Amerika Birləşmiş Ştatlarının Senatoru Zati-Aliləri Cənab Sem Braunbekə - Bakı şəhəri, 27 mart 1999-cu il


Hörmətli cənab senator!

Əziz dost!

Amerika Birləşmiş Ştatları Senatının xarici münasibətlər komitəsində sizin əzmlə dəstəklədiyiniz İpək yolu strategiyasına aid qanunvericiliyin uğurla təsdiq edilməsi bütün Azərbaycan xalqı tərəfindən böyük hüsn - rəğbətlə qarşılanmışdır.

Sizə şərəfli fəaliyyətinizə görə dərin minnətdarlığımı bildirirəm. Bu qanunvericiliyin ABŞ Konqresi tərəfindən də qəbul edilməsi sizin dediyiniz kimi, böyük regionların çiçəklənməsini və 71 milyon əhalinin rifahının yüksəlməsini təmin edə bilərdi.

Eyni zamanda, sizin təklif etdiyiniz qanunvericiliyin həyata keçməsi məlum ədalətsiz 907-ci bəndin tezliklə ləğv edilməsinə şərait yaradırdı, Amerika - Azərbaycan əlaqələrinin sürətli inkişafına, ölkələrimizin üst-üstə düşən milli maraqlarına fəal surətdə xidmət edərdi.

Səmimi görüşlərimizi və apardığımız söhbətləri daim xatırlayıram, Vaşinqtonda bu ilin aprel ayında NATO-nun 50 illiyinə həsr olunmuş, iştirak edəcəyim mərasimlər zamanı görüşümüzü səbirsizliklə gözləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.