Azərbaycan prezidenti Heydər Əliyevin Skandinaviya ölkələri və Rusiyanın bir qrup jurnalisti ilə görüşü - 11 mart 2001-ci il


Heydər Əliyev: Mən sizi Azərbaycanda ürəkdən salamlayıram. Ölkəmizə, xalqımıza, torpağımıza maraq göstərdiyinizə görə sizə təşəkkür edirəm. Şadam ki, siz yenidən Azərbaycandasınız. Bunu xalqımız da, mən də yüksək qiymətləndiririk.

Siz bilirsiniz, təəssüf ki, mənim iş cədvəlim çox gərgindir. Sabah səhər Türkiyəyə rəsmi səfərə yola düşürəm. Sizinlə daha ətraflı danışmağa imkanım yoxdur. Amma mənə dedilər ki, sizin bir çox görüşlər keçirmək, söhbətlər aparmaq imkanınız olub, Azərbaycanın bugünkü həyatı haqqında kifayət qədər məlumatınız var. Həm də, mən bilən, sizin qarşıda hələ səfərləriniz, görüşləriniz olacaqdır. Bütün bunlar bizim üçün çox faydalıdır.

Başa düşürük ki, müasir dünyada kütləvi informasiya orqanlarının rəyi çox böyük, bəzən həlledici rol oynayır, bəzən də real vəziyyətdən fərqli, - kimin necə istəməsindən asılı olaraq, - bu və ya digər istiqamətdə ictimai fikri formalaşdırır. Ona görə də Rusiyada da, dünyanın başqa ölkələrində də respublikamız, ölkəmiz haqqında tam informasiyanın olması üçün biz kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycana gəlməsini çox bəyənirik. Doğrudur, bəzi jurnalistlərin vicdansızlıq etməsi, vəziyyəti obyektiv işıqlandırmaması və hansısa xırda, əhəmiyyətsiz amillərdən istifadə edərək, respublikamız barədə ümumiləşdirilmiş nəticələr çıxarması kimi faktlarla da qarşılaşırıq. Əlbəttə, bu, sizə aid deyildir. Ancaq belə faktlar var. Buna baxmayaraq, hətta bu halda da hesab edirik ki, qoy, ölkəmizə tez-tez gəlsinlər. Əvvəla, biz bilirik və ümid edirik ki, respublikamıza gələnlərin əksəriyyətinin hər halda vicdanı var və onlar ağa qara, qaraya ağ deməzlər.

Əgər kimsə hansısa subyektiv hisslərə qapılıb vicdansızlıq etsə də, yalan danışsa da, eyb etməz, biz ona dözürük, çünki bu yalanlar qəzet, jurnal, televiziya nümayəndələrinin Azərbaycana gəlib-getdikdən sonra yaydıqları informasiyanın az hissəsini təşkil edir. Onların əksər hissəsi isə, hər halda xalqımız haqqında, ölkəmiz haqqında, bu günümüz haqqında həqiqəti yazır.

Təkrar edirəm, mən sizə bir xeyli vaxt ərzində çox şey danışa bilərdim. Lakin bir şey deyə bilərəm ki, bu ilin axırlarında biz Azərbaycanın müstəqilliyinin 10-cu ildönümünü qeyd edəcəyik. 10 il tarix baxımından kiçik bir dövrdür, insan ömrü üçünsə az müddət deyildir. Xüsusən, dövlət müstəqilliyini elan etdiyimiz vaxt ölkənin ağır vəziyyətdə, hərbi münaqişə vəziyyətində, əslində, Ermənistanla müharibə vəziyyətində olduğu, respublikamızın ərazisinin müəyyən hissəsinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi və artıq öz doğma yerlərini tərk etmək, ev-eşiklərini, bütün əmlaklarını atmaq məcburiyyətində qalmış adamların olduğu nəzərə alınsa.

Əgər bu dövrdə Azərbaycanda daxili ictimai-siyasi vəziyyətin mürəkkəb olduğu, həmin mürəkkəb dövrdə silahlı dəstələrə malik ayrı-ayrı qruplar, ayrı-ayrı qüvvələr, hətta qruplar arasında hakimiyyət uğrunda tamamilə lüzumsuz mübarizə getdiyi də nəzərə alınsa, onda siz Azərbaycanda on illik müstəqilliyin nə demək olduğunu təsəvvürünüzə gətirə bilərsiniz. Ermənistanla müharibənin 1994-cü ilin mayınadək davam etdiyi də, sonrakı illərdə də respublikada vəziyyətin gərginləşdiyi buraya əlavə edilsə... 1993-cü ildə vətəndaş müharibəsi başlanmışdı, Azərbaycan artıq dağılırdı, parçalanırdı. Buraya hələ onu da əlavə etmək lazımdır ki, biz vətəndaş müharibəsinin qarşısını aldıqdan sonra, 1994-cü ildə güclü dövlət çevrilişi cəhdi ilə qarşılaşdıq. 6 aydan sonra, 1995-ci ilin martında Daxili İşlər Nazirliyinin kifayət qədər çoxlu adama malik və çox güclü silahlanmış xüsusi təyinatlı polis dəstəsinin Azərbaycanda daha bir silahlı çevrilişə cəhd göstərdiyini də buraya əlavə etsək, onda siz bu on ilin bizim üçün nə demək olduğunu təsəvvür edərsiniz. Mən hələ terror aktları cəhdlərini, prezidentin təyyarəsini vurmaq cəhdini, bir çox digər faktları demirəm. Lakin şükürlər olsun ki, biz bütün bunları dəf etməyə, çevrilişlərə yol verməməyə, vətəndaş müharibəsinə son qoymağa, ölkədə ictimai-siyasi sabitlik yaratmağa, atəşin dayandırılmasının zəruriliyi barədə Ermənistanla sazişə gəlməyə, - bu, 1994-cü ilin mayında baş verdi, - müvəffəq olduq. Bununla da biz dövlət quruculuğu ilə, müstəqil demokratik dövlət quruculuğu, Azərbaycanda demokratiyanın təmin edilməsi üçün lazımi tədbirlər görülməsi ilə, dünyanın dövlətimizi demokratik, hüquqi və dünyəvi dövlət kimi tanıması üçün, xalqın məhz bu həyata - belə dövlət quruculuğuna qoşulması üçün iqtisadi, sosial, hüquqi islahatlar aparılması ilə məşğul olmaq imkanı qazandıq.

1995-ci ildə biz müstəqillik şəraitində ilk parlamenti seçməyə, prezident seçkiləri keçirməyə müvəffəq olduq. Bu yaxınlarda isə, ilk parlamentin səlahiyyət müddəti bitdikdən sonra yeni parlament seçdik. Bu ilin yanvarında Avropa Şurasına qəbul olunduq. Təxminən 1996-cı ildən, vəziyyəti sabitləşdirməyə başladığımız vaxtdan bəri iqtisadiyyatımız dönmədən inkişaf edir. Bütün bunlar Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında və həmin torpaqlardan zorla çıxarılmış bir milyondan artıq adamın qaçqın-köçkün vəziyyətində olduğu və əksəriyyətinin də artıq 7-8 ildir çadırlarda çox ağır şəraitdə yaşadığı, - əgər buna yaşamaq demək olarsa, - bir şəraitdə baş vermişdir.

Bax, belə bir şəraitdə biz bütün sahələrdə islahatları ardıcıl surətdə apara bilmişik, iqtisadiyyatda tənəzzülün qarşısını almağa və tədricən artıma nail olmuşuq. Biz ümumi daxili məhsulu da, sənaye istehsalını da, kənd təsərrüfatı məhsulları istehsalını da ilbəil artırırıq, insanların gəliri çoxalır. Biz ilk növbədə Azərbaycanın neft sektoruna, sonra da iqtisadiyyatımızın başqa sahələrinə xarici sərmayə axınını təmin edə bilmişik.

Biz ötən ili də yaxşı göstəricilərlə başa vurduq. 1990-cı illərin əvvəllərindəki göstəricilərlə müqayisədə yaxşı deyirik. Əgər nəyə nail olmaq istədiyimizi bilmək istəyirsinizsə, biz iqtisadiyyatımızın tamamilə ayağa qalxmasını, Azərbaycanda bazar iqtisadiyyatının bütün sahələrdə bərqərar olmasını, həyata keçirdiyimiz islahatlardan lazımi fayda götürmək və adamların rifahını yaxşılaşdırmaq istəyirik.

Biz Azərbaycanda hələ bir çox insanların kasıb yaşaması, maddi cəhətdən lazımınca təmin edilməməsi, mənzillərinin olmaması faktını və xüsusən keçmişdə Sovet İttifaqının tərkibinə daxil olmuş ölkələrdə keçid dövrü üçün səciyyəvi olan bir çox digər halları danmırıq. Zənnimizcə, bütün bunlar bizim üçün mürəkkəb proseslər deyildir, biz onları, şübhəsiz, həll edəcək və müsbət nəticələrə nail olacağıq.

Bizim üçün ən mürəkkəbi, ən çətini, ən önəmlisi Ermənistanla sülh yaradılmasına, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə, ölkənin ərazi bütövlüyünün bərpasına və yerindən-yurdundan didərgin salınmış insanların doğma ocaqlarına qayıtmasına nail olmaqdır. Doğrudur, orada onların doğma ocaqları artıq yoxdur, işğal edilmiş ərazilərdə nə vardısa, hamısı dağıdılmış, talanmışdır, heç nə qalmamışdır. Bu, bizə məlumdur. Digər ölkələrin bu bölgələrə gedib-gələn bir çox jurnalistləri və nümayəndələri də bunları görür və bu barədə bizə məlumat verirlər. Ona görə də sülh bərqərar edildikdən sonra, azərbaycanlılar öz doğma yerlərinə qayıtmağa imkan qazandıqdan sonra onların öz evlərini və ümumiyyətlə, hərbi əməliyyatlar başlanmazdan əvvəl əla vəziyyətdə olmuş bütün bu şəhərləri, yaşayış məntəqələrini yenidən tikib abadlaşdırması, heç olmasa, əvvəlki görkəmə salınması üçün hələ çox-çox illər gərəkdir. Bundan ötrü illərlə vaxt lazım olacaqdır.

Nə etməli? Tale belədir. Lakin başlıcası bu deyildir. Başlıcası münaqişəyə son qoymaq, sülhü bərqərar etmək və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, adamları öz yerlərinə qaytarmaqdır. Bax, biz belə çətin problemlər içərisində yaşayırıq, belə çətin şəraitdə nə kimi uğurlar qazanmışıq. Yəqin ki, bütün bunları adamlarla ünsiyyətdə olarkən, görüşərkən, söhbət edərkən siz özünüz eşitmisiniz. Lakin görüşümüzün, sadəcə olaraq, "salam, xoş gəlmisiniz" ruhunda keçməməsi üçün mən bəzi şeyləri sizə çox qısaca danışmağı qərara aldım.

Respublikamıza, xalqımıza göstərdiyiniz diqqətə görə sizə bir daha təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, siz Azərbaycanda həmişə arzu edilən qonaqlarsınız, tez-tez gəlin.

Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanov: Heydər Əliyeviç, belə bir çətin məqamda bizimlə görüşməyə vaxt tapdığınıza görə çox sağ olun. Norveçlilər də, isveçlilər də, finlər də, "Röyter" agentliyinin də, Moskvanın əslində bütün aparıcı televiziya şirkətlərinin də nümayəndələri buradadırlar.

Bu gün Azərbaycana marağımız böyükdür, çünki ölkəniz çox sürətlə dirçəlir, ayaq üstdə möhkəm durur. İlk təəssürat isə belədir - adamların üzündə təbəssüm artıbdır. Mən qısa bir müddət ərzində buraya artıq ikinci dəfə gəlirəm - hava limanından başlayaraq yaxşı, mehriban, xoş simalar gördüm. Bu, çox şeyə dəlalət edir. Sizin necə gərgin işlədiyinizi bilirik, Sizə maraq olduqca yüksəkdir, çünki həyatınızın bütün məqamları, bütün mərhələləri qələmə alınsa, yüz romana kifayət edər. Ona görə də burada ilk dəfə olan bir çox həmkarlarım, şübhəsiz, Sizi görmək, dinləmək, bəlkə də, nə barədəsə soruşmaq istərdilər. Axı, onlar təkcə Moskvadan deyil, həm də Helsinkidən, İsveç və Norveçdən gəlmişlər.

Lakin, ilk növbədə, mətbuata belə diqqətlə yanaşdığınıza görə Sizə təşəkkür etmək istərdim. Bizim "Mətbuatla ünsiyyətdə açıqlığa görə" adlı jurnalist mükafatımız var. Siz həmişə - MK-nın katibi olanda da, Moskvada işləyəndə də belə açıq olmusunuz. Ona görə də biz Sizə maksimum qüvvə, möhkəm ruh, cansağlığı arzulamaq istərdik, qoy öz ölkənizə, xalqınıza bəslədiyiniz məhəbbət Sizə yar olsun, azərbaycanlıların Sizə bəslədikləri çox böyük inam və etimad Sizi ruhlandırsın. Dünən bir nəfər bizə dedi ki, hamımız növbəti seçkilərdə Əliyevin yenidən prezident olmasını arzulayırıq. Lakin növbəti prezident seçkiləri hələ uzaqda olduğuna görə, biz Sizi bu mükafatımızla təltif etmək və Sizə ən xoş arzularımızı bildirmək istəyirik.

Heydər Əliyev: Çox sağ olun. Bu mükafat mənim üçün çox xoşdur. Çünki mətbuatla ünsiyyətdə açıqlıq mənə, görünür, təbiətən xasdır.

Mən Azərbaycanın rəhbəri işlədiyim dövrdə - 70-80-ci illərdə və Moskvada Siyasi Büronun tərkibində işlədiyim vaxtlarda nə varsa, o vaxtlar mümkün olan çərçivə daxilində hər şeyi mətbuata açıq söyləyirdim. Hər halda, mən müəyyən edilmiş çərçivədən çox-çox kənara çıxırdım. Açığını deyim ki, buna görə məni qınayırdılar. 1969-cu ildə burada işləməyə başlayanda mən Azərbaycanın həyatındakı bütün qüsurlardan, bütün xoşagəlməz hallardan açıq danışdım. Əvvəla, bu, bomba partlayışına bərabər idi. Bilirəm ki, onda bu, xaricdə çox böyük əks-səda doğurdu. Bu, xarici mətbuat vasitəsilə Sovet İttifaqının rəhbərlərinə çatanda, onlar məni qınayıb deyirdilər ki, siz nə üçün belə edirsiniz, bu nə deməkdir? Mən də deyirdim ki, axı, nə olub? Onlar isə cavabında bildirirdilər ki, belə açıq danışmaq nəyə gərək idi. Deyirdim ki, əgər mən bu qüsurlarla mübarizə aparmaq istəyirəmsə, onda necə açıq danışmayım?

Bilirsinizmi, o vaxtlar belə bir nəzəriyyə var idi, bu barədə mənə deyirdilər ki, kapitalizmlə sosializm arasında mübarizə gedir, kapitalist ölkələrində Sovet İttifaqına onsuz da çox qara yaxırlar. Siz isə özünüzün bəyanatlarınızla, faktlarınızla və sairə ilə onlara bunun üçün böyük əsaslar verirsiniz. Mən onlara deyirdim ki, bəyanatlarımın onlara bu baxımdan nə dərəcədə böyük əsaslar verdiyini bilmirəm, amma onlar onsuz da öz işlərini görürlər. Xatirimdədir, 1975-ci ildə biz bir rayon partiya komitəsinin birinci katibini işdən çıxarıb, partiyadan xaric etdikdən, ədalət mühakiməsinə verdikdən və bütün bunlar barədə qəzetlərimizin iki səhifəsində yazı dərc etdikdən sonra, başqa bir respublikanın birinci katibi mənimlə görüşəndə dedi: Siz nə üçün belə edirsiniz?

Deyirdi ki, bizim bəzi rayon partiya komitələrinin birinci katibləri yanıma gəlib bildirirdilər ki, Əliyev rayon partiya komitələrinin birinci katibləri təsisatını nüfuzdan salır. Mən isə ondan soruşdum ki, bəs siz bununla razılaşırsınızmı? Dedi ki, razı deyiləm, amma bütün bu işləri cəmiyyətə bəyan etmək nəyimizə gərəkdir. Dedim ki, onların özləri özlərini nüfuzdan salmışlarsa, daha mən nə ilə nüfuzdan salıram, mən onları nüfuzdan salmıram. Mən birini, ikisini, üçünü ciddi nöqsanlarına görə, nəinki səhvlərinə, hətta cinayətlərinə görə cəzalandırıram və bunu Azərbaycanın bütün ictimaiyyətinə çatdırıram ki, qalanlarını xilas edim, onlar belə yolla getməsinlər.

Müxtəsəri, açıqlıq məndə həmişə olmuşdur. Daha bir faktı xatırlayıram. Məncə, partiyanın 27-ci qurultayı idi. Bu, Siyasi Büronun üzvü kimi iştirak etdiyim axırıncı partiya qurultayı idi. Gərək ki, 1986-cı il idi. Moskvada, Xarici İşlər Nazirliyinin mətbuat mərkəzində, - o, indi də mövcuddur, orada bəzən informasiya verirdilər, - qurultayın işlədiyi bütün günlərdə kimlərin çıxış edəcəyi barədə plan hazırlamışdılar. Nazirin, Nazirlər Soveti sədrinin müavininin adını yazmışdılar. Siyasi Büro üzvlərindən isə yeganə məni yazmışdılar. Özü də o vaxtlar Nazirlər Sovetində mən başqa sahələrlə yanaşı, sosial məsələlərə də baxırdım. Odur ki, mən sosial məsələlər barəsində məlumat və suallara cavab verməli idim. Əlbəttə, bir qədər təəccübləndim, yaxşı, nə üçün Siyasi Büronun qalan üzvləri oraya, jurnalistlərin yanına getmirlər? Buna baxmayaraq, mən bundan imtina etmədim.

Xatirimdədir, mən oraya gəldim, qurultay davam edirdi, salon ağzınadək dolu idi, bəziləri hətta pilləkənlərin üstündə oturmuşdu. Mən kifayət qədər açıq çıxış etdim, sonra çox kəskin suallar oldu. Əlbəttə, bu suallar indi kəskin görünmür. Məsələn, soruşurdular ki, Sovet İttifaqında "qara bazar" varmı? Mən deyirəm, əlbəttə, var. O vaxt isə onun mövcudluğundan heç kəs danışmırdı. Rüşvətxorluq varmı? Mən deyirdim, əlbəttə, var. O vaxt, 1986-cı ildə, - adama elə gəlir ki, lap bu yaxınlarda olub, - bu, çox güclü təsir bağışladı. Həmkarlarımdan bəziləri onda mənə deyirdilər ki, siz yaxşı cavab verdiniz. Amma bununla yanaşı, onlar ölkəmizin qüsurlarından belə açıq danışmağımdan daxilən narazı idilər.

Doğrudur, bir ildən sonra mən Siyasi Büronun tərkibindən getdim. Lakin mən həmin günü, hər halda, xatırlayıram. Ona görə də mənim bu keyfiyyətimi - mətbuatla ünsiyyətdə açıqlığımı dəyərləndirməyinizi çox yüksək qiymətləndirirəm. Sağ olun.

Norveç teleradio verilişləri korporasiyasının şef-müxbiri Hans Şteynfeld: Biz Sizi ilk dəfə ağır günlərdə, 1990-cı ildə, Yanvar hadisələrindən sonra çəkmişik.

Heydər Əliyev: Bəli, xatırlayıram. Yeri gəlmişkən, mən sizə diqqət yetirdim, ancaq sizinlə görüşdüyümüzü deməyə çəkindim.

Hans Şteynfeld: Cənab prezident, Sizə belə bir sualım var. Norveç ilə Azərbaycan arasında Rusiya kimi böyük ölkə olsa da, fərqi yoxdur, Sizin ölkəniz bizim "Statoyl" Dövlət Neft Şirkəti üçün çox mühüm tərəfdaş olmuşdur və baş nazir bu yaxınlarda Norveçə gəlmişdi.

Mən Sizə Dağlıq Qarabağ barəsində sual vermək istəyirəm. Vaxtilə "icmalar prosesi" deyilən prosesdə İsraillə fələstinlilərin mövqelərini məhz Norveç diplomatiyası vasitəsilə yaxınlaşdırmaq mümkün olmuşdu. Bilirəm, bu proses onunla səciyyələnir ki, diplomatlarımız qarşı-qarşıya duran tərəfləri danışıqlar masası arxasında əyləşməyə az qala fiziki cəhətdən məcbur etmişdilər. Biz Sizi Avropa Şurasının üzvü olmağınız münasibətilə təbrik edirik və bununla əlaqədar bilmək istərdik, Sizcə, Qərbdəki tərəfdaşlarınız Dağlıq Qarabağda münaqişənin nizama salınması üçün bu cür üsul tətbiq edə bilərlərmi?

Heydər Əliyev: Sağ olun. Əvvəla, şadam ki, biz sizinlə artıq on ildən sonra görüşürük. Əvvəlki görüş 1990-cı ilin yanvarında olmuşdur. O günlər Azərbaycan üçün ağır günlər idi. Yeri gəlmişkən, o vaxtlar Sov.İKP MK-nın üçillik güclü təzyiqindən sonra mən ilk dəfə cəmiyyət arasına çıxmışdım. Biz onda görüşdük. Siz Moskvada evimizə, yanıma gəlmişdiniz, sonra isə hətta Naxçıvana da gəldiniz. Mən bunu qiymətləndirirəm. Norveçə rəsmi səfərim zamanı siz də orada idiniz. Gərək ki, biz sizinlə hava limanında hətta görüşmüşük.

Şadam ki, Norveçlə Azərbaycan arasında belə sıx münasibətlər mövcuddur, birinci müqavilədə - "Əsrin müqaviləsi"ndə "Statoyl" şirkəti çox böyük paya malikdir və indi neftdən mənfəət götürür. Çünki bu müqavilənin həyata keçirilməsi sayəsində 1997-ci ildən biz neft satırıq. Burada Norveçin bir çox digər şirkətləri işləyir, özü də kifayət qədər uğurla işləyirlər. Mən Sizin Stavanger şəhərində olmuşam, vertolyotla platformaya getmişik, çox maraqlı idi. Mən bunların hamısını yaxşı xatırlayıram. Əlbəttə, siz də yadımdasınız, Naxçıvana gəlmişdiniz, Əliyevin Moskvadan sonra Naxçıvanda necə ağır şəraitdə yaşadığını, işlədiyini gördünüz.

Demək istəyirəm ki, biz Norveçlə Azərbaycan arasında münasibətləri bundan sonra da inkişaf etdirəcəyik. Baş nazirimizin bu yaxınlarda oraya səfəri bunu bir daha təsdiqlədi. Sizin baş nazir Stoltenberq neft və energetika naziri işləyərkən burada dəfələrlə olmuşdur. Yeri gəlmişkən, o, mənim yaxın dostumdur.

O ki qaldı münaqişənin həllində Norveçin bizə kömək göstərmək imkanlarına, əlbəttə, digər ölkələr kimi, Norveç də bu cür imkanlara malikdir. Amma sizə açığını deməliyəm, təəssüf ki, Norveç bu imkanlardan istifadə etmir. Axı, son vaxtlaradək Norveç ATƏT-in sədri olmuşdur və cənab Vollebek xarici işlər naziri işləyərkən bir il ərzində ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsini həyata keçirmişdir.

Birincisi, jurnalist kimi sizə deyim ki, o, regionumuza öz səlahiyyət müddətinin bitməsinə iki ay qalanda gəlmişdi. İkincisi isə, biz ATƏT-ə bağlıyıq, ATƏT-in Minsk qrupu mövcuddur. Hər il ATƏT-ə bir ölkə başçılıq edir. İndi isə sədr Rumıniyadır.

Həmin bir il ərzində heç nə edilmədi. Buna baxmayaraq, haqqında danışdığınız təcrübədən Norveç istifadə etsə və bizə kömək göstərə bilsə, mən buna şad olaram. Ümumiyyətlə, bizə yardım göstərə biləcək bütün ölkələrin köməyini qəbul etməyə hazırıq.

Hans Ştenfeld: Cənab Vollebekin müdafiəsi naminə xatırlatmaq istəyirəm ki, onda Kosovoda müharibə başlandı və bu, onun sədrliyi ilə bir vaxta düşdü.

Heydər Əliyev: O məsələ bəlkə də ön sırada idi. Bu, nədir, mətbuat konfransıdır? Mənə demişdilər ki, görüş cəmi 15 dəqiqə çəkəcəkdir.

ORT televiziya şirkətinin müxbiri Sergey Semyonov: Heydər Əliyeviç, Rusiyanın və Azərbaycanın bir böyük problemi var - bu, qaçqınlar problemidir. İndi bizdə çoxlu çeçen qaçqını var, Sizdə də artıq neçə illərdir böyük qaçqın düşərgələri mövcuddur. Necə bilirsiniz, bu problem hansı yolla həll ediləcəkdir? Nə vaxt həll ediləcəkdir? Daha bir sual - əgər mümkünsə, bugünün hadisələri barədə qısaca danışasınız. Azərbaycan Rusiyada quldurluq etməkdə şübhəli sayılan iki yaraqlını Rusiyaya təhvil vermişdir. Cinayətkarların verilməsi haqqında Rusiya ilə Azərbaycan arasında nə kimi müqavilə bazası var?

Heydər Əliyev: Əgər qaçqınlardan danışsaq, bəli, Rusiyada da qaçqınlar var. Lakin əgər Rusiya ilə Azərbaycanı müqayisə etsək, Rusiya üçün bu, çox cüzidir. Ona görə ki, Rusiya kimi çox böyük ölkənin Çeçenistandan, yaxud İnquşetiyadan qaçqınları var. Ölkə çox böyükdür, geniş maddi imkanlara malikdir, bu qaçqınların evlərinə qayıdanadək az-çox normal şəraitdə yaşaması üçün istədiyi hər şeyi edə bilər. İkincisi, onların sayı azdır. Bilmirəm, 200 mindir, yoxsa 300 mindir, hər halda bundan çox deyildir. Azərbaycan isə kiçik ölkədir - 8 milyon əhalisi var. Təsəvvür edirsinizmi, bunun onda biri qaçqınlardır. Bizim Rusiyadakı qədər vəsaitimiz və imkanlarımız yoxdur. Əgər bunlar olsaydı, mən onları artıq çoxdan yerbəyer edərdim, - daimi yaşayış üçün yox, - biz onlara daha yaxşı şərait yaradardıq ki, doğma yerlərinə qayıdanadək çadırlarda yaşamasınlar. Odur ki, bircə yol var. Orada da, burada da münaqişəyə son qoymaq gərəkdir ki, insanlar öz yerlərinə qayıda bilsinlər. Dediyim kimi, artıq bundan sonra işin ikinci, eyni dərəcədə ağır mərhələsi başlanacaqdır, lakin biz artıq bunların hamısına dözəcəyik.

Rusiya ilə Azərbaycan arasında hüquqi yardıma gəldikdə, bizim bu sahədə müqaviləmiz var. Fürsətdən istifadə edərək deməliyəm ki, Rusiya bu baxımdan bizə çox böyük kömək göstərmişdir. Bizim daxili işlər naziri deyir ki, son beş ildə burada ağır cinayətlər törətmiş təxminən 300 cinayətkar Rusiya ərazisində yaxalanmış və Azərbaycana verilmişdir. Ona görə də biz Rusiyanın hüquq-mühafizə orqanlarına minnətdarıq, bunu dəfələrlə demişik. Rusiya ilə Azərbaycan arasında hüquqi yardım haqqında müqavilə ilə üzərimizə qoyulmuş öhdəlikləri yerinə yetirmək üçün biz də mümkün olan işləri görürük.

TVS şirkətinin müxbiri Yelena Quteontova: Mətbuatda oxudum ki, Siz ərzaq təhlükəsizliyi proqramını bəyənmisiniz. Bu proqram nə ilə əlaqədar qəbul edilmişdir və o, hələ ümumi Sovet keçmişimizdən sizli-bizli xatırladığımız ərzaq proqramına oxşamırmı? Belə bir məlumat da vardı ki, NTV kanalının Dağlıq Qarabağ ordusu haqqında süjet göstərmək niyyətində olması ilə əlaqədar Siz bu yaxınlarda Rusiya kanallarının - RTR-in, ORT-nin, NTV-nin yayımlanmasının qadağan olunmasını tələb etmisiniz. Siz belə tələblərə necə baxırsınız və ümumiyyətlə, bu cür tədbirlər səmərəlidirmi?

Heydər Əliyev: Əvvəla, bu, ərzaq proqramı deyildir. Mən həmin ərzaq proqramına yaxşı bələdəm, çünki onun müzakirəsində iştirak etmişəm və hər bir respublika bu cür proqram hazırlamışdı. O, ölkənin tələbatının tam ödənilməsi üçün Sovet İttifaqında ərzaq məhsulları istehsalını təmin etməkdən ötrü nəzərdə tutulmuşdu. Amma təəssüf ki, biz buna nə taxıl istehsalında, nə heyvandarlıq məhsullarında, nə də digər sahələrdə nail ola bildik. Yeri gəlmişkən, 1982-ci ildə Mixail Qorbaçov öyünürdü ki, Sovet İttifaqının inkişafını təmin edəcək çox güclü ərzaq proqramı hazırlayıb. Bu proqramı MK-nın plenumunda Brejnevin məruzəsi ilə qəbul etdilər. Bu, 1982-ci ildə olmuşdur, Qorbaçov onda MK-nın kənd təsərrüfatı üzrə katibi idi. Lakin 1985-ci ildə baş katib olandan sonra 1991-ci ilədək heç nə etmədi. Əksinə, vəziyyət pisləşdi. Ərzaq təhlükəsizliyi haqqında bu proqram isə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən tövsiyə olunmuşdur. Burada zəruri hallar üçün məhz ehtiyatlar yaradılması nəzərdə tutulur. Bu, ərzaq proqramı deyildir. İndi bizdə torpaq tamamilə özəlləşdirilib, hamısı kəndlilərə paylanıbdır. Yeri gəlmişkən, bu, Azərbaycan əhalisinin ərzaq məhsulları ilə təmin edilməsində olduqca böyük rol oynamışdır.

Məsələn, Sovet dövründə ixtisaslaşma mövcud idi. Biz çoxlu pambıq istehsal edir və onu Sovet İttifaqının müxtəlif yerlərinə göndərirdik. Bunun əvəzində bizə ət, süd, yağ vəd edirdilər, çünki bu məhsullar bizdə çatışmırdı. Amma biz pambıq verir, əvəzində isə nə ət alırdıq, nə də yağ. İndi isə torpağı kəndlilərə paylamışıq. Onlar nə istəyirlər, onu da əkib-becərirlər. Bizdə ət də, süd də, taxıl da, nə istəsəniz, hər şey boldur. Bir Bakıya baxın, hər yerdə ət satılır. O vaxtlar isə MK-nın birinci katibi kimi mən əziyyət çəkirdim, biz talon verməli olurduq, bu talonla hər ailəyə ayda, bilmirəm, 2 və ya 3 kiloqram ət satılırdı. Vəssalam. Mağazalar bom-boş idi, indi isə bilmirsən əti nə edəsən. Xatirimdədir, biz Ukraynadan, Belorusiyadan kartof alırdıq, yenə də, şübhəsiz, çatışmırdı. İndi kəndlilərimiz o qədər kartof istehsal edirlər ki, bu, nəinki Azərbaycana çatır, onu hətta xaricə aparıb satırlar.

Biz onlara nəzarət etmirik. Bizim kənd təsərrüfatı məhsulları istehsalı sahəsində heç bir problemimiz yoxdur.

Doğrudur, biz onlara çox güzəştli şərait yaratmışıq. Onları bütün vergilərdən azad etmişik. Kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq üçün biz onlara güzəştli şərtlərlə, təxminən 50 faiz ucuz yanacaq veririk. Gördüyünüz kimi, indi tamam ayrı vəziyyətdir.

O ki qaldı kanallara, mən bilmirəm, Rusiya kanalları bütün MDB ölkələrində Azərbaycanda olduğu qədər translyasiya edilirmi? ORT var, RTR var, NTV var, TV-6 kanalını antenna ilə tuturlar. Daha nə istəyirsiniz? Bilirsinizmi ki, bu kanallar bəzi ölkələrdə qadağan edilmişdir, yayımlanmır? Bizdə bunların hamısı var və hesab edirəm ki, bu, yaxşıdır. Qoy insanlar kanallardan istifadə etsinlər, çünki söz azadlığı, mətbuat azadlığı var, qadağan etmək nəyə lazımdır. Doğrudur, bizə haqq ödəmirlər, çoxlu borcları var. Yeri gəlmişkən, ORT-nin borcları olduqca çoxdur.

Röyter teleqraf agentliyi bürosu rəhbərinin müavini Denis Dyomkin: Dünən oğlunuz İlham dedi, o, əmindir ki, Siz növbəti prezident seçkilərində namizədliyinizi verəcək, qalib gələcək və ölkəni 2008-ci ilədək idarə edəcəksiniz.

Heydər Əliyev: Əgər o, deyibsə, mən daha nə əlavə edə bilərəm? O, hər halda, mənim oğlumdur, məni başqalarına nisbətən daha yaxşı tanıyır.

Denis Dyomkin: Siz növbəti seçkilərdə namizədliyinizi irəli sürmək niyyətindəsinizmi?

Heydər Əliyev: Əlbəttə. Niyə də yox? Mənim hələ imkanım var.

***

Görüşdən sonra Azərbaycan prezidenti Heydər Əliyev Norveç televiziyasının müxbiri Hans Şteynfeldə müsahibə verdi.

Sual: Sizin rəhbərliyiniz dövründə Azərbaycanda sabitlik təmin edilmişdir. Hazırda Qərblə inteqrasiya prosesləri müşahidə olunur. Siz Avropa Birliyinə və NATO-ya üzv olmaq barədə düşünürsünüzmü?

Heydər Əliyev: Bilirsiniz, biz yenicə Avropa Şurasına qəbul edilmişik. Avropa Şurasının tam hüquqlu üzvü olmaq üçün dörd il ərzində biz böyük bir yol keçməli olmuşuq. Əlbəttə, indi biz Avropa Birliyi barədə də düşünürük. Lakin, eyni zamanda, bunun necə çətin olduğunu da bilirik, çünki orada cəmi 15 ölkə var, daha yüksək inkişaf səviyyəsində olan nə qədər Avropa ölkəsi isə Avropa Birliyinə hələ qəbul edilməyibdir. Ona görə də biz gerçəkliyi əsas tuturuq. Əlbəttə, gələcəkdə bunu qarşımıza məqsəd qoyacağıq.

Hans Şteynfeld: Çünki Türkiyə ilə birlikdə siz Qərb üçün strateji baxımdan maraqlı tandemsiniz.

Heydər Əliyev: Bəli, həqiqətən, belədir. Ona görə Qərb də məhz özünün ölkəmizə olan maraqlarını nəzərə almalıdır.

Hans Şteynfeld: Sağ olun. Sizə uğurlar arzulayıram.

AzərTAc

Tarixi arayış