab: Bəli, mən qarşıdakı seçkilərdə iştirak edəcəyəm və bunu açıqlamışam. 2003-cü ildə prezident seçkilərində iştirak edəcəyəm və ümidvaram ki, məni üçüncü dəfə də seçəcəklər. Əgər oğluma suallarınız varsa, bunu ona ana dilinizdə verə bilərsiniz.

Sual: Siz Konstitusiyaya bu dəyişiklikləri necə qiymətləndirirsiniz?

Cavab: Bu mənim təşəbbüsümdür, bu məsələləri referenduma mən çıxarmışam. Bu o deməkdir ki, mən onları zəruri  hesab edirəm. Çünki demokratik dövlətimizin ilk Konstitusiyasını qəbul etdiyimiz vaxtdan 7 il keçmişdir. Bu müddət ərzində dünyada və ölkəmizdə çox şey dəyişibdir. Konstitusiyamız  referendumda qəbul olunduğuna görə – bu da yaxşı haldır, ona parlament vasitəsilə, hər kəsin istədiyi kimi dəyişikliklər etmək olmaz, dəyişikliklər ancaq ümumxalq səsverməsi, referendum yolu ilə edilə bilər. Ona görə də mən təklif olunan dəyişiklikləri referenduma, ümumxalq səsverməsinə çıxartdım. Hesab edirəm ki, xalq səs verəcəkdir.

Sual: Cənab Prezident, Siz özünüz necə səs verdiniz, bütün bəndlərə «hə» dediniz, yoxsa…

Cavab: Əlbəttə, «hə» dedim.

Sual: Alternativ xidmətlə bağlı bəndə də? Naxçıvanda deyirdiniz ki, bu barədə düşünəcəyəm.

Cavab: Gərək onu mənim yadıma salaydınız. İndi mən yox desəydim, onsuz da bir şey çıxmayacaqdı. Amma yadımdadır, sənə Naxçıvanda dedim, düşünmək lazımdır. Hələ vaxt var, bu barədə düşünərik.

Sual: Yəqin ki, qanunvericiliklə tənzimlənəcəkdir.

Cavab: Baxarıq. Amma yadıma sal, mənim yadımdan çıxır. Daha başqa sualı olan var?

Sual: Cənab Prezident, referendumun gedişi ilə bağlı yəqin Sizə tez-tez məlumat verirlər. Vəziyyət Sizi qane edirmi?

Cavab: Mənə elə gəlir ki, çox yaxşıdır. Mən buraya gəlməzdən əvvəl telefon etdim, öyrəndim, indi rəqəmlər haqqında heç bir şey demək istəmirəm. Ancaq fəallıq çox yüksəkdir. Mən evdən buraya gələnə qədər bir neçə məntəqənin  yanından keçmişəm. Məntəqələrdə çoxlu adamlar var, məni bir-iki yerdə hətta saxlamaq istədilər. Camaat çox fəaldır.

Sual: Cənab Prezident, Nardaranda əhali referendumda  iştirak edir. Amma onların Sizdən xahişi qalır. Onlar Sizinlə görüşmək barədə xahiş ediblər. Amma referenduma gedirlər. Buna münasibətiniz necədir?

Cavab: Referenduma gedirlərsə, çox gözəl. İndi onlar referenduma getsələr, başqa məsələlərdə öz səhvlərini başa düşsələr… Hər halda, hökumətin onlara münasibəti həmişə yaxşı olubdur və yaxşı da olacaqdır.

Sual: Cənab Prezident, ümumiyyətlə, yenə də nə vaxtsa Konstitusiyaya dəyişikliklər və əlavələr olunacaqmı?

Cavab: Ay qardaş, elə sual verirsən ki… Yeddi ildə birinci dəfədir ki, Konstitusiyada dəyişiklik edirik, onu da görürsən ki, nə qalmaqalla… Yəni, xalq arasında qalmaqal yoxdur. Ancaq müxalifətdir, heç anlamıram nə üçün belə şeylərə etiraz edir? Dəyişikliklər üçün yəqin ki, ehtiyac lazımdır. Mən sizə dəfələrlə demişəm. Bu dəyişikliklər elə deyil ki, oturdun, fikirləşdin ki, bunları edək. Bunlar son illərdə yaranmış  vəziyyətlə əlaqədar gündəliyə gəlibdir. Ona görə də bu dəyişikliklər edilir.Əgər gələcəkdə də hansısa bir dəyişikliyə  ehtiyac olarsa, təbii ki, ediləcəkdir. Ancaq yenə də referendum vasitəsilə.

Sual: Cənab Prezident, Avropa Şurasının nümayəndəsi Andreas Qross buradadır, referendumu izləmək üçün Azərbaycana gəlibdir. O, Azərbaycan haqqında sərt fikirlər bildirir. Rəsmi Bakının buna münasibəti necə olacaqdır?

Cavab: Nə bilim, mənim bundan heç xəbərim yoxdur.

Sual: Cənab Prezident, bir çox müxalifət partiyaları referendumda müşahidəçi kimi iştirak etməkdən də imtina etdilər…

Heydər Əliyev: İmtina etdilər? Bəs onlar bir o qədər müşahidəçi vəsiqəsi aldılar. 

Jurnalist: Bəziləri iştirak edirlər, amma bəziləri Mərkəzi Seçki Komissiyasının onlara şərait yaratmadığını bəhanə gətirərək, referendumu müşahidə etməkdən boyun qaçırdılar. Siz özünüz necə, Mərkəzi Seçki Komissiyasının fəaliyyətindən razısınızmi?

Cavab: Necə yəni onlara şərait yaradılmayıb? Onlara 22 min vəsiqə verilibdir. Özü də biz burada qanunu pozduq, onların xahişinə görə pozduq. Çünki hər bir müşahidəçi vəsiqəni gəlib referendum dairəsində almalıdır. Mərkəzi Seçki Komissiyası da xəbər vermişdi ki, müşahidəçilər öz vəsiqələrini gəlib referendum dairələrindən ala bilərlər. Ancaq onlar müşahidəçi vəsiqəsini bir həftə gedib almadılar. Ondan sonra, referenduma 3 gün qalmış hay-küy saldılar. Dedilər ki, məsələn, hansısa partiya 4800 nəfərin siyahısını veribdir. Elə bu siyahı ilə müşahidəçi vəsiqələrini bizə verin. Mərkəzi Seçki Komissiyası tələb etdi ki, heç olmasa bu adamların ünvanını verin, görək ki, kimlərə müşahidəçi vəsiqəsi təqdim edirik. Yoxsa, filankəs filankəsov, qurtardı getdi? Onlar da bunu etmədilər. Mənə dedilər, mən də məsləhət gördüm ki, məsələni kəskinləşdirməsinlər. Mərkəzi Seçki Komissiyası 22 min vəsiqə veribdir. Bəzi partiyalar 4-5 min vəsiqə alıblar. Bəs onda bu vəsiqələri nə üçün, nədən ötrü almışdılar? Nə üçün onlar Mərkəzi Seçki Komissiyasından narazı qalırlar? Yəqin düşünürdülər ki, onlara müşahidəçi vəsiqəsi verilməyəcəkdir, hay-küy salacaqlar. Amma onların bütün bəhanələri götürüldü. Bəhanə götürüləndən sonra, indi nə deyim… Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR