Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Novruz bayramı münasibətilə İçərişəhərdə və Şirvanşahlar Sarayı muzeyinin həyətində ziyalılar, ədəbiyyat və incəsənət xadimləri, musiqiçilər ilə görüşü və söhbəti - 21 mart 1998-ci il


Sevda Dadaşova (Şirvanşahlar muzeyinin direktoru): Hörmətli prezident, Şirvanşahlar sarayı kompleksinin bərpa layihəsinin müəllifı 80 yaşlı professor Niyazi Rzayevdir. Onun layihəsinə əsasən bərpa işlərinə 1992-ci ildə başlanıb. Gördüyünüz taxt-tac otağında əl işləri çox olduğuna görə biz işə buradan başlamışıq. Oyma daşlardan tağlar yığılıb, sütunlar quraşdırılıb, üzərinə kapitellər qoyulub. Günbəzaltı tağların üzərində daş salxıtlar quraşdırılıb. Bundan sonra günbəz yığılacaqdır.

Hörmətli prezident, professor Niyazi Rzayev buradadır, Sizinlə görüşə gəlib.

Niyazi Rzayev: Mən həyatımın 60 ilini Azərbaycanın orta əsr memarlıq abidələrinin bərpasına həsr etmişəm. Şirvanşahlar sarayında 50-ci illərdən işləyirəm. 81 yaşım var. Məni bu abidə yaşadır.

Heydər Əliyev: 81 nə yaşdır ki! Sən çox cavan görünürsən. Gördüyünüz işlər gözəldir. Mən bu işlərə təəccüb edirəm. Bunları bir neçə əsr bundan əvvəl millətimiz yaradıb. Vaxtilə bu sənətləri itirmişik. İndi onları bərpa etməyə imkanımız vardır. Siz böyük işlər görürsünüz. Mən sizin işinizi yüksək qiymətləndirirəm. Gələcək nəsillər də qiymətləndirəcək. Bulların hamısını biz bərpa edib, əvvəlki vəziyyətə gətirib çıxarsaq, gələcək nəsillər üçün böyük iş görmüş olarıq.

Niyazi Rzayev: Çox adamlar yazır ki, Azərbaycanda nə padşah, nə də saray olubdur.

Heydər Əliyev: Azərbaycanda padşah da olub, saray da olubdur. Ona görə də biz bu işi tamamlayıb göstərməliyik ki, saray da olubdur.

Sevda Dadaşova: Möhtərəm prezident, Sizdən bir xahişimiz var. Bərpa işlərinə ayrılan vəsait azlıq edir.

Heydər Əliyev: Nə qədər vəsait lazımdır?

Rafael Allahverdiyev: 2 milyard manat pul ayrılsa, biz bu abidəni 5 ilə bərpa edə bilərik.

Heydər Əliyev: 5 ilə 2 milyard?

Sevda Dadaşova: Əslində, 43 milyard manat lazımdır. Ayrı-ayrı abidələr üçün nəzərdə tutulan pulu xərcləyə bilmirik.

Niyazi Rzayev: Möhtərəm prezident, daş memarlığı Hindistanda, Misirdə və Azərbaycanda mövcuddur. Dünyanın başqa heç bir yerində yoxdur. Onun adı salxıtdır, yəni sallanan daş deməkdir. İnşaallah, mənim terminlər lüğətim çıxacaq, orada bu sözün izahını verəcəyəm. Sizi görüb çox şad oldum. Tarixi abidələrin bərpası ağır və incə işdir. Burada çalışan sənətkarların zəhmət haqqının 40 faizi vergi kimi tutulur. Ona görə də onlar bu işi yarımçıq qoyub daha çox qazanc gətirən iş dalınca qaçırlar. Sizdən xahişim budur ki, onlar bu vergidən azad edilsinlər.

Heydər Əliyev: Biz bu məsələyə baxarıq.

Sevda Dadaşova: Hörmətli prezident, 2000-ci ildə sarayın 500 illiyi tamam olacaqdır. Arzumuz budur ki, yubiley günü Sizinlə burada bir daha görüşək, Sizin rəhbərliyiniz altında bərpa olunmuş saray binasının açılışında iştirak edək. Bir daha Sizə xoş gəlmisiniz deyirəm.

Heydər Əliyev: Çox sağ olun. 500 illik yubileyə qədər saray kompleksi tam bərpa olunacaqmı?

Sevda Dadaşova: Əgər vəsait ayrılsa, bunu etmək mümkündür.

Heydər Əliyev: Vəsait ayırarıq. Bərpa işini kim həyata keçirir?

Rəfael Allahverdiyev: Bizim "Bərpaçı" təşkilatımız var. Bu işi onlar həyata keçirirlər. Sevda xanım qeyd etdi ki, kompleksin bərpasına 43 milyard manat lazımdır. Bu işi 2 il müddətində görmək çox çətindir. Amma əsas işləri görmək olar.

Heydər Əliyev: Bu işi belə pərakəndə aparmayın. Siz bir proqram hazırlayın.

Sevda Dadaşova: Proqram hazırlamışıq. Əgər vəsait olsa, saray binasının bərpasını 2 il müddətinə qurtarmaq olar. "Bərpaçı" təşkilatı ilə yanaşı, burada paralel olaraq ayrı-ayrı briqadaları da işlətmək mümkündür. Məsciddə bərpa işləri bir o qədər çox deyildir, yalnız günbəzi su buraxır. Onun türbəsində və divanxanada bərpa işləri aparılmalıdır. Bunlar 2 ilə qurtara bilər.

Heydər Əliyev: Siz planınızı, təklifinizi hazırlayıb yazılı surətdə verin. Xüsusi sərəncam hazırlamaq lazımdır. Görüləsi işlər o sərəncamda təsdiq olunmalıdır. Bilinməlidir ki, yubileyə qədər hansı işləri real olaraq görmək mümkündür. İşlərin həyata keçirilmə qrafıki müəyyən olunmalıdır ki, nə vaxt hansı işlər görülməlidir və bunlar üçün nə qədər vəsait lazımdır. Konkret olaraq qarşıdakı 3 ildə, yəni 1998-ci ildə və 2000-ci ilin sonuna qədər. Mənə elə gəlir ki, 2000-ci ilin sonuna qədər bu işi görmək olar. Buna vəsait ayıra bilərik. Amma gərək konkret plan və iş qrafiki olsun - hansı işlər görüləcək və kim buna cavabdehdir. Təkcə "Bərpaçı" yox. Konkret olaraq briqadalar ayrılmalıdır. Bunların hamısını Baş nazir Artur Rasizadə bizim aparatla birlikdə hazırlasın və versin, mən təsdiq edim, sərəncam verim, bu iş üçün vəsait buraxılsın. Üç aydan bir biz gərək görülən işlər haqqında raport alaq. Bunu etmək lazımdır. Təəssüf ki, siz bunu bir qədər gec deyirsiniz. Əgər bir il bundan öncə məsələni qaldırsaydınız, biz bunu daha rahat edərdik. Amma indi də etmək mümkündür. Bu abidə ümummilli əhəmiyyət daşıyır. Yaxşı ki, biz bu gün buraya gəlmişik. Yəqin ki, buraya gəlməsəydim, bu vəziyyəti bilməyəcəkdim, siz də öz bildiyiniz kimi işləyəcəkdiniz.

Sevda Dadaşova: Biz öz növbəmizdə çalışacağıq ki, Şirvanşahlar sarayının bərpasını 2000-ci ilədək başa çatdıraq, Siz də dövlətçiliyimizin rəmzi olan bu sarayın açılışında iştirak edəsiniz.

Heydər Əliyev: Şübhəsiz, onu edəcəyik. Ancaq əsas məsələ bu bərpa işini həyata keçirməkdir. Şirvanşahlar sarayı Azərbaycan xalqının iftixar etdiyi tarixi-memarlıq abidəsidir. Bu, həm bizim memarlığımızın ən yüksək səviyyədə olduğunu göstərir, həm də dövlətçiliyimizin tarixini əks etdirən bir abidədir, kompleksdir və şübhəsiz ki, dünyada da məşhurdur. Ancaq etiraf etmək lazımdır ki, biz bu sarayın həm təbliğinə, həm də onun bərpasına indiyə qədər fikir verməmişik. Doğrudur, onun adı dünyanın memarlıq albomlarında, kataloqlarında vardır. Mən xatırlayıram ki, institutda memarlıq fakültəsində oxuyarkən biz bunu xüsusilə öyrənirdik. Mən gəlib burada günlərlə, həftələrlə bu abidəni öyrənmişəm, bundan imtahan vermişəm. Divanxananın portalı ən yüksək memarlıq incisidir. Bunu çoxları bilir. Ona görə də biz bu kompleksi bərpa edib göstərməliyik ki, bizim tariximiz, 500 il bundan əvvəl olan dövlətçiliyimiz, dövlətimiz və bizə qalmış irs budur.

Sevda Dadaşova: Möhtərəm prezident, çox sağ olun. Biz Şirvanşahlar sarayının dünya muzeylərində olan varidatını da qaytarmalıyıq.

Heydər Əliyev: Bu məsələ ilə də məşğul olmaq lazımdır. Təkcə bərpa məsələsi deyil. Ümumiyyətlə, biz Şirvanşahlar sarayının 500 illik yubileyinə hazırlıqla əlaqədar tədbirlər görməliyik.

Süleyman Ələsgərov (Bəstəkar, xalq artisti): Möhtərəm prezident, icazə verin, bu tarixi abidəyə toplaşmış sənət adamları adından Sizi, Milli Məclisin sədri Murtuz Ələsgərovu, Baş nazir Artur Rasizadəni Novruz bayramı münasibətilə bir daha təbrik edək. Buraya toplaşmış ədəbiyyat və incəsənət xadimlərinin bir hissəsinə Siz bu yaxınlarda fərdi təqaüdlər təqdim etmisiniz. Ona görə də Sizə səmimi minnətdarlığımızı bildiririk. Əvvələn, mən Sizə cansağlığı arzulayıram. Amma ən böyük arzum odur ki, bu il biz Sizinlə Şuşada, Cıdır düzündə görüşək, arzularımızın qalan hissəsini orada Sizə deyək. Bizim dünya şöhrətli sənətçilərimiz Habil Əliyev, Arif Babayev buradadırlar. Onlar Sizi musiqi ilə salamlamaq istəyirlər. İcazənizlə onları dinləyək.

Heydər Əliyev: Çox sağ ol. Sənin ifa etdiyin musiqini mən həmişə sevmişəm, xalqımız sevib. Səni dinləmək pis olmaz. Arif Babayev də bizim böyük müğənnimizdir. Bu yaxınlarda 60 yaşı tamam oldu, onu təbrik etdim. Arzu edirəm 100 yaşın olsun. Böyük xanəndəmiz Xan Şuşinskinin yerini tutmusan, onun sənətinin davamçısısan. Allahdan arzu edirəm ki, həmişə belə olsun.

Sevda Dadaşova: Möhtərəm prezident, Şirvanşahlar sarayının aşağı həyətində, Saray məscidi ilə Sərdabənin önündə Sizi qədim musiqi alətləri dövlət ansamblı gözləyir. Sizi musiqi ilə salamlamaq istəyirlər. Onlar XIV əsrin saray musiqisini bərpa ediblər və Sizin şərəfinizə bu musiqini səsləndirəcəklər.

Heydər Əliyev: Bu, mənim üçün maraqlı sürprizdir.

Sevda Dadaşova: Sizi Şirvanşahlar sarayında çox sürprizlər gözləyir. 2000-ci il üçün biz "Şirvanşahlar sarayı əsrlərin yaddaşında" böyük kitab-albomu hazırlayırıq. Mən bütün sürprizlərin adlarını çəkmək istəmirəm. Siz onların hamısı ilə inşaallah, 2000-ci ildə tanış olacaqsınız.

Heydər Əliyev: Bu bayram günündə biz Şirvanşahlar sarayına toplaşmışıq. Bizim çox mötəbər ziyalılarımızın bir qismi burada iştirak edir. Əvvələn, mən sizi ürəkdən təbrik edirəm. Sizinlə yenidən görüşməyimdən məmnunam və hər dəfə sizi görəndə sevinirəm. Çünki sizin hər biriniz Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin, elminin tarixini yaradan insanlarsınız. Tarixi də insanlar yaradır. Azərbaycanda bunu yaradan sizlərsiniz. Mən sizə bir daha təşəkkür edirəm. Ümidvaram ki, siz bundan sonra da çox işlər görəcəksiniz. Kefiniz necədir? İşiniz necədir? Nə işlər görürsünüz? Bəlkə bir dərdiniz var? Şübhəsiz ki, dərd çoxdur. Hamısını da deyə bilməsəniz, bəzisini deyə bilərsiniz. Bəlkə mənə bir sözünüz var?

Mirvarid Dilbazi: Siz böyük şəxsiyyətsiniz. Mənim müdriklik haqqında bir şerim var. Sizə çox şeyi demək lazım deyil. Siz insanın üzünə baxanda bilirsiniz ki, ona nə lazımdır. Bizə nə lazımdır? Bizə böyük bir sərkərdə, alim, mütəfəkkir, başçı lazımdır. Belə bir şəxsiyyətin yanında oturmuşam. Mən yaşlı nəslin nümayəndəsiyəm. Mən respublikamıza rəhbərlik edən yeddi katib və üç prezident görmüşəm. Bu prezidentlərdən yalnız birinə öz dövründə şerlər, poemalar həsr olunubdur. Çünki şer, poema, xatirat yazmaq yalnış inamın, məhəbbətin ifadəsidir, böyük şəxsiyyətə inamın tərənnümüdür. Poeziya süniliyi sevmir. Poeziyanın anası məhəbbətdir. Mən böyük şəxsiyyətlə yanaşı oturmuşam və bu tarixdir. Azərbaycan xalqı böyük mütəfəkkirlər, alimlər, şairlər, qəhrəmanlıq tariximizdə böyük sərkərdələr yetiribdir. Mən həm alimlə, həm mütəfəkkirlə, həm sərkərdə ilə, bir baxışla insanın bütün duyğularını oxuyan bir şəxsiyyətlə yanaşı oturmuşam. Ona görə də özümü çox xoşbəxt hesab edirəm. İcazənizlə, iki şerimi oxumaq istəyirəm. Birini xalqımızın böyük mütəfəkkir oğlu Heydər Əliyevin birinci katib olduğu dövrdə yazmışam və indiyə qədər də çap etdirməmişəm. Niyə çap etdirməmişəm? Ona görə ki, ilk gündən inamım olan bu dahi şəxsiyyətin böyüklüyünü bu günə kimi tam dərk edə bilməmişəm. Ona görə də onun haqqında yazdığım şerləri çap etdirməyə qorxuram. İkinci şeri təzə yazmışam. Mən heç vaxt vəzifəsi olanlara şer yazmıram. Bu şerləri çap elətdirəcəyəm. Mən bu şerləri inama, şəxsiyyətə, xalq işinə canını əsirgəməyən, ağlıyla, hünəriylə xalqını sülhə aparan rəhbərimizə qürur hissi ilə yazmışam. İcazə verin, bu iki şerimi oxuyum. Mən bilirəm ki, möhtərəm prezidentimiz tərifi sevmir. Əzizim, bu, tərif deyil, məhəbbətdir. Siz o qədər incə ruhlu, alicənab, mütəfəkkir bir insansınız ki, məhəbbətlə tərifi fərqləndirə bilirsiniz. Mən bir az həyəcanlıyam.

Heydər Əliyev: Həyəcanlanmayın, həyəcanlanmayın.

Mirvarid Dilbazi: Mən böyük sərkərdənin yanında oturmuşam, həyəcanlanmaya birmərəm. Mən hələ bu yaşıma qədər nə bir katibin, nə bir prezidentin qəbulunda olmuşam, nə yanında oturmuşam, nə də ehtiyacımı demişəm. Mən Sizi bir prezident kimi, Heydər Əliyev kimi ürəkdən sevmişəm.

Heydər Əliyev: Mən də sizi həmişə doğma bacım kimi qəbul etmişəm.

Mirvarid Dilbazi: Bu şeri mən 1974-cü ildə yazmışam. O vaxt Heydər Əliyev rüşvətxorlarla mübarizə aparanda bizim hamımızın fikrini ifadə etdi.

ŞÜCAƏTLİ ƏZİZİM

                                                                                                           Vətənimiz də birdir,
                                                                                                           Torpağımız da bizim,
                                                                                                           Üstü mavi zolaqlı
                                                                                                           Bayrağımız da bizim.
                                                                                                           Bir çırağın işığı,
                                                                                                           Bir ocağın oduyuq,
                                                                                                           İnamlı, etibarlı
                                                                                                           Bir xalqın övladıyıq,
                                                                                                           Bizim yolumuz çətin,
                                                                                                           İradəmiz sarsılmaz,
                                                                                                           İnamımız da birdir.
                                                                                                           Bu yol ağır savaşlı
                                                                                                           Bizim bu günümüzdən
                                                                                                           Aydın sabaha gedir.
                                                                                                           Bu yüksəliş yoluyla
                                                                                                           Gedir xalqımız bizim,
                                                                                                           Qabaqda sən gedirsən,
                                                                                                           Şücaətli əzizim!
                                                                                                           İkiüzlü olanı
                                                                                                           İki yandan vurursan,
                                                                                                           İkisözlü olanı
                                                                                                           Bir sözlə susdurursan.
                                                                                                           Sən düşmənsən yalana,
                                                                                                           Əliəyri olana.
                                                                                                           Yaxşı divan tutursan
                                                                                                           Vəzifələr başında
                                                                                                           Hər gün haram pullarla
                                                                                                           Ciblərini dolduran,
                                                                                                           Millətə ot yolduran
                                                                                                           Qansız rüşvətxorlara,
                                                                                                           Acgöz nankorlara.
                                                                                                           Eşq olsun qüdrətinə,
                                                                                                           Milli cəsarətinə.
                                                                                                           Qanı doğma qanımız,
                                                                                                           Milli qəhramanımız,
                                                                                                           Xalqımızın ər oğlu,
                                                                                                           Millətə rəhbər oğlu!

Eşq olsun Sizə!

Mən bu günlərdə yazdığım şeri Sizə əzbər söyləmək istəyirəm.

İNAMLI, ETİQADLI

                                                                                                            Bir xalqın başında
                                                                                                            Aqil, mötəbər,
                                                                                                            Tədbirli bir başçı
                                                                                                            Durmasa əgər,
                                                                                                            Bu xalqı qurd nədir,
                                                                                                            Çaqqallar yeyər.
                                                                                                            Bir xalqın başında
                                                                                                            Xalq, millət qanlı,
                                                                                                            Dönməz, cəsarətli,
                                                                                                            Təmiz vicdanlı,
                                                                                                            Xalqlar arasında
                                                                                                            Şöhrətli, şanlı
                                                                                                            Bir başçı durmasa -
                                                                                                            Sözündə kəsər,
                                                                                                            O xalqı qurd nədir,
                                                                                                            Tülkülər yeyər,
                                                                                                            O xalqın başını
                                                                                                            Düşmənlər əyər.
                                                                                                            Aqilə, cahilə
                                                                                                            Fərq qoymayanlar,
                                                                                                            Yeyib xalq malını
                                                                                                            Heç doymayanlar,
                                                                                                            Bunu hardan bilir
                                                                                                            o kor vicdanlar,
                                                                                                            Bir xalqın başında
                                                                                                            bir ər oğlu ər
                                                                                                            Durmasa əgər,
                                                                                                            O xalqı qurd nədir,
                                                                                                            çaqqallar yeyər.
                                                                                                            Sən ey ər oğullar
                                                                                                            Böyüdən millət,
                                                                                                            Sənə min təzim,
                                                                                                            Sənə min hörmət

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Zəroş xanım mənim tələbə yoldaşımdır, orta məktəbdə bir yerdə oxumuşuq, hətta bir partanın arxasında oturmuşuq. Buyur, Zəroş.

Zəroş Həmzəyeva (xalq artisti): Heydər müəllim, bu gün içəri girəndə Sizdən ayrıldığım 1938-ci ilə, 60 il bundan qabaqkı dövrə qayıtdım. Allah sizə ömür versin. Mən o qədər xoşbəxt bir insanam ki, tələbə yoldaşım bu gün nəinki Azərbaycana, bütün dünyaya səs salıb, yeganə bir şəxsiyyət olub. Bundan böyük xoşbəxtlik nə ola bilər!

Heydər müəllim, mən balaca uşaq idim. Biz "Əshabi-Kəhf" ziyarətgahına gedirdik. Orada daşlar üzərində ayaq izləri vardı. Bunu Siz də görmüsünüz. Nənəm deyərdi ki, axırıncı ayaq izi qeyb olmuş 12-ci imamın ayaq izidir. Onun üstündə cənnət bağı var, gərək yadınızdadır.

Heydər Əliyev: Düzdür, biz də o vaxt ziyarət edirdik.

Zəroş Həmzəyeva: O vaxt gənc idim, başa düşmürdüm. İndi dərk edirəm ki, 12-ci imamımızı 1923-cü ildə Allah bizə yenidən göndərdi. Bu, bizim arxamızdır, bütün dünyada yaşayan azərbaycanlıların yeganə pənahıdır. Heydər müəllim, arzu edirəm ki, işğal olunmuş torpaqlarımız tezliklə geri qaytarılsın, murdar yağının tapdağı altında qalmasın. İkinci arzumuz budur ki, Allah Sizə o qədər ömür, o qədər qüvvə versin ki, bu camaat yaşasın, xalq yaşasın, özümüz yaşayaq. Qoy körpələr gün görsün. Üçüncü arzum budur ki, qoy Şuşada, Ağdamda, İsa bulağında, Turşsuda Azərbaycanın mahnıları səslənsin. Allah Sizə ömür versin! Mən Mirvarid xanımdan üzr istəyirəm. On illik səhnəsiz günlərimdə Sizə yazdığım bir şeri oxumaq istəyirəm.

                                                                                                              Bağçaları barlı,
                                                                                                              düzləri cəmən,
                                                                                                              Ətrinə bürüyür
                                                                                                              bizi yasəmən,
                                                                                                              Əcəmilər, Cavidlər
                                                                                                              yetirən vətən,
                                                                                                              Torpağına əhsən,
                                                                                                              suyuna əhsən!
                                                                                                              Dünyadan sorağı
                                                                                                              gəlir Cəlilin,
                                                                                                              Qılınc-qələmlidir
                                                                                                              Məmməd Səidin,
                                                                                                              Tarixdə ad qoyan
                                                                                                              neçə igidin
                                                                                                              Şöhrətinə əhsən,
                                                                                                              eşqinə əhsən!
                                                                                                              Mənim Naxçıvanım,
                                                                                                              ey doğma vətən,
                                                                                                              Dahilər yetirdin
                                                                                                              qucağında sən.
                                                                                                              Vətəni, xalqını daim
                                                                                                              yüksəldən
                                                                                                              Heydər Əliyev kimi
                                                                                                              Oğula əhsən!

Əzizə Cəfərzadə (yazıçı, professor): Deyiblər ki, "Ayəmdə düşər şənbəyə Novruz". Doğrudan da bu il Novruz şənbəyə düşübdür. Deyirsiniz ki, dərdlərinizdən danışın. Sizə qıymırıq. Sizin ağır əməyiniz qarşısında bunlar çox kiçik şeylərdir. "Ayəmdə düşər şənbəyə Novruz" deyən xalq arzu edir ki, şənbəyə düşən builki Novruz Sizə, xalqımıza ancaq səadət gətirmək imkanı versin. Allah Sizinlə olsun!

Heydər Əliyev: Çox sağ olun. Sizin əsərləriniz çox dəyərlidir. Elə hər birinizin yaratdığınız əsərlər xalqımızın, millətimizin fəxridir. Sizinlə görüşümdən məmnunam. Mən hər vətəndaşla görüşümə sevinirəm. Lakin Sizinlə görüşməyimə ona görə şadam ki, Sizin hər birinizin xalqımızın həyatında, inkişafında çox xidmətləriniz vardır. Fürsət tapıb Sizinlə görüşmək mənim üçün böyük hadisədir. Bilirsiniz və görürsünüz ki, mən səhərdən axşama kimi, gecəgündüz işlə məşğulam. İstərdim ki, Sizi hər gün görüm. Mən ümumiyyətlə, mədəniyyət adamlarına, elm adamlarına qəlbən çox bağlıyam. Hər bir elm, mədəniyyət, incəsənət adamı ilə görüşəndə hesab edin ki, mənim ürəyim açılır. Ümumiyyətlə, mən bununla yaşayıram. Təəssüf ki, dövlət işləri məni çox sıxır. Bu gün böyük təsadüfdür ki, mən Sizinlə görüşürəm.

Sevda Dadaşova: Heydər müəllim, xalqımızın bütün mənəviyyatı və duyğuları gözəl sənət əsərlərində öz əksini tapmışdır. Sənət əsərləri içərisində ən gözəli xalçalardır. Xalq öz mənəviyyatını xalçalarda əks etdirir. Bu gözəl xalçalardan birini biz Sizə hədiyyə etmək istəyirik. Şirvan xalçasıdır.

Heydər Əliyev: Bu xalça xalqımızın böyük incəsənətinin nümunəsidir, onu nümayiş etdirir. Dünyada xalqımız bu xalçalarla çox tanınır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycana dünyanın hər yerindən, xüsusilə Qərb ölkələrindən çoxlu qonaqlar gəlir. Onların hər birisi gedib xalça alır. Bəziləri mənim yanıma gələndə deyirlər ki, biz Sizin ölkənizə xeyir verdik. Soruşuram, nə xeyir verdiniz? Deyirlər ki, xalça aldıq, burada pul qoyub gedirik. Şübhəsiz ki, bu xalçalar bizim hər birimiz üçün əzizdir. Bu xalçalardan belə saraylarda istifadə etmək lazımdır.

Sevda Dadaşova: Saraylarda belə xalçalardan var. Amma biz istərdik ki, bu xalça Sizin mənzilinizi bəzəsin. Çox xahiş edirəm ki, bu gündən yadigar olaraq qəbul edəsiniz.

Heydər Əliyev: Sağ olun. Mən etiraz etmirəm. Amma gərək bunu etməyəydiniz.

Muxtar Dadaşov (məşhur idmançı, pəhləvan): Siz Azərbaycan xalqının sevimli prezidentisiniz. Mən 50 ildir ki, "Dinamo" cəmiyyətində xidmət edirəm. Əvvəllər Moskvaya yarışa gedəndə bizi orada çox vaxt sıxışdırırdılar. Olimpiya oyunlarına dünya birinciliklərinə getməyə bizi qoymurdular. Qardaşım İbrahimpaşa Dadaşov dörd dəfə SSRİ çempionu olub, bir dəfə də dünya birinciliyində iştirak edib. Mən gənc idmançılara həmişə deyirəm: "Bir az səbirli, dözümlü olun. Vaxt gələr, sizin də döşünüzdə "Şöhrət" ordeni parlayar". Demək istəyirəm ki, Siz mənim yubileyimə belə yüksək qiymət verdiniz, çox sağ olun. Sizə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da bilik və bacarığımı gənc pəhləvanlara, gələcək nəsillərə öyrədəcəyəm. İdmançılarımızla birlikdə beynəlxalq görüşlərdə, turnirlərdə, dünya çempionatında, olimpiya oyunlarında müstəqil Azərbaycan Respublikasının idman şərəfini daim uca tutacağam. Sizi öpürəm. Allah Sizə cansağlığı versin!

Heydər Əliyev: Çox sağ olun. Mən sizin əməyinizi həmişə yüksək qiymətləndirmişəm. Ona görə də yubileyiniz münasibətilə sizi təbrik etdim, təltif etdim. İnanıram ki, böyük idman ustalarımız sizinlə birlikdə Azərbaycan idmanını yüksəldəcəklər. Həqiqətən belədir, - keçmişdə Sovetlər İttifaqı daxilində bizi çox vaxt qalxmağa qoymurdular. Biz yenicə müstəqillik əldə etmişik. Ancaq ölkəmizin bayrağı Yaponiyada, Naqanoda keçirilən qış olimpiya oyunlarında qaldırılıb. Qış idmanı bizim üçün bir o qədər xarakterik deyil. Amma orada bizim bayrağımız qaldırılıbdır. Mən Yaponiyaya getmişdim, məni oraya dəvət etmişdilər. Yaponiyanın imperatoru, Baş naziri ilə görüşərkən onlar dedilər ki, Naqanoda Azərbaycanın bayrağını gördük. Bunu Yaponiyanın imperatoru, Baş naziri, nazirlər də deyirdilər. Böyük hadisə hesab edir, - Azərbaycanın bayrağını gördük, Azərbaycanın komandasını gördük, Azərbaycanı gördük, - deyirdilər. Bilirsiniz, elə bunun özü müstəqilliyimizin nə demək olduğunu göstərir. Mən ümidvaram ki, 2000-ci ildə keçiriləcək olimpiya oyunlarına siz yaxşı hazırlaşacaqsınız. Bilirsiniz ki, mən idmana, bədən tərbiyəsinə xüsusi fikir verirəm. Bu, xalqımızın sağlamlığını təmin edən əsas amillərdən biridir. Əgər xalq fıziki cəhətdən, hətta əqli, ruhi cəhətdən sağlam olmaq istəyirsə, gərək bədən tərbiyəsi və idman geniş yayılsın. İdmanı inkişaf etdirmək üçün siz gərək yaxşı ustalar hazırlayasınız. Güman edirəm ki, 2000-ci ildə olimpiya oyunlarından Azərbaycana qızıl medallar gətiriləcəkdir. Sağ olun.

Məcnun Kərimov (Ansamblın bədii rəhbəri, sənətşünaslıq namizədi): Möhtərəm prezident, Sizi səmimi qəlbdən salamlayır və Novruz bayramınızı təbrik edirik. Möhtərəm prezident, bu ansambl Sizin sərəncamınız, diqqət və qayğnıız sayəsində yaranmış və formalaşmışdır. Mən söz verirəm ki, biz zəngin orta əsr musiqi mədəniyyətimizi Sizin adınıza layiq, yüksək səviyyədə təbliğ edəcəyik. İcazə verin, iki hədiyyəni Sizə təqdim edək. Bunlardan biri bizim qədim musiqi alətlərindən ibarət suvenirdir, ikincisi isə Azərbaycan xalqının XIV əsrdə yaşayıb-yaratmış çox görkəmli musiqişünası Əbdülqadir Marağinin imam həzrət Əliyə həsr etdiyi "Heydərnamə" əsəridir. Bu əsəri biz bərpa etmişik, qədim musiqi alətləri ilə Sizin şərəfinizə səsləndirmək istəyirik. Bizə göstərdiyiniz diqqət və qayğıya görə bir daha çox sağ olun.

Heydər Əliyev: Sağ olun. Çox yaxşı ansambl yaratmısınız. Siz bizim qədim musiqimizi bərpa etmisiniz. Bu, çox əhəmiyyətlidir, çox maraqlıdır. Şübhəsiz ki, indi müasir həyat müasir musiqi nümunələri tələb edir, Azərbaycanda da bu çoxdur və bundan narahat olmağa dəyməz. Amma biz göstərməliyik ki, xalqımız həmişə musiqisevər, musiqi yaradan xalq olub və belə musiqilər yaradıb. Siz dediniz ki, Əbdülqadir Marağinin "Heydərnamə" əsəri həzrəti Əliyə həsr olunub?

Məcnun Kərimov: Bəli, cənab prezident, imam Əliyə həsr olunub. Bildiyiniz kimi, imam Əlinin bir adı da Heydər olub. Ona görə də bu əsər "Heydərnamə" adlanır. Əbdülqadir Marağinin 28 əsəri dövrümüzə qədər gəlib çıxmışdır. Onlardan beşi ansamblın ifasında hazırlanmışdır. Bu əsərlərdən biri də "Heydərnamə"dir. Gələcəkdə biz hazırladığımız əsərlərin hamısını Sizin qarşınızda ifa etməyi arzulayırıq.

Heydər Əliyev: Çox sağ olun. Bilirsiniz, imam həzrət Əli bizim üçün müqəddəs şəxsiyyətdir. Bu ad da müqəddəs addır və həzrət Əlinin o biri adı da Heydərdir. Xoşbəxtəm ki, valideynlərim mənə bu adı veriblər və mən də bu adı çox böyük iftixar hissi ilə daşıyıram. Amma, düzü, mən bilmirdim ki, Marağinin belə bir əsəri var. Bunu siz bu gün mənim üçün açdınız. Çox sağ olun, mən sizə təşəkkür edirəm.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM