"Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənilməsinin 1-ci ‎mərhələsinin qətnaməsinin imzalanması mərasimində Azərbaycan ‎Respublikasının Prezidenti Heydər Əliyevin giriş nitqi" (Bakı, 30 avqust ‎‎2001-ci il) sənədinə tarixi arayış‎


‎30 avqust 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ‎iştirakı ilə Bakıda "Əsrin müqaviləsi"nə daxil olan Xəzərin Azərbaycan sektorunda ‎yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənilməsinin 1-ci ‎mərhələsinin qətnaməsinin imzalanması mərasimi olub. Mərasimi giriş sözü ilə ‎Azərbaycan Prezidenti Heydər Əliyev açıb. Sonra Azərbaycan Beynəlxalq ‎Əməliyyat Şirkətinin (ABƏŞ) prezidenti Deyvid Vudvord yataqların tammiqyaslı ‎işlənilməsinin 1-ci mərhələsində görüləcək işlər haqqında məlumat verib. "Əsrin ‎müqaviləsi"nin ardıcıl surətdə həyata keçirilməsini təmin edəcək qətnaməni ‎Azərbaycan tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti ‎Natiq Əliyev, xarici şirkətlər tərəfindən isə ABƏŞ-in prezidenti Deyvid Vudvord ‎imzalayıb.‎

‎20 sentyabr 1994-cü ildə 30 il müddətinə imzalanan "Əsrin müqaviləsi" ‎çərçivəsində görüləcək işlər aşağıdakı kimi planlaşdırılıb: hazırlıq mərhələsi, 1-ci ‎tammiqyaslı işlənilmə fazası, 2-ci və 3-cü tammiqyaslı işlənilmə fazası. Hazırlıq ‎mərhələsi 1994-cü ilin sentyabrından 2001-ci ilin sentyabrına qədər davam edərək ‎‎7 il müddəti əhatə edib. Hazırlıq mərhələsini əhatə edən bu müddət ərzində ‎müqavilə çərçivəsində əri - Bakı-Novorossiysk neft kəməri bərpa edilib, ‎Bakı-Supsa neft kəməri çəkilib, neftin hasilatı üçün ən müasir tələblərə cavab verən ‎infrastruktur qurulub. 1997-ci ilin noyabrında "Çıraq" yatağından ilkin neftin ‎hasilatına nail olunub və 2001-ci ilin avqustuna qədər 15 miyon 400 min ton neft ‎hasil edilib. Bütün bu işlərin reallaşmasına ABƏŞ tərəfindən 2 milyard ABŞ ‎dolları dəyərində investisiya qoyulub və 3000 əlavə iş yeri açılıb. "Azəri-Çıraq-‎Günəşli" yataqlarının tammiqyaslı işlənməsinin ikinci fazasına isə 2004-cü ilin ‎sentyabrında, müqavilənin imzalanmasının 10 illiyinə həsr edilən tədbirdə start ‎verilib. Tammiqyaslı ‎işlənilmənin üçüncü mərhələsi 2010-cu ildən başlayaraq müqavilənin sonuna qədər ‎olan müddəti əhatə edəcək. Bu vaxtdan başlayaraq "Əsrin müqaviləsi" üzrə ‎gündəlik bir milyon barreldən artıq neft hasil ediləcək. Qeyd edək ki, 2005-ci ildə layihə üzrə 13,2, 2006-cı ildə 23,2, 2007-ci ildə isə 32,8 milyon ton neft hasil edilib.

Tammiqyaslı işləmənin ikinci mərhələsində müqaviləyə aid olan ikinci böyük yataqdan - "Azəri" yatağının mərkəzi və qərb hissəsindən, 2005-ci ilin avqustundan başlayaraq böyük miqdarda neft hasil edilməyə başlayıb. "Əsrin müqaviləsi" çərçivəsində həyata keçirilən və tammiqyaslı işləmənin ikinci mərhələsində ən miqyaslı iş isə həmin yataqlardan ("Azəri", "Çıraq", "Günəşli") hasil edilən nefti dünya bazarlarına ixrac etmək üçün nəzərdə tutulan əsas boru kəmərinin 2006-cı ilin mayında istifadəyə verilməsidir. Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu ilə keçən boru xətti ilə ildə 50-60 milyon ton xam neftin Aralıq dənizi sahilində yerləşən Türkiyənin Ceyhan limanına çatdırılması üçün 4,9 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Qeyd edilməlidir ki, BTC kəmərinin istifadəyə verilməsi SSRİ dağıldıqdan sonra bu regionda həyata keçirilən ən böyük layihədir və XXI əsrdə daha da güclənənən beynəlxalq inteqrasiya meyllərinə, "sivilizasiyaların dialoqu" ideyasına əsaslı dəstəkdir. Kəmər həm də Avropa ‎Birliyi tərəfindən dəstəklənən TRASEKA layihəsinin - Böyük İpək Yolunun ‎bərpası prosesinin sürətlənməsinə də əsas dəstək kimi səciyyələndirilir.

BTC haqqında sazişin qüvvədə olduğu müddət 40 ildir ‎və saziş başa çatandan sonra əsas ixrac boru kəmərinin mülkiyyəti 100% ‎Azərbaycan Respublikasına məxsus olacaqdır.‎

BTC layihəsi qapalı Xəzər dənizi ilə Aralıq dənizi arasında birinci birbaşa boru kəməri əlaqəsi yaratmaqla regiona iqtisadi faydalar gətirəcək və Türkiyənin həssas coğrafi boğazlarından (Bosfor və Dardanel) neft daşıyan dəniz nəqliyyat vasitələrinin sayının artmasının qarşısını alacaqdır.

Qətnamənin imzalanması mərasimdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev "Əsrin müqaviləsi" ‎üzrə həyata keçirilən tədbirlərə qiymət verərək deyib: "Bəli, bundan sonra biz bunu ‎da özümüz üçün vacib bir ifadə kimi işlətməliyik: Azərbaycanın yeni dövlət neft ‎strategiyası və Azərbaycan neft sənayesinin yeni erası!"‎.

(Tarixi arayışda istifadə edilən fakt və rəqəmlər http://www.bp.org/ və http://www.socar.az/ saytlarından götürülüb.)

Tarixi arayış 1 iyul 2008-ci ildə yeniləşdirilib.‎