Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalına - 25 yanvar 2003-cü il


Hörmətli jurnal əməkdaşları! Sizi, habelə bütün Azərbaycan yazıçılarını və jurnalın oxucularını "Azərbaycan" ədəbi-bədii məcmuəsinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

"Azəbaycan" jurnalı ölkəmizdə ədəbiyyatın və ədəbi-bədii fikrin inkişafında mühüm rol oynamışdır. 1923-cü ilin yanvarında "Maarif və mədəniyyət" adı ilə fəaliyyətə başlayan, sonralar isə müxtəlif adlar altında belə bir mətbu orqanın nəşri o vaxt təkcə respublikamızda deyil, eləcə də bütün bölgədə bənzəri olmayan mədəniyyət hadisəsi idi. Azərbaycanın mütərəqqi mətbuatının ənənələrini davam etdirən jurnal ötən səksən il ərzində söz sənətimizin daha da zənginləşməsi işinə xidmət etmiş, oxucuların bədii-estetik zövqünün inkişaf etdirilməsi vəzifəsini şərəflə yerinə yetirmişdir. Azərbaycan yazıçılarının, istedadlı ədəbi gəncliyin yaratdıqları diqqətəlayiq əsərlərin çoxu ilk dəfə məhz bu jurnalda işıq üzü görmüşdür.

Müasir və klassik Azərbaycan ədəbiyyatına əsas yer verən jurnal, eyni zamanda, Azərbaycan oxucusunu dünya ədəbiyyatının qiymətli nümunələri ilə müntəzəm olaraq tanış etmişdir. Onun səhifələrində ədəbi prosesi əks etdirən tənqidi yazılar, elmi araşdırmalar, publisistika və incəsənətə dair materiallar da geniş yer tutmuşdur. Bütün bunlar "Azərbaycan" jurnalını yarandığı gündən ədəbiyyatımızın güzgüsünə çevirmişdir.

"Azərbaycan" jurnalının nəşrə başlamasından on il sonra rus dilində çıxan "Literaturnı Azerbaydjan" jurnalı isə uzun illərdir ki, Azərbaycan ədəbiyyatının nailiyyətlərini rus dili vasitəsilə təbliğ etmək vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir.

Jurnalın nəşrə başlaması, ərsəyə gəlməsi və inkişafında rolu olmuş bütün qələm sahiblərinin əziz xatirəsini bu yubiley günlərində dərin hörmət və ehtiramla yad edərək, onların xidmətlərini yüksək qiymətləndirirəm.

Ümidvaram ki, jurnalın yaradıcı kollektivi ədəbiyyatın yüksək borcuna və amalına bundan sonra da sədaqətlə xidmət edəcək, müstəqillik dövrünün ədəbi salnaməsinə yeni parlaq səhifələr yazılması, gənc nəslin milli-mənəvi dəyərlərə, Azərbaycan ədəbiyyatı və dilinə sevgi, məhəbbət və sıx bağlılıq ruhunda tərbiyə olunması işinə öz töhfəsini verəcəkdir.

Sizi ədəbiyyat tariximiz üçün mühüm hadisə olan yubiley münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 28 yanvar 2003-cü il.

Tarixi arayış

MƏDƏNİYYƏT