Mərakeşin Krali əlahəzrət Məhəmməd ibn Həsənə - Bakı şəhəri, 24 iyul 1999-cu il


Əlahəzrət, Mərakeşin kralı II Həsənin vəfatı xəbəri məni dərindən sarsıtdı.

Sizin atanız və mənim əziz dostum II Həsən dünyada sülhün və əmin-amanlığın möhkəmləndirilməsində, islam ölkələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsində və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərmişdir.

İslam Konfransı Təşkilatının yaradıcılarından biri kimi fədakar fəaliyyəti və müsəlman xalqlarının rifahı naminə nəcib işləri ilə II Həsən öz xalqının və bütün Şərq aləminin dərin hörmət və ehtiramını qazanmışdır. Onun parlaq xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və bütün Mərakeş xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti