Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq şairi Rəsul Rzanın 90 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində ədəbi-bədii proqramla çıxış edən incəsənət ustaları ilə görüşdə söhbəti - Respublika sarayı, 25 dekabr 2001-ci il


Heydər Əliyev: Axşamınız xeyir olsun!

Hamınızı təbrik edirəm. Bu gün bizim hamımızı bu salona gətirən Rəsul Rzanın xatirəsidir və onun 90 illik yubileyidir. Bizim xalqımız, millətimiz bu yubileyi son bir-iki il içərisində, demək olar ki, Azərbaycanın bütün bölgələrində çox təntənə ilə və böyük məmnuniyyət hissi ilə keçiribdir. Bu gün də biz yubileyin son gözəl mərasiminə gəldik. Çox gözəl, qeyri-adi tamaşa göstərdiniz. Eyni zamanda, Rəsul Rzanın yaradıcılığını aça bildiniz. Bu, asan şey deyildir. Çünki Rəsul Rzanın yaradıcılığı çox gözəldir, yüksək səviyyəlidir, amma eyni zamanda mürəkkəbdir, çox çətindir. Siz onu aça bildiniz. Bilmirəm, bunun rejissoru kimdir.

Polad Bülbüloğlu (Mədəniyyət naziri): Milli Dram Teatrının rejissoru Əsgər Əsgərovdur.

Heydər Əliyev: Çox gözəl bir kompozisiya düzəltmisə. Çünki bugünkü tamaşa başqalarından özünün qeyri-adiliyi ilə fərqlənir. Eyni zamanda fərqlənməlidir. Çünki hamısı bir cür ola bilməz. Fərqlənir ona görə ki, bu, məhz Rəsul Rzanın yaradıcılığını nümayiş etdirir. Həm siz şeirləri gözəl aktyor ifası ilə, gözəl səslərinizlə oxuyursunuz, həm də musiqi, kompozisiya məni çox heyran etdi. Mən həqiqətən çox həyəcanlandım. Adama çox təsir edir. Bu, bir tərəfdən, Rəsul Rzanın nə qədər böyük şair olduğunu və onun yaradıcılığının nə qədər dərin olduğunu, Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. İkinci tərəfdən də, sizin nə qədər məharətlə, ustalıqla Rəsul Rzanın yaradıcılığını açmağınızı göstərir. Ona görə mən bu gün çox məmnunam.

Mən burada sizinlə, necə deyərlər, çox yaxşı gecə keçirdim. Bir yerdə neçə saat vaxt keçirmişik, bu da az deyil, iki saatdan çoxdur. Mən sizə təşəkkür edirəm. Siz bu gün yaradıcılığımızın yüksək səviyyədə olduğunu bir daha numayiş etdirdiniz.

Hesab edirəm, salondakılara - təkcə salondakılara deyil, televiziya bunu birbaşa yayımlayırdı - bütün Azərbaycan tamaşaçılarına çox gözəl hədiyyə etdiniz. Çox sağ olun.

Biz hamımız bu gün böyük şairimiz Rəsul Rzanı və Nigar Rəfibəylini - burada Nigar xanımın şeirlərinə yazılmış mahnılar, musiqilər səsləndi - bir daha xatırlamalıyıq, onların Azərbaycan xalqı qarşısında böyük xidmətlərini bir daha qeyd etməliyik və onların xatirəsinin bizim üçün nə qədər əziz olduğunu bir daha bildirməliyik. Mən şəxsən belə hesab edirəm və bu gecədən belə hisslərlə ayrılıram. Bir də ki, siz Rəsul Rza yaradıcılığını ustalıqla, məharətlə - həm səsinizlə, həm də musiqinizlə gözəl göstərdiniz. Hamınızı təbrik edirəm. Çox sağ olun. Yaxşı bir iş görmüsünüz. Mən də bu gün sizinlə birlikdə çox gözəl hisslər keçirdim.

Sən çox yaxşı oxuyursan. Anar yanımda idi, sən oxuyanda dedim, bu kimdir? Çox yaxşı oxuyursan. Mahnı da, yəni musiqi də çox gözəldir, sözləri də gözəldir, çox da təsirlidir. Sənin neçə yaşın var?

Aygün Hümbətova: Cənab Prezident, deməyə utanıram. 26 yaşım var.

Heydər Əliyev: Nədən utanırsan, 26 yaş yaxşı yaşdır. Bu gün çox gözəl cavan qızları gördum. əlbəttə, bizim burada veteranlarımız var. Fidan, Xuraman, onlar da yubiley keçirəcəklər, səhnədə olmaqlarının 25 illiyini qeyd edəcəklər. Amma eyni zamanda, gənclər də çoxdur. Çoxlarınızı mən birinci dəfədir görürəm. Bəlkə də görmüşəm, amma unutmuşam. Siz Emin Sabitoğlunun yoldaşısınız. Anar mənə dedi.

Xədicə Abbasova: Cənab Prezident, Siz dediniz ki, mahnı gözəl mahnıdır. O, Emin Sabitoğlunun mahnısıdır.

Heydər Əliyev: Bəli, onun musiqisidir. Sözləri də Nigar Rəfibəylinindir. Siz də çox yaxşı oxudunuz. Anara dedim, çox qeyri-adi ifa etdiniz.

Xədicə Abbasova: Söz verirəm ki, Azərbaycana qayıdıb gələcəyəm.

Heydər Əliyev: Doğrudan, mən Anardan soruşdum ki, bu harada idi.

Anar: Mən dedim ki, Azərbaycandadır. İndi gərək yalanımı çıxarmasın.

Xədicə Abbasova: Mən Eminlə Turkiyədə idim.

Heydər Əliyev: Mən buna dedim ki, yadımdadır, Xədicə xanım Rəşid Behbudovun teatrında idi. O vaxtdan yadımdadır. Çox yaxşı.

Anar: Mələkxanım da bu mahnını yaxşı oxudu. Siz gördünüz, necə gözəl oxudu.

Heydər Əliyev: Çox gözəl oxudu. O çox yaxşı mahnıdır. Mələkxanım da çox yaxşı oxudu. Tamaşaçılar da yaxşı qarşıladı.

Anar: Cənab Prezident, Fidan və Xuraman Qasımova bacılarını da təqdim etməyə ehtiyac yoxdur.

Heydər Əliyev: Yox, bunlar 25 ildir səhnədədirlər, mənim gözümün qarşısındadırlar. Mən onları uşaqlıqdan tanıyıram.

Fidan Qasımova (xalq artisti): Cənab Prezident, çox sağ olun, Allah Sizdən razı olsun.

Heydər Əliyev: Rauf Adıgözəlov da Zülfi Adıgözəlovun oğludur, Vasif Adıgözəlovun da qardaşıdır.

Rauf Adıgözəlov (əməkdar incəsənət xadimi): Cənab Prezident, mən beş ildir ki, burada deyildim, Misirdə işləyirdim. İndi gəlmişəm, bura üçün çox darıxmışam.

Heydər Əliyev: Oralar necədir, yaxşıdır?

Rauf Adıgözəlov: Gözəldir. Sizin oraya gəlməyinizi biz xatırlayırıq. "Semiramiz" mehmanxanasında qalırdınız.

Heydər Əliyev: Bəli, bir dəfə gəlmişdim. Mən "Semiramiz" mehmanxanasında 1973-cü ildə qalmışam. Sonra mən oraya 1994-cü ildə gəlmişdim.

Rauf Adıgözəlov: Bəli, biz bunu həmişə xatırlayırıq. Sizin Misirə gəlməyinizi yenidən gözləyirik.

Heydər Əliyev: Əliabbas Qədirov, Fuad Poladov da bizim böyük klassiklərimizdir. Bunların hamısı mənim gözümün qabağında böyüyüblər. Mən teatrı çox sevirəm.

Polad Bülbüloğlu: Cənab Prezident, Xamis Muradov 1983-ci ildən bəri olan kinokadrları saxlamışdır.

Heydər Əliyev: Sən o kadrları yaxşı saxlamısan. Yaxşı ki, bunları saxlamısınız. O vaxtlar mənimlə bağlı olan şeyləri dağıdırdılar. Yadınızdadır. İndi yaxşı ki, bunlar qalıbdır, dağıda bilməyiblər.

Yaxşı, bu barədə çox danışmaq olar. Hamınızı təbrik edirəm, sağ olun, təşəkkür edirəm.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT