AzərbaycanRespublikasının Pprezidenti Heydər Əliyevin Şahbuz rayonunun Biçənək kənd sakinləri ilə görüşündən - 11 avqust 2002-ci il


Şahbuz rayonunun ucqar dağ kəndi olan Biçənəkdə dövlətimizin başçısını böyük mehribanlıqla qarşıladılar. Təqaüdçü Bəbir Məmmədov prezident Heydər Əliyevi səmimiyyətlə salamladı, ona həsr etdiyi şeirini söylədi:

Mən bir dua edim,

söyləyin amin,

Heydərə kömək ol,

Rabbilaləmin!

Məhəmməd Peyğəmbər

Heydərə zamin,

Heydərə kömək ol,

Rabbilaləmin!

Yetmiş doqquz il öncə

yaratdın onu,

Əyninə geydirdin siyasət

donu,

Dünyada Heydər tək

rəhbər hanı,

Heydərə kömək ol,

Rəbbülaləmin!

Vətənin laləsi, çiçəyi, gülü,

şünən beyni, danışan dili,

Quran, yaradandır,

zərgərdir əli,

Heydərə kömək ol,

Rabbilaləmin!

Heydər baba,

ildönümün mübarək,

Ey Xudaya, Xudavəndi

təbarək,

O gün olsun, yüz

illiyin keçirək,

Heydərə kömək ol,

Rabbilaləmin!

Bəbir də dərk edir

az-çox həyatı,

Xudam xəlq etdiyi bu

kainatı,

Həm yeri, həm göyü,

həm yeddi qatı,

Heydərə kömək ol, Rabbilaləmin!

Kənd sakini Alidə Haciyeva dövlətimizin başçısına müraciətlə dedi: Hörmətli Prezidentimiz, Biçənək kəndinin qadınları, anaları adından Sizi ürəkdən salamlayır, xoş gəldiniz deyirəm. Siz bizim gözəl, füsunkar Batabatın ətəyində yerləşən bu balaca kəndə xoş gəlibsiniz. Hamımız bilirik ki, sərhədlərdə atəşin kəsilməsi, qanların tökülməməsi, anaların, bacıların qəlbinə qan yaxılmaması, balaların şad, xürrəm gəzməsi anaların ən böyük sevinci, fərəhidir. Səmamızın aydınlığı hörmətli prezidentimizin uğurlu siyasəti, gözəl işləri nəticəsində olmuşdur. Sağ olun, Sizə bütün analar adından bir daha təşəkkür edirəm. Allah canınızı sağ eləsin, Sizə uzun ömür arzulayıram. Bizi həmişə qəlbinizdə saxlayın, bizi sevindirin. Siz gələndə ruhumuz təzələnir.

Heydər Əliyev: Həmişə qəlbimdə olacaqsınız. Əziz biçənəklilər, bacılar, qardaşlar, uşaqlar, gənclər! Mən sizin hamınızı salamlayıram. Bu gün, həqiqətən, təbiətin füsunkar guşəsi olan Biçənək kəndində olmağımdan, bütün bu dağı-daşı, yenilməz qayaları görməyimdən həddindən artıq sevinirəm. Siz qəhrəman insanlarsınız ki, burada, bu dağların başında yaşayırsınız. Sizin ətrafınız qayalardır, daşlardır. Bilirəm, burada təbii fəlakətlər olur. İndi biz avtomobillə gələndə Vasif Talıbov mənə danışırdı ki, sel gələndə oraları necə dağıtmışdı, nə qədər böyük daşlar gətirmişdi, körpünü dağıtmışdı. Təbii fəlakətdir. Belə şeylər siz yaşadığınız yerlərdə daha çox olur, nəinki şəhərlərdə, yaxud aran yerlərində olan kəndlərdə. Amma sizin xüsusiyyətiniz odur ki, dağ adamısınız. Dağ adamı həmişə öz sağlamlığı ilə fərqlənir. Həm fiziki sağlamlığı, həm də zehni sağlamlığı ilə, yüksək mənəviyyatı ilə fərqlənir. Dağ adamı zəhmətkeşliyi ilə fərqlənir.

Bilirəm, bu dağların arasında, qayaların arasında yaşamaq və yaşamaq üçün şərait yaratmaq asan məsələ deyildir. Amma siz fədakar insanlarsınız, eyni zamanda, qəhrəman insanlarsınız ki, burada yaşayırsınız. Buranın xüsusiyyəti odur ki, gözəl iqlimi var, gözəl havası, yamacları, çəmənləri, qayaları var. Bəzi qayalara baxanda elə bil dünyanı görürsən. Amma çətinlik də odur ki, burada yaşayış şəraiti başqa yerlərə nisbətən çətindir. Yəni o tərəfi də var, bu tərəfi də var. Ancaq sizin taleyiniz bura ilə bağlıdır. Ata-babalarınız burada yaşayıblar, özünüz də burada yaşayırsınız.

Amma görün burada, dağın başında, bu qayaların içində nə qədər gözəl uşaqlarınız var. Baxıram, hər biri gedib gözəllik müsabiqəsindən keçsə, ən yüksək qiymət alacaqdır. Həm qızlar, həm də oğlanlar nə qədər gözəldirlər. Çünki təbiətlə yaşayırlar. Təbiətlə yaşayan insanlar, yenə də deyirəm, həm güclü olur, həm ağıllı olur, həm də gözəl-göyçək olur. Bax, sizi görürəm, sevinirəm. Amma yuxarı baxıram, uşaqları görürəm. Allah, nə qədər sevinirəm. Bunlar bizim gələcəyimizdir, Azərbaycanın gələcəyidir. Nə gözəl gələcəyimiz var!

Bunlar böyüyəcəklər, oxuyacaqlar, təhsil alacaqlar və müstəqil Azərbaycanı irəliyə aparacaqlar. Siz sərhədə yaxın yaşayırsınız. Arxayın ola bilərsiniz ki, sizin təhlükəsizliyiniz təmin olunubdur. Xatirimdədir, mən burada işləyəndə ermənilər iki adam öldürmüşdülər. Mən onda buraya, ölənlərin yasına gəlmişdim. O ailə ilə görüşdüm. Belə şeylər olmuşdu. Amma indi belə şeylər ola bilməz. Biz sərhədlərimizi etibarlı qoruyuruq. Bizim güclü ordumuz var, bundan arxayın ola bilərsiniz. Arxayın ola bilərsiniz ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır, yaşayacaq və inkişaf edəcəkdir. Bizim böyük işlərimiz, böyük proqramlarımız var. Onları həyata keçiririk və keçirəcəyik. Mən doqquz ildir bu işlərlə məşğulam və bu gün də çalışıram, sabah da çalışacağam, hələ bundan sonra bir çox illər də çalışacağam. Buna əmin ola bilərsiniz. Avqustun 24-də referendum olacaqdır. Bilirsiniz, məlumatınız var. Referenduma çıxarılan məsələləri sizə izah ediblər, düzəlişlərlə tanış olmusunuz, bilirsiniz. Bunlarla razısınız? Referendum günü seçki məntəqələrinə gələcəksiniz? Mən sizi dəvət edirəm.

Yerdən səslər: Cənab Prezident, hamısını yaxşı bilirik və tamamilə razıyıq.

Heydər Əliyev: Güman edirəm ki, mənim təqdim etdiyim düzəlişlərə səs verəcəksiniz.

Yerdən səslər: Hamımız yekdilliklə səs verəcəyik.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Kənd sakini  Şiralı Bayramov onlarla görüşə gəldiyinə görə prezident Heydər Əliyevə minnətdarlığını bildirərək dedi: Cənab Prezident, nə qədər ki, Sizin kölgəniz bizim başımızın üstündədir, özümüzü xoşbəxt hesab edirik. Dediyiniz kimi, bura dağlıq yerdir. Görün Siz nə qədər alicənabsınız ki, belə bir yerə 60-70 kilometrlik yol çəkdirmisiniz. Sizin sayənizdə yerli rəhbərlik bu yolu çəkibdir. Biz xoşbəxt olmuşuq, bir saat ərzində Naxçıvana gedib-gəlirik. Batabat yolları da həmçinin. Bunların hamısı Sizin sayənizdə olmuşdur. Hörmətli Prezident, Sizə təşəkkür edirik ki, Vasif Talıbov kimi kadr qoyub getmisiniz. Sizin davamçınız var. Allah Sizə dəyməsin.

Zakir Salmanov (kənd sakini): Cənab Prezident, referendumla bağlı məntəqələr yaradılıbdır. Bütün planlar hazırlanıb, işlər qaydasında gedir. İnşallah, avqustun 24-də bütün kənd camaatı yüksək əhval-ruhiyyə ilə referendumda iştirak edəcək, Konstitusiyamızda lazım olan dəyişikliklərin aparılmasının lehinə səs verəcəkdir. Camaatımız Sizin siyasətinizi həmişə dəstəkləyir. Torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün apardığınız siyasətin bəhrəsini görəcəyik. Əgər lazım olarsa, Ali Baş Komandanın əmri ilə biz özümüz də Vətən yolunda canımızı, qanımızı verməyə hazırıq. Sağ olun. Sizə uzun ömür, işlərinizdə uğurlar arzulayıram.

* * *

Daha sonra dövlətimizin başçısı məşhur Batabat yaylağında oldu, qədim diyarın uca dağları qoynunda Azərbaycan təbiətinin nadir guşələrindən birinin füsunkar gözəlliyini heyranlıqla seyr etdi, dillər əzbəri olan Zor bulağının suyundan içdi.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış