Hindistan Respublikasının Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri Rasendra Madnukar Abhuankarın etimadnaməsinin təqdim olunması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Prezident sarayı 9 sentyabr 1996-cı il


Hindistan ilə Azərbaycanın əlaqələrinin böyük tarixi var. Biz keçmiş əsrlərdə olan bu əlaqələri və bugünkü əlaqələri yüksək qiymətləndiririk. Hindistan Asiya qitəsinin böyük ölkəsi, dünyanın ən böyük ölkələrindən biridir. Biz Hindistan ilə Azərbaycan arasında əlaqələrin bundan sonra da inkişafına xüsusi əhəmiyyət veririk. Hindistan və Azərbaycan xalqlarının keçmişində, adət-ənənələrində çox oxşarlıq, bənzərlik var. Bunlar hamısı keçmiş zamanlardan indiyə qədər xalqlarımızı bir-birinə daim yaxınlaşdırıbdır. Hazırda bir çox məsələlər barəsində, xüsusən beynəlxalq aləmdə baş verən hadisələr barəsində fikirlərimiz, mövqelərimiz üst-üstə düşür, biz eyni fikirləşirik, eyni mövqedən çıxış edirik.

Hindistan xüsusən dövlət müstəqilliyi əldə etdikdən və ölkələrimiz arasında əlaqələr genişləndikdən sonra onun mədəniyyəti, adət-ənənələri Azərbaycanda geniş təbliğ olunmuşdur və böyük hüsn-rəğbətlə qarşılanmışdır. Siz ölkəmizlə tanış olarkən hind mahnılarının Azərbaycanda nə qədər məşhur olduğunu hiss edəcək və görəcəksiniz ki, müğənnilərimizin, gənclərimizin çoxu bu mahnıları böyük həvəslə ifa edirlər. Ancaq Azərbaycanda Hindistana maraq təkcə mahnılarla bitmir. Hind xalqının dövlət müstəqilliyi uğrunda mübarizəsi və bu müstəqilliyin əldə olunması Azərbaycanda böyük hüsn-rəğbətlə qarşılanmışdır. Dövlət müstəqilliyi uğrunda mübarizədə hind xalqının böyük lideri Cəvahirləl Nehru və sonra Hindistana rəhbərlik edən şəxslər, xüsusən İndira Qandi, Raciv Qandi və başqaları Azərbaycanda hörmət və ehtiram hissi ilə yad edilirlər.

Şəxsən mən də vaxtilə Hindistanın belə görkəmli rəhbərləri ilə tanış olmuşam və görüşmüşəm. Ona görə də bu, bizim əlaqələrimizdə xüsusi bir səmimiyyət yaradıbdır. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən, müstəqil dövlət kimi dünyada öz yerini tutduqdan sonra ölkələrimiz arasında əlaqələr inkişaf edir. Öz tərəfimizdən biz bu əlaqələrin inkişaf etməsinin, sürətlənməsinin tərəfdarıyıq. Güman edirəm ki, Hindistanın Azərbaycanda səfiri kimi siz bu əlaqələrin inkişafı üçün səy göstərəcəksiniz. Azərbaycanda isə bu səyləriniz üçün bütün imkanlar, şərait yaradılacaqdır. Ümidvaram ki, Hindistan ilə Azərbaycan arasında əlaqələr bundan sonra gündən-günə genişlənəcək və biz bu əlaqələrin yeni nailiyyətlərinin şahidi olacağıq.

Sizi bir daha təbrik edir və ümidvar olduğumu bildirmək istəyirəm ki, Hindistan - Azərbaycan əlaqələrinin inkişafı üçün layiqli xidmətlərinizi göstərəcəksiniz.

"Azərbaycan" qəzeti, 10 sentyabr 1996-cı il.