Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Bi-Pi/Amoko" şirkətinin hasilat bölümünün prezidenti Deyvid Vudvordu və şirkətin geoloji kəşfiyyat bölümünün prezidenti Endi Hopvudu qəbul edərkən söhbətindən - Prezident sarayı, 4 mart 2000-ci il


Heydər Əliyev: Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Sizinlə yenidən görüşməyimdən çox məmnunam. Təbiidir ki, sizin gördüyünüz işlər daim mənim şəxsi nəzarətim altındadır. Mənə həmişə məlumat verilir. Deyə bilərəm ki, işlər yaxşı gedir. Bəzən nəticələr gözlədiyimizdən də yaxşı olur. Ona görə də güman edirəm ki, siz də sevinirsiniz, biz də sevinirik və bizim ölkənin insanları da sevinirlər.

Azərbaycanda Xəzər dənizinin Azərbaycan sektorunun neft və qaz ehtiyatlarından istifadə olunması barəsində son beş ildə aparılan işlər dünya mətbuatının, ümumiyyətlə dünya ictimaiyyətinin daim diqqətindədir. Müxtəlif fikirlər söylənir, ancaq əksər fikirlər həqiqəti əks etdirir. Doğrudur, mənfi xarakterli məqalələr də dərc olunur. Bu da təbiidir. Çünki dünyada yeni, çox zəngin imkanlara malik və böyük gələcəyə malik Xəzər dənizi hövzəsi kimi neft və qaz yataqları olan bir yer aşkar edilibdir. Daha dəqiq desək, bu yer çoxdan aşkar olunubdur, amma indi bunun həyatının ikinci mərhələsi başlayır.

Məlumdur, mən bunu dəfələrlə qeyd etmişəm ki, Azərbaycan qədim neft və qaz ölkəsi olaraq, o cümlədən dünyada ilk dəfə dənizin dərinliklərindən neftin hasil olunması işinə başlamışdır. Bu, bizim əfsanəvi Neft Daşlarımızdır və ondan sonra Azərbaycan alimlərinin, mütəxəssislərinin, neftçilərinin Xəzər dənizinin Azərbaycan sektorunda, - təkcə Azərbaycan sektorunda yox, Xəzər dənizinin bütün akvatoriyasında, - neft və qaz yataqlarının aşkar edilməsi sahəsində apardıqları çox böyük işdir. Bu, bizim gördüyümüz işlərin birinci mərhələsi olubdur.

İkinci mərhələsi isə, bilirsiniz ki, 1994-cü ildə sizinlə birlikdə imzaladığımız "Əsrin müqaviləsi"dir. Bu gün bir daha böyük məmnuniyyət hissi ilə və hətta deyə bilərəm ki, iftixar hissi ilə bəyan edirəm ki, bizim 1994-cü ildə başladığımız işlər gözəl nəticələr veribdir.

Qeyd etdiyim kimi, dünyaya Xəzər dənizi kimi böyük bir neft regionu açılıbdır. Ondan sonra imzaladığımız müqavilələr də tədricən öz nəticələrini verir. Bunların sırasında "Şahdəniz" yatağı da vardır. Biz müqaviləni bağlayanda buna neft yatağı kimi baxırdıq. Ancaq bilirdik ki, orada çox qaz ehtiyatları vardır. İndi sizin apardığınız işlər, aldığınız nəticələr onu göstərir ki, bizim proqnozlarımız artıqlaması ilə təmin olunur.

"Şahdəniz" qaz yatağında "Şahdəniz" konsorsiumunun əldə etdiyi nailiyyətlər barəsində siz artıq dünyaya geniş bəyanatlar vermisiniz. Londonda, Ankarada təqdimatlar keçirmisiniz. Bu yaxın zamanlarda Davosda olarkən mən "Bi-Pi" şirkətinin prezidenti hörmətli Con Braun ilə görüşdüm. O, əldə olunan nailiyyətlər haqqında mənə böyük sevinc hissi ilə danışırdı və öz planlarını izah edirdi. Vaşinqtonda olarkən "Bi-Pi"nin nümayəndəsi mənimlə görüşdü. Gördüm, bu barədə o qədər sevinclə danışır ki! Təbii ki, mən də sevindim.

İndi mən belə başa düşürəm ki, siz də, biz də eyni istiqamətdə hərəkət edirik ki, bu işləri əməli surətdə həyata keçirək. Mən bilirəm, sizin də təcrübəniz var, bizim də fikirlərimiz vardır. Ona görə də mən bu gün sizinlə görüşmək haqqında qərar qəbul etdim. Sizi dinləmək istəyirəm. Təbiidir ki, biz bəzi məsələləri mətbuatın iştirakı ilə dinləyə bilərik, bəzi məsələləri isə sonra danışarıq. Ancaq mən öncə istəyirəm ki, cənab Vudvord görülən işlər haqqında bir məlumat versin. Ondan sonra "Şahdəniz" haqqında məlumat verilsin. Buyurun.

Deyvid Vudvord: Cənab prezident, çox təəssüflər olsun ki, biz uzun müddət Sizinlə görüşə nail ola bilməmişik. Lakin bu gün belə bir imkanı bizə verdiyinizə görə Sizə böyük minnətdarlığımızı bildiririk və fürsətdən istifadə edərək, "Bi-Pi/Amoko"nun Azərbaycandakı fəaliyyəti haqqında ətraflı məlumat vermək istəyirik.

Heydər Əliyev: Buyurun.

Deyvid Vudvord: Cənab prezident, bizim xəbərimiz var ki, Amerika Birləşmiş Ştatlarına son səfəriniz zamanı Siz həm prezident Bill Klinton, həm də Amerikanın digər rəsmi şəxsləri ilə görüşləriniz zamanı neft və qaz hasilatı, onların ixracı məsələləri haqqında ətraflı söhbətlər, danışıqlar aparmısınız və bununla əlaqədar bilirik ki, bu yaxınlarda Sizin Gürcüstana səfəriniz gözlənilir. Orada olduğunuz müddətdə Siz neft və qazın ixracı barədə prezident Şevardnadze ilə danışıqlar aparacaqsınız. Bütün bunların hamısı bir daha təsdiq edir ki, Siz Azərbaycanın xarici neft şirkətləri ilə hasilatın pay bölgüsü haqqında imzalanmış sazişlərə necə böyük əhəmiyyət verirsiniz və bu məsələdə şəxsi dəstəyinizə görə Sizə bir daha minnətdaram.

"Azəri", "Çıraq", "Günəşli" və "Şahdəniz" "Bi-Pİ/Amoko"nun dünya üzrə iş gördüyü ən böyük strukturlardır və buna görə də şirkətimizin rəhbəri cənab Braun Azərbaycanı Meksika körfəzi, Anqola və Trinidad ilə birlikdə "Bi-Pi/Amoko"nun beş-on il ərzində böyük sərmayələr qoyacağı dörd ən vacib bölgə adlandırılmışdır. Buna görə də Azərbaycan şirkətimiz üçün olduqca böyük əhəmiyyətə malikdir və bu barədə də Sizin dəstəyiniz danılmazdır.

ABƏŞ-ə gəldikdə isə Sizə bildirməyi özümə borc bilirəm ki, hazırkı fəaliyyətimizdə böyük tərəqqi əldə olunur. Eyni zamanda Dövlət Neft Şirkəti ilə böyük işlər görülür. Bu əməliyyatlar da həm Azərbaycanın, həm də xarici neft şirkətlərinin mənafeyinə xidmət edir və burada da böyük işlər görməyimizdən hədsiz şərəf duyuruq.

İcazənizlə, bugünkü təqdimatımızın davamı olaraq biz "Şahdəniz"dən başlamaq istərdik. "Şahdəniz"in hazırkı durumu, oradakı ehtiyatlar və "Şahdəniz" barədə gələcək planlarımızı sizin diqqətinizə çatdırmaq istərdik. "Şahdəniz"ə dair məlumatı cənab Hopvud təqdim edəcəkdir.

Heydər Əliyev: Buyurun.

Endi Hopvud: Cənab prezident, hər şeydən əvvəl üzr istəyirəm ki, bu cür gözəl bir xəbəri Sizə birinci çatdırmaqdan öncə bu xəbəri biz həm Ankarada, həm də Vaşinqtonda bildirmişik.

Heydər Əliyev: Onsuz da bizə çatıbdır, narahat olmayın. Biz bilirdik, amma Siz onu rəsmi olaraq oralarda elan etdiniz. Mən hesab edirəm ki, bu da pis deyil.

Endi Hopvud: Cənab prezident, ona görə də bizim bu gün "Şahdəniz" barədə Sizə qısa bir təqdimatımız var və istərdim ki, elə birinci slayddan başlayaq. "Şahdəniz" barədə yəqin ki, əksəriyyətin xəbəri var. Lakin üç məsələ var ki, mən bugünkü təqdimatı bu məsələlərdən başlamaq istəyirəm.

İlk növbədə, mən 1996-cı ilin iyun ayında Sizin də imza atdığınız "Şahdəniz" yatağında hasilatın pay bölgüsü haqqında sazişi qeyd etmək istərdim. İkinci növbədə, konsorsiumun artıq Xəzər hövzəsində 400 milyon dollar xərcləməsindən bəhs etmək istərdim. Qeyd etdiyim 400 milyon dolların yarısından çoxu konsorsium tərəfindən "İstiqlal" qazma qurğusunun bərpasına sərf edilmişdir.

Heydər Əliyev: 400 milyon "Şahdəniz"ə həsr olunubdur.

Endi Hopvud: Bəli. Üçüncü şəkil onu göstərir ki "Şahdəniz" Xəzərin cənubunda olan ilk ən böyük yataqdır ki, ən böyük ehtiyatlar aşkar edilmişdir. Ümid etmək istərdim ki, "Şahdəniz"dən sonra Xəzərin bu ərazisində qazılacaq quyularda da "Şahdəniz"dən geri qalmayan ehtiyatlar aşkar olunacaqdır.

Cənab prezident, ikinci slayda gəldikdə isə burada, gördüyünüz kimi, tərəfdaşlıq əks olunubdur. Biz yalnız xarici neft şirkətləri arasında olan tərəfdaşlığı nəzərdə tutmuruq. Eyni zamanda burada Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və hökuməti ilə əldə olunmuş və davam etdirilən əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Bu əməkdaşlığın nəticəsidir ki, bugünkü təqdimatımızda "Şahdəniz"ə dair planlarımızın birinci mərhələsində hansı işləri görəcəyimizi Sizə deməyə imkan yaranır. Bu, elə bir tərəfdaşlıqdır ki, burada şirkətlərin fəaliyyəti də, təcrübə mübadiləsi də özünü büruzə verir.

Planlarımızın vaxtından əvvəl aydın olmasına gətirib çıxaran səbəblərdən biri də şəxsən Sizin keçən il verdiyiniz qərar idi ki, "Şahdəniz"ə dair işçi qrupu yaradılsın və bu qrup "Şahdəniz"in planlarını işləyib hazırlasın. Keçən ilin noyabr ayında İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının imzaladığı çərçivə sənədi imkan verdi ki, Azərbaycan qazının, "Şahdəniz" qazının Türkiyəyə satılmasına dair planlar işlənib hazırlansın.

Digər tərəfdən, bizim "Şahdəniz"ə dair planlarımızı açıq şəkildə dünyaya bəyan etməyimiz iki məsələ üzərində qurulmuşdur. Onlardan biri "Şahdəniz" tərəfdaşlığına olan əminliyimiz, digəri isə ötən il imzalanan çərçivə sənədidir.

Cənab prezident, üçüncü slaydda quyunun ehtiyatlarından bəhs olunur və mən bu barədə danışmaq istərdim. Burada ehtiyatların keyfiyyətindən də söz açmaq yerinə düşərdi. Gördüyünüz bu şəkildə ötən ay keçirilən testlər təsvir olunmuşdur. Özünüz gördüyünüz kimi, "İstiqlal" qazma qurğusunun qazdığı bu quyudan qazın hansı təzyiqlə çıxması açıq şəkildə göstərilmişdir və bu barədə rəqəmləri bir daha demək istərdim.

Heydər Əliyev: Budur?

Endi Hopvud: Bəli, cənab prezident. Gündə 1,8 milyon kubmetr qaz və eyni zamanda ikinci quyudan 400 ton kondensat hasil olunur.

Heydər Əliyev: Qaz havaya gedir?

Endi Hopvud: Hazırda havaya gedir.

Heydər Əliyev: Gözəl mənzərədir.

Endi Hopvud: Hazırda gördüyünüz bu qaz 425 atmosfer təzyiq altında çıxır və bu rəqəmə qazma qurğusunda olan avadanlığın gücündən tam istifadə edilməklə nail olunmuşdur. Başqa sözlə, avadanlığın gücü çatsaydı, qazı daha böyük təzyiqlə çıxarmaq mümkündür.

Heydər Əliyev: Yəni avadanlıq imkan versəydi, daha da çox güc ilə çıxa bilərdi, hasilat daha da çox olardı. Onda bunlar elə əvvəlki kimi səhv ediblər, avadanlığı zəif qoyublar.

Natiq Əliyev (Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti): Cənab prezident, yataqlarımız çox güclüdür.

Heydər Əliyev: Bunlar indiyə qədər bizim yataqlarımızı tanımayıblar.

Endi Hopvud: Üzr istəyirik, yalnız belədir.

Heydər Əliyev: "Çıraq" yatağından səmt qazının nəqli üçün sizin çəkdiyiniz boru indi oradan çıxan qazı sahilə gətirə bilmir. Siz çəkdiyiniz borunun diametri nə qədərdir - 16 düymdur?

Natiq Əliyev: Bəli, cənab prezident. Onlar orada gündə cəmi 3 milyon kubmetr qaz çıxarırlar. Onu da sahilə tam gətirə bilmirlər. Sahilə bir milyonu gəlmir.

Heydər Əliyev: Amma orada nə qədər qaz havaya gedir?

Natiq Əliyev: Gündə bir milyon kubmetrə kimi.

Heydər Əliyev: Gündə bir milyon kubmetr qaz havaya gedir. Ona görə ki, bunlar düz hesablamayıblar.

Natiq Əliyev: Cənab prezident, yadınızdadırsa, neft də elə oldu.

Heydər Əliyev: Onu bilirəm. Sən məsələni qarışdırma. Mən qaz haqqında danışmaq istəyirəm.

Gərək siz ondan nəticə çıxaraydınız.

Endi Hopvud:Bəli, cənab prezident. Bu məsələyə bu cür də baxmaq mümkündür.

Heydər Əliyev:Yox, ancaq mən sizi günahlandırmıram. Mən bundan bir nəticə çıxarıram. O da ondan ibarətdir ki, siz nə qədər böyük təcrübəli olsanız da, Azərbaycanın o qaz, neft yataqlarının imkanlarını düzgün müəyyən edə bilmirsiniz. Yəni nəticə gözlənildiyindən çox-çox artıq olur. Buna sevinmək lazımdır, təbiidir. Ancaq yaxşı olardı ehtiyat avadanlıq qoyaydınız ki, nəticə çox olanda hamısını götürə biləydik.

Endi Hopvud: Cənab prezident, onu da qeyd etmək istərdim ki, indi dediyim rəqəmlər sadəcə olaraq, üç məhsuldar qazın birindən əldə edilən hasilatdır.

Heydər Əliyev: Bəs onda nə olacaq? O birisi məhsuldar qazlardan yanacaq çıxanda nə olacaq?

Endi Hopvud:Cənab prezident, dediyiniz məsələyə qayıdarkən onu qeyd etmək istərdim ki, hər quyunun potensial imkanı var ki, inkişaf, istehsal zamanı və sistemə qoşulduqdan sonra orta hesabla ildə bir milyard kubmetr qaz çıxarılsın. Yəni hər quyudan bir milyard kubmetr qaz çıxarılsın. Amma ayrı-ayrılıqda götürdükdə bunların hətta üç milyarda çatacağı da gözlənilir.

Heydər Əliyev: Hər bir quyunun?

Endi Hopvud: Bəli. Bunu deməklə onu da nəzərinizə çatdırmaq istərdim ki, qazın çıxması və onun sürəti olduqca böyükdür. Ona görə də quyunun sistemə qoşulması üçün və yatağın tam işlənilməsi üçün biz gərək ekspertlərimizdən istifadə edək. Eyni zamanda çox doğrudur ki, bu quyu bizim gözlədiyimizdən daha artıq nəticələr vermişdir. İstanbulda imzalanmış sazişlə bərabər, quyudan əldə olunan nəticələr bizim bu gün gəlib Sizə təqdimat verməyimizə və planlarımızı açıqlamağa imkan yaratmışdır.

Yatağın, strukturun ehtiyatlarının tam həcminə gəldikdə, bəli, belə bir ehtimal var və ola bilər ki, oradakı ehtiyatlar bir trilyon kubmetrə gəlib çatsın. Hazırda mən yenə də nisbətən bir balaca az rəqəm işlətmək istərdim. Amma bir trilyon olması ehtimalı böyükdür.

Heydər Əliyev: Mən bilirəm, o, niyə az rəqəm deyir.

Endi Hopvud: Aydın məsələdir ki, strukturun tam ölçüsü çox vacibdir. Lakin qeyd etmək istərdim ki, burada əsas məsələ sürət məsələsidir. Mən "sürət məsələsi" deyəndə "Şahdəniz" qazının ilk molekullarının rəqabət aparan digər amillərdən əvvəl bazara çıxmasını nəzərdə tuturam. Eyni zamanda qazın işlədilməsi üçün, bazar məsələlərinin qeyd olunması üçün hazırda bizim tam əminliklə 150 milyard kubmetr deməyə imkanımız var və bu qaz da bazar planlarımızın həyata keçirilməsi üçün maliyyənin cəlb olunmasına yetərlidir.

Heydər Əliyev:O molekull dedin, o nə deməkdir?

Endi Hopvud: Yəni çıxarılan qazın ilk hissəsi.

Heydər Əliyev: Axı bu, molekul olmadı? Molekul deyəndə mən bir az şübhəyə düşdüm. Mən başa düşdüm. Amma istədim molekulu aydınlaşdırım. Buyurun, buyurun.

Endi Hopvud: Cənab prezident, ümidvaram ki, bundan sonrakı təqdimatımızı nisbətən dar çərçivədə apara bilərik. Lakin son olaraq onu demək istərdim ki, biz əminik ki, "Şahdəniz" yatağı dünya səviyyəli bir yataqdır. "Şahdəniz" yatağından indiyə qədər əldə olunmuş nəticələr gözlənildiyindən artıqdır və biz tərəfdaş kimi "Şahdəniz" layihəsinin böyük müvəffəqiyyətlər gətirəcəyinə tam əminik. Eyni zamanda "Şahdəniz" qazının tez bir zamanda Türkiyə bazarına çıxarılacağına əminik.

Heydər Əliyev: Bitdi?

Endi Hopvud: Bəli, amma indi də başqa məsələlərə keçəcəyik.

Heydər Əliyev: Biz qalan məsələlər barədə sonra danışacağıq. "Şahdəniz" yatağında birinci quyunun verdiyi nəticələrlə əlaqədar biz bir dəfə görüşmüşük. O vaxt siz ilkin təqdimatı verdiniz. Ondan sonra dediniz ki, işləri davam etdirib ikinci quyunu da qazacağıq. İndi daha da gözəl nəticələr əldə etmisiniz. Mən bu münasibətlə sizi, Azərbaycan Dövlət Neft Şirkətini və Azərbaycan neftçilərini, xalqımızı təbrik edirəm. Mən bunu Azərbaycan dövlətinin neft strategiyasının nə qədər əhəmiyyətli olduğunu və nə qədər konkret nəticələr verdiyini bir daha nümayiş etdirən bir hadisə hesab edirəm.

Bizim neft strategiyamızı anlamayanlar, yaxud anlamaq istəməyənlər, onun əleyhinə olanlar - hamısı indi görsünlər ki, biz nə qədər düz yolda olmuşuq. Mən hesab edirəm ki, həm Azərbaycan dövləti, həm də dünyanın bizimlə əməkdaşlıq edən böyük neft şirkətləri bu yolu kor-koranə getməmişlər.

Biz Xəzər dənizindəki neft və qaz yataqlarının nə qədər böyük potensialı olduğunu bilirdik. Bir daha deyirəm, mən iftixar hissi ilə qeyd edirəm ki, bizim alimlər, neftçilər, mütəxəssislər bu sahədə dünya səviyyəsindədirlər. Siz - yəni xarici dövlətlərin neft şirkətləri, o cümlədən birinci növbədə "Bi-Pi/Amoko" gəlib Azərbaycanda müəyyən işlər aparandan sonra burada nə olduğunu bildiniz. Amma bu işlərə başlamaq üçün həm siz, həm də biz tərəfdən cəsarət lazım idi. Siz tərəfdən ona görə ki, birincisi, siz sərmayə qoyursunuz. Əgər qoyduğunuz sərmayə nəticə verməsə, sizin işiniz pozular. İkincisi, sərmayə qoyduğunuz yerdə sizin üçün ictimai-siyasi sabitlik, qayda-qanun lazımdır. Güman edirəm ki, siz sərmayə qoyarkən bizə inandınız.

Biz 1994-cü ildə "Əsrin müqaviləsi"ni, 1996-cı ildə "Şahdəniz" yatağının birgə işlənilməsi barədə müqaviləni imzalayarkən siz artıq inanırdınız ki, Azərbaycanda ondan əvvəlki illərdə yaranmış xaos, hərc-mərclik, özbaşınalıq aradan götürüləcək və ölkəmizdə ictimai-siyasi sabitlik bərpa olunacaq, qanuni hökumət daha da möhkəmlənəcəkdir. Biz bu ümidlərlə sizinlə əməkdaşlığa başlamışıq.

Mən bugünkü görüşümüzdə söhbətə başlayarkən dedim ki, buna mane olmaq istəyənlər çox idi. Bu gün də mane olmaq istəyənlər var. Çünki Azərbaycan gördüyü bu işlərlə böyük bir potensiala malik olduğunu dünyaya nümayiş etdirmək perspektivi qazanıbdır.

Təəssüf ki, təkcə xaricdə yox, ölkəmizin daxilində də buna mane olmaq istəyənlər var. Soruşuram, nə üçün? Təəssüf ki, bizim cəmiyyətimizdə elə insanlar, hətta elə qurumlar, qüvvələr var ki, Azərbaycanda işlər nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Çünki ölkədə, cəmiyyətdə vəziyyət pis olanda onlar öz fəaliyyətlərini həyata keçirər və öz məqsədlərinə nail ola bilərlər. Yəni onlar öz şəxsi məqsədlərini güdürlər, ümumi milli mənafedən çox uzaqdırlar. Bizim içimizdə belələri bu gün də vardır.

Mən bu gün bir daha xatırlamaq istəyirəm ki, 1996-cı ildə həmin bu masanın arxasında - müqavilənin imzalanmasına bir həftə qalmış - müqavilənin pozulmasına cəhd göstərənlər var idi. O vaxt Azərbaycanın Milli Məclisinin sədri işləyən Rəsul Quliyev müqavilənin imzalanmasına bir həftə qalmış gəlib mənə bəyan etdi ki, "bu müqaviləni imzalamaq olmaz. Bu Azərbaycan üçün zərərlidir. Ümumiyyətlə, bu müqavilədə Azərbaycan üçün böyük zərərli müddəalar vardır". Təbiidir ki, biz bu məsələni müzakirə etdik və onun arqumentlərinin əsassız olduğunu ona bildirdik.

Gərək bu gün Xoşbəxt Yusifzadəni də buraya çağıraydınız. Bu, sizin səhvinizdir. O, bu gün burada olmalı idi. Çünki Dövlət Neft Şirkətində hamı bu işlə məşğul idi. Amma baş geoloq kimi Xoşbəxt Yusifzadə bu yatağın nə qədər böyük imkanlara malik olduğunu hamıdan çox bilirdi və hamıdan da yaxşı sübut edirdi.

Təbiidir ki, Rəsul Quliyevin belə avantürist, təxribat xarakterli hərəkəti bizim işimizə mane ola bilməzdi. Mən onu da və Dövlət Neft Şirkətinin bütün rəhbərlərini də dinlədim. Dövlət Neft Şirkətinin bütün rəhbərləri, mütəxəssislərimiz onun dediyi sözlərin əsassız olduğunu sübut etdilər. Təbiidir ki, mən qəbul etdiyim qərarı dəyişmək fikrində deyildim. 1996-cı il iyunun 4-də müqavilə imzalandı. O vaxtdan üç il keçibdir. Görün nə qədər gözəl nəticələr əldə etmişik.

Bəlkə də bu adam adının burada çəkilməsinə də heç layiq deyildir. Amma bu faktdır, həqiqətdir. Bu mənada ki, Azərbaycan xalqına qarşı təxribat həyata keçirməyə cəhd göstərmişdi. Nə üçün? Əgər o bunu anlamırdısa, yəni başa düşmürdüsə, ağlı bu səviyyəyə çatmırdısa, onda otursun yerində və heç vaxt deməsin ki, neft sahəsində hansısa mütəxəssisdir. Əgər bunu anlayaraq edirdisə, demək xalqına xəyanət edirdi.

Bizim içimizdə belələri də vardır. Ancaq qoy onlar hamısı - o vaxtkılar da, bugünkülər də bilsinlər: biz Azərbaycanın neft siyasətini hazırlayıb həyata keçirərkən ölkəmizin elmini, neft sənayesindəki təcrübəni və hər birimizin, o cümlədən mənim şəxsi təcrübəmi - hamısını üst-üstə qoyaraq belə bir strategiya hazırlamışıq. Bu da öz gözəl nəticələrini verir.

Hörmətli dostlar, mən sizin sevincinizi anlayıram. Siz böyük dövlətlərin neft şirkətlərisiniz. Dünyanın bir çox yerlərində böyük sərmayələr qoyursunuz, gəlir əldə etmək istəyirsiniz. Güman edirəm, siz də bizim sevincimizi anlayırsınız. Biz yenicə müstəqillik əldə etmiş dövlətik, böyük təbii sərvətlərə - neft və qaz yataqlarına malikik. Onlardan xalqımızın, millətimizin rifahı, Azərbaycanın iqtisadiyyatının inkişafı naminə istifadə etməyə çalışırıq. Buna görə də biz qarşımıza çıxan bütün maneçiliklərin, təxribatların, müxtəlif çirkin hərəkətlərin qarşısını alırıq, bundan sonra da alacağıq.

"Şahdəniz" yatağının verdiyi nəticələr müxtəlif xarici ölkələrin mətbuatında Xəzər dənizində ehtiyatların guya az olmasına, Azərbaycan tərəfindən guya bunun şişirdilməsinə dair verilmiş məqalələrə çox tutarlı cavabdır.

Siz çox gözəl dediniz ki, biz hələ Azərbaycanın başqa yataqlarında bundan da çox ehtiyatlar aşkar edəcəyik. Mən buna əminəm. Mən çox sevinirəm ki, artıq siz də buna əminsinz. Ona görə də sizə təşəkkür edirəm. Gördüyünüz işlər çox yüksək qiymətə malikdir. Çox məmnunam ki, ötən beş il müddətində Azərbaycana gəlmiş xarici dövlətlərin şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan hökuməti, prezidenti arasında çox gözəl işgüzar əlaqələr yaranıbdır. Əmin ola bilərsiniz ki, bu əlaqələr get-gedə daha da təkmilləşəcək, artacaqdır. Əmin ola bilərsiniz ki, siz həmişə mənim dəstəyimi alacaqsınız.

Azərbaycanın prezidenti kimi mən dövlətimizin yeni neft strategiyasını irəliyə sürən şəxsəm. Bu strategiyanı sizinlə burlikdə ardıcıl surətdə həyata keçirəcəyik. Biz Azərbaycan xalqının, millətinin bu günü və gələcəyi üçün çox gözəl işlər görürük və gözəl də nəticələr alacağıq.

Mən Dövlət Neft Şirkətinə təşəkkür edirəm. Siz çox səmərəli əməkdaşlıq edirsiniz, belə də davam etmək lazımdır.

Demək, görüşümüzün birinci hissəsi bununla başa çatır.

"Azərbaycan" qəzeti, 5 mart 2000-ci il.