Xalq artisti Əminə xanım Dilbaziyə - Bakı şəhəri, 25 dekabr 1999-cu il


Hörmətli Əminə xanım!

Sizi - Azərbaycan xoreoqrafiya məktəbinin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz milli rəqs sənətimizin inkişafında, təbliğində və dünya şöhrəti qazanmasında əvəzsiz xidmətlər göstərməklə xalqın rəğbət və məhəbbətini qazanmış böyük sənətkarlardansınız. Çoxşaxəli istedadınız həm lirik, həm də qəhrəmanlıq rəqslərini daim böyük ustalıqla ifa etməyinizə imkan vermişdir.

Azərbaycan xalq rəqsini qoruyub saxlamaqla yanaşı, yüksək ifaçılıq məharəti ilə yeni həyat verdiyiniz sənət inciləri milli incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur.

Siz ölkəmizdə təkcə gözəl ifaçı deyil, həm də bir çox rəqslərin quruluşçusu kimi yaxşı tanınırsınız. Xalq rəqslərimizin sizin quruluşunuzda ifası Azərbaycan xalqına xas olan həyat eşqi, əməksevərlik və coşğunluqla səciyyələnir. Bunu yaratdığınız və rəhbərlik etdiyiniz rəqs kollektivlərinin, xüsusilə «Çinar» qızlar ansamblının fəaliyyətində görmək olar. Bununla yanaşı, müxtəlif kütləvi tədbirlərdə xalq rəqslərinə verdiyiniz quruluşlar da diqqətə layiqdir. Şərəflə keçdiyiniz mənalı həyat yolu sənət adamlarının hələ neçə-neçə nəsli üçün gözəl bir örnək, böyük bir məktəb hesab olunur. Zəngin təcrübəyə, mahir pedaqoq qabiliyyətinə malik böyük rəqs ustadı kimi siz xalq rəqslərimizin incəliklərini gənc nəslə öyrətməklə milli xoreoqrafiyamızın inkişafı üçün bu gün də əlinizdən gələni əsirgəmirsiniz. Əminəm ki, qaynar yaradıcılıq həyatı yaşamış yorulmaz sənət fədaisi kimi milli rəqslərimizin gənc ifaçılarının yetişdirilməsi üçün bundan sonra da var qüvvənizi sərf edəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT