Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 8 oktyabr 1999-cu il


Heydər Əliyev:  Sizi - uzaq Yaponiyadan gəlmiş qonaqları salamlayıram. Sizin buraya gəlməyinizə şadam və mən bilən, siz artıq müəyyən iş görmüsünüz.

Bizə çox xoşdur ki, son illər - Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətləri yaranmışdır və səmərəli əməkdaşlıq müvəffəqiyyətlə inkişaf edir. Biz Yaponiyanın Azərbaycana marağını alqışlayırıq və bu marağın konkret işlərdə, konkret əməkdaşlıqda təcəssümünü tapması üçün bütün tədbirləri görürük.

Мən Yaponiyaya öz rəsmi səfərimi, imperatorla, Baş nazir cənab Haşimoto, xarici işlər naziri cənab Obuçi, bir çox digər nazirlərlə və onlarla birlikdə Yaponiyanın bir çox iri şirkətləri ilə çoxsaylı görüşlərimi böyük səmimiyyətlə xatırlayıram. О vaxt biz çox mühüm dövlətlərarası sənədlər imzaladıq və fərəhlə demək istəyirəm ki, bundan sonra ölkələrimiz arasında əməkdaşlıq genişlənməyə və sürətlənməyə başladı.

Мən bunu yüksək qiymətləndirirəm ki, Yaponiya hökuməti Bakıda, Azərbaycanda "Şimal" DRES-nin tikintisinə böyük həcmdə güzəştli kredit ayırmışdır, bizim "Azərikimya" Dövlət Şirkəti "Niçimen" şirkəti ilə polietilen istehsalı üzrə birgə iş haqqında razılığa gələ bilmişdir, artıq bir sıra yapon şirkətləri - "İtoçu" və bir sıra başqaları Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarına aid layihələrdə bizimlə fəal əməkdaşlıq edirlər.

Bu yaxınlarda biz Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının işlənilməsinə dair "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümünü qeyd etdik. Bu müqavilə xarici ölkələrin bir sıra şirkətləri ilə imzalanmışdır, onların sırasına Yaponiyanın "İtoçu" şirkəti də daxildir. Həmin hadisə ilə əlaqədar mən Yaponiyanın Baş naziri cənab Obuçinin təbrik məktubunu aldım. Məktubda Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək və genişləndirmək iradəsi və istəyi ifadə olunmuşdur. Мən təbrik məktubunun özünü də, Baş nazir cənab Obuçinin öz məktubunda bildirdiyi fikirləri də yüksək qiymətləndirirəm.

Ümidvaram ki, böyük tərkibdə olan nümayəndə heyətiniz həyatımızın, xüsusən iqtisadiyyatın bəzi sahələri ilə tanış ola bilmişdir. Ümidvaram ki, sizin səfəriniz, bizim görüşümüz əməkdaşlığımızın daha da genişlənməsinə və dərinləşməsinə təkan verəcəkdir. Xahiş edirəm, buyurun.

Taro Nakayama  (Yaponiya Parlamenti NümayəndələrPalatasının üzvü, hakim Liberal-Demokrat Partiyasının Xarici Siyasət Məsələləri Komitəsinin sədri): Çox şadam ki, ölkənizə gəldikdən sonra mən yəqin edə bildim ki, ölkələrimiz arasında əməkdaşlıq gözlədiyimdən də yaxşı gedir. Bizim nümayəndə heyəti Yaponiya parlamentinin üzvlərindən və hökumət orqanlarının, dövlət müəssisələrinin, habelə Özəl sektorun müəssisələrinin nümayəndələrindən ibarətdir. Hesab edirəm ki, 1998-ci ilin fevralında Yaponiyaya Sizin rəsmi səfəriniz ikitərəfli əməkdaşlığımızın əsası olmuşdur. Əminəm ki, Sizin səfəriniz sayəsində ikitərəfli əməkdaşlığımız sürətlənəcəkdir.

Bilirəm ki, oktyabrın 12-də Tokioda Azərbaycan-Yaponiyа birgə iqtisadi komissiyasının iclası başlanacaqdır, Azərbaycan nümayəndə heyətinə cənab Şərifov başçılıq edir. Umidvaram ki, qarşıdakı iclas sayəsində böyük və səmərəli nəticələr əldə olunacaqdır. Bununla əlaqədar çox şadam ki, qarşıdakı iclas zamanı ikitərəfli əməkdaşlığın yeni layihələri barədə məktub mübadiləsi ediləcəkdir.

Nümayəndə heyətimiz Tokiodan yola düşməzdən əvvəl cənab Baş nazir Obuçi zati-aliləri cənab prezident Heydər Əliyevə ünvanlanmış öz məktubunu bizə təqdim etdi.

Heydər Əliyev:  Sağ olun. Mən məktubla tanış olacağam. Baş nazir cənab Obuçinin Azərbaycana, münasibətlərimizin inkişafına belə diqqət yetirdiyinə görə, mənə məktub göndərdiyinə görə təşəkkür edirəm. Zənnimcə, bu onun təsdiqidir ki, münasibətlərimiz yüksək sürətlə inkişaf edir.

Taro Nakayama: Dövlətiniz müstəqillik elan etdiyi vaxtdan bəri Yaponiya tərəfı demokratiyaya, islahatlara, bazar iqtisadiyyatı yaradılmasına doğru irəliləyişdə ölkənizin mövqeyini daim dəstəkləmişdir. Təkrar etmək istərdim ki, Yaponiya tərəfi bu sahədə əməkdaşlığı indiyədək həyata keçirmiş və bu sahədə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindədir. Yaponiya Qafqaz bölgəsinin ölkələri arasında Sizin dövlətinizə ən böyük əhəmiyyət verir. Buna belə bir fakt sübutdur ki, gələn ilin yanvarında Yaponiya hökuməti Azərbaycanda, Bakıda öz nümayəndəliyini-səfirliyini açacaqdır. Beynəlxalq vəziyyətin dəyişdiyi şəraitdə Sizin ölkəniz Avropa ilə Asiya arasında mühüm məntəqə olaraq qalır. Bilirəm ki, cənab prezident İpək yolu regionunun dirçəldilməsi üçün böyük səylər göstərir. Bununla əlaqədar Sizə məlumat vermək istərdim ki, Yaponiya xarici siyasətinin əsas istiqamətlərindən biri İpək yolu ölkələrini dəstəkləməkdən ibarətdir.

Heydər Əliyev: Sağ olun. Yaponiyanın Baş naziri cənab Obuçinin mənə verilmiş məktubuna görə sizə bir daha təşəkkür edirəm. Yaponiyanın Azərbaycana diqqət yetirdiyinə görə, Yaponiyaya səfərimlə əlaqədar söylədiyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm.

Qeyd etmək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra dünyanın bir çox ölkələri ilə münasibətlər yaratmağa çalışmışdır və biz bunu həyata keçirə bildik. Bu baxımdan digər ölkələrlə müqayisədə Yaponiya ilə münasibətlərimiz geri qalırdı. Yəni, münasibətlərimiz bir çox Avropa ölkələri ilə, Birləşmiş Ştatlarla, Şərq ölkələri ilə müqayisədə xeyli sonra yaradılmağa başlandı. Lakin ölkələrimiz arasında münasibətlər yaradıldıqdan sonra bu münasibətlərin inkişaf sürəti bir çox hallarda başqa ölkələrlə münasibətlərimizin inkişaf sürətini üstələyir. Bu, bizi sevindirir. Biz münasibətlərimizin sürətini həqiqətən artırmaq üçün tədbirlər görürük və konkret praktiki nəticələrə bacardıqca tez nail olmaq üçün hər şey edəcəyik.

Yaponiyaya səfərim zamanı mən Yaponiya hökumətindən xahiş etdim ki, Azərbaycanda öz səfirliyini açsın. Mənə söz verdilər. Buna görə də sizin bu məlumatınıza şadam ki, 2000-ci ilin əvvəllərindən Yaponiya hökumətinin Bakıda səfirliyi fəaliyyətə başlayacaqdır.

Yaponiyanın digər Qafqaz ölkələri ilə müqayisədə Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyi barədə söylədiyiniz sözləri eşitmək mənə xoşdur. Yeri gəlmişkən, bunu biz də çox qiymətləndirir, hesab edirik ki, son illər Yaponiya ilə Azərbaycan arasında yaranmış münasibətlər ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir.

Biz demokratikləşdirməni həyata keçirərək, bazar iqtisadiyyatını, sərbəst iqtisadiyyatı bərqərar və inkişaf etdirərək, Azərbaycana xarici sərmayələr cəlb olunması siyasəti apararaq ölkəmizin iqtisadi, sosial inkişafına çalışırıq. Bunlar xarici siyasətimizin əsas prinsipləridir. Qeyd etmək xoşdur ki, burada konsepsiyalarımız, mövqelərimiz, prinsiplərimiz tamamilə uyğun gəlir. Artıq Azərbaycanda Yaponiyanın xeyli kapitalı var, yaxın vaxtlarda bu kapital daha çox olacaqdır. Yaponiya hökumətinin bizə verdiyi güzəştli kredit, - bu isə üst-üstə 320 milyon dollardan artıqdır, - ciddi bir addımdır.

Zənnimcə, əməkdaşlarımız sizə söylədilər ki, bizdə neft, energetika sektorları ilə yanaşı, bir çox digər sektorlar, о cümlədən kənd təsərrüfatı, toxuculuq, emal sənayesi də var və biz burada Yaponiya ilə çox fəal əməkdaşlıq edə bilərik.

Düşünürəm ki, siz bu sektorlara da diqqət yetirəcəksiniz. İqtisadi əməkdaşlıq üzrə Yaponiya-Azərbaycan birgə komissiyasının yaradılması mühüm hadisədir. Komissiyanın Azərbaycan tərəfindən üzvləri, Baş nazirin müavini Şərifov başda olmaqla, sabah Yaponiyaya yola düşürlər. Hesab edirəm ki, orada komissiyanın iclasında məsələlərin daha geniş dairəsi, Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın daha geniş sahəsi müzakirə olunacaqdır. Əməkdaşlığımızın böyük perspektivi olduğuna inanıram. Şübhə yoxdur ki, əməkdaşlığımız qarşılıqlı surətdə faydalı olacaqdır. inanıram ki, biz çox şey edə bilərik.

Taro Nakayama: Bir çox sahələrdə ikitərəfli əməkdaşlığımızın perspektivi barədə ətraflı danışdığınıza görə Sizə təşəkkür edirəm. Mən təkcə neft sahəsində deyil, bütün sahələrdə Yaponiya-Azərbaycan əməkdaşlığının irəliləməsi və inkişafı üçün var qüvvə ilə səy göstərmək niyyətindəyəm. Zati-alilərinizə məlumat vermək istərdim ki, hazırda Yaponiya hökuməti "Cetro" xətti ilə Tokioda Qafqaz bölgəsinin yarmarkalarını keçirməyin mümkünlüyünü öyrənir. Beləliklə, Yaponiya hökuməti ikitərəfli əməkdaşlığımızın inkişafı üçün səylər göstərir.

Sözümün sonunda zati-alilərinə öz xahişimi bildirmək istərdim. Bakıda səfirliyimiz açıldıqdan sonra biz XXI əsrə istiqamət götürərək ölkələrimiz arasında gənclər mübadiləsini irəlilətmək istərdik. Bu baxımdan biz Sizin etibarlı dəstəyinizə zəmanət almağı çox istərdik.

Heуdər Əliуev: Siz bu baxımdan tam dəstək ala bilərsiniz. Burada fikirlərimiz tamamilə uyğun gəlir.

Taro Nakayama: Mənim yanımda oturan Yaponiya parlamentinin üzvüdür, Yaponiya Liberal-Demokrat Partiyasının Beynəlxalq İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Komitəsinin sədridir və beynəlxalq əməkdaşlığa, məsələn, mütəxəssislər, gənclər mübadiləsinə və başqa sahələrə bilavasitə cavabdehdir. Bildirirəm ki, mən bu istiqamətdə əməkdaşlığı onunla irəlilətmək niyyətindəyəm.

Heydər Əliyev: Sizə təşəkkür edirəm.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya