"Polşanın "Nafta Polska" neft şirkətinin prezidenti Yeji Kaminskinin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə təşkil etdiyi qəbulda söhbətdən" (Varşava, 27 avqust 1997-ci il) sənədinə tarixi arayış


26-28 avqust 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin rəsmi inkişafına stimul verən səfər çərçivəsində prezidentlər Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dostluq və əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.

Azərbaycanla Polşa arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinə xüsusi fikir verən tərəflər bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsini ön plana çəkiblər. Polşa Ticarət Palatasında ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşən Azərbaycan Prezidenti öz ölkəsində həyata keçirilən iqtisadi islahatlar və xarici investorlar üçün yaradılan əlverişli mühitdən, iri beynəlxalq neft və qaz kəmərləri layihəsindən söhbət açıb. Azərbaycanın işgüzar mühiti haqqında informasiya əldə edən polşalı iş adamları bu səfərdən sonra ölkəmizə maraq göstərməyə başlayıb.

Polşada neft şirkəti kimi məşhur olan "Nafta Polska" şirkəti Azərbaycanla neft və qaz sənayesi sahəsində əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Xüsusən Xəzər hövzəsi ölkələrinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırılması istiqamətində mühüm məntəqə olan Azərbaycanla Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə verildikdən sonra geniş əməkdaşlıq etmək perspektivləri müzakirə olunub.

27 avqustda Polşanın "Nafta Polska" neft şirkətinin prezidenti Yeji Kaminski Azərbaycan Respublikasının Prezidentinin şərəfinə Varşavada qəbul təşkil edib. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti neft və qaz sənayesi sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarından istifadə edilməsinin böyük perspektivlərə malik olduğu vurğulayıb. O, deyib: "Mən polyak xalqının azadlıq və müstəqillik əzminə heyran qaldığımı və dərin hörmət bəslədiyimi xüsusi vurğulayaraq bildirirəm ki, yalnız vətənə olan böyük məhəbbət İkinci dünya müharibəsi zamanı dağılmış Varşavanı qısa müddətdə bərpa etməyə imkan vermişdir". 

Polşa öz enerji tələbatının təmin edilməsində Xəzər dənizi regionunun enerji ehtiyatlarının artan rolunu qəbul edir və enerji əməkdaşlığı baxımından Azərbaycan hökuməti ilə əlaqələrin gücləndirilməsini vacib hesab edir. Azərbaycan və Polşa özlərinin tranzit imkanlarından istifadə etməklə nəqliyyat dəhlizlərinin inkişafında daha sıx əməkdaşlıq edilməsində maraqlıdırlar. İki ölkə arasında bu və digər mövzularda əlaqələrin genişləndirilməsi 30-31 mart 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri zamanı geniş müzakirə edilib.

İki il sonra Polşa prezidenti Lex Koçinskinin Azərbaycana rəsmi səfəri zamanı qeyd edilən məsələlər ətrafında müzakirələr konkretləşdirilərək enerji sahəsində əməkdaşlığa dair iki sənəd imzalanıb. (http://www.president.az/)

Qeyd edək ki, Polşa Azərbaycandan xam neft almağa maraq göstərir. Qara dənizə daşınan Azərbaycan neftinin bir qismi Odessa - Brodı neft kəməri ilə Şərqi Avropa ölkələrinə ötürülür. Polşa isə həmin kəmərin onun ərazisindəki Qdansk şəhərinə qədər uzadılması üçün tikintiyə başlayıb və Odessa - Brodı - Qdansk marşrutu hazır olan kimi Azərbaycandan neft alması reallaşacaqdır. (http://www.azadinform.az/) 

Tarixi arayış 27 avqust 2008-ci ildə tərtib edilib.