Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen ilə Əyləncə Mərkəzi ilə tanış olduqdan sonra nitqi - 24 iyun 2000-ci il


Zati-aliləri, Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri, hörmətli cənab Li Pen!

Hörmətli xanım Li Pen! Çin Xalq Respublikası nümayəndə heyətinin hörmətli üzvləri!

Mən sizi Azərbaycanda səmimi salamlayıram Cənab Li Pen biz də şadıq, Azərbaycanda şaddır ki, siz respublikamıza rəsmi səfərə gəldiniz.

Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsi sədrinin və Çin Xalq Respublikası nümayəndə həyətinin Azərbaycana səfəri tarixi əhəmiyyətli hadisədir. Çin dünyanın böyük ölkəsidir. Çin çox qədim mədəniyyətə, zəngin tarixə malik ölkədir. Çin xalqı dünya sivilizasiyasına misilsiz dəyərlər vermişdir. İkinci dünya müharibəsi dövründə və İkinci Dünya müharibəsindən sonra Çin xalqının mübarizəsi böyük qələbəyə gətirib çıxarmış və 1949-cu ildə Çin Xalq Respublikası yaranmışdı. Çin xalqı öz torpağının sahibi, öz taleyinin sahibi, öz iradəsinin sahibi olmuşdur. Tarixin qısa bir dövrü ərzində - 50 ildə Çin xalqı öz inkişafında böyük yol keçmişdir. Çinin tarixi keçmişi və Çin Xalq Respublikası dövründə qazanılmış uğurlar Çini dünyada aparıcı, qabaqcıl ölkələr sırasına çıxarmışdır. Təkcə ona görə yox ki, Çində bir milyarddan artıq əhali var, təkcə ona görə yox ki, Çin ərazisinə görə dünyanın ən böyük ölkələrindən biridir. Həm də ona görə ki, Çin xalqı tərəqqi yolu ilə, inkişaf yolu ilə gedir və sosial-iqtisadi inkişafda böyük uğurlara nail olmuşdur. İkinci dünya müharibəsindən sonra dünyanın xəritəsi əhəmiyyətli dərəcədə dəyişmiş, müstəmləkə sistemi dağılmış, bir çox müstəqil dövlətlər meydana gəlmişdir və bu dövlətlər inkişafın müxtəlif yolları ilə gedirlər. Çin xalqı, Çin Xalq Respublikası öz inkişaf yolunu , onun milli mənafelərinə, ənənələrinə və ölkənin bütün vətəndaşlarının arzusuna uyğun olan yolu seçmişdir. Biz Çin xalqının bütün uğurlarına sevinir və hesab edirik ki, Çin özünün seçdiyi yolla, öz inkişafının Çin yolu ilə gedərək daha çox və daha böyük uğurlar qazanacaqdır.

Çin beynəlxalq siyasətdə və dünya həyatında mühüm yer tutur. Çin Xalq Respublikası Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür və bir çox beynəlxalq və regional təşkilatlarda fəal iştirak edir.

Ona görə də Azərbaycanla Çin arasında münasibətlərin bizim üçün son dərəcədə böyük əhəmiyyəti var. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra,- bu, təxminən 9 il əvvəl olmuşdur, - təbii ki, bu müstəqilliyin dünya ölkələri, dünya birliyi tərəfindən tanınmasının gözləyirdi. Çin Xalq Respublikası Azərbaycanın dövlət müstəqilliyini dünyanın ilk ölkələri sırasında tanıdı, Çin Xalq Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər quruldu. Bundan tezliklə sonra Çin Xalq Respublikasının Azərbaycanda səfirliyi göstərməyə başladı.

O vaxtdan sonra ötən illər ərzində Çin Xalq Respublikası ilə müstəqil Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanda biz Çin Xalq Respublikası ilə münasibətlərimizə son dərəcədə böyük əhəmiyyət veririk və bu münasibətlərin həyatın bütün sahələrində inkişaf etməsi, möhkəmlənməsi üçün bütün tədbirləri görürük və görəcəyik.

Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszeminin dəvəti ilə 1994-cü ildə Çin Xalq Respublikasında rəsmi səfərim zamanı bizim çox səmərəli söhbətlərimiz, danışıqlarımız oldu və nəticədə Çin Xalq Respublikası ilə Azərbaycan arasında mühüm sənədlər imzalandı və bunlar münasibətlərimizin müqavilə-hüquq əsasını müəyyənləşdirdi. Mən 1994-cü ildə etdiyim səfərimi, Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszeminlə görüşləri, söhbətləri, Dövlət Şurasının sədri, indi Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri cənab Li Penlə və Çinin digər rəhbərləri ilə görüşləri və söhbətləri dərin minnətdarlıq və böyük səmimiyyət hissləri ilə xatırlayıram. 1994-cü ildə bütün nümayəndə heyətimiz əyani şəkildə görüb inandı ki, Çin yüksək sürətlə inkişaf edir. Çində siyasi, iqtisadi islahatlar uğurla aparılır, Çin xalqının həyat səviyyəsi daim yüksəlir və bu, parlaq şəkildə sübut edir ki, hər bir xalqın öz inkişaf yolu olmalıdır. Bu baxımdan Çin layiqli nümunə göstərir.

Biz tarixdən bilirik və özümüz də şahid olmuşuq ki, Çin Xalq Respublikası yarandıqdan sonra Çin beynəlxalq aləmdə öz yerini tutmaq üçün olduqca çox çətinliklərlə üzləşmişdir.

Amma Çin xalqının, Çin Xalq Respublikası rəhbərliyini iradəsi uğurları təmin etdi və indi Çin bütün dünyada tanınmış ölkədir.

Azərbaycan da zəngin və qədim tarixə malikdir. Azərbaycan xalqının görkəmli şəxsiyyətləri dünya sivilizasiyasına misilsiz töhfə vermişlər. Amma bir çox yüzilliklər ərzində Azərbaycan xalqının müstəqilliyi, azadlığı olmamışdır. 1991-ci ilin axırlarında Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı azadlıq əldə etdi, Azərbaycan müstəqil ölkə, müstəqil dövlət oldu. Bəzən sual yaranır - necə oldu ki, Sovetlər İttifaqı kimi belə böyük dövlət, fövqəldövlət birdən hansısa qısa müddət ərzində süquta uğradı. Bu suala müxtəlif cür cavab vermək olar. Mən, hər halda, vaxtilə Sovetlər İttifaqının rəhbərliyində olmuş bir insan kimi hesab edirəm ki, bu sualın daha dəqiq cavabını bilirəm.

Sovetlər İttifaqı 1922-ci ildə təşkil edilmişdir və son onilliklərdə 15 müttəfiq respublikadan ibarət idi. Konstitusiyaya görə, 15 respublikanın hamısı bərabər hüquqlu idi, lakin real həyatda bu hüquq bərabərliyi yox idi . Sistemin özündə də, Sovet İttifaqının, xüsusən 80-ci illərdə - 90-cı illərin əvvəllərində sovet rəhbərliyinin əməli fəaliyyətində bir çox digər nöqsanlar vardı. Bu Sovet İttifaqının dağılmasının səbəblərindən biridir. Amma səbəblər təkcə bundan ibarət deyildi. Başlıcası budur ki, İkinci Dünya müharibəsindən sonra dünyada baş vermiş ictimai-siyasi proseslər - sosialist düşərgəsinin, sosialist sisteminin yaranmasına gətirib çıxardı və sonralar həmin ölkələr arasındakı müxtəlif ziddiyyətlər bu sistemi tədricən deformasiyaya uğratdı, Sovetlər İttifaqının özündə aparılan və Sovetlər İttifaqında birləşmiş bütün millət və xalqların mənafelərinə cavab verməyən siyasət Sovetlər İttifaqının parçalanmasına səbəb oldu.

Daimi milli azadlığa, müstəqilliyə can atan və öz dövlətçiliyinə nail olmağa çalışan Azərbaycan xalqı, təbii ki, Sovet İttifaqının dağılması ilə əlaqədar çox böyük imkanlar qazandı və öz dövlət müstəqilliyini elan etdi. Bu, Azərbaycan xalqının həyatında görkəmli tarixi hadisədir və dövlət müstəqilliyindən ötəri az illər ərzində xalqımız azadlığın qədir-qiymətini, müstəqilliyin qədir-qiymətini bilmişdir və Azərbaycan dövlət müstəqilliyi dönməz olmuşdur.

Mən artıq dedim ki, Sovet İttifaqının dağılmasının səbəblərindən biri müttəfiq respublikaların hüquqca bərabər vəziyyətdə olmaması və hökumətin, dövlətin, Sovet İttifaqı Kommunist Partiyasının bütün xalqlara, bütün respublikalara eyni münasibət göstərməməsi idi. Azərbaycan xalqı bu ədalətsizliyi öz həyatında hiss edirdi. 1988-ci ildə, Sovet İttifaqının hələ mövcud olduğu və onun üç ildən sonra süquta uğrayacağına çox az adamın inana biləcəyi dövrdə Ermənistanla Azərbaycan arasında münaqişə yarandı. Bu münaqişə Ermənistanın Azərbaycana qarşı qanunsuz ərazi iddiaları nəticəsində, Azərbaycan Dağlıq Qarabağ Muxtar vilayətini Ermənistanın özünə birləşdirməyə cəhd göstərməsi və bunlarla əlaqədar Azərbaycana qarşı əslində hərbi təcavüzü nəticəsində başlandı.

Sovetlər İttifaqının rəhbərliyi bu münaqişəni nizama salmaq iqtidarında olmalı, daha doğrusu, sadəcə olaraq, bunu istəmədi, bu münaqişədə birtərəfli mövqe, Azərbaycan barəsində ədalətsiz mövqe və bunlarla yanaşı, Ermənistan barəsində havadarlıq mövqeyi tutdu. Bu münaqişə indiyədək davam edir. Bu münaqişə nəticəsində, Ermənistana daha çox yardım göstərməyə başladıqlarına və bəzi subyektiv səbəblərə görə Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir. İşğal olunmuş torpaqlardan bir milyondan çox azərbaycanlı didərgin salınmış, 7-8 ildən çoxdur ki, Azərbaycanın müxtəlif bölgələrində və əksəriyyəti də çadırlarda yaşayır, böyük çətinliklər çəkirlər.

Beləliklə, beynəlxalq hüququn əsas tələbi - Azərbaycanın ərazi bütövlüyü və Birləşmiş Millətlər Təşkilatına daxil olan suveren Azərbaycanın sərhədlərinin toxunulmazlığı pozulmuşdur.

Altı il əvvəl biz bu problemin sülh yolu ilə nizama salınması üçün Ermənistanla atəşkəs haqqında sazişə nail olduq. Bu məsələ ilə əsasən ATƏT və onun yaratdığı Minsk qrupu məşğul olur. Minsk qrupuna Rusiya, Amerika, Birləşmiş Ştatlar və Fransa rəhbərlik edirlər. Bu illər ərzində intensiv danışıqlar, aparılmış çoxlu görüşlər olmuş, amma Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən biz məsələnin həllinə nail ola bilməmişik. Ermənistan silahlı birləşmələrinin 1992-93-cü illərdə, Azərbaycan ərazisinin işğal etməsi məsələsi Birləşmiş Təşkilatının Təhlükəsizlik Şurasında bir dəfə müzakirə olunmuşdur. Biz Çin Xalq Respublikasına minnətdarıq ki, hər dəfə bu məsələnin müzakirəsi zamanı BMT Təhlükəsizlik Şurasının üzvü kimi Çini nümayəndəsi Azərbaycanın ədalətli tələblərini dəstəkləmiş və Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisində qeyd - şərtsiz çıxarılması haqqında Təhlükəsizlik Şurası sədrinin bir neçə bəyanatı qəbul edilmişdir. Ancaq təəssüf ki, bu qətnamələr indiyədək yerinə yetirilməmiş qaldı.

Biz XX əsrin sonuna yaxınlaşırıq. XX əsr çox böyük hadisələrlə , həm faciəli hadisələrlə, həm də, təbii ki, elmi - texniki tərəqqi ilə bağlı və bəzi digər hadisələrlə zəngindi. Bütün ölkələr ədalətdən, beynəlxalq hüququn pozulmazlığından və beynəlxalq hüquq prinsiplərindən danışırlar. Amma bir sıra hallarda bu bəyanatlar əslində əməli işlərlə uyuşmur.

Respublika yarandıqdan sonra böyük uğurlar qazanan Çin Xalq Respublikası eyni zamanda özünün ərazi bütövlüyü məsələsinin həlli ilə də məşğul olur. Biz əminik ki, Çin Xalq Respublikası bu məsələni həll edəcəkdir. Çünki bunu beynəlxalq hüquq prinsipləri tələb edir. Bu prinsiplər isə hamı üçün müqəddəs olmalıdır.

Azərbaycanı ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizəsində daim dəstəklədiklərinə görə Çin Xalq Respublikasına, onun rəhbərliyinə minnətdarıq. Biz Çini vahid, bütöv bir dövlət kimi tanıyırıq. Dünyada iki Çin yoxdur. Şübhə etmirik ki, Tayvan məsələsi məhz beynəlxalq hüquq əsasında həll ediləcək və Çin öz ərazi bütövlüyünə tam nail olacaqdır.

Mən bir də ona görə təşəkkürümü bildirmək istəyirəm ki, bu yaxınlarda Çin Xalq Respublikası qondarma " Dağlıq Qarabağ Respublikası"nın üzdəniraq "parlamentinə" keçirilmiş "seçkilər" haqqında özünün Xarici İşlər Nazirliyinin simasında bəyanat vermişdir. Bu bəyanat Azərbaycanın ərazi bütövlüyü barəsində Çin Xalq Respublikasının siyasətinin dəyişməz olduğunu bir daha təsdiqləyir.

Cənab Li Pen, çox şadam ki, siz mənim dəvətimi və Azərbaycan parlamenti sədrinin dəvətini qəbul edərək gəlmisiniz və biz bir çox məsələləri sizinlə müzakirə etmək imkanı qazandıq, bütün məsələlər barəsində baxışlarımızın eyni olduğunu gördük. Mən şadam ki, burada olduğunuz qısa müddətdə siz müstəqil Azərbaycanı gördünüz, problemlərimizi, qaçqınlarımızı da gördünüz , amma onu da gördünüz ki, Azərbaycan müstəqillik şəraitində uğurla inkişaf edir. Biz hesab edirik ki, sizin səfəriniz və bütün nümayəndə həyətinizin Azərbaycanda olması, aparılmış çox faydalı söhbətlər və danışıqlar Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına , bütün sahələrdə əməkdaşlığımızın inkişafına mühüm töhfə olacaqdır.

"Azərbaycan" qəzeti, 25 iyun 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış