Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gəncə şəhərinə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibə - 12 sentyabr 2002-ci il


Heydər Əliyev: Mənim Gəncəyə getməyim haqqında məlumatınız var. Əlavə məlumata ehtiyac yoxdur. Mən Gəncədə 2000-ci ildə olmuşam. İndi oraya səfər edirəm ki, şəhərin sosial-iqtisadi vəziyyəti ilə tanış olam, lazımı tədbirlər haqqında, ola bilər, müəyyən qərarlar qəbul edəm. Hər halda, gedirəm ki, Gəncənin rəhbərliyi ilə, şəhərin nümayəndələri ilə görüşüm, həm Gəncədəki işlər haqqında təsəvvürüm olsun, həm də ki, lazımı tədbirlər haqqında göstərişlər verim. İkinci, Gəncədə böyük Olimpiya İdman Kompleksi tikilibdir. Onun açılışında iştirak edəcəyəm. Sonra orada hərbi hissəmiz var, gedib oradakı işlərlə tanış olacağam. Ondan sonra Goranboy rayonuna gedəcəyəm. Rayonun sosial-iqtisadi vəziyyəti ilə tanış olacağam. Sonra da Goranboy rayonunda, Ağcakənd ərazisindəki qəsəbə ilə – 1988-ci ildə Ermənistandan zorla çıxarılmış, indiyə qədər daimi məskunlaşmamış vətəndaşlarımız var, bilirsiniz ki, onların məskunlaşdırılması üçün Neft Fondundan ilk vəsait ayrılıb, orada qəsəbə salınıb, bir hissəsində yaşayırlar, bir hissəsi tikilməkdədir – tanış olmaq istəyirəm. Ermənistandan qaçqın düşmüş soydaşlarımızla görüşmək istəyirəm. Mənim əsas məqsədim bunlardan ibarətdir. Sözünüz var, yoxsa yox?

Sual: Cənab Prezident, Bakı–Tbilisi–Ceyhan əsas boru kəmərinin tikintisi ilə bağlı mətbuatda xeyli yazılar dərc olunub, İlham Əliyev buna münasibətini bildiribdir. Erməninin təsisçisi olduğu Yunanıstan şirkətinin bu tikintidə iştirakına Sizin münasibətiniz necədir?

Heydər Əliyev: Bilirsiniz nə var, o barədə bu gün ABƏŞ-in prezidenti Devid Vudvord mətbuat konfransı keçirəcəkdir. Siz maraqlanırsınızsa, mətbuat konfransında iştirak edə bilərsiniz. Mən onu çağırmışdım, orada o, hər seyi izah edər.

Sual: Cənab Prezident, Ermənistan Prezidenti Robert Köçəryanla Kişinyovdan əvvəl görüşəcəyiniz barədə məlumatlar var...

Heydər Əliyev: Vallah, nə deyim, bizim xüsusən bir iki dənə radikal müxalifətçi qəzet var, onlar o qədər yalan şeylər uydururlar. Yaxşı, nə olub, mən Köçəryanla gündə görüşəcəyəm? Avqustun 14-də görüşmüşəm, oktyabrın 7-də Kişinyovda görüşəcəyəm. Nə var ki, bunda? Bilirsiniz, artıq mən bunları eşidəndə rahat reaksiya verə bilmirəm. Bu qədər də vicdansızlıq, bu qədər də siyasi əxlaqsızlıq olarmı? Tamam siyasi əxlaqsızlıqdır! O qəzetlərdə gündə nə qədər uydurmalar olar? Bu uydurmalar olmasa, həmin qəzetlər yaşaya bilməz axı, qəzet də yaşamasa... Qəzetə pul verirlər, onlar pul qazanırlar, ona görə də gündə hərəsi bir şey uydurur.

Sual: Cənab Prezident, İranın nümayəndəsi Mehdi Səfəri Xəzərlə baglı danışıqlar aparmaq üçün Bakıdadır. Bu məsələ ilə əlaqədar Azərbaycanın mövqeyində bir dəyişiklik varmı? Deyirlər ki, İran prezidentinin ölkəmizə səfəri təxirə salınıb, bu da həmin məsələ ilə əlaqədardır.

Heydər Əliyev: Elə şey yoxdur, təxirə salınmayıbdır. Məndə belə bir məlumat yoxdur. İranla danışıqlar gedir və davam edəcəkdir, növbəti danışıq burada olubdur. Sonra 5 dövlətin nümayəndələri noyabr ayında burada toplaşacaqlar.

Sual: İyulun 13-də enerji sistemindəki qəza ilə bağlı komissiyanın sədri Abid Şərifov bildirib ki, məlumatı Sizə vermişdir. O açıqlamadı ki, qəzanın səbəbi nədir?

Heydər Əliyev: Mənim bundan o qədər də məlumatım yoxdur. Sag olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR