Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə işgüzar səfərin yekunları barədə Türkiyə və Azərbaycan prezidentlərinin birgə mətbuat konfransında bəyanatı - İstanbul, "Ceylan interkontinental" oteli, 14 fevral 1998-ci il


Hörmətli mətbuat nümayəndələri!

Hörmətli dostlar!

Mənim dostum və əziz qardaşım, prezident Süleyman Dəmirəlin indi sizə bəyan etdiyi sözlərin hamısını təsdiq edirəm. Onun dediyi sözlər bizim eyni fikirlərimizdir. Bildirmək istəyirəm ki, bu fikirlər dünən də, bu gün də bizim ikimizin aramızda olmuş baş-başa danışıqlarımız nəticəsində meydana çıxıbdır. Bu danışıqların ən əsas mənası ondan ibarətdir ki, bizim fikir ayrılığımız yoxdur.

Türkiyə-Azərbaycan dostluğuna aid fikirlər eynidir. Mən bu barədə öz fikrimi artıq bildirdim. Əziz dostum Süleyman Dəmirəlin fikri də bəyan edildi.

Azərbaycanın problemləri, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı biz daim əlaqədəyik, yəni bir-birimizlə daim məsləhətləşirik, ayrı-ayrı ölkələrdə, müxtəlif beynəlxalq təşkilatların toplantılarında görüşlərimiz olur. Biz bütün bu proseslərdə eyni fikirdəyik. Fikir də ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yalnız və yalnız sülh yolu ilə ola bilər. Biz başqa bir mümkün yol görmürük.

Ermənistan-Azərbaycan münaqişəsində 1994-cü ilin mayında atəşin kəsilməsi haqqında saziş imzalanıbdır. O vaxtdan 3 ildən artıqdır - iki-üç aydan sonra 4 il tamam olacaqdır - atəşkəs rejimindəyik. Bizim ən böyük nailiyyətimiz həmin atəşkəs rejimini qoruyub saxlamaqdır. Mən bu barədə həm Azərbaycan tərəfinin, həm də Ermənistan tərəfinin səylərini qeyd edirəm. Çünki həm Ermənistanın, həm də Azərbaycanın səyləri, bu mövqedə durması nəticəsində biz atəşkəs rejimini qoruyub saxlamışıq.

Mən bu gün bir daha bəyan edirəm ki, böyük sülh müqaviləsi imzalanana qədər, yəni münaqişənin tamamilə sülh yolu ilə həll olunması barəsində anlaşma, müqavilə əldə olunana qədər Azərbaycan tərəfi atəşkəs rejimini qoruyub saxlayacaqdır və atəşkəs rejiminin pozulmasına öz tərəfimizdən qətiyyən yol verməyəcəyik. Biz buna indiyə qədər sadiq olmuşuq, bundan sonra da sadiq olacağıq.

Ümidvaram ki, Ermənistanın daxilində gedən proseslər, yəni hakimiyyət dəyişikliyi qanun çərçivəsində nəticələnəcəkdir və Ermənistan xalqı öz prezidentini seçəcəkdir. Güman edirəm ki, bu məsələlər həll olunandan sonra bizim danışıqlarımız daha da sürətlə davam edəcəkdir. Ancaq danışıqların əsasını təşkil edən 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplərdir. Yəni Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də Azərbaycan millətinə mənsub olan əhalisinin təhlükəsizliyinin təmin edilməsidir.

Minsk qrupunun həmsədrləri bu prinsiplər əsasında keçən ilin sentyabr ayında təklif vermişlər. Bu təklifdə münaqişənin iki mərhələdə həll olunması nəzərdə tutulubdur. Birinci mərhələdə, Dağlıq Qarabağın ətrafında Azərbaycanın işğal olunmuş 6 inzibati rayonu Ermənistan işğalçı dəstələrindən azad edilməli, oradan zor gücünə çıxarılmış, köçkün vəziyyətində yaşayan vətəndaşlarımız öz yerlərinə-yurdlarına qayıtmalı və Ermənistanla Azərbaycan arasında olan kommunikasiya xətləri bərpa olunmalıdır. İkinci mərhələdə azərbaycanlılar yaşayan daha iki inzibati rayonun - Laçın və Şuşa rayonlarının işğalçı ordulardan azad olunması və onunla bərabər, Dağlıq Qarabağa Azərbaycan Republikasının tərkibində özünüidarəetmə statusu verilməsi nəzərdə tutulur.

Biz bu təklifi qəbul etmişik. Baxmayaraq ki, bu təklif bizi tam qane etmir. Yəni bizim də bu təklifə qarşı etirazlarımız vardır. Ancaq biz kompromis mövqe tutaraq bu təklifi qəbul etmişik. Ermənistan tərəfindən keçmiş prezident Levon Ter-Petrosyan bu təklifi qəbul etmişdir. Ancaq sonra Dağlıq Qarabağda olanlar və Ermənistan hökumətində bəzi şəsxlər bu təkliflə razılaşmadılar. İndi biz bu münaqişənin gələcəkdə də bu təklif əsasında həll olunmasını istəyirik. Hesab edirik ki, bu təklifdən geri çəkilmək olmaz.

Beləliklə, indi biz Ermənistanla Azərbaycan arasında olan bu atəşkəs rejimini qoruyub saxlamaq və danışıqları davam etdirmək məqsədi daşıyırıq. Bildiyimə görə, iki-üç gündən sonra Parisdə ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiyanın, ABŞ-ın və Fransanın təmsilçiləri görüşəcək və indiki durumu təhlil edəcəklər. Onların bu görüşündən sonra bizim bu barədə məlumatlarımız olacaqdır.

Qafqazda sabitliyi, sülhü, barışığı qorumaq üçün çox iş görmək lazımdır. Qonşu Gürcüstan bizim üçün dost ölkədir. Gürcüstanın həyatında baş verən hər bir hadisəyə biz çox diqqətlə, qayğı ilə yanaşırıq. Gürcüstanın prezidenti hörmətli cənab Şevardnadzeyə son günlər sui-qəsd, terror cəhdi olduğu bir zaman biz çox üzüldük, sarsıldıq. Mən dərhal - həmin hadisə baş verəndən 40 dəqiqə sonra Eduard Şevardnadzeyə telefonla zəng etdim, ona öz həmrəyliyimi, dəstəyimi bildirdim. Sabahı gün isə Azərbaycanda Təhlükəsizlik Şurasının toplantısını keçirdim, məsələni müzakirə etdim. Biz terrorçuların axtarılıb tapılması, yaxalanması üçün Gürcüstana hər cür yardım göstərilməsini təklif etdik və bəyan etdik. Ümid edirəm ki, Gürcüstanda hakimiyyət, prezident bu ölkənin dövlətçiliyini qoruyub saxlaya biləcəkdir, Gürcüstanın həm Türkiyə ilə, həm də Azərbaycanla olan dostluq əlaqələri bundan sonra da davam edəcəkdir.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox genişdir. Bu gün səhər iş adamları ilə görüşdə biz bu əlaqələrdən danışdıq. Ancaq bir məsələ Türkiyə ictimai rəyini, Türkiyə cəmiyyətini həmişə maraqlandırır. Bu da Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən neftin ixrac olunması yollarıdır. Mən bu barədə bir neçə dəfə bəyanatlar vermişəm. Keçən ilin may ayında burada rəsmi səfərdə olarkən öz fikrimi dəfələrlə bildirmişəm. Bundan sonra da öz fikirlərimi bildirmişəm. Bu gün bir daha bildirmək istəyirəm ki, burada variantlar çoxdur. Dünyanın bir çox ölkələri, Avropa Birliyi, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və dünyanın başqa maliyyə, iqtisadi mərkəzləri Xəzər dənizindən gələcəkdə çıxarılacaq neftin və qazın dünya bazarlarına nəql edilməsi yollarını arayırlar.

Şübhəsiz ki, bu araşdırmalar getməlidir. Çünki cürbəcür yollar, variantlar ola bilər. Hesab edirəm ki, Xəzər dənizində və Mərkəzi Asiyada, Azərbaycanda olan neft və qaz yataqları o qədər zəngindir ki, bu yanacağı ixrac etmək üçün bəlkə də bir boru xətti yox, bir neçə boru xətti olmalıdır. Ancaq biz planımızda, 1994-cü ilin sentyabrında ilk imzaladığımız "Əsrin müqaviləsi"ndə yazmışıq ki, böyük boru xətti Bakıdan, Türkiyə ərazisindən keçərək Ceyhana getməlidir. Biz bu fikri ondan sonra da dəfələrlə təsdiq etmişik, bu gün də təsdiq edirəm.

Mən buraya gəlməmişdən bir neçə gün əvvəl bu konsorsiumun - bu konsorsiumda 11 şirkət birləşibdir - rəhbərlərini dəvət etdim, onlardan raport tələb etdim. Mənə bildirdilər ki, onlar raportu bir neçə ay içərisində tamamlayıb verəcəklər. Çünki biz belə hesab edirik ki, bu ilin sonunadək, yəni payıza, yayın sonuna qədər gərək bu layihə hazırlansın, təsdiq olunsun və inşaat işlərinə başlansın.

Bu gün bir daha bəyan edirəm ki, Azərbaycanın, Xəzər dənizindəki yataqlardan çıxarılan neftin ixrac olunması üçün çəkiləcək böyük boru xətti Bakı-Ceyhan xəttidir. Bu xəttin həyata keçirilməsi üçün Azərbaycan hökuməti indiyədək çox işlər görübdür və bundan sonra da görəcəkdir. Buna tam arxayın ola bilərsiniz.

Transqafqaz magistralı çox böyük gələcəyi olan magistraldır. Bu işə biz bir il bundan əvvəl başlamışıq. Ancaq bir il içərisində nə qədər dəyişikliklər olubdur. Avropanın, Asiyanın nə qədər ölkələri bu Transqafqaz magistralına bağlanıblar. Burada yüklər həm Asiyadan Avropaya, Avropadan Asiyaya daşınır, həm də bu magistral üzərində, dediyim kimi, neftin və qazın ixracı üçün bir neçə boru xətti tikiləcəkdir.

Türkiyə bütün bu layihələrdə, işlərdə ən mərkəz yerdədir və daim mərkəz yerdə də olacaqdır. Biz bütün bu məsələlərdə Türkiyə ilə əməkdaşlıq edirik və bundan sonra da əməkdaşlıq edəcəyik. Hesab edirəm ki, bu işlər gələcəkdə "İpək yolu"nun bərpa olunmasını təmin edəcəkdir.

Bilməlisiniz ki, artıq "İpək yolu"na həm Avropada, həm də Şərqdə böyük maraq vardır. Məsələn, Yaponiyanın Baş naziri hələ 5-6 ay bundan öncə böyük bir məruzə edibdir və "İpək yolu"nun bərpa olunması üçün öz tərəflərindən lazımi tədbirlər görülməsinin nəzərdə tutulduğunu bildiribdir. Eləcə də Çin və Asiyanın başqa ölkələri "İpək yolu"nun bərpasına böyük maraq göstəriblər. Biz "İpək yolu"nu bərpa edirik. Türkiyə və Azərbaycan bu işlərin mərkəzində ən görkəmli yer tuturlar. Bu da Türkiyə-Azərbaycan və Asiya-Avropa iqtisadi əməkdaşlığının və ümumiyyətlə, əməkdaşlığın çox parlaq gələcəyi olduğunu göstərir.

Türkiyə ilə Azərbaycan arasındakı dostluq əlaqələri haqqında mən dünən də, bu gün də danışmışam. Amma bu elə bir mövzudur ki, bu barədə saatlarla danışsaq da fikir tükənməyəcəkdir. Ancaq bu gün bunu bir daha qeyd etmək istəyirəm ki, bizim bu dostluğumuza maneçilik etmək, dostluğumuzu pozmaq, ona ləkə salmaq istəyənlər də vardır. Belələri həm Azərbaycanın, həm Türkiyənin daxilində, həm də xaricində vardır. Bizim bu dostluğumuza qısqanclıq edən ölkələr, qruplar, dəstələr, siyasi qüvvələr az deyildir. Onlar qısqanclıq da, bəzən isə düşmənçilik də edirlər. Ona görə də biz çox sayıq olmalıyıq, qısqanclıq, düşmənçilik edənlərə heç bir imkan verməməliyik ki, hansısa bir xırda şeydən istifadə etsinlər.

Biz öz tərəfimizdən bunu edirik və edəcəyik. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Türkiyə də bunu edir və edəcəkdir. Əziz dostum, qardaşım prezident Süleyman Dəmirəllə, Baş nazir hörmətli Məsud Yılmazla dünən və bu gün apardığım danışıqların nəticəsində mən tam əminəm ki, biz bu dostluğu qorumaq üçün gələcəkdə də əlimizdən gələni edəcəyik. Bu dostluğa, qardaşlığa ləkə salanların heç birinə imkan verməyəcəyik.

Bilirsiniz ki, Türkiyədə "Susurluq qalmaqalı" ilə əlaqədar son vaxtlar cürbəcür danışıqlar meydana çıxıbdır. Təəssüflər olsun ki, bu qalmaqalla əlaqədar Azərbaycana aid heç bir əsası olmayan yazılar verilibdir. Baş nazir Məsud Yılmazla biz dünən bu barədə çox ətraflı söhbət etdik. Bunlara aydınlıq gətirmək lazımdır və təkliflər verilməlidir. Biz öz tərəfimizdən bunu araşdırdıq. Artıq siz bilirsiniz, yəqin mətbuatdan məlumdur ki, biz Azərbaycanda "Avropa" otelinin tikilməsi ilə əlaqədar baş vermiş hadisələri və orada mövcud olmuş qanun pozğunluqlarını və qanuna zidd olan cürbəcür hərəkətləri aşkara çıxardıq. Burada xüsusi günahı olan Azərbaycanın xarici işlər naziri Həsən Həsənov günahlandırıldı və işdən kənar olundu. Yəni kimsə, haradasa günah edibsə, kiminsə suçu, səhvi varsa, biz onun üstnü heç vaxt örtmürük və örtməyəcəyik. Biz həqiqət, təmizlik istəyirik. Mənəvi təmizlik bizim üçün hər şeydən üstündür. Heç bir sərvət, para mənəviyyatı əvəz edə bilməz.

Azərbaycanda bazar iqtisadiyyatı mövcuddur. Son vaxtlar yeni iqtisadi islahatlar həyata keçirilir. Respublikada restoranlar, gecə klubları, kazinolar açılmışdı. Son illər bunlara diqqət yetirilməyibdir. Ancaq araşdıranda ki, onlar Azərbaycan xalqının milli mənəviyyatına zərər verir və milli mənəviyyatımıza zidd olan şeylərdir, ona görə biz kazinoların, gecə klublarının bağlanması haqqında qərar verdik. Bu qərarımızın da üstündə duracağıq. Biz mənəviyyatımızı qorumuşuq, qoruyuruq. Bazar iqtisadiyyatını inkişaf etdirərək imkan verməməliyik ki, kimsə korrupsiyaya, rüşvətxorluğa yol versin, öz vəzifəsindən sui-istifadə etsin, kimsə bu məsələlərdən istifadə edib Azərbaycana ləkə gətirsin.

Şübhəsiz ki, belə nöqsanlar, səhvlər, günahlar və belə cinayətlər Azərbaycan cəmiyyətində mövcuddur. Ancaq əsas o deyildir. Əsas odur ki, Azərbaycanın hökuməti, dövləti, prezidenti bütün belə mənfi halların hamısının əleyhinədir. Biz bunlara qarşı mübarizə etmişik, bundan sonra da mübarizə edə bilərik. Bəzən belə kiçik hallar böyük bir hala gəlib çıxır və bizim ölkələrimiz arasında olan dostluğa, qardaşlığa ləkə gətirir. Biz buna imkan verməyəcəyik.

Bilin ki, - əziz dostum Süleyman Dəmirəlin sözlərini təkrar edirəm, - Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə dostluğu müqəddəsdir, əbədidir, sarsılmazdır. Bizim vəzifəmiz bu müqəddəs əlaqələri qoruyub saxlamaq və gələcək nəsillərə tövsiyə etməkdir. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2005, 14-cü cild, səh. 279.