Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-da yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə Türk evində görüşdə çıxışı - Nyu-York, 20 oktyabr 1995-ci il


Hörmətli həmvətənlər, hörmətli dostlar!

Nyu-Yorka gəldiyim gün bildirdilər ki, Amerikada və Türkiyədə yaşayan bacı və qardaşlarımız, habelə Azərbaycanla bağlı olan adamlar mənimlə görüşmək istəyirlər. Mən sizin görüşünüzə gəlmişəm. Sizə Azərbaycandan səmimi salamlar gətirmişəm, xalqımızın hörmət və ehtiramını çatdırıram. Sizi ürəkdən salamlayıram və hamınıza hər kəsin yaşadığı və çalışdığı yerdə uğurlar, səadət və xoşbəxtlik diləyirəm.

Biz Azərbaycanda respublikamızın dövlət müstəqilliyinin dördüncü ildönümünü qeyd etdik. Dörd ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və müstəqil bir dövlət kimi dünya birliyinə daxil olubdur, BMT-nin üzvüdür. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü kimi bütün beynəlxalq toplantılarda iştirak edir, respublikamızın nümayəndələri orada ölkəmizi təmsil edirlər.

Burada, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının yaranmasının 50 illiyi münasibətilə mərasim, bayram keçiriləcəkdir. Mən də Azərbaycanın prezidenti kimi, respublikamızın nümayəndə heyəti ilə birlikdə bu mərasimdə iştirak etmək üçün gəlmişəm. Bu, biz azərbaycanlılar üçün böyük bir tarixi hadisədir. İlk dəfədir ki, Azərbaycan xalqı öz tarixində bir müstəqil dövlət kimi, öz nümayəndəsini, öz təmsilçisini ən yüksək beynəlxalq təşkilatın - Birləşmiş Millətlər Təşkilatının 50 illik yubileyinə göndərmişdir. Ona görə də mən buraya gəlmişəm və sizinlə böyük iftixar hissi ilə görüşürəm.

Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi dünyanın hər bir ölkəsi ilə sərbəst əlaqələr qurur. Biz Azərbaycanda müstəqil dövlət kimi yaşayaraq, eyni zamanda dünyada yaşayan bütün azərbaycanlılar, bütün türklər haqqında düşünürük. Hamımız bir millətik. Hamımız bir kökə məxsus xalqıq. Azərbaycanda yaşayanların, Azərbaycandan gəlib burada, Amerikada, İranda, Türkiyədə, İngiltərədə və digər ölkələrdə yaşayanların hamısı birdir.

Bilirsiniz ki, indi biz Azərbaycanda ağır bir dövr, keçid dövrünü yaşayırıq. Öz problemlərimiz çoxdur. Buna baxmayaraq respublikamızdan kənarda yaşayan soydaşlarımız haqqında daim düşünürük, onların həyatı ilə həmişə maraqlanmağa çalışırıq və soydaşlarımıza qayğımızı, hörmətimizi göstərmək istəyirik. Ona görə də sizinlə bu görüşüm mənim üçün çox əzizdir. Mən çox məmnunam ki, sizin hər biriniz bu gün, bu axşam evinizdən ayrılıb buraya gəlmisiniz. Burada həm bir-birinizlə - yəqin ki, mən savab iş görmüşəm ki, siz burada bir-birinizlə görüşürsünüz, - həm də mənimlə, Azərbaycandan gələn nümayəndələrlə görüşürsünüz. Mən bundan çox məmnunam.

Azərbaycanda gedən proseslər sizə məlumdur. Qeyd etdim ki, Azərbaycan dörd ildir müstəqil dövlət kimi yaşayır. Müstəqillik yolu asan deyil, çətindir.

Heç bir xalq milli azadlığını əldə edən kimi, heç bir ölkə öz dövlət müstəqilliyini qazanan kimi dərhal normal şəraitdə yaşamağa imkanı olmayıbdır. Bu, təbii bir haldır. Çünki uzun illər başqa bir dövlətin tərkibində yaşayan xalq, başqa bir dövlətin içərisində olan ölkə əgər həmin dövlətdən ayrılırsa, müstəqil olursa, onun qarşısına çoxlu böyük problemlər çıxır. Dünyaya öz müstəqilliyini bildirmək, tanıtmaq və bütün ölkələr tərəfindən tanınmaq özü böyük bir problemdir. Bilirsiniz ki, Azərbaycan uzun illər Rusiyanın tərkibində, sonra isə 70 il Sovetlər İttifaqının daxilində olubdur. Azərbaycanın bütün iqtisadiyyatı, elmi, mədəniyyəti, insanların şəxsi əlaqələri son 70 ildə Sovetlər İttifaqının tərkibində olan başqa respublikalarla çox six bağlı idi. Bizim fabriklərimiz, zavodlarımız, iqtisadiyyatımız Rusiya ilə və başqa respublikalarla bağlı olubdur. Ona görə də müstəqillik əldə edəndən sonra, İttifaq dağılandan sonra, müstəqil dövlət kimi yaşayan zaman iqtisadiyyatın keçid dövründə çoxlu problemlər yaranır. Bu problemlərin həlli ilə məşğuluq.

Bir daha qeyd edirəm ki, hər bir ölkənin, hər bir xalqın keçid dövründə həyatı asan olmur, yollar hamar deyil, çətin olubdur. Ancaq respublikamızın həyatını çətinləşdirən ən böyük səbəb həm də Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Bilirsiniz ki, Azərbaycan yeddi ildir ki, Ermənistan tərəfindən təcavüzə məruz qalıbdır. Bu hərbi təcavüz 1988-ci ildə başlayıb. Bəzi səbəblərdən - bunu indi burada araşdırmağa ehtiyac yoxdur, onlar sizə məlumdur - Azərbaycan öz torpaqlarını müdafiə edə bilməyibdir. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının bir qismini işğal edibdir. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız öz doğma yurdunda qaçqın vəziyyətində, ağır şəraitdə yaşayır. Onların çoxu gecə də, gündüz də, qışda da, yayda da çadırlarda yaşayır, çətin həyat tərzi keçirir. Bunların hamısı respublikamızda keçid dövrünü çox çətinləşdirib və mürəkkəbləşdiribdir.

Ancaq bəzi müsbət hallar da vardır. Bu da ondan ibarətdir ki, biz 1994-cü ilin mayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə etdik. 17 aydır ki, atəşkəs rejimi davam edir. Yəni müharibə getmir, atəş yoxdur, qan tökülmür, ancaq Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri ilə üz-üzə dayanıbdır və Ermənistan qoşunları işğal olunmuş ərazilərimizdən çıxmayıbdır.

Atəşkəsin əldə olunması böyük müsbət haldır. Mən bunu bir də qeyd edirəm. Ona görə ki, insanlarda müəyyən qədər sakitlik əmələ gəlibdir. Ondan əvvəlki illərdə savaş davam edirdi, döyüşlər, müharibə gedirdi. Şübhəsiz ki, hər gün şəhidlər olurdu, qan tökülürdü. İndi bunlar yoxdur. Lakin hələ müharibəyə son qoyulmamışdır, Ermənistanın işğalından xilas olmamışıq. İşğal edilmiş torpaqlarımız azad olunmayıb. Ona görə də bizim həyatımızda bunlar müəyyən çətinlik yaradıbdır. Biz çalışırıq ki, bu şəraitdən tamamilə sülh yaranması üçün istifadə edək. Yəni müharibəyə sülh yolu ilə son qoyaq, işğal olunmuş torpaqlarımızı azad edək və Azərbaycanın ərazi bütövlüyünə nail olaq. Bunun üçün biz danışıqlar aparırıq. ATƏT-in - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının çərçivəsində Minsk qrupu yaranıbdır. 1992-ci ildə yaranmış bu qrup Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək üçün təşkil olunub. Biz Minsk qrupu çərçivəsində daim danışıqlar aparırıq.

Keçən ilin dekabrında Budapeştdə ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının görüşündən sonra Minsk qrupunda müəyyən dəyişiklik əmələ gəlib. İndi Minsk qrupunun iki sədri vardır. Sədrlərdən biri Rusiyadan, digəri isə Finlandiyadandır. Onların rəhbərliyi altında danışıqlar gedir, Ermənistan və Azərbaycan nümayəndələri vaxtaşırı görüşür, danışıqlar aparırlar. Son görüşlər və danışıqlar Finlandiyanın Alan adalarında olmuşdur. Minsk qrupunun başçıları Azərbaycana tez-tez gəlirlər, onlar Ermənistanda da olurlar. Yəqin ki, burada da bu məsələlərin həlli üçün biz müəyyən danışıqlar aparacağıq.

Güman edirəm ki, bizim sülhsevər siyasətimiz atəşkəsin bundan sonra da davam etməsi və intensiv olaraq danışıqlar aparılması, beynəlxalq təşkilatların, xüsusən ATƏT-in bu işdə fəal iştirakı, böyük dövlətlərin bu işə yaxın münasibəti nəticəsində - ABŞ-ın rəhbərliyi, prezident cənab Bill Klinton da bu məsələnin həllinə çox böyük maraq göstərir - biz bu məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq.

Doğrudur, bu asan deyildir. Çünki Ermənistan işğal etdiyi torpaqlardan asanlıqla çıxmaq istəmir, çoxlu şərtlər qoyur. Ancaq bizim də şərtlərimiz var. Şərtimiz ondan ibarətdir ki, işğal edilmiş torpaqların hamısı, o cümlədən bizim üçün müqəddəs olan Şuşa rayonu, Laçın rayonu da azad edilməlidir. Belə bir şəraitdə biz Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün Dağlıq Qarabağın statusu haqqında müzakirəyə başlayıb qərar qəbul edə bilərik. Bu şərtlərlə biz Böyük Sülh Sazişi bağlayıb bölgəmizdə Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülh yarada bilərik. Biz bu yolda çalışırıq. Əgər buna nail ola bilməsək, şübhəsiz ki, torpaqlarımızı işğal altında qoya bilmərik. Azərbaycan xalqının iradəsi möhkəmdir, xalqımız çox cürətlidir və nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəkdir. Xalqımız bunu etmək əzmindədir. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin olunacaqdır.

Dünyada haqq-ədalət varsa, insan hüquqları, hər bir dövlətin, hər bir xalqın hüquqları qorunursa, bu, belə olmalıdır. Çünki heç bir vəchlə heç bir dövlət gərək imkan verməsin ki, bir dövlət başqa bir dövlətin ərazisini zorla ələ keçirsin. İndiki zamanda, XX əsrin sona çatdığı bir dövrdə, dünyada yeni dövlətlərarası əlaqələr qurulduğu bir vaxtda, beynəlxalq təşkilatlar hər bir məsələni ədalətli həll etmək haqqında müddəalar irəli sürdüyü halda, böyük dövlətlər bu müddəalara sadiq olduqlarını bildirdikləri halda, heç cür yol verə bilmərik, heç kəs də yol verməməlidir, heç bir beynəlxalq təşkilat buna razı olmamalıdır ki, bir ölkənin ərazisi başqa bir dövlət tərəfindən zorla ələ keçirilsin. Biz buna yol verməyəcəyik. Biz belə vəziyyətə qətiyyən razı ola bilmərik. Mən bir daha deyirəm, müstəqil Azərbaycan Respublikasının beynəlxalq normalar tərəfindən tanınmış ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin olunacaqdır.

Biz müstəqil Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün çalışırıq ki, dünyanın bütün ölkələri ilə iqtisadi əlaqələr yaradaq. Son iki ildə dünyanın böyük dövlətləri ilə, qonşu ölkələrlə və digər dövlətlərlə əlaqələrimizin inkişafı üçün bir çox addımlar atılıbdır. Mən bir çox ölkələrə səfərlər etmişəm. Azərbaycana müxtəlif ölkələrin dövlət və hökumət başçılarının səfərləri olubdur. Biz çox gərəkli sazişlər, müqavilələr imzalamışıq. Bunların həyata keçirilməsini istəyirik. Məqsədimiz Azərbaycanı açıq, sərbəst bir ölkəyə çevirməkdən ibarətdir. Azərbaycanın qapılarını dünyaya açmışıq. Respublikamız dünya investisiyaları üçün açıqdır. Azərbaycanda yeni həyat yaranır. Azərbaycanda sivilizasiyalı, hüquqi demokratik dövlət qururuq. Biz Azərbaycanı demokratiya yolu ilə aparmaq istəyirik, dünya demokratiyasına qovuşdurmaq istəyirik. Respublikamızın iqtisadiyyatını sərbəst bazar iqtisadiyyatına, sahibkarlıq prinsiplərinə qovuşdurmaq məqsədi ilə hər bir ölkə ilə, hər bir şirkətlə, hər bir iqtisadi qurumla əlaqə qurmağa hazırıq və bu əlaqələri də qururuq. Bilirsiniz ki, bir il öncə - keçən ilin sentyabrında mən buraya, Nyu-Yorka gəlmişdim. Ondan əvvəl, yəni sentyabrın 20-də Azərbaycanın neft yataqlarından müştərək istifadə olunması üçün biz dünyanın böyük neft şirkətləri ilə müqavilə imzaladıq. Bu, çox əhəmiyyətli müqavilədir, tarixi xarakter daşıyır. Ona görə də həmin müqaviləni "Əsrin müqaviləsi" adlandırırlar. ABŞ prezidenti cənab Bill Klinton da həmin müqavilə imzalandıqdan sonra mənə göndərdiyi məktubda bu müqaviləni "Əsrin müqaviləsi" adlandırmışdır. Bu, doğrudan da böyük bir işdir. Bir il müddətində həmin müqavilənin həyata keçirilməsi təmin olunur. Bu müqavilə Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin yaratdığı konsorsium arasında imzalanmışdır. Həmin konsorsiuma Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə 11 şirkət daxildir. Onlardan beşi ABŞ şirkətləridir. Bilirsiniz ki, bunlar "AMOKO", "Eksson", "Pennzoyl", "MakDermott", "Yunokal" şirkətləridir. Amerikanın bu beş böyük neft şirkəti bizim həyata keçirəcəyimiz layihənin sərmayəsinin demək olar ki, 47 faizini təmin edir. Deməli, layihənin 47 faizi Amerika şirkətlərinə məxsusdur. Ona görə də indi Amerikanın neft şirkətləri ilə Azərbaycan arasında sıx iqtisadi əlaqələr qurulubdur. Bu müqavilə 30 il müddətinə bağlanıbdır. Həmin müddətdə Azərbaycanın üç neft yatağından çox böyük miqdarda neft çıxarılacaq və bu şirkətlər arasında paylanacaqdır. Şübhəsiz ki, Qərb şirkətləri bunu Qərbə ixrac edəcəklər. Bunun üçün bir il ərzində ilkin neftin nəql olunması, yəni xaricə çıxarılması üçün neft kəmərinin marşrutunu müzakirə etdik.

Müqavilənin həyata keçirilməsi nəticəsində 1996-cı ilin sonunda ilkin neft alınacaqdır. Həmin neftin xaricə çıxarılması məsələsi çox mühüm problemdir. Biz bunu xeyli müzakirə etdik və oktyabrın 9-da Bakıda bütün şirkətlərin hamısı birlikdə yekdil qərar qəbul etdi. Qərara alındı ki, bu neftin ixracı üçün ilkin neft kəmərindən istifadə olunsun. Boru kəmərlərinin biri Rusiyadan, başqa bir kəmər isə Gürcüstandan keçməklə Qara dənizə - biri Novorossiysk, digəri isə Supsa limanlarına çıxacaqdır.

Beləliklə, hesab edirəm ki, biz çox düzgün qərar qəbul etdik. Əminəm ki, bu qərar Azərbaycanda çıxarılan ilkin neftin ixracını təmin edəcəkdir.

Ancaq gələcəkdə, bir neçə il sonra çıxarılacaq neftin ixracı üçün də boru xəttinin çəkilməsi barədə düşünürük. Bildiyiniz kimi, bu barədə əsas fikirlərimizdən biri odur ki, həmin boru kəməri Türkiyə ərazisindən keçməklə Ceyhana çəkilsin. Amma bu barədə başqa təkliflər də var. Biz bunun da üzərində işləyirik.

Bir sözlə, bu məlumatları sizə verməkdə məqsədim odur biləsiniz ki, biz müqaviləni imzalamışıq. Ancaq bu müqavilə kağız üzərində qalmayıb, həyata keçirilir.

Oktyabrın 9-da konsorsiumun iclasında gələn il üçün büdcə müəyyənləşdirilibdir. Gələn ildən bu şirkətlər müqavilənin həyata keçirilməsi üçün 750 milyon dollar sərmayə qoyurlar. Get-gedə bu sərmayə artacaq və şübhəsiz ki, neft çıxarılacaq və ondan həm konsorsiumun üzvü olan şirkətlər, həm də Azərbaycan Respublikası mənfəət götürəcəkdir. Güman edirəm ki, bu müqavilənin həyata keçirilməsi Azərbaycanın iqtisadiyyatına xeyli kömək edəcəkdir.

Ancaq bizim iqtisadiyyatımız təkcə neftdən ibarət deyil, iqtisadi potensialımız böyükdür, təbii sərvətlərimiz zəngindir, ona görə də biz dünya şirkətlərini, beynəlxalq maliyyə mərkəzlərini Azərbaycana dəvət edirik. Biz onların respublikamıza gəlməsinə maraq göstəririk və hər biri ilə Azərbaycanda əməkdaşlıq etməyə hazırıq.

Bir də qeyd edirəm ki, biz ölkəmizin iqtisadiyyatını sərbəst bazar iqtisadiyyatı əsasında qururuq, ona görə də hər bir şirkətin Azərbaycana gəlməyə imkanı var.

Siz Amerikada yaşayırsınız, yaxşı bilirsiniz ki, hər bir şirkət sərmayə qoymaq üçün o ölkədə ictimai-siyasi vəziyyətin sabit olmasını istəyir. Azərbaycanda müharibə getdiyinə görə və son illər vəziyyət sabit olmadığına görə bir çox şirkətlər ölkəmizə gəlmək istəsələr də, ancaq ehtiyat etmişlər. Bu gün sizə deyə bilərəm ki, Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət tamamilə sabitdir.

Doğrudur, bu, asan olmayıb. Bilirsiniz ki, iki il yarım əvvəl mən Azərbaycanın rəhbərliyinə gəlmişəm. 1993-cü ilin iyun ayında Azərbaycan təhlükəli bir vəziyyətdə idi. Azərbaycanda vətəndaş müharibəsi başlayırdı, insanlar bir-birini qırırdı, qan tökülürdü. O ağır dövrdə - bir silahlı dəstənin o biri silahlı dəstənin üstünə getdiyi, dövləti devirdikləri vaxtda məni Azərbaycana dəvət etdilər. Bilirsiniz ki, mən uzun müddət Azərbaycandan təcrid olunmuşdum. Bakıda yaşamırdım. Dəvət etdilər, mən də Azərbaycan xalqı ilə bağlı olduğuma görə - bu, mənim doğma xalqımdır, Vətənimdir, torpağımdır - xalqı bu ağır vəziyyətdən çıxarmaq üçün dəvəti qəbul etdim, Bakıya gəldim. Sonra məni prezident seçdilər və iki il yarımdır ki, işləyirəm.

Bu iki il yarım Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün çox ağır bir dövr olub: birincisi, o vətəndaş müharibəsini sovuşdurmaq lazım idi. Bu, asan məsələ deyildi. Biz buna nail olduq. Ancaq bundan sonra ayrı-ayrı silahlı dəstələr, qruplar vəzifə, mənsəb ələ keçirmək üçün, öz şəxsi məqsədlərinə nail olmaq üçün yenə də dövlət çevrilişləri etməyə çalışdılar. Keçən ilin sentyabr ayında mən burada - Nyu-Yorkda idim. Gəlib BMT-nin toplantısında ilk dəfə nitq söyləmişdim. Amma mən Bakıya qayıdarkən Azərbaycanda iki böyük dövlət xadimimiz - parlament başçısının müavini Afiyəddin Cəlilova və Xüsusi İdarənin rəisi polkovnik Şəmsi Rəhimova qarşı terror etdilər, onları öldürdülər. Mən Bakıya qayıdan kimi dövlət çevrilişinə cəhd başlandı. Bilirsiniz ki, mən xalqa müraciət etdim. Çevrilişin qarşısını aldıq.

O vaxtdan bir il keçib. Bu bir il müddətində yenə də iki dəfə dövləti devirmək, Azərbaycan prezidentini öldürmək istəyiblər. Ancaq bunların hamısının qarşısını almışıq, alırıq. Bilirəm ki, ürəyiniz ölkəmizlə bir vurur. Ona görə də mən sizə deyə bilərəm, - bir azərbaycanlı kimi arxayın olun. Doğrudur, Azərbaycanda belə cinayətkar qruplar hələ var, fəaliyyət göstərirlər. Ancaq xalq onların qarşısını ala bilir. Ən vacibi odur ki, dövlət öz dövlətçiliyini qoruya bilir və biz dövləti devirmək istəyən belə terrorçu qüvvələrin qarşısını alırıq.

Biz bu çevrilişin qarşısını aldıq. Bir çox adamlar həbs olundular, indi məhkəmə qarşısında duracaqlar. Onlardan bəziləri qaçaraq Moskvada və digər yerlərdə gizlənirlər. Azərbaycana qarşı yenə də təxribat işləri görürlər. Ancaq bunların hamısının qarşısı alınıb və alınacaqdır.

Mən buraya yola düşməmişdən iki gün əvvəl böyük bir terror aktının üstü açıldı. Bir il əvvəl edilmiş terrorun cinayətkarları tapıldı və onlar həbs olundular. Bu məsələ artıq açılıb. Bu terroru edənlər bu ilin martında dövlət çevrilişi etmək istəyənlər idi. Onlar tək özləri deyildilər, onları xaricdən, ayrı-ayrı ölkələrdən də idarə edirdilər. Daxili işlər nazirinin keçmiş müavini Rövşən Cavadov və onun qardaşı Mahir Cavadov ayrı-ayrı siyasi qüvvələrlə birləşərək hökumətin üzərinə hücum etdilər. Azərbaycanın prezidentini öldürməyə və dövləti ələ almağa çalışdılar. Biz bunun qarşısını aldıq. Ancaq keçən il sentyabrın 30-da olan terrorun üstü indiyədək açılmamışdı. İndi açılıb, terror edən həmin adamlar həbs olunublar, ələ keçiblər, məhkəmə qarşısında duracaqlar.

Demək istəyirəm ki, bizim xarici düşmənimiz - Ermənistan silahlı qüvvələri yeddi ildir Azərbaycanı dağıdır, bir də ki, təəssüflər olsun, xalqımızın içərisində ayrı-ayrı qruplar bir-biri ilə vuruşurlar. Bu yeddi il içərisindəki daxili çəkişmələr, vuruşmalar Azərbaycanın Ermənistan qarşısında məğlub olmasının, yəni torpaqlarımızın bir hissəsinin işğal edilməsinin əsas səbəblərindən biri olubdur.

Biz bunların qarşısını almışıq. İndi Azərbaycanda sakitlikdir. İnsanlar sərbəst yaşayırlar. Doğrudur, çətin yaşayırlar. İqtisadi vəziyyət ağırdır. Əhalinin bir qismi kasıbçılıq içərisindədir. Ancaq insanlar mənəvi cəhətdən rahat yaşayırlar, sabit şərait yaranıb. Ona görə də Azərbaycana gəlin. Azərbaycana rahat gəlməyə, qohum-əqrabalarınızla görüşməyə əvvəlki illərdən indi daha yaxşı şərait yaranıbdır.

Mən burada olduğum müddətdə bir çox dövlət başçıları ilə görüşəcəyəm. O cümlədən ABŞ-ın prezidenti Bill Klintonla mənim görüşüm olacaq. Başqa dövlət başçıları ilə də görüşlərim olacaqdır. Bu görüşlərimizdə şübhəsiz ki, həm ikitərəfli, dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi məsələləri, həm də Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması məsələləri müzakirə ediləcəkdir. Bir daha deyirəm ki, bu münaqişəyə son qoyulması yalnız bizim şərtlərimiz əsasında - Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması, qaçqın düşmüş vətəndaşlarımızın öz yerlərinə, yurdlarına qayıtması nəticəsində mümkün ola bilər. Bu məsələlər cənab Bill Klintonla da, başqa dövlət başçıları ilə də müzakirə ediləcəkdir. Ola bilər ki, Ermənistan prezidenti Ter-Petrosyan ilə də mənim görüşüm olsun. Hər halda Nyu-Yorkda bir neçə gün çox gərgin çalışacağıq, işləyəcəyik. Güman edirəm ki, işlərimiz səmərəli olacaqdır.

Mən sizinlə görüşməyimdən bir daha məmnun olduğumu bildirirəm. Hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.

Biz burada Türk evindəyik. Türkiyə dost və qardaş ölkəmizdir. Türkiyə bizim öz məmləkətimizdir. Yəni Azərbaycandan Türkiyəyə gələn hər bir adam özünü öz məmləkətində hiss edir. Türkiyədən Azərbaycana gələnlər də özlərini öz məmləkətlərində hesab edirlər.

Nyu-Yorkdakı Türk evinə mən ikinci dəfədir ki, gəlirəm, doğma evimiz kimi gəlirəm. Ev sahiblərinin burada Azərbaycan ilə Türkiyə arasındakı dostluğun, qardaşlığın inkişaf etdirilməsi üçün göstərdikləri səylərə, gördükləri işlərə öz hörmət və ehtiramımı bildirmək istəyirəm. Biz dostuq, qardaşıq. Mən buraya gələrkən bu gün bir saat, saat yarım İstanbulda oldum. Orada bir neçə rəhbər şəxslərlə görüşdüm. İki gün bundan əvvəl hörmətli dostumuz Süleyman Dəmirəllə telefonla danışdım. Türkiyənin prezidenti Süleyman Dəmirəl də sabah buraya gələcəkdir. Onunla da görüşlərimiz olacaq. Yəni bizim aramızda olan dostluq, qardaşlıq əlaqələri tarixi köklər üzərində qurulub. Ancaq yeni dövrdə bu əlaqələr inkişaf edir, böyüyür və hər birimiz bu əlaqələrin inkişaf etməsinə çalışmalıyıq. Azərbaycanın prezidenti kimi bundan sonra da çalışacağam.

"Azərbaycan" qəzeti, 23 oktyabr 1995-ci il.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər