Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 27 mart 1999-cu il


Hörmətli xanımlar və cənablar, dostlar!

Sizi Azərbaycan təhlükəsizlik orqanlarının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycanın təhlükəsizlik orqanları 80 il ərzində mürəkkəb, ziddiyyətli, eyni zamanda uğurlu yol keçmişdir. Azərbaycanın təhlükəsizlik orqanlarında 80 il ərzində bir neçə nəsil azərbaycanlılar, vətənpərvər insanlar xidmət etmişlər və respublikamızın təhlükəsizlik orqanlarının tarixinin yaranmasında iştirak etmişlər.

Təhlükəsizlik orqanlarının tarixi haqqında danışarkən təbiidir ki, bu orqanların Azərbaycana, bizim milli mədəniyyətimizə, tariximizə, elmimizə, milli kadrlarımıza vurduğu zərbəni və zərəri də nəzərə alıb qeyd etməliyik. Eyni zamanda, bu orqanlarda sədaqətlə xidmət etmiş soydaşlarımızı, azərbaycanlıları unutmuruq.

Xalq cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc müstəqil dövlətimizə xidmət etmişdir. Sonrakı 70 il ərzində Azərbaycanın təhlükəsizlik orqanları sovet hakimiyyətinə, kommunist ideologiyasına xidmət etmiş, Sovet İttifaqının təhlükəsizlik orqanlarının tərkib hissəsi olaraq onların siyasətini və əməli tədbirlərini həyata keçirməklə məşğul olmuşdur. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra respublikamızın dövlət orqanlarının müstəqil fəaliyyət göstərməsi prosesində Azərbaycanın təhlükəsizlik orqanları da öz yerini tapmışdır.

Bütün bu mərhələlərdə təhlükəsizlik orqanlarının fəaliyyətində xalqımız üçün amillər də olmuş, ancaq eyni zamanda, təhlükəsizlik orqanlarının xalqımıza xidmətləri də olmuşdur. Onu qeyd etmək lazımdır ki, sovet hakimiyyəti dövründə və xüsusən 1920-1930-cu illərdə təhlükəsizlik orqanları sovet hakimiyyətinin repressiya siyasətinin həyata keçirilməsində alət olmuş və Azərbaycan xalqına böyük zərbələr vurmuşdur. Azərbaycanın təhlükəsizlik orqanlarında 1953-cü ildən sonra, yəni Stalinin vəfatından sonra Sovetlər İttifaqında mövcud olan prosesdə eyni zamanda müsbət dəyişikliklər başlamışdı. Beləliklə, 1953-cü ildən sonrakı dövrdə Azərbaycanın təhlükəsizlik orqanları Sovet İttifaqının təhlükəsizlik orqanlarının tərkib hissəsi olaraq, eyni zamanda Azərbaycanda təhlükəsizlik orqanlarının respublikamızın milli mənafelərinə xidmət etməsinə müəyyən qədər nail olmuşdur.

Bu gün də onu qeyd etmək lazımdır ki, sovet hakimiyyətinin təhlükəsizlik orqanları müttəfiq respublikalarda və xüsusən müsəlman respublikalarında, türkdilli respublikalarda mərkəzin hakimiyyətini həyata keçirməkdə xüsusi səlahiyyətə malik idi. Azərbaycanda təhlükəsizlik orqanlarında milli kadrlar çox azlıq təşkil edirdi. Azərbaycanda repressiyaların aparılmasında, xalqımıza vurulmuş zərbələrdə məhz mərkəzə tabe olan və onun iradəsini həyata keçirən kadrlar fəallıq göstərirdilər.

Qeyd etdim ki, müsəlman respublikalarına mərkəzdən münasibət başqa respublikalara nisbətən çox fərqli idi. Ona görə də Azərbaycanın təhlükəsizlik orqanlarında milli kadrların yaranmasına imkan verilmirdi. Məhz 1950-ci illərdən, 1950-ci illərin ikinci yarısından başlayaraq bu imkan əldə edildi. Ancaq buna nail olmaq üçün təhlükəsizlik orqanlarında Azərbaycan xalqına zidd siyasətin həyata keçirilməsində fəallıq göstərənləri orqanlardan uzaqlaşdırmaq, kənarlaşdırmaq lazım idi.

Mənim xatirimdədir, 1953-cü ildə Stalin vəfat edəndən sonra təhlükəsizlik orqanlarında müəyyən struktur dəyişiklikləri əmələ gəldi. Mən o vaxt Azərbaycanın Dövlət Təhlükəsizliyi Nazirliyinin, sonra komitəsinin Əks-Kəşfiyyat İdarəsinin rəisi idim. O dövrü bu gün də xatırlayanda dəhşətə gəlirəm ki, biz kimlərlə işləyirdik. Yerli kadrlar çox az idi. Vaxtilə elələrini seçirdilər ki, onlar yüksək savada, biliyə, yaxud keyfiyyətə malik olmasınlar. Əsas rəhbər vəzifələrdə işləyənlər başqa millətlərə mənsub olan kadrlardan ibarət idi. Ancaq 1950-ci illərin ikinci yarısında, 1960-cı illərdə, sonra 1970-ci illərdə Azərbaycanın təhlükəsizlik təşkilatında ciddi dəyişikliklər həyata keçirmək mümkün oldu.

Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bu təşkilatın Azərbaycana vurduğu zərərə baxmayaraq, bizim əldə etdiyimiz ən böyük nailiyyət idi. Təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu.

Təsəvvür edin, Azərbaycanda o illərdə Təhlükəsizlik Nazirliyinin, təşkilatının başçısını yerli kadrlardan təyin etmək mümkün deyildi. Sadəcə olaraq, açıqca bəyan edirdilər ki, bu, mərkəzdən gəlməlidir, azərbaycanlı olmamalıdır. 1967-ci ildə ilk dəfə Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə azərbaycanlının təyin edilməsi, demək olar ki, bir tarixi hadisə oldu.

O illər biz çox iş gördük, təhlükəsizlik orqanlarında milli kadrların hazırlanmasına və irəli çəkilməsinə nail olduq. Ancaq təəssüflər olsun ki, 1985-ci ildən etibarən, yenə də Azərbaycanın Təhlükəsizlik Komitəsinə kənardan kadrların gətirilməsi prosesi başladı. Nəhayət, burada qeyd edildiyi kimi, 1988-ci ildə, Azərbaycanın ən ağır dövründə yenə də Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə mərkəzdən təyin olunmuş insan, Azərbaycanda heç vaxt işləməmiş, respublikamızın xüsusiyyətini bilməyən adam təyin olundu. Bu, qəsdən edilmişdi. Çünki lazım idi ki, Azərbaycanın təhlükəsizlik orqanlarında milli kadrların iradəsi sındırılsın və onlar yenə də mərkəzin iradəsinə tabe etdirilsin.

Onu da qeyd etmək istəyirəm ki, məsələn, Cənubi Qafqazın digər respublikalarında vəziyyət belə deyildi. Orada təhlükəsizlik orqanlarında həm yerli, mili kadrlar əksəriyyəti təşkil edirdi, həm də onların rəhbərləri, birinci şəxs həmişə öz yerli, milli kadrlarından idi.

Belə bir faktı xatırlayıram. Deyəsən, 1972, 1973, 1974-cü illərdə Ermənistanda Dövlət Təhlükəsizliyi Komitəsinin sədrini dəyişdirib oraya Moskvadan rus göndərdilər. Xatirimdədir, bir dəfə görüşümüzdə Andropov mənə danışırdı ki, belə bir qərar qəbul ediləndən sonra Mikoyan ona telefonla zəng etmiş və öz narazılığını, etirazını bildirmişdi. Bəyan etmişdi ki, Ermənistana təhlükəsizlik orqanının başçısı vəzifəsinə rus təyin etmək mümkün deyildi, siz bunu nə üçün etdiniz. O vaxt mən Andropova dedim ki, bəs Mikoyan düşünürmü ki, Azərbaycanda on illərlə bu vəzifəyə heç vaxt azərbaycanlı təyin olunmayıbdır, həmişə Moskvadan göndərilmiş, rus millətinə mənsub olan adam təyin edilibdir.

Beləliklə, görürsünüz, o vaxt Cənubi Qafqazın digər respublikalarına nisbətən Azərbaycana qarşı münasibət tamamilə başqa idi. Bunlar hamısı Azərbaycanı daim təzyiq altında saxlamaq, daim idarə etmək və Azərbaycanda milli dirçəlişin, milli oyanışın qarşısını almaq məqsədi daşıyırdı.

Təəssüflər olsun ki, təxminən 1985-1986-cı illərdə Azərbaycanın Təhlükəsizlik Komitəsində milli kadrların azalması prosesi getdi, kənardan gələn kadrlar burada müəyyən yerlər tutdu. Xatirinizdədir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlamamışdan əvvəl Azərbaycanın həm Milli Təhlükəsizlik Nazirliyinə, həm də Daxili İşlər Nazirliyinə Moskvadan böyük-böyük briqadalar göndərilirdi və həmin briqadalar respublikamızı dağıtmaq, Azərbaycanın milli mədəniyyətinə, milli sərvətlərinə zərər vurmaq məqsədi daşıyırdı. Belə bir şəraitdə Azərbaycanın təhlükəsizlik orqanlarında 1988-ci ildən ölkəmiz müstəqillik əldə edənə qədər olan dövr, demək olar ki, 1930-cu illərin təkrarı kimi göstərilə bilər.

Beləliklə, təhlükəsizlik orqanlarının tarixində müxtəlif dövrlər, hər dövrün özünəməxsus xüsusiyyəti olubdur. Ölkəmizin XX əsrdəki tarixini doğru-düzgün əks etdirmək, yazmaq üçün mütləq tədqiqatlar, tarixi araşdırmalar aparılmalıdır və obyektiv, ədalətli əsərlər yaradılmalıdır.

Bütün bu dövrlərdə Azərbaycanın təhlükəsizlik orqanlarında mövcud olan nöqsanlarla, qüsurlarla yanaşı, vətənpərvər insanlar, azərbaycanlıların əksəriyyəti öz xalqına, millətinə sədaqətlə xidmət etmişdir. Biz bunu heç vaxt unutmamalıyıq.

Bu gün bu təntənəli mərasimdə Azərbaycan təhlükəsizlik orqanlarının veteranları da iştirak edirlər. Hesab edirəm, biz onların keçmiş dövrlərdə Azərbaycan Respublikasına göstərdiyi xidmətləri qiymətləndirməliyik və vətənə, xalqa sədaqətlə xidmət etdiklərinə görə onlara təşəkkür etməliyik.

Dövlət müstəqilliyi əldə ediləndən sonra milli təhlükəsizlik orqanlarında çox ciddi proseslər getmişdir. Nəhayət, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ölkəmizin dövlət müstəqilliyinə xidmət etmək səviyyəsinə gəlib çatmışdır.

Şübhəsiz ki, bu proseslərin gedişində Milli Təhlükəsizlik Nazirliyinin işinə çox zərbələr, zərərlər də vurulmuşdur. Ancaq bu gün məmnuniyyətlə qeyd etmək olar ki, bütün bunlar artıq geridə qalmış, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi indi müstəqil Azərbaycanın milli mənafelərinə tam xidmət etməyə qadirdir.

Müstəqil Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə keçmişdən də çox şey çatmışdır. Bu, birinci növbədə Azərbaycanın milli kadrlarıdır. Əgər keçmiş dövrlərdə milli kadrlar hazırlanmasaydı, müstəqillik dövründə Milli Təhlükəsizlik Nazirliyində - belə bir mürəkkəb təşkilatda fəaliyyət göstərmək və onun işini təmin etmək mümkün olmazdı.

Bizim təhlükəsizlik təşkilatımıza keçmişdən böyük maddi-texniki baza çatmışdır. Bu baza olmasaydı, bu gün Milli Təhlükəsizlik Nazirliyi öz işini apara bilməzdi. Mən xüsusən Milli Təhlükəsizlik Nazirliyinin gözəl binasını qeyd etmək istəyirəm. Bilirsiniz ki, mən keçmiş illərdə Azərbaycanda, o cümlədən Bakıda bir çox binaların, sarayların yaranmasının, tikilməsinin təşəbbüskarı, təşkilatçısı olmuşam. Bunların içərisində ən görkəmlisi indi müstəqil Azərbaycanın Prezident sarayıdır. Bunlardan biri də Azərbaycanın təhlükəsizlik təşkilatının binasıdır. Bu binalar həm memarlıq nöqteyi-nəzərindən, həm şəhərin memarlıq kompleksinin tərkib hissəsi kimi, həm də öz funksiyalarını həyata keçirmək baxımından müasirdir və çox yararlıdır. İndi Milli Təhlükəsizlik Nazirliyinin belə bir gözəl və öz işləri üçün yararlı olan binada yerləşməsi də keçmişdən bu nazirliyə çatan böyük sərvətlərdən biridir.

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin son illər gördüyü işlər və əldə etdiyi nəticələr müsbət qiymətə layiqdir. Nazir Namiq Abbasovun buradakı məruzəsində gətirilən konkret faktlar onu göstərir ki, ölkəmizdə Milli Təhlükəsizlik Nazirliyinin, ümumiyyətlə təhlükəsizlik orqanlarının fəaliyyəti çox gərəklidir və çox əhəmiyyətlidir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, artıq formalaşan və təşkilatlanan Milli Təhlükəsizlik Nazirliyi qarşısında duran vəzifələri bundan sonra daha da müvəffəqiyyətlə yerinə yetirəcəkdir. Vəzifələr isə çox böyükdür.

Keçmiş dövrlərdə, sovet hakimiyyəti vaxtında Azərbaycanın təhlükəsizlik təşkilatı ümumi sovet hökumətinin qərarlarını və göstərişlərini yerinə yetirməklə məşğul idi. İndi müstəqil Azərbaycanda ölkəmizin təhlükəsizlik təşkilatı müstəqil Azərbaycanın, xalqımızın milli mənafelərini təmin etmək vəzifəsini daşıyır. Ancaq bu vəzifəni yerinə yetirmək çox çətindir. Ona görə də biz Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyindən çox şeylər gözləyirik.

Məlum olan, burada elan edilən faktlar onu göstərir ki, Azərbaycana xarici ölkələrin kəşfiyyat orqanlarının marağı günü-gündən artır. Onların qarşısını almaq, Azərbaycanın milli mənafelərini qorumaq üçün təhlükəsizlik təşkilatı daha da fəal işləməlidir. Azərbaycanın bu baxımdan vəziyyətini mürəkkəbləşdirən bir də odur ki, ölkəmiz Ermənistan ilə müharibə vəziyyətindədir. İndi biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışırıq. Ancaq bununla yanaşı, Azərbaycana qarşı Ermənistan tərəfindən aparılan müxtəlif kəşfiyyat, təxribat işləri davam edir və onların qarşısı alınmalıdır, Azərbaycanda bunlara yol verilməməlidir.

Bir sözlə, Azərbaycan indi bir çox xarici kəşfiyyat orqanlarının diqqətini cəlb edir və Azərbaycanı bunlardan qorumaq lazımdır. Bunun üçün də Milli Təhlükəsizlik Nazirliyi daha da yaxşı işləməlidir. Ölkəmizin daxilində Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qəsd etmək cəhdləri hələ tükənməyibdir. Bunların da qarşısı alınmalıdır.

Son illərin təcrübəsi onu göstərdi ki, Azərbaycan dövlətçiliyinə qarşı terror, təxribat və başqa düşmənçilik aksiyaları davam edir. Bunların qarşısının alınması üçün lazımi tədbirlər görülməlidir.

Beləliklə, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında çox böyük vəzifələr durur. Bu vəzifələr, birinci növbədə, Azərbaycanın dövlət müstəqilliyini qorumaq, mühafizə etməkdən ibarətdir. Azərbaycanın dövlət müstəqilliyinə təcavüz halları davam edir və dövlətimizin müstəqil siyasəti bəzi dairələri narahat edir. Bu müstəqil siyasətin sarsıdılması üçün həmin siyasətə zidd hərəkətlər həyata keçirilir və Azərbaycanı bu müstəqillik yolundan müxtəlif təzyiq vasitələri ilə çəkindirməyə çalışırlar. Ona görə də Azərbaycanın müstəqil siyasətinə xidmət etmək, dövlət müstəqilliyimizi qorumaq, mühafizə etmək Milli Təhlükəsizlik Nazirliyinin əsas vəzifəsidir.

Bizim qarşımızda duran vəzifə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Qeyd etdim ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışırıq. Burada Milli Təhlükəsizlik Nazirliyinin də vəzifələri var. Bu vəzifələri layiqincə yerinə yetirmək lazımdır.

Terrorizm indi dünyada geniş yayılıbdır. Burada gətirilən faktlar əyani sübut edir ki, Azərbaycanda terrorizm aksiyaları keçirmək cəhdləri, dövlətçiliyimizi sarsıtmaq məqsədi daşıyan cəhdlər son illər olmuşdur. Ancaq bu gün də bunların mümkünlüyü var. Ona görə də Milli Təhlükəsizlik Nazirliyi terror aksiyalarına qarşı xüsusi tədbirlər hazırlayıb həyata keçirməlidir.

Azərbaycan öz iqtisadi imkanlarını genişləndirir. Ölkəmizə xarici investisiyalar gəlir. Azərbaycan neft sənayesinin inkişaf etdirilməsi üçün müqavilələr imzalayıb və onları həyata keçirir. Neft kəmərləri tikilir: Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün tədbirlər həyata keçirilir. Ancaq bunlar Azərbaycanın düşmənlərini çox narahat edir və bizim bu işlərimizi pozmaq üçün müxtəlif təxribat aksiyalarının keçirilməsi də mümkündür. Ona görə bizim iqtisadiyyat sahəsində apardığımız işlərin də mühafizə olunması Milli Təhlükəsizlik Nazirliyinin əsas vəzifələrindən biridir.

Azərbaycanın sərhədləri daha da etibarlı qorunmalıdır. Sərhəd qoşunlarının fəaliyyəti daha da gücləndirilməlidir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat idarəsi də öz işini gücləndirməlidir. Biz hələ kəşfiyyat idarəsinin fəaliyyətindən lazımi məlumatlar, lazımi materiallar ala bilmirik. Bir sözlə, kəşfiyyat idarəsinin fəaliyyəti zəifdir, burada ciddi tədbirlər görülməlidir.

Milli Təhlükəsizlik Nazirliyi və onun əməkdaşları bilməlidirlər ki, Azərbaycan dövləti nazirliyə və nazirliyin əməkdaşlarına böyük etimad göstərir. Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyi böyük sahəni əhatə edir. Bir çox başqa ölkələrdə təhlükəsizlik sistemində kəşfiyyat ayrıdır, sərhəd qoşunları müstəqildir. Ancaq biz Azərbaycanda bu sahələrin hamısını Milli Təhlükəsizlik Nazirliyinin tərkibində saxlamışıq və hesab edirəm ki, düz etmişik. Bu, Milli Təhlükəsizlik Nazirliyinin üzərinə daha da çox məsuliyyət qoyur, daha da çox vəzifələr qoyur. Bu, eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinə Azərbaycan dövləti tərəfindən göstərilən böyük etimadı nümayiş etdirir. Mən bu gün bir daha bəyan edirəm ki, Milli Təhlükəsizlik Nazirliyinə tam etibar edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, nazirlik, onun bütün əməkdaşları bu etimadı daim doğruldacaqlar.

Milli Təhlükəsizlik Nazirliyi üzərinə düşən vəzifələri yerinə yetirmək üçün öz peşəkarlıq fəaliyyətini, təcrübəsini daha da artırmalıdır. Bilikli gənc kadrlar hazırlanmalıdır, müasir tələblərə cavab verən kadrlar hazırlanmalıdır.

Məlumdur ki, bu keçid dövründə Təhlükəsizlik Nazirliyini təmizləmək lazım idi. Bu günün tələblərinə cavab verməyən, yaxud da ki, işə sədaqətli olmayan şəxslərdən azad olmaq lazım idi. Bunu bilin, bəlkə buna hələ bu gün də müəyyən qədər ehtiyac vardır. Ancaq eyni zamanda vaxtı itirmədən, müasir tələblərə cavab verən, yüksək professional səviyyədə olan kadr korpusu hazırlanmalıdır. Güman edirəm ki, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası tezliklə fəaliyyətə başlayacaqdır və bu vəzifənin yerinə yetirilməsi üçün öz xidmətlərini göstərəcəkdir. Hər halda biz bu sahədə Milli Təhlükəsizlik Nazirliyinə bütün yardımları etməyə hazırıq. Ancaq sədaqətli, bilikli, peşəkar kadrlar hazırlanmalıdır. Əgər bu gün Milli Təhlükəsizlik Nazirliyi Azərbaycana qarşı yönəldilmiş bu casusluq, təxribatçılıq, terrorçuluq faktları ilə bu qədər rastlaşırsa, təsəvvür edin, qarşıdakı dövrdə bu, nə qədər olacaqdır. Azalmayacaqdır, - mən bunu deyə bilərəm, - artacaqdır. Bir daha qeyd edirəm, Azərbaycanın müstəqil siyasəti çoxlarını narahat edir və müxtəlif istiqamətlərdən Azərbaycana təsir göstərmək, bunun üçün casuslardan istifadə etmək, terror aksiyaları keçirmək, təxribatlar həyata keçirmək cəhdləri azalmayacaqdır. Bunların qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi gərək həm sayca, həm də keyfiyyətcə öz gücünü artırsın.

Milli Təhlükəsizlik Nazirliyində işləmək, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin.

Nazirliyin əməkdaşları yüksək biliyə malik olmalıdırlar, Azərbaycanın daxili və xarici siyasətini yaxşı bilməlidirlər, Azərbaycanın Konstitusiyasını, qanunlarını, yaxşı bilməlidirlər. Konstitusiyanın və qanunların həyata keçirilməsi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının əsas vəzifələridir. Siz beynəlxalq vəziyyəti yaxşı bilməlisiniz, beynəlxalq aləmdə gedən prosesləri izləməlisiniz. Bunlar sizin işlərinizin təşkil olunması üçün əsas şərtlərdən biridir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları xalqımıza, Azərbaycan dövlətinə, ölkəmizə hədsiz sədaqətli olmalıdırlar. Saf mənəviyyata, əxlaqa malik olmalıdırlar. Yüksək mənəviyyat sizin fəaliyyətinizin əsas şərtidir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları heç vaxt öz xalqına, dövlətinə xəyanət yoluna düşməməlidirlər. Sədaqət, vətənpərvərlik əsas keyfiyyətlərdir və siz özünüzdə bu keyfiyyətləri daim yaratmalısınız, inkişaf etdirməlisiniz.

Eyni zamanda sizin peşəniz çətin peşədir, böyük qəhrəmanlıq tələb edir, böyük şəxsi cəsarət, iradə, dönməzlik tələb edir. Güman edirəm ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bu keyfiyyətlərə daim malik olacaqlar.

Bir sözlə, Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın dövlət orqanları arasında xüsusi yer tutur və arzu edirəm ki, öz əməli işinizlə, fəaliyyətinizlə belə yüksək yer tutmağa həmişə nail ola biləsiniz. Mən Milli Təhlükəsizlik Nazirliyinin son illərdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirməyimizi bir daha bildirirəm və bu nailiyyətlərə görə Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm.

80 illik yubiley mərasimləri Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin həyatında yeni bir mərhələ açır. Müstəqillik illərinin arxada qalan dövründə görülən işlərə yekun vurulur və gələcək illərdə qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün daha da əlverişli şərait yaradılır. Əmin olduğumu bildirmək istəyirəm ki, Milli Təhlükəsizlik Nazirliyi, onun əməkdaşları son illər əldə etdikləri təcrübədən bundan sonra daha da səmərəli istifadə edəcəklər, öz vəzifələrini şərəflə yerinə yetirəcəklər.

Mən bu gün, bu bayram günü sizi təbrik edirəm. Bildirirəm ki, biz sizə inanırıq və sizdən Azərbaycanın dövlətçiliyinin qorunması sahəsində daha da çox işlər gözləyirik. Sizi bu bayram münasibətilə bir daha təbrik edirəm. Hər birinizə cansağlığı, səadət arzu edirəm. Gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Tarixi arayış