Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Birliyinin Azərbaycandakı xüsusi elçisi Renato Battini və Avropa Komissiyasının Azərbaycan üzrə əlaqələndiricisi Robin Lideli qəbul edərkən söhbətindən - Prezident sarayı, 5 fevral 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz! Sizin Azərbaycana gəlməyinizdən çox məmnunam. Biz Avropa Birliyi ilə əməkdaşlığımıza daim çox böyük əhəmiyyət veririk və mən bu əməkdaşlığın çox müsbət nəticələrini də qeyd edirəm. Amma eyni zamanda mən bizim əməkdaşlığımızın daha da gözəl perspektivlərini hiss edirəm.

Mənə baş nazir məlumat verdi ki, siz çox məsələləri ətraflı müzakirə etmisiniz. Mən də sizi dinləməyə hazıram.

Renato Batti: Cənab prezident, bu gün bizi qəbul etdiyinizə görə çox sağ olun. Bu gün Sizinlə görüşmək bizim üçün həm xoşdur, həm də böyük şərəfdir. Həqiqətən də, biz hökumət üzvləri ilə çoxlu müzakirələr aparmışıq, görüşlər keçirmişik və bu görüşlərdə ikitərəfli münasibətləri müzakirə etmişik. Bizim Azərbaycanla olan əməkdaşlığımız regionda ən başlıca əməkdaşlıqdır. Avropa Birliyi Azərbaycana ən birinci donor olan təşkilatdır. Heç şübhəsiz ki, biz işimizi bu yönümdə davam etdiririk və gələcəkdə də Azərbaycanın bütün səylərini dəstəkləməkdə davam edəcəyik. Regionda sülh əldə olunan kimi, biz bütün dəstəyimizi daha da artırmağa hazırıq. Avropa icması beynəlxalq icma ilə birlikdə sülh əldə olunandan sonra reabilitasiya və yenidənqurmaya yönəlmiş bütün işləri dəstəkləməyə hazır olduğunu bildirir.

Biz burada olduğumuz müddətdə bir neçə layihəni müzakirə etmişik. Noyabr ayında burada olduğumuz zaman Naxçıvana aid bir layihəni nəzərdən keçirmişik və bu gün də işləməyə hazırıq. Bu da bizim maliyyə üzrə ikinci tranşımızdan ayrılan layihədir.

Bu imkandan istifadə edərək, bizim görüşlər zamanı təmasda olduğumuz bütün şəxslərə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə Azərbaycanın baş nazirinin müavininə minnətdarlığımı bildirmək istəyirəm. O, bütün görüşlər zamanı bizimlə birlikdə idi və razılığın müddəalarını birlikdə həyata keçirməyə yardımçı olmuşdur.

Məlumdur ki, Avropa Birliyi ilə Azərbaycan razılıq əsasında bir sıra layihələri həyata keçirirlər və bu, tərəfdaşlıq və əməkdaşlıq haqqında olan razılıqdır. Bu razılıq əldə olunduqdan sonra biz ilk görüşümüzü noyabrda keçirmişik və mart ayında Brüssel şəhərində ikinci görüşümüz olacaqdır. Fevralın 24-dən martın 1-dək Avropa Parlamentinin üzvləri Qafqaz regionuna gələcəklər və bu səfər zamanı Azərbaycana da xüsusi diqqət yetiriləcəkdir. Mart ayında isə, bir qədər əvvəl qeyd etdiyim kimi, Azərbaycan nümayəndə heyəti əməkdaşlıq və tərəfdaşlıq razılığı çərçivəsində Brüsselə gələcəkdir. Sağ olun, cənab prezident.

Heydər Əliyev: Çox gözəl. Mən sizin verdiyiniz məlumatdan çox məmnunam. Mən təşəkkür edirəm ki, Avropa Birliyi regionda Azərbaycana xüsusi diqqət yetirir. Biz çalışacağıq ki, həmişə bunu, belə bir münasibəti doğruldaq.

İşğal altında olan ərazimizin bərpa edilməsi haqqında Avropa Birliyinin planları bizi çox sevindirir. Son zamanlar aparılan danışıqlar - həm Minsk qrupu çərçivəsində, həm də Azərbaycan prezidenti ilə Ermənistan prezidenti arasında aparılan bilavasitə danışıqlar ümid verir ki, biz sülhə nail olacağıq və işğal edilmiş torpaqlarımız işğaldan azad olunacaqdır. O torpaqlarda çox iş görmək lazım olacaqdır. Əgər Avropa Birliyinin, dünya birliyinin bu işdə iştirakı olmasa, biz burada heç bir şey edə bilmərik. Çünki orada olan bütün şəhərlər, qəsəbələr, kəndlər, hər bir şey - hansını ki, insanlar istifadə edirdi - dağıdılıbdır, viran edilibdir.

Bir müddət öncə Dünya Bankının, sonra Valyuta Fondunun, gərək ki, bir də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Ermənistanda olmuş, Dağlıq Qarabağda olmuş, sonra Azərbaycanın işğal edilmiş Ağdam bölgəsində olmuşlar. Onlar sonra öz təəssüratlarını dedilər və öz gözləri ilə görmüşlər ki, hər şey dağılıbdır. Hər şey yenidən qurulmalıdır. Bu baxımdan sizin bugünkü bəyanatınız mənim üçün çox əhəmiyyətlidir.

Mən İstanbulda olarkən Avropa Komissiyasının sədri cənab Prodi ilə görüşmüşdüm. Biz bu barədə ətraflı söhbət etmişik, danışmışıq. Onunla danışanda da bu məsələ, demək olar ki, bizim müzakirəmizin mərkəzində idi. Bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, biz onunla birlikdə məşğul olacağıq.

Mən sizin tranşlarınıza görə və müxtəlif layihələrin həyata keçirilməsində iştirakınıza görə təşəkkür edirəm. Bunların hər biri bizim üçün çox əhəmiyyətlidir.

Beləliklə, münasibətlərimiz genişlənir. Avropa Birliyinin Azərbaycanda daimi nümayəndəliyi lazımdır və Azərbaycanın da Brüsseldə daimi nümayəndəliyi lazımdır. Bu məsələləri də biz həll etməliyik.

Bir sözlə, geriyə baxarkən Avropa Birliyi ilə əməkdaşlığımızın bizim üçün nə qədər əhəmiyyətli olduğunu görürük və qiymətləndiririk. Amma irəlidə hələ daha çox işlər var. Ümidvaram ki, bizim əldə etdiyimiz təcrübə və əməkdaşlığımızın mütəşəkkilliyi gələcəkdə daha da çox nailiyyətlər əldə etməyə imkan verəcəkdir. Biz bunu istəyirik və bunu qəbul edirik.

"Azərbaycan" qəzeti, 6 fevral 2000-ci il.