"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qərb ‎ölkələrinin neft şirkətləri ilə bağlanacaq saziş ilə əlaqədar keçirdiyi ‎brifinqdə jurnalistlər qarşısında bəyanatı"(Bakı, 16 sentyabr 1994-‎cü il) sənədinə tarixi arayış


Xarici neft şirkətlərinin Azərbaycan neftinə marağı hələ 1989-cu ildən ‎başlayıb və onlarla müxtəlif formatlarda aparılan danışıqlar 1993-cü ilin ‎yazında başa çatdırılıb. Lakin hazırlanan bu müqavilə variantı ‎Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə gedən siyasi, ‎iqtisadi, hərbi sahələrdəki total böhrandan çıxış yolları axtaran o vaxtkı ‎ölkə rəhbərliyinin təyin etdiyi qeyri-peşəkarların səriştəsiz qərarlarını ‎özündə əks etdirirdi. Azərbaycan xalqının milli mənafeyinə cavab ‎verməsə də müqavilənin imzalanması tarixi də təyin edilmişdi - 21 iyun ‎‎1993-cü il. Lakin bu dövrdə ölkədə yaranan vətəndaş müharibəsi ‎vəziyyətindən çıxış yolu tapa bilməyən Azərbaycanın o vaxtkı rəhbərliyi ‎istefaya getmək məcburiyyətində qaldı. Xalqın tələbi ilə yenidən ‎Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev ölkədəki ‎vətəndaş qarşıdurmasının nəinki qarşısını aldı, eyni zamanda keçən əsrin ‎‎80-ci illərinin sonlarından başlayaraq ölkədə bütün sahələr üzrə baş alıb ‎gedən hərc-mərcliyə son qoydu. Neft amilinin qurulmaqda olan milli ‎iqtisadiyyatın sürətli inkişafı, müstəqil ölkənin gələcəyi üçün böyük ‎əhəmiyyətə malik olduğunu və hazır müqavilə variantının Azərbaycanın ‎milli maraqlarına cavab verməməsini nəzərə alaraq Heydər Əliyev ‎ondan imtina edilməsi haqqında qərar qəbul edib və tərəflərin yenidən ‎danışıqlar masası arxasında əyləşməsini tövsiyə edib.‎

Bu danışıqlar Bakı, İstanbul və Hyüston şəhərlərində bir ildən çox ‎davam etdirilib və neft müqaviləsinin yeni variantı 1994-cü ilin ‎sentyabrında imzalanmağa hazır vəziyyətə çatdırılıb. Müqavilə Xəzərin ‎Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının iri ‎xarici neft şirkətləri ilə birgə işlənməsini nəzərdə tutur. Bu müqavilə bu gün uğurla həyata keçirilən Azərbaycanın yeni neft ‎strategiyası çərçivəsində imzalanan ilk müqavilədir.

Müqavilənin imzalanmasından bir neçə gün əvvəl Azərbaycan ‎Respublikasının Prezidenti Heydər Əliyev yeni neft müqaviləsinin ‎məzmunu ilə ictimaiyyəti və beynəlxalq KİV nümayəndələrini ‎məlumatlandırmaq üçün 16 sentyabr 1994-cü ildə yerli və xarici ‎jurnalistlər qarşısında brifinq keçirib. Brifinqdən dörd gün sonra - 20 sentyabr 1994-cü ildə Bakıda tarixə "Əsrin müqaviləsi" adı ilə düşən müqavilə imzalanıb. Xəzərin Azərbaycan sektorunda yerləşən neftlə zəngin bu üç neft yatağının birgə istismarı üçün Azərbaycan hökuməti ABŞ, Rusiya, Böyük Britaniya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanından on neft şirkəti ilə əməkdaşlığa başlayıb. Beləliklə, Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz "Əsrin müqaviləsi"nin imzalanması ilə öz daxili və xarici siyasətinin dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurmaq və beynəlxalq inteqrasiya proseslərində müstəqil subyekt kimi iştirak etmək niyyətində olduğunu təsdiqlədi.

Azərbaycanın dövlət başçısı brifinqdə müqavilənin əhəmiyyətinə ‎toxunaraq onu ölkəmizin suverenliyinin qorunması və milli ‎iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən ‎biri kimi qiymətləndirərək deyib: "Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir və ona görə də mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm". 

Tarixi arayış 28 iyun 2008-ci ildə yeniləşdirilib.