Neftçi-geoloq Xoşbəxt Yusifzadəyə Azərbaycan Prezidenti Heydər Əliyevin təbrik məktubu - 13 yanvar 2000-ci il


Hörmətli Xoşbəxt Yusifzadə!

Sizi - Azərbaycanın neft və qaz sənayesinin inkişafında böyük xidmətləri olan tanınmış alim və geoloqu 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz ölkəmizdə zəngin neft yataqlarının kəşf edilməsi və işlənməsinə böyük əmək sərf etmiş görkəmli mütəxəssis kimi tanınırsınız. Xəzər dənizində geniş miqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla yerinə yetirilməsində sizin xidmətləriniz xüsusilə böyükdür. "Bahar", "Günəşli", "Azəri", "Çıraq", "Kəpəz" və başqa neft-qaz kondensat yataqlarının kəşfi bilavasitə rəhbərliyiniz və iştirakınızla həyata keçirilmişdir.

Respublikanın neft və qaz sənayesinin aktual problemlərinin həllinə yönəldilmiş elmi yaradıcılığınız Azərbaycan dəniz neft və qaz kondensat yataqlarının işlənmə layihələrinin həyata keçirilməsi, Xəzər dənizinin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsi üçün elmi metodların tətbiq edilməsində mühüm rol oynamışdır. Neft laylarının açılmasının təkmilləşdirilməsi, neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi üsulları üzrə ixtiralarınız böyük səmərə gətirmiş, fəaliyyətinizdə elmlə istehsalatın sıx bağlılığını əyani nümayiş etdirmişdir. Karbohidrogen ehtiyatlarının hesablanması ilə bağlı proqnozlarınız həmişə təsdiq olunaraq öz dəqiqliyi və mötəbərliyi ilə neft alimləri və mütəxəssisləri arasında nüfuzunuzu daha da artırmışdır.

Görkəmli neftçi alim və peşəkar mütəxəssis kimi topladığınız böyük təcrübə Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində göstərdiyiniz səylər nəticəsində daha da zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikasının yeni neft strategiyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşdirilməsində siz böyük əzmkarlıq göstərirsiniz.

Neft sənayesinin inkişafında dövlət mükafatlarına, müxtəlif orden medallara layiq görülmüş fəaliyyətiniz neftçilərin gənc nəsilləri üçün əsl həyat məktəbidir. Əminəm ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın rifahının yaxşılaşdırılması naminə neft sərvətlərimizin səmərəli işlənməsi və istehsalı uğrunda bundan sonra da var qüvvənizi sərf edəcək və respublikanın neft sənayesi sahələrində yeni nailiyyətlər qazanacaqsınız.

Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.