Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Əlillərin III Respublika Yaradıcılıq Sərgi-müsabiqəsinin açılışında çıxışı - Tofiq İsmayılov adına Uşaq Yaradıcılığı Sarayının rəngkarlıq və tətbiqi sənət sərgisi salonu, 6 noyabr 1997-ci il


Əziz bacılar, qardaşlar, sərgi iştirakçıları!

Hörmətli xanıımlar və cənablar!

Mən sizin hamınızı bu gün respublikamızın vətəndaşlarından fiziki cəhətdən zəif olan insanların işlərinin nəticəsinin bu qədər gözəl nümayiş etdirilməsi və belə bir sərginin açılması münasibətilə təbrik edirəm.

Bu sərgi, burada nümayiş etdirilən eksponatlar insana çox böyük təsir bağışlayır. Birincisi, öz yüksək estetik keyfiyyətinə görə təsir bağışlayır. Həqiqətən burada təqdim olunan hər bir əsər böyük hisslər doğurur. Bu əsərləri yaradanlar peşəkar rəssamlar, yaxud peşəkar sənətkarlar deyillər. Ancaq işlər onu təsdiq edir ki, bu əsərlərin hamısı yüksək peşəkar səviyyədədir. Demək, bu əsərləri yaradan adamların fitri istedadı, incəsənətə və burada təqdim edilən sənət nümunələrinin yaranmasına olan həvəsi, onların fədakarlığı, çalışqanlığı belə nümunələr yaradıb bu sərgiyə təqdim etmələrinə imkan veribdir. Əgər nəzərə alsaq ki, bu əsərlərin müəllifləri bu və ya başqa cəhətdən fiziki çətinlik keçirirlər, fiziki çatışmazlığa məruz qalıblar, onda bu əsərlərin nə qədər qiymətli və bu insanların nə qədər böyük hörmətə, layiq olduğu daha da aşkar olur. Mən bu əsərləri yaradanlara, burada nümayış etdirməyə gələnlərə, sərgidə görüşdüyüm insanlara, bu əsərlərin müəlliflərinə hörmət və ehtiramımı bildirir və onları bu nailiyyətləri münasibətilə təbrik edirəm.

Bu əsərlər və ümumiyyətlə, sərgi bir daha onu sübut edir ki, insan nə qədər böyük istedada və böyük potensiala malikdir. Bu onu göstərir ki, biz hələ insanların nə qədər böyük potensiala malik olmasını bəlkə də tam dərk edə bilməmişik. Əgər insanın əlləri yoxdursa, ayaq barmaqları ilə şəkil çəkir və o şəkil hər bir rəssamın şəklindən də bəlkə yaxşıdır, yaxud elə onun səviyyəsindədir. Bu onu göstərir ki, insan nəyə qadirdir. İradə, öz gücünə inam, öz imkanlarından istifadə etmək üçün çalışqanlıq - bunlar hamısı insanlarda olan daxili potensialı büruzə verir və belə əsərlərin yaranmasına gətirib çıxarır.

Doğrusu, mən bu gün çox heyran oldum. Çox heyran oldum. İlk dəfə deyil mən belə sərgiləri görürəm, seyr edirəm. Ancaq buna baxmayaraq, hər dəfə onlar məni heyran edir. Güman edirəm, bu sərginin iştirakçılarının hamısı mənimlə eyni fikirdədirlər. Sərgi məni sevindirir. Sevindirir ona görə ki, insan nə qədər çətinlik çəksə də, onu yaşadan həmişə həyata olan inamıdır, nikbinliyi, iradəsidir. Əgər insanda iradə, həyata inam varsa, öz daxili qüvvələrinə inam varsa, insan çox şey edə bilər. Əgər fıziki cəhətdən çatışmazlığı olan insanlarımız bu cür əsərlər yarada bilirsə, demək, bizim tam sağlam olan insanlarımız nələr yarada bilərlər. Təkcə rəsm əsərləri, incəsənət əsərləri yox, həyatımızın bütün sahələrində nələr yarada bilərlər. Bunlar hamısı indi, Azərbaycanda müstəqil dövlət, demokratik dövlət quruculuğu prosesində çox vacibdir.

Hesab edirəm ki, bu sərginin iştirakçıları öz əsərləri, ilə nəinki özlərini, özlərinin varlığını ictimaiyyətdə təsdiq edirlər, eyni zamanda onlar ictimaiyyətə, xalqımıza göstərirlər ki, insan nəyə qadirdir. Bizim qədim tariximiz bunu dəfələrlə sübut edib ki, insan çox şeyə qadirdir. Biz qədim "Fərhad və Şirin" əfsanəsində bilirik ki, bir insan dağı da yarıb keçə bilər. O əfsanə də əfsanə deyil, həqiqətdən götürülmüş bir əhvalatdır. Bizim tariximizdə belə nümunələr çox olubdur və bugünkü həyatımız belə nümunələri daha da geniş nümayiş etdirir. Bunu nümayiş etdirənlərin də bir çoxu məhz bu sərginin iştirakçılarıdır. Mən deyə bilmərəm bu əsərlərin hansı hansından yaxşıdır - bəlkə də münsiflər heyəti müəyyən edəcək, - amma güman edirəm, onların da qarşısında çox çətin bir vəzifə durur. Çünki bunların hərəsinin özünəməxsus xüsusiyyəti, keyfiyyəti, hərəsinin özünəməxsus dəyəri, gözəlliyi var. Ona görə də bunları bir-birindən seçmək çox çətin olacaqdır. Ancaq münsiflər heyəti bu əsərləri seçib müəyyən edəndən sonra və onların qiyməti təyin olunandan sonra mən də mütləq bu əsərlərdən öz evim üçün almaq fikrindəyəm. Ancaq bunu indi etmək istəmirəm, çünki hansını istəsəm, mənə deyəcəklər ki, qiyməti belədir. Qoy bunu münsiflər müəyyən etsinlər, qiymət elan olunsun, ondan sonra mən də bir vətəndaş kimi gəlib, hansı daha xoşuma gələrsə, onları alacağam.

Şübhəsiz, hesab edirəm ki, bizim vətəndaşlarımız burada olan incəsənət nümunələrini həvəslə alacaqlar, çünki hamısı gözəldir. Bu sərgi eyni zamanda göstərir ki, Azərbaycanda əlillərə, fiziki cəhətdən çatışmazlığı olan insanlara indi həqiqətən qayğı göstərilir. Bunlar məhz bu qayğının nəticəsində bu işləri görə biliblər. Mən deyə bilmərəm ki, biz bu qayğını tamamilə təmin edə bilirik. Əgər belə desəydim, bu, ədalətli olmazdı. Çatışmazlıqlarımız hələ çoxdur. Müharibə əlillərinə, torpaqlarımızın müdafiəsində şikəst olmuş adamlara, fiziki cəhətdən zədə almış insanlara qayğımız hələ istənilən səviyyədə deyildir. Biz bunu artırmalıyıq. Bunu həm dövlətin ümumi proqramlarında artırmalıyıq, həm də ki, ümumi proqramlarımızın həyata keçirilməsində müvafiq orqanlar bunu etməlidir.

Təəssüf ki, bəzən belə olur: bu sahəyə, bu təbəqəyə qayğı göstərilməsi üçün ayrılan maddi və maliyyə vəsaitləri öz nöqsanlarına çatmır. Bu da həqiqətdir. Ona görə də biz bu nöqsanları aradan qaldırmalıyıq. Bir tərəfdən dövlət, hökumət proqramlarımızda bu sahəyə daha da çox vəsait ayırmaq və bu sahədə daha çox işlərin görülməsi üçün lazımi tədbirlər görməliyik. Amma bununla bərabər, bizim müvafiq orqanlarımız - nazirliklər, yerli icra hakimiyyəti orqanları, başqa hökumət orqanları bu hökumət, dövlət proqramlarının həyata keçirilməsinə sədaqətlə xidmət etməli, əyintilərə yol verməməlidirlər. Bu sahə bizim üçün çox vacib sahədir. Əmin ola bilərsiniz, - bunu sizə və sizin simanızda Azərbaycanın bu təbəqədən olan insanlarının hamısına deyirəm, - biz bundan sonra da birinci növbədə Vətənin, torpağın müdafiəsində şikəst, əlil olmuş insanlara və onlarla bərabər, fiziki cəhətdən çatışmazlığı olan insanların hamısına qayğını və diqqəti ilbəil artıracağıq və bu, gələcəkdə proqramlarımızda daha da görkəmli yer tutacaqdır.

Ümidvaram ki, Azərbaycanın dövlət və hökumət orqanlarının hamısı mənim bu çağırışımı layiqincə yerinə yetirəcəklər və biz əlillər, şikəst adamlar üçün, fiziki çatışmazlığı olan insanlar üçün - onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedad-larından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq. Mən sizin hamınızı bir daha təbrik edirəm. Sizə cansağlığı arzu edirəm. Siz qəhrəman insanlarsınız, - mən sərgi iştirakçılarını nəzərdə tuturam, - siz qəhrəman, şücaətli insanlarsınız. Belə çətinliklərin öhdəsindən gələrək bu cür gözəl işlər görürsünüzsə, siz böyük hörmətə və ehtirama layiq insanlarsınız. Sizə cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram Sağ olun.

Mən bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini də qeyd etmək istəyirəm. Nazirlik bu sahədə çox iş görür və o işi də yüksək qiymətləndirirəm. Son vaxtlar nazirliyin işi güclənibdir və lazım olan tədbirləri həyata keçirirlər. Ancaq dediyim tənqidlər hamıya, o cümlədən Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə də aiddir Əldə etdiyiniz nailiyyətlərə görə mən məmnun olduğumu bildirir, ancaq sizdən də, bütün hökumət və dövlət orqanlarından da tələb edirəm ki, işləri bundan sonra daha da yaxşı aparasınız.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM