Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Samanyolu" televiziyasının müxbiri ilə müsahibəsi - Naxçıvan, 14 oktyabr 1999-cu il


Sual: Cənab prezident, Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümü bayramınızı təbrik edirik. Dörd gündür ki, Naxçıvanda çox coşğun hava mövcuddur. Siz 1993-cü ildə Bakıya qayıtdıqdan sonra ikinci dəfədir ki, Naxçıvana gəlirsiniz, Naxçıvandakı dəyişiklikləri Siz də gördünüz. Naxçıvanda keçirilən bayram tədbirlərini və bu müsbət dəyişiklikləri necə qiymətləndirirsiniz?

Cavab: Təşəkkür edirəm. Mən əvvəlcə sizin bu televiziyanızdan istifadə edərək, Türkiyə Cümhuriyyətinin bütün vətəndaşlarına, türk xalqına öz salamımı, sayğılarımı, sevgimi, məhəbbətimi bildirirəm. Çox məmnunam ki, biz Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümü münasibətilə bu bayram mərasimlərini qardaş Türkiyə ilə bərabər keçiririk. Mən xüsusən sizin televiziyanın - "Samanyolu" televiziyasının da bu sahədə xidmətlərini yüksək qiymətləndirirəm.

Bəli, mən 1993-cü ilə qədər Naxçıvanda işləmişdim. 1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış gərgin vəziyyətə görə, vətəndaş müharibəsi başlandığı və Azərbaycanın artıq dağıldığı bir zamanda xalq tərəfindən və o vaxtkı hakimiyyət tərəfindən xahiş etdilər, Bakıya getdim. Mən o vaxtdan Azərbaycana rəhbərlik edirəm.

Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir, muxtar respublikadır. Naxçıvanın xüsusiyyəti ondan ibarətdir ki, vaxtilə Azərbaycana qarşı ədalətsizlik edilib və Zəngəzur diyarının Ermənistana verilməsi ilə əlaqədar Naxçıvan Azərbaycanın əsas torpağından ərazi nöqteyi-nəzərdən ayrı düşübdür. Ona görə də burada muxtariyyət dövründə yaşayış o qədər də asan olmayıbdır. Ancaq Naxçıvanın muxtariyyətinin olması ərazi cəhətdən ayrı düşmüş Naxçıvanın inkişaf etməsinin əsas şərtlərindən biridir.

Naxçıvanın muxtariyyət statusu alması da çox ağır, gərgin bir dövrdə, yəni gərgin mübarizələr nəticəsində olmuşdur. Bu mübarizələrdə Türkiyə Cümhuriyyətinin və böyük Mustafa Kamal Atatürkün də böyük rolu olmuşdur. Xüsusən 1921-ci ildə Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstan tərəfindən imzalanmış Qars müqaviləsi Naxçıvanın statusunun müəyyən edilməsinə çox böyük yardım göstərmişdir.

Təbiidir ki, bütün bunlara görə də indi Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümündə türk xalqı, Türkiyə Cümhuriyyəti belə yaxından, bizimlə bərabər iştirak edir. Bu təntənəli mərasimi daha da zənginləşdirən, ona daha da böyük ruh verən Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəlin göndərdiyi təbrik məktubudur.

Siz müşahidə etdiniz ki, təntənəli mərasimin keçirildiyi salonda olan insanlar bu məktubu, mesajı nə qədər böyük sevinclə, hərarətlə qarşıladılar və ayağa qalxaraq onu alqışladılar. Türkiyənin böyük nümayəndə heyətinin - dövlət və hökumət nümayəndələrinin, o cümlədən, nazirlərin, millət vəkillərinin, qonşu vilayətlərin valilərinin də bu mərasimdə iştirak etməsi göstərdi ki, biz bayramı bir yerdə keçirdik. Yenə də deyirəm, bu, sevindiricidir, ancaq təəccüblü də deyil, belə də olmalıdır. Bu, təbiidir, çünki Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri bunu tələb edir, belə olmalıdır.

Bu mərasim sırasında çox sevindirici hal bir də odur ki, vaxtilə 1992-ci ildə mən Naxçıvanda işləyərkən, Türkiyənin hökuməti, dövləti ilə əlaqələr qurarkən, xüsusən Türkiyənin o vaxtkı baş naziri, indiki prezidenti hörmətli Süleyman Dəmirəlin dəvəti ilə bir neçə dəfə Ankaraya gedib Naxçıvanın problemlərini həll edərkən və Türkiyədən gələn nümayəndələrlə burada görüşərkən Türkiyə tərəfindən bir məscidin, camenin tikilməsini də rica etmişdim. O vaxt buna razılıq verdilər, yer seçdik, layihəsinə baxdıq və sonra onun inşasına başladılar. Çox məmnunam ki, gözəl bir məscid, came tikildi. Biz Türkiyədən gələn qonaqlarla, o cümlədən, hörmətli diyanət işləri naziri ilə bu məscidin, camenin açılması mərasimini keçirdik.

Məni çox sevindirdi ki, Azərbaycan üçün, xüsusən Azərbaycanın Naxçıvan bölgəsi üçün adı çox əziz olan Kazım Qarabəkir paşanın qızı da Naxçıvanı ziyarət etdi. O, bu mərasimdə iştirak etdi. Bu cameyə Türkiyə xalqının qəhrəmanı, böyük Mustafa Kamal Atatürkün silahdaşlarından biri Kazım Qarabəkir paşanın adı verildi.

Görürsünüz, biz sizinlə birgə qısa bir müddətdə Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını göstərən, nümayiş etdirən və bir daha təsdiq edən nə qədər hadisələrin iştirakçısı və şahidi olmuşuq. Şübhəsiz ki, mən bütün bunlara görə də sevinirəm və çox məmnunam.

Müxbir: Siz buradakı bütün çıxışlarınızda demisiniz ki, Türkiyə ilə Azərbaycan əbədi olaraq qardaşdır və qardaş olaraq da qalacaqlar.

Heydər Əliyev: Bəli.

Sual: Burada ən önəmli hadisələrdən biri də Robert Koçaryanla sərhəddə keçirdiyiniz görüş idi. Qarabağ məsələsini uluslararası, beynəlxalq təşkilatın artıq həll edə bilməyəcəyi, ikitərəfli görüşlərin başlanmasının vacibliyi barədə yeni bir test irəli sürdünüz. Sizin səyləriniz sayəsində bu görüşlər baş tutdu. Qarabağ probleminin həlli ilə bağlı ikitərəfli görüşlər necə olacaq və bu, beynəlxalq təşkilatları hansısa şəkildə üzərmi, sıxıntıya salarmı?

Cavab: Yox, nə üzməz, nə də sıxıntıya salmaz. Uluslararası təşkilatlar, yəni ATƏT-in Minsk qrupu və Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu işlərlə məşğul olurlar və məşğul olacaqlar. Onların vasitəçilik, yəni araçılıq fəaliyyəti indiyə qədər olub, indi də olmalıdır.

Mən sentyabr ayının əvvəlində Rusiyanın xarici işlər naziri İvanovla görüşərkən, sonra Amerika Birləşmiş Ştatları prezidentinin ATƏT-in Minsk qrupundakı xüsusi nümayəndəsi ilə də görüşərkən bəyan etdim, dedim ki, Minsk qrupu fəaliyyətdə olmalıdır, çalışmalıdır və bizə yeni təkliflər verməlidir. Çünki öncə verilmiş təklifdə, yəni təxminən bir il, yaxud 11 ay bundan əvvəl verilmiş təklifdə məsələni sülh yolu ilə həll etmək üçün bir "ortaq dövlət" prinsipi meydana atılmışdı. Biz bunu qəbul etməmişdik, bu gün də qəbul etmirik. Çünki "ortaq dövlət" prinsipini qəbul etmək Dağlıq Qarabağa müstəqillik vermək deməkdir. Sadəcə, bunu üstüörtülü edirlər. Bu, bir az adamaldatmaya bənzəyir. Guya ki, Azərbaycan Dağlıq Qarabağa status verir və Azərbaycanın torpaq bölünməzliyi, yəni ərazi bütövlüyü təmin olunur, amma eyni zamanda, Azərbaycanın torpağında bir yeni erməni dövləti meydana çıxır.

Biz bunu qəbul etmədik. Amma keçmişdə də təkliflər olmuşdu, biz bu təkliflərin demək olar ki, əksəriyyətini qəbul etmişdik. Yəni bu təklifləri Minsk qrupu vermişdi, ancaq Ermənistan onları qəbul etməmişdi. İndi ilk dəfədir ki, biz qəbul etmirik, Ermənistan qəbul edir. Minsk qrupunun həmsədrləri bundan artıq təklif vermək istəmirlər. Bəzi yerlərdə də erməni lobbisinin təsiri ilə bizi günahlandırırlar ki, nə üçün biz bunu qəbul etmirik. Mən deyirəm ki, əcəba, bəs vaxtilə, 2-3 il bundan öncə, hətta 2 il bundan əvvəl Minsk qrupunun verdiyi təklifi biz qəbul edəndə, Ermənistan qəbul etməyəndə siz onları niyə suçlandırmırdınız, günahlandırmırdınız, tənqid etmirdiniz, indi bizi tənqid edirsiniz?

Ona görə də mən bu gün də bəyan edirəm ki, bu danışıqlar davam etməlidir. Bir də ona görə ki, bu danışıqlar, yəni Minsk qrupunun fəaliyyəti sürətləndirilməlidir. Çünki qarşıdakı ayda, noyabr ayının 18-19-da İstanbulda ATƏT-in zirvə görüşü olacaqdır. Belə bir zirvə görüşü 3 il bundan öncə, 1996-cı ilin dekabr ayında Portuqaliyada, Lissabonda olmuşdur. İndi yeni zirvə görüşü olacaqdır və o, böyük bir hadisədir. Orada Minsk qrupu hesabat verməlidir ki, nə edib və biz Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həll olunması üçün nə etdik. Ona görə də o vaxta qədər qalan günlərdə çox çalışmaq lazımdır. Mən bu gün bəyan edirəm ki, biz Minsk qrupundan yeni təklif gözləyirik.

Mənim və Ermənistan prezidentinin təkbətək görüşməsi heç də beynəlxalq təşkilatların fəaliyyətini dayandırmır və onları uzaqlaşdırmır. Əksinə, mən hesab edirəm ki, onlar da çalışmalıdır, biz də təkbətək görüşərkən bu məsələnin həll olunması üçün öz səylərimizi göstərməliyik.

Məhz buna görə də bu ilin aprel ayında Vaşinqtonda bizim ilk belə görüşümüz oldu. Sonra biz iki dəfə Cenevrədə bir dəfə Yaltada görüşdük. Bu dəfə burada, Ermənistan-Azərbaycan sərhədində, Sədərək kəndi yaxınlığında görüşdük, danışdıq.

Sual: Cənab prezident, bu görüşdə bir irəliləyiş əldə edildimi?

Cavab: Şübhəsiz ki, irəliləyiş alınır və mən hesab edirəm, bu görüşlərin faydası vardır. Bizim görüşlərimiz və müəyyən qədər irəliləyiş əldə olunması, ikinci tərəfdən də Minsk qrupunun sürətlə çalışması, ola bilər, ATƏT-in zirvə görüşünə bizi dəyərli bir təkliflə gətirib çıxarsın.

Müxbir: ATƏT-in zirvə görüşü bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün çox önəmli olacaqdır.

Heydər Əliyev: Bəli.

Sual: İndi Türkiyədən Azərbaycana həm təhsil, həm də ticarət sahəsində iş görməyə xeyli adam gəlir. Azərbaycana dünyanın bir çox ölkələrindən də gələnlər çoxdur. Türkiyədən gələn iş adamları haqqında nələr düşünürsünüz və indən sonra gələnlərə nələri tövsiyə edirsiniz?

Cavab: Türkiyədən gələn iş adamlarına Azərbaycanda yer çoxdur. Azərbaycanda indi ən çox iş görən Türkiyənin iş adamlarıdır. Ölkənizin böyük elçisi bir dəfə mənə dedi ki, indi Bakıda, Azərbaycanda iş görmək üçün gələn 5000 türk yaşayır. Təbiidir ki, mən istəyirəm onlar daha da çox yatırım qoysunlar. Onlar inşaatda, ticarətdə və başqa sahələrdə çalışırlar, bir neçə kiçik fabriklər yaradırlar. Ancaq bunlar azdır.

Mən dəvət edirəm ki, onlar Azərbaycana böyük yatırımlar qoysunlar. Məsələn, biz neft sahəsində Amerika və Avropanın bir çox ölkələri ilə, Qərb ölkələri ilə əməkdaşlığımızla Azərbaycana çox böyük yatırım gətirmişik. Yalnız bu müqavilələrdən Azərbaycana 3 milyard dollara yaxın yatırım gəlibdir. Bunların içərisində Türkiyənin də yeri vardır.

Mən 1994-cü ildə "Türk petrolları" şirkətini birinci müqaviləyə qatdım. O vaxta qədər layihədə Türkiyənin həmin müqavilədə 1, 75 faiz yeri var idi. Amma müqavilə bağlanandan sonra mən Azərbaycanın hissəsindən 5 faiz Türkiyəyə verdim və onu 6,75 faiz etdim. Türkiyəyə "Şahdəniz" yatağı üzrə bağlanan müqavilədə 10 faiz, digər yataqlarda da 10 faiz yer vermişik.

Bilirsinizmi, beləliklə, mən Türkiyəni neft ölkəsi etdim. Bu, önəmlidir. Amma başqa sahələrdə yatırım gətirmək lazımdır. Türkiyədə belə imkanlar var. Türkiyənin iş adamları dünyanın çox ölkələrinə yatırımlar qoyurlar. Amma onlar ən çox yatırımı Azərbaycana qoymalıdırlar. Çünki Türkiyəyə Azərbaycan qədər yaxın bir ölkə yoxdur.

Sual: Bütün çıxışlarınızda bəhs etdiyiniz xüsusi bir nöqtə vardır. Zati-alinizin rəhbərliyi altında son 8-10 il ərzində Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu sahəsində çox böyük işlər görülmüşdür. Siz demokratik və hüquqi dövlət quruculuğu yolunu necə görürsünüz?

Cavab: Yox, biz 10 il deyil, 8 il bundan əvvəl öz müstəqilliyimizi bəyan etmişik. Amma sən bu 8 ilin 3 ilini çıx. Çünki onda dövlət qurmaq mümkün deyildi. O vaxt vətəndaş müharibəsinin qarşısını almaq lazım idi.

Sizə məlum olduğu kimi, 1994-cü, 1995-ci illərdə dövlət çevrilişinə silahlı cəhdlərin qarşısını almaq lazım idi. Azərbaycanın cənubunda "Talış-Muğan Cümhuriyyəti" yaranmasının, bir neçə terror aktlarının qarşısı alınmalı idi.

Ona görə də biz 1995-ci ildən bu işləri daha da sürətlə apardıq. 1995-ci ilin noyabr ayında biz müstəqil Azərbaycanın ilk Konstitusiyasını, Ana Yasasını qəbul etdik. Bu Konstitusiyada Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişaf etmək yolunu müəyyən etdik. İndi bunu həyata keçiririk, dövlət quruculuğu gedir. Amma bu dövlət quruculuğu bir ayın, bir ilin işi deyildir. Bu, böyük bir prosesdir. Biz bu prosesi aparırıq. Azərbaycanda demokratiya inkişaf edir, insan haqları qorunur, insan, mətbuat, söz, fikir, vicdan azadlığı - hamısı təmin olunubdur. Azərbaycan öz inkişaf yolunu belə seçib və belə də gedəcəkdir.

Müxbir: Cənab prezident, Sizə çox təşəkkür edirəm, yoruldunuz. Sağ olun.

Heydər Əliyev: Mən tamaşaçıları bir daha salamlayıram, onlara xoşbəxtlik, səadət arzulayıram və hər kəsə, hər bir türk qardaşıma uğurlar arzulayıram.

Müxbir: Sağ olun.

"Azərbaycan" qəzeti, 15 oktyabr 1999-cu il.

Tarixi arayış