NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 26 aprel 1999-cu il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab sədr!

Xanımlar və cənablar!

NATO-nun 50 illik yubileyi münasibətilə üzv ölkələrin və tərəfdaşların dövlət və hökumət başçılarını, Şimali Atlantika İttifaqının rəhbərliyini ürəkdən təbrik edirəm.

Biz dünyada sülhün və sabitliyin təmin olunmasında NATO-nun böyük rolunu yüksək qiymətləndirir, onu Ümumavropa təhlükəsizliyinin olduqca mühüm vasitəsi hesab edirik.

Dünya sosialist sistemi və Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan sonra XXI yüzilliyin astanasında tamamilə yeni bir vəziyyət yaranmaqdadır. Demokratiya və azadlıq, insan hüquqlarının müdafiəsi dünyanın bir çox ölkələrinin və xalqlarının ali idealına çevrilir. Çox böyük təbii enerji ehtiyatları, Avropa ilə Asiyanın qovuşuğunda nadir coğrafi-strateji mövqeyi olan Azərbaycan Respublikası bazar iqtisadiyyatına malik demokratik dövlət quruculuğu, Dünya Birliyinə tam inteqrasiya yolu ilə gedir. Milli məqsədlərin və idealların ümumiliyi Azərbaycan ilə ABŞ və Avropa tərəfdaşları arasında geniş əməkdaşlığın inkişafı üçün möhkəm bünövrəyə çevrilmişdir.

Bununla yanaşı, totalitar rejimlərin dağılması milyonlarla adama ölüm və fəlakətlər gətirən, planetin müxtəlif regionlarında sülh və sabitlik üçün təhlükə yaradan silahlı münaqişələr, separatçılıq, etnik təmizləmələr kimi nəticələr doğurmuşdur.

Azərbaycan xalqı son on il ərzində bütün bu dəhşətli hallar ilə qarşılaşır.

Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizə qədəri işğal edilmiş, bir milyondan çox həmvətənimiz öz ərazisində etnik təmizləməyə məruz qalmış və qaçqın vəziyyətinə düşmüşdür.

Biz Ermənistan ilə münaqişənin sülh yolu ilə tez bir zamanda aradan qaldırılması üçün hər cür səy göstərir, ATƏT-in Minsk qrupunun və Rusiyanın, ABŞ-ın və Fransanın simasında onun həmsədrlərinin fəaliyyətinə böyük ümidlər bəsləyirik. Münaqişənin tərəflərindən birinə qeyri-qanuni silah göndərilməsini, regionda sürətlə silahlanma cəhdlərini qətiyyən yolverilməz hesab edirik.

Biz bütün mövcud münaqişələrin, istər postsovet məkanındakı, istərsə də Yuqoslaviyadakı münaqişələrin tezliklə sülh yolu ilə aradan qaldırılmasının, Kosovoda etnik təmizləmələrə son qoyulmasının, dinc əhalinin doğma yurd-yuvalarına qayıtmasının tərəfdarıyıq. Dünya Birliyi təcavüzkar etnik barışmazlığın və separatçılığın meydan oxumasına adekvat cavab verməlidir.

Biz "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə əməkdaşlığa böyük əhəmiyyət veririk və Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsinə öz tərəfimizdən hər cür kömək göstərəcəyik. Biz Vaşinqton sammitində irəli sürülmüş NATO-nun yeni strateji konsepsiyasını alqışlayırıq.

Polşanın, Macarıstanın və Çexiyanın prezidentlərini onların dövlətlərinin NATO-ya daxil olması münasibətilə təbrik edirəm. NATO-nun tərkibinə yeni dövlətlərin qəbul edilməsi, şübhəsiz ki, bütün Avroatlantika məkanında, o cümlədən də Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə kömək edəcəkdir.

Sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, bəşəriyyətin yüksək ideallarının gerçəkləşdirilməsi sahəsində NATO-nun nəcib missiyasının həyata keçirilməsində ona yeni-yeni uğurlar arzulayıram.

Diqqətinizə görə minnətdaram.

"Azərbaycan" qəzeti, 28 aprel 1999-cu il