"Amerika Birləşmiş Ştatlarının dövlət katibi Kolin Pauellin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin bəyanatı (Ki Uest şəhəri, 3 aprel 2001-ci il)" sənədinə tarixi arayış


Minsk qrupu 1992-ci ildə Minsk şəhərində Dağlıq Qarabağ problemini tənzimləmək üçün ATƏT tərəfindən çağrırılmış konfrans zamanı yaradılmışdır. 1996-cı ildən ABŞ həmsədr ölkələrdən biridir. Qeyd etmək lazımdır ki, bu dövrdən sonra proses tezləşsə də münaqişə indiyə qədər həll olunmamış qalır. Rusiya, Fransa və ABŞ Mins qrupunun hazırki həmsədr ölkələridir.

2001-ci il 3 aprel tarxində ABŞ-ın Ki-Uest şəhərində ilk dəfə olaraq ABŞ-ın dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Ermənistan Respublikasının Prezidenti Robert Koçaryanın birgə görüşü olub.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu görüşün ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan prezidentlərinin birgə keçirdikləri ilk görüş olduğu üçün daha əlamətdar olduğunu vurğulayıb. Münaqişənin tarixi barəsində ətraflı məlumat verən Heydər Əliyev Azərbaycan torpaqlarının hələ də təcavüz altında olduğunu xatırladaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilmədiyini söyləyib. Minsk qrupunun münaqişənin tənzimləməsinə dair verdiyi üç təklifin hər birinin Azərbaycanın mənafeyinə zidd olsa da, təkliflərdən birinin Azərbaycan, digər ikisinin isə Ermənistan Respublikası tərəfindən qəbul olunmadığını qeyd edib. Azərbaycan tərəfindən qəbul olunmayan "ümumi dövlət" təklifinin beynəlxalq hüququn prinsip və normalarına zidd olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirdiyini bildirib. Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək səviyyəli muxtariyyət verilə biləcəyini deyib. Azərbaycanın hər bir zaman sülh tərəfdarı olduğunu və 1994-cü ilin may ayında əldə edilmiş atəşkəs rejiminə sadiq olduğunu bildirən Heydər Əliyev, Ermənistan ilə Azərbaycan arasında münaqişənin bütövlükdə Cənubi Qafqazda sabitliyi pozduğunu qeyd edib. Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun daha fəal səy göstərəcəyinə və Ermənistanın daha konstruktiv mövqe tutacağına ümid etdiyini vurğulayıb.

Ki-Uest görüşü danışıqlar prosesində yeni mərhələ kimi səciyyələndirilsə də, Ermənistan rəhbərliyinin növbəti dəfə qeyri-konstruktiv mövqe sərgiləməsi üzündən nəticəsiz qaldı.

2007-ci il noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan İspaniyanın paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. Bu zamandan etibarən Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri adlanır və ATƏT-in Minsk qrupu hal-hazırda danışıqları "Madrid prinsipləri" əsasında həyata keçirir. Azərbaycan və Ermənistan prezidentləri bu maddələrin müzakirəsinə dair görüşlər keçirirlər. 2008-ci ildə imzalanmış Moskva bəyannaməsinin 2-ci bəndində də həmsədrlərin Madrid prinsipləri nəzərə alınaraq gələcək vasitəçilik səylərini davam edəcəklərinə toxunulur.

Tarixi arayış 16 oktyabr 2009-cu ildə tərtib edilib.