Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə dövlət komissiyasının növbəti iclasinda çıxışı - Prezident sarayı, 23 iyul 1996-cı il


Hörmətli komissiya üzvləri!

1994-cü ildən Azərbaycanda Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley tədbirləri keçirilir. Bu müddətdə çox iş görülüb. Məhəmməd Füzulinin yaradıcılığı həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə təbliğ olunubdur. Hesab edirəm ki, 1994-cü ilin martında yaradılmış yubiley komissiyası gərəkli işlər görübdür. Məhəmməd Füzuli elə bir şəxsiyyətdir ki, onun yubileyi ilə əlaqədar tədbirləri daim davam etdirmək olar. Ancaq eyni zamanda müəyyən mərhələdə görülən işlərə də yekun vurmaq, ən yüksək tədbirləri keçirmək lazımdır. Ona görə də mən Məhəmməd Füzulinin yubile­yi ilə əlaqədar yaradılmış komissiyanın bu gün növbəti iclasını çağırmışam.

Təklif edirəm ki, yubiley komissiyası sədrinin müavini Elçin Əfəndiyevin bu barədə məlumatını dinləyək, görülən işləri təhlil edək və bundan sonra görüləcək tədbirlər haqqında müəyyən qərar qəbul edək.

* * *

Elçin Əfəndiyev ətraflı məlumat verdi. Biz yəqin ki, bu məsələlər barədə fikir mübadiləsi aparmalıyıq. Ancaq müzakirəyə başlamamışdan əvvəl mən iki məsələni qeyd etmək istəyirəm. Birincisi, bu gün iyulun 23-dür. Üç il bundan əvvəl respublikamızın Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Ağdam böyük rayondur. Onun ərazisi də böyükdür. Ermənistanın Azərbaycana təcavüzü başlayandan, ilk gündən, 1988-ci ildən Ağdam rayonu, xüsusən onun Dağlıq Qarabağla sərhəddə yaxın yaşayış məntəqələri atəş altında olmuşdur. Gedən müharibə nəticəsində, hələ 1993-cü il iyulun 23-dək, Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənədək rayonun ərazisinin bir qismi 1991-1992-ci illərdə işğal altında idi. 1993-cü il iyulun 23-də isə Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İndi Ağdam rayonu ərazisinin bir hissəsi, Ağdam şəhəri işğal altındadır. Orada yaşamış sakinlərimiz Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz yerlərindən didərgin düşüblər. Amma əhalinin digər hissəsi hazırda Ağdam rayonunun işğal olunmamış ərazisində yaşayır və fəaliyyət göstərir.

Ağdam rayonunun, şəhərinin işğal edilməsi Azərbaycan üçün əlbəttə ki, böyük zərbə olmuşdur. Çünki Ağdam Azərbaycanın qədim, böyük, tarixi abidələrə malik şəhərlərindəndir. Bu, bütün Azərbaycan xalqını kədərləndirir. Biz də bu gün bu kədərli hadisəni yad edirik. 1988-ci ildən bəri, Ermənistanın Azərbaycana təcavüzü başlayandan 1994-cü ilin mayında atəş dayandırılanadək xalqımız çox böyük itkilər verib, insanlar şəhid, həlak olublar. Böyük itkilər vermişik. Ona görə də müzakirələr başlanmamışdan əvvəl mən istərdim ki, biz bu gün, bu dəqiqə bu faciəli hadisəni yad edək. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda, respublikamızın torpaqlarının qorunması uğrunda həlak olmuş soydaşlarımızın, vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah rəhmət eləsin.

Ağdam şəhərinin işğal olunması ilə əlaqədar yaxın günlərdə mənim planlarım da var. Ağdam rayonunun nümayəndələri ilə görüş keçirmək fikrindəyəm. Güman edirəm ki, biz bu görüş zamanı həm keçmiş illəri təhlil edəcəyik, həm də gələcək haqqında, respublikamızın ərazi bütövlüyünün təmin olunması, o cümlədən işğal edilmiş torpaqlarımızın azad edilməsi ilə əlaqədar fikir mübadiləsi apara biləcəyik.

Füzulinin 500 illiyi ilə əlaqədar yaradılmış yubiley komissiyasının fəaliyyəti haqqında  Elçin Əfəndiyev geniş məlumat verdi. Bir daha qeyd etmək istəyirəm ki, çox işlər görülübdür. 1994-cü ildə yaradılmış komissiyanın hər bir üzvü indiyədək görülmüş işlərə öz payını veribdir. Ancaq təəssüflər olsun ki, biz bu komissiyanın bir neçə üzvünü itirmişik. Keçən iclasda mən xatırladım, böyük şairimiz Xəlil Rza, böyük alimimiz Rüstəm Əliyev dünyalarını dəyişiblər. O iclasdan sonra bizim yenə də itkilərimiz var: böyük yazıçımız İsmayıl Şıxlı, böyük alimlərimiz Aslan Aslanov, Cahangir Qəhrəmanov da dünyalarını dəyişiblər. Komissiyamızın dünyasını dəyişən üzvlərinin hamısının xatirəsini istəyirəm bir dəqiqəlik sükutla yad edək.

Allah rəhmət eləsin.

Elçin Əfəndiyev məlumat verdi, həqiqətən is görülüb. Eyni zamanda təklif irəli sürdü ki, Zirvə mərasimini də keçirək. Bununla əlaqədar bir sıra təkliflər də irəli sürülüb. İstərdim ki, komissiya üzvləri öz fikirlərini desinlər, eyni zamanda kimin nə təklifi varsa, desin...

*  *  *

Mən bir məsələni dəqiqləşdirmək istəyirəm. Siz deyirsiniz ki, Nizami muzeyinin, bizim tarixi abidəmiz olan muzeyin adını dəyişdirib Füzuli muzeyi edək? O, bizim həyatımıza Nizami muzeyi kimi daxil olub. İndi o, Nizami adına muzeydir, eləmi? Həmin muzeyi, oradakı heykəllər, gözəl bəzəklər, naxışlar ilə birlikdə 1948-ci ildə yaratdılar. Mən o vaxtdan da o muzeyi Nizami muzeyi hesab edirəm....

Cəfər Cabbarlının abidəsini mən qoydum getdim. Xatirinizdədirmi, o abidəni 1981-ci ildə qoyduq. Mən 1982-ci ildə buradan getdim. Amma siz hamınız burada idiniz, o cümlədən sənin (Nəbi Xəzriyə müraciətlə - Red.) də hər bir səlahiyyətin var idi. Ad yazmaq bir şey deyildir, yazılmamışdı -yazaydınız. Əlbəttə o abidənı qurmaq, yaratmaq çox çətin idi. Düzgün deyirsən, abidənin müəllifi Mirələsgər Mirqasımov tələb edirdi ki, bu abidə bütöv qranitdən olsun. O vaxt bu işi aparanların bir çoxu deyirdi ki, o mümkün deyil. Bu mubahisə iki il davam etdi. Nəhayət o, bir-iki dəfə mənim yanımda oldu, görüşdük. Baxdım ki, müəllifin təklifi elədir ki, bunu etmək lazımdır. Doğrudur, çətin idi, amma o, belə bir əsər yaradıbsa, müəllifin yaratdığını olduğu kimi icra etmək lazımdır.

Doğru deyirsiniz, mən bu işə qarışdım. Qraniti Ukraynadan çox çətinliklə gətirdik, bu abidəni qurduq, yaratdıq. İndi sən deyirsən ki, orada bazardır. Ola bilər. Ancaq oradakı Sabunçu dəmir yol vağzalı vaxtilə nə vəziyyətdə idi? Bunların hamısını siz görmüsünüz. Axır vaxtlar mən oralara getməmişəm. O zaman biz oranı abadlaşdırdıq, yenidən qurduq, dəmir yol vağzalı ilə meydanı birləşdirdik. Tarixi abidə olan Sabunçu vağzalının binasını bərpa etdik. Bunlar hamısı görülmüş işlərdir. Amma, əgər Cəfər Cabbarlının abidəsi önünə adı yazılmayıbsa, bu adı yazmaq hər şeydən asan idi. Gərək bunu edəydilər. Əgər bunu etməmisinizsə, şübhəsiz ki, mən bunu da edərəm.

İstanbulda Balasanyanın "Leyli və Məcnun" baletinin tamaşaya qoyulması, şübhəsiz ki, təəccüb doğurur. Məlumdur, vaxtilə Balasanyan "Leyli və Məcnun" baletini yazıb. Bu, Böyük Teatrda da tamaşaya qoyulub. Keçmişə nəzər salsaq, "Leyli və Məcnun" mövzusu Şərq aləminə məxsus olan mövzudur. Ancaq bu mövzu Azərbaycanın dahi şəxsiyyətlərinin yaradıcılığı nəticəsində əsərlərdə öz əksini tapıb. Nizami də, Füzuli də "Leyli və Məcnun" yazıb. Arif Məlikov doğru dedi, hesab edirəm ki, bəşər tarixində, Şərq aləminin tarixində, İslam aləminin tarixində "Leyli və Məcnun" mövzusunda məhz Məhəmməd Füzulinin poeması əsasında dahi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən opera yazılıbdır. Biz bəzən bunu tariximizdə adi bir hadisə hesab edirik. Ancaq bu, adi hadisə deyildir. Birincisi, ona görə ki, ümumiyyətlə, Şərq aləmində Üzeyir Hacıbəyovdan əvvəl opera yazan olmayıb. Bu operanı yaradan Üzeyir Hacıbəyovdur. Ola bilərdi ki, bu operanı hər hansı başqa bir mövzu üzərində yazsın. Üzeyir Hacıbəyov bu operanı məhz Füzulinin poeması əsasında yazıb. Bilirsiniz, Füzulinin Üzeyir Hacıbəyovla bağlanması, 500 il bundan əvvəl yaşamış Füzulinin 100 il bundan əvvəl yaşamış Üzeyir Hacıbəyovun Şərq aləminə xas olmayan opera sənəti əsasında bağlanması tarixi bir hadisədir. Bu, xalqımızın incəsənətdə, mədəniyyətdə, musiqidə nə qədər yüksəklərə qalxdığmı göstərir. Biz bununla fəxr edirik və fəxr etməliyik. Yenə də deyirəm, bunu adi hadisə kimi qəbul etmək lazım deyil. Bu, qeyri-adi bir hadisədir.

Ancaq bizim sonrakı bəstəkarlarımız gərək Üzeyir Hacıbəyovun yolu ilə gedəydiler. "Leyli və Məcnun" mövzusunda bir balet yazaydılar. Qara Qarayevin "Leyli və Məcnun" simfonik əsəri çox dəyərli bir əsərdir. Mən onu dəfələrlə dinləmişəm. Yadımdadır, biz Qara Qarayevin 60 illik yubileyini qeyd edəndə həm Moskvada, həm də Bakıda məhz bu əsəri ifa etdilər. Ancaq bu mövzuda balet yazmaq lazımdır. Arif Məlikov "Məhəbbət əfsanəsi" adlı çox gözəl bir əsər yaradıb. Bu əsər dünyanın ən böyük teatrlarında tamaşaya qoyulub və bu gün də qoyulur. Ancaq gərək bir başqa bəstəkarımız da "Leyli və Məcnun" baleti yaradaydı. Bunu Arif Məlikovun özü də edə bilərdi. Çünki onun yaratdığı birinci balet çox uğurlar qazanıb, bir çox teatrlarda bu gün də uğurla gedir.

Mən hesab etmirəm ki, xalqımızın, bəstəkarlarımızın yaradıcılıq potensialı tükənibdir, yox. Bu gün də, sabah da əsərlər yaranacaq. Bəzən insanlar düşünürlər ki, bu olmasa biz sabah necə yaşayacağıq? Amma sabah yeni bir istedad meydana çıxar. Əlbəttə, dahilər hər il yetişmir. Bu da təbiidir. Əgər belə olsaydı, şübhəsiz ki, onların qiyməti olmazdı. Xalqımızda istedadlar potensialı çox böyükdür. Güman edirəm, indiyədək ol­mayan əsərlər bundan sonra yaranacaqdır. Biz də onu görəcəyik, sonrakı nəsillər də onu görəcəklər.

Ancaq İstanbulda Balasanyanın əsərlərinin tamaşaya qoyulması şübhəsiz ki, təəccübləndirici bir məlumatdır. Güman edirəm ki, Polad Bülbüloğlu “Türksoy"un sədri və Mədəniyyət Nazirliyinin başçısı kimi gərək bu məsələni biləydi və türk qardaşlarımıza izah edəydı ki, belə ola bilməz. Ola bilər, nəzərdən qaçıb. Bu məsələni öyrənin, belə şeylər ola bilər. Bəlkə bəziləri kimin kim olduğunu anlamırlar, yaxud bəziləri bunu qəsdən edirlər, ola bilər.

Yekun sözü

 

Güman edirəm, hamınız razılaşarsınız ki, bu gün komissiyanın iclası görülmüş işlərə yekun vuracaqdır. İclas həm də Füzulini qəlbimizdə, eləcə də xalqın qəlbində yenidən canlandırır. Son illər, xüsusən 1994-cli ildə Füzulinin 500 illiyi ilə əlaqədar yubiley komissiyası yaradıldıqdan sonra çox iş görülübdür. 94-cü, 95-ci və 96-cı illərdə keçirilən yubiley tədbirləri sadəcə olaraq bir yubiley günü, yaxud yubiley ayı və ya yubiley ili ilə bağlı mərasimlər deyildi, onlar Füzuli yaradıcılığının geniş bir çərçivədə təbliğ olunmasına şərait yaradırdı.

Füzulini ən əvvəl öz ölkəmizdə daim təbliğ etmək lazımdır. Bizim xalqımız, xüsusən gənc nəsil, yeni həyata qədəm qoyanlar Füzulini nə qədər oxusalar, dərk etsələr, onun yaradıcılığı ilə yaxından tanış olsalar, Füzuli şəxsiyyətinin böyüklüyünü hiss etsələr adamlarımız bir o qədər saf mənəviyyat istiqamətində yaşayacaq və həyatlarını da bu ruhda quracaqlar. Çünki Füzulinin həyatı da, bütün yaradıcılığı da həm yüksək mənəviyyat, həm yüksək fəlsəfədir, həm də insanlara mənəvi, estetik qida verən böyük bir mənbədir.

Buna görə də təxminən bu üç ildə görülən işlər həyatımızda, xüsusən ictimai-siyasi, mədəni həyatımızda çox əhəmiyyətlidir, onların böyük təsiri var və bundan sonra da olacaqdır.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT