Azərbaycan Prezidenti Heydər Əliyevin MDB-nin icraçı katibi Boris Berezovskini qəbul edərkən söhbətindən - 5 mart 1999-cu il


Heydər Əliyev: Yenidən görüşməyimizə şadam. Eşitdim ki, siz MDB-nin bəzi ölkələrinə səfər etmisiniz və zənnimcə, Bakı axırıncı məntəqədir. Yoxsa, səfəri davam etdirəcəksiniz?

Boris Berezovski: Heydər Əliyeviç, hər şeydən əvvəl çox sağ olun ki, vaxt tapıb məni qəbul etdiniz. Əvvəlki görüşlərimizin hamısında biz bütün dövlət başçılarının hələ keçən ilin aprelində qarşıya qoyduqları vəzifələrdə çox konsrtuktiv irəiləmişik Əslinə qalsa, Sizinlə görüşümdən məqsəd mənə tapşırılmış işin necə getdiyi barədə məlumat verməkdir. Mənə elə gəlir ki, bu iş dövlət başçılarının istər azad ticarət zonası yaradılması üçün, istərsə də birliyin islahatı üçün müəyyənləşdirdikləri nəticəyə yaxınlaşmaqdadır. Zənnimcə, bu çox vacibdir ki, birlik üçün müəyyənləşdirdiyiniz yeni üstün cəhətlər, - yəni iqtisadiyyat hər şeydən irəlidir, planların hamısı bunun nəticəsidir və nəticəsi də olmalıdır, - yeni struktura çevrilməlidir. Həqiqətən, iqtisadi cəhətlər birliyin yeni ünsürlərində, ötən dəfə sizə dediyim və bu dəfə də diqqətinizə çatdıracağım ünsürlərdə də əsas yer tutur. Bir daha çox sağ olun ki, bunu müzakirə etməyə vaxt tapdınız.

Heydər Əliyev: Bəli, biz belə bir rəylə razıyıq və onu dəstəkləyirik ki, iqtisadi cəhətlər bizim üçün, MDB ölkələri üçün başlıcadır, bunlar Müstəqil Dövlətlər Birliyini möhkəmlədib inkişaf etdirə bilər. Təəssüf ki, bu sahədə hələlik ancaq söhbətlər gedir, iş isə yoxdur. Biz, dövlət başçıları axırıncı dəfə, deyəsən, ötən il aprelin 29-da görüşmüşük. Tezliklə bir il olacaqdır. Gərək ki, biz iki dəfə görüşmək istəyirdik, demişdik ki, görüşlər keçiriləcək, amma keçirilmədi. Başa düşürəm, burada müəyyən obyektiv səbəblər var. Bununla yanaşı, belə çıxır ki, MDB var, MDB-nin konkret praktiki fəaliyyəti isə yoxdur.

Siz o vaxt gəldiniz, MDB-nin, onun strukturlarının fəaliyyətini indi dediyiniz səpkidə təkmilləşdirməyə dair təkliflər verdiniz. Biz bunların hamısını bəyəndik, razılaşdıq. Bundan sonra nümayəndəmiz bir neçə dəfə iclaslarda oldu, axırıncı dəfə sizin iclasınız Minskdə keçirildi. Biz də bu fikirdəyik ki, indi həqiqətən hər şeyi MDB çərçivəsində əhatə etmək praktiki cəhətdən mümkün deyildir. Üstəlik, düşünməliyik: lazımdırmı? O ki qaldı iqtisadi əməkdaşlığa, MDB-nin iqtisadi əlaqələrinin inkişafına, mən də bu fikirdəyəm ki, bu, başlıca məsələdir, iqtisadi əməkdaşlığın yaxşı, səmərəli təşkili ona gətirib çıxara bilər ki, buna başqa sahələr də qoşula bilərlər.

Boris Berezovski: Heydər Əliyeviç, mən buraya həqiqətən Özbəkistandan gəlmişəm. Dünən prezident İslam Kərimovla görüşüm oldu, bundan əvvəl Gürcüstanda Eduard Amvrosiyeviç Şevardnadze ilə, Ermənistanda Prezident Koçaryanla, Tacikistanda prezident Rəhmonov ilə görüşmüşdüm, Türkmənistan prezidenti Niyazovun yanında da olmuşdum. Onların hamısı narahatlıqla bildirdilər ki, çoxdandır görüşlər keçirilmir, faktiki olaraq irəliləyiş yoxdur. İstisnasız olaraq hamı belə fikir söylədi ki, əgər biz üstün istiqamətləri düzgün müəyyənləşdirsək, əgər iqtisadi məsələlər qalan hər şeydən üstün tutularsa, onda bu, ümumi mənafelərin həyata keçirilməsinə imkan yaratmağa gətirib çıxaracaq yoldur. Siyasi hikkələr vasitəsilə, siyasi niyyətlər vasitəsilə deyil, məhz iqtisadiyyat vasitəsilə. Birliyin hər bir ölkəsinin hər bir adamını, hər bir vətəndaşını real surətdə əhatə edə biləcək vəzifələr vasitəsilə buna görə də prezidentlərin mövqeyini bir daha bilmək mənim üçün həqiqətən vacib idi. Mən bundan əvvəl Ukrayna prezidenti ilə, Belarus prezidenti ilə, məhz belə üstün istiqamətlərin ən qızğın tərəfdarlarından biri olan Qazaxıstan prezidenti ilə görüşmüşdüm. Düşünürəm ki, məsələlərə münasibətdəki bu vəhdət, şübhəsiz, bir nəticə verə bilər. Əminəm ki, görüş keçiriləcək, zirvə toplantısı yaxın vaxtlarda olacaqdır. Amma, əlbəttə, bu işdəki bir illik fasilə ideyanın özünü pozur. Mən bu barədə Sizinlə tam razıyam.

Heydər Əliyev: Mən razıyam, biz də bu fikirdəyik. Prinsipcə mən son vaxtlar bir neçə dəfə bildirmişəm ki, indi MDB çox böyük böhran keçirir. Əgər dövlət başçıları və ən əvvəl Rusiya MDB-nin mövcud olmasını və bütün ölkələrə fayda gətirməsini istəyirlərsə, onda iş bu cür vəziyyətdə qala bilməz. İndi, xüsusən də, demək olar, bütün MDB ölkələrini və ilk növbədə Rusiyanı bürümüş və şübhəsiz, bizə, Azərbaycana da mənfi təsir göstərmiş maliyyə-iqtisadi böhran fonunda iqtisadi inteqrasiyanı gücləndirmək lazımdır. Biz böhranın ziyan vurmasına yol verməmək üçün çox böyük səylər göstərməli olduq. Böhranın mənfi təsirini hiss etmişik və edirik, ancaq, buna baxmayaraq, valyutamızın sabitliyini qoruyub saxlamışıq, bizdə Rusiyadakı, digər MDB ölkələrindəki kimi inflyasiya yoxdur, milli valyutamız möhkəmləndiyinə görə istehlak malları hətta ucuzlaşmışdır. Əlbəttə, biz buna böyük çətinliklə müvəffəq olmuşuq, inflyasiyanın artmasına və Rusiyadakı maliyyə-iqtisadi böhranın təsirinin böyük olmasına yol verməmək üçün ehtiyatlarımızdan istifadə etmək lazım gəlmişdir. Biz bu vəziyyətdən çıxmışıq, bu gün də çıxırıq, hərçənd respublikanın maliyyə-iqtisadi vəziyyətinə təzyiq var. Təminat varmı ki, Rusiyada sabah daha hansısa bir böhran tüğyan etməyəcək və bu böhran bizə yenidən zərbə endirməyəcəkdir?

Buna görə də təbii ki, iqtisadiyyat əsasdır. Biz Rusiya iqtisadiyyatında nə kimi mürəkkəb proseslər getdiyini informasiya orqanları əsasında müşahidə edirik. Rusiya çox böyük ölkədir, bütün MDB ölkələri onunla iqtisadi cəhətdən bağlıdır. Ona görə də bu məsələlərlə daha fəal məşğul olmaq lazım idi. Təəssüf ki, belə deyildir və nədənsə, kollektiv təhlükəsizlik haqqında müqavilə məsələsi daha çox müzakirə edilir. Halbuki indi bu, heç də başlıca məsələ deyildir. Məsələn, biz Azərbaycanda hesab edirik ki, MDB ölkələri hansısa bir xarici təcavüz təhlükəsi qarşısında deyil ki, kollektiv təhlükəsizliyi möhkəmləndirsinlər. Belə təhlükə yoxdur. Amma buna baxmayaraq, iqtisadiyyatdan çox, kollektiv təhlükəsizlik haqqında müqavilənin müqqədaratından söhbətlər gedir.

Bu onu göstərir ki, Rusiya, - çünki həmin təklif və məsələlərin hamısının təşəbbüsçüsü Rusiyadır, - vəziyyəti çox da düz qiymətləndirmir, məsələlərin həlinə çox da düz yanaşmır. Əgər kollektiv təhlükəsizlik haqqında müqavilədən danışmalı olsaq, onda MDB ölkələri bu müqavilənin nə kimi faydasını görüblər? Hələ 1993-cü ilin dekabrında, Azərbaycan MDB-yə daxil olduqdan az sonra, - siz bilirsiniz ki, Azərbaycan MDB-yə 1993-cü ilin sentyabrında daxil olub, - Aşqabadda MDB dövlət başçılarının görüşündə mən məsələ qaldırdım və çox ətraflı bir bəyanat verdim ki, əgər bu birliyə daxil olan ölkələrdən ikisi - Ermənistan və Azərbaycan müharibə vəziyyətindədirsə, bir-biri ilə vuruşursa, onda Müstəqil Dövlətlər Birliyi, xüsusən kollektiv təhlükəsizlik haqqında müqavilə mövcud ola bilməz. O vaxtlar isə fəal döyüş əməliyyatları gedirdi və Ermənistan silahlı qüvvələri çox fəal hücum edirdilər. Lakin, təəssüflər olsun, - bunu demək istəyirəm, aradan artıq bir çox illər keçmişdir, - o vaxt bütün dövlət başçıları bu bəyanata reaksiya vermədilər. Mənim bəyanatım bir bəyanat olaraq qaldı. Bəlkə ona görə ki, o vaxtlar Azərbaycanın əzab çəkdiyi qədər heç kim əzab çəkmirdi, bəlkə də, MDB ölkələrinin bu problemdən xəbəri yox idi. Bununla belə, əgər biz də MDB-də birləşmişiksə və kollektiv təhlükəsizlik haqqında müqaviləyə daxiliksə, onda, gəlin, bir nəzər salaq.

Bu, 1993-cü ilin dekabrında olmuşdu. İndi 1999-cu ilin əvvəlidir, beş ildən artıq vaxt keçmişdir və kollektiv təhlükəsizlik haqqında müqavilə məsələsi yenə də müzakirə edilir. Yəni demək istəyirəm ki, əsas diqqəti indi MDB ölkələri üçün həlledici əhəmiyyətə malik başlıca məsələlər üzərində cəmləşdirmək əvəzinə, nədənsə digər, daha az əhəmiyyətli məsələlərin üstünə düşmüşlər. Əlbəttə, təhlükəsizlik məsələsi bizim üçün çox mühüm məsələdir. Əgər MDB ölkələri birləşib Ermənistan-Azərbaycan münaqişəsini həll etməyə, Qafqazda sülh yaratmağa, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisini azad etməyə, Ermənistan silahlı qüvvələrinin işğalı ilə əlaqədar öz yaşayış yerlərindən qovulmuş bir milyondan çox Azərbaycan vətəndaşının oraya qayıtmasına kömək etsələr, əlbəttə ki, bu halda biz təhlükəsizliyə, kollektiv təhlükəsizliyə, bütün MDB ölkələrinin, o cümlədən də ölkələrimizin təhlükəsizliyinə aid bütün məsələlərin müzakirəsinin fəal iştirakçısı olardıq. Lakin MDB ölkələri üçün ən ağır problem - Ermənistanla Azərbaycan arasında hərbi münaqişə bir kənarda qalır, bəziləri, xüsusən Moskvada, kollektiv təhlükəsizlik haqqında müqavilənin qeydinə qalırlar. Əgər bu müqavilə MDB-nin daxilində təhlükəsizliyi təmin etmirsə, nə müqavilədir?

MDB-nin fəaliyyətində, xüsusən bunu əlaqələndirməli olan adamların işində nöqsanlar, səhvlər çoxdur. Boris Abramoviç, mən başa düşürəm, siz əsasən iqtisadi məsələlərlə məşğul olursunuz. Amma gərək ki, kollektiv təhlükəsizlik haqqında müqavilənin baş katibi var. Beş ildə mən bu baş katibin üzünü görməmişəm və ümumiyyətlə onun nə ilə məşğul olduğunu bilmirəm. İndi, kollektiv təhlükəsizlik haqqında müqavilənin müddəti bitdiyi və onun uzadılmasından, yeni müqavilə imzalanmasından söhbət getdiyi vaxtda isə ortaya məsələ çıxır. Bəs bu beş ildə harada idilər? Ermənistanla Azərbaycan arasında mövcud olan problemə nə üçün laqeyddirlər?

Bir sözlə, məsələlər çoxdur. Lakin mənə elə gəlir ki, biz fikir mübadiləsi edərik.

Sonra. Bu gün Moskva televiziyası xəbər verdi ki, kimsə MDB-nin icraçı katibi Berezovskini işdən çıxarmışdır. Biz isə sizinlə görüş barədə razılaşmışdıq. Bu, mənə aydın deyildir, mən təəccübləndim. Belə şey olar? Axı, biz dövlət başçıları Berezovskinin MDB-nin icraçı katibi təyin olunması haqqında qərarı birlikdə müzakirə və qəbul etmişdik. Əgər onun əvəz olunması və ya azad edilməsi və hətta başqa işə keçirilməsi məsələsi meydana çıxarsa, onda biz bu məsələni də müzakirə etməli, birgə həll etməliyik. Axı, nəhayət, MDB-ni hər hansı dövlətin əlavəsinə çevirmək olmaz. Sözün düzü, mən bu xəbərdən təəccübləndim və düşünürəm ki, biz bu məsələni aydınlaşdırmalıyıq. Hesab edirəm ki, bu, sizin deyil, bizim məsələmizdir. Bunu mənə səhər bildirdilər, dedilər ki, bu xəbəri Moskva televiziyası vermişdir. Ona görə də mən bu barədə də öz fikrimi söyləməyi qərara aldım.

Boris Berezovski: Mənə elə gəlir ki, qəribə olsa da, dövlətlər üçün çox ciddi olan birinci məsələ - təhlükəsizlik məsələsi də, Sovet İttifaqının süqutundan sonra meydana gəlmiş son dərəcə mürəkkəb problemlərin həlli məsələsi və Sizin xatırlatdığınız kiçik bir məsələ, yəni icraçı katibin təyin və azad edilməsi məsələsi də, təəssüf, eyni bir səbəblə bağlıdır. Zənnimcə, son vaxtlar dünyada baş verən hadisələr, həqiqətən dərindən dərk edilmir. Sovet İttifaqı biryolluq, həmişəlik dağılıb getmişdir. Təəssüflər olsun, kiminsə başında belə bir ideya var ki, bu, uçub dağılmış adicə kubiklərdir və onları yenidən yığmaq, yapışdırmaq mümkündür və onda hər şey qaydasında olacaqdır. Bu adamlar qətiyyən başa düşmürlər ki, adi kubiklər daha yoxdur, indi mürəkkəb həndəsi fiqurlar - öz milli, mədəni, iqtisadi xüsusiyyətləri olan ayrı-ayrı ölkələr var və indən belə daha adicə kubiklərdən əzəmətli bina ucaltmaq mümkün deyildir. Buna görə də çox tez-tez yanılırlar və yenə də əmr etməyə, yenə də vahid mərkəzdən idarə etməyə şirnikirlər. Hesab edirəm ki, indən belə bu, qətiyyən real deyildir.

Mən Eduard Amvrosiyeviç Şevardnadze ilə görüşdüm, axı Gürcüstanın da problemi - gürcü-abxaz problemi var və orada da sual doğur: Bu çox ağır münaqişənin həllinə birlik ötən müddətdə nə kimi kömək göstərmişdir? Buna da tamamilə birmənalı cavab verirlər - kömək olmayıbdır və biz başa düşmürük ki, kollektiv təhlükəsizlik haqqında müqavilə nəyimizə gərəkdir.

Dünən mən Özbəkistan prezidenti ilə görüşdüm. Birliyin necə qurulması ilə bağlı onun da sualları çoxdur. Kərimov çox əla bir fikir söylədi və bu, məni öz dərinliyi ilə heyran etdi. O dedi ki, biz birliyi real surətdə yalnız o halda qura bilərik ki, dövlətlərdən hər biri özünütəminata qadir olsun. Nəyə görə indi Avropa birləşmək potensialına malikdir? Ona görə ki, Avropa dövlətlərindən hər biri özünütəminata qadirdir. Müstəqilliyin və suverenliyin real mənası da məhz bundan ibarətdir. Dövlətlərdən hər birinin özünütəminata qadir olmaq üçün seçdiyi yol imperiya yaratmağa can atanlarda, təəssüf ki, bu gün də narazılıq doğurur. Amma hesab edirəm ki, o vaxtlar arxada qalmışdır, geri qaytarmaq olmaz. Bizim birlikdə etməyə çalışdığımız isə, - əslində, mən Sizin iradənizi, digər prezidentlərin iradəsini əlaqəli şəkildə ifadə etməyə çalışıram, - mənə elə gəlir ki, məhz buna doğru aparan yoldur ki, hər bir dövlət müstəqillik qazansın və başqaları ilə əməkdaşlığın faydasını görsün. Sağ olun, Heydər Əliyeviç.

Heydər Əliyev: Boris Abramoviç, siz bu məsələyə toxundunuz və təbii ki, mən bizim fikrimizi bildirməliyəm.

Bəli, biz Rusiyada gedən və Sovetlər İttifaqını yox, hansısa digər ittifaqı, hər halda hansısa vahid ittifaq dövlətini bu və ya digər formada birmənalı şəkildə bərpa etmək cəhdi demək olan prosesləri izləyirik.

Həm Moskvada, həm də Belarusda Rusiya ilə Belarusun ittifaqı çox təbliğ olunur. Biz iki MDB dövlətinin ikitərəfli münasibətlər probleminə qarışmırıq. Onlar iki suveren dövlətdir və özlərinə faydalı olan münasibətlər qurmağa ixtiyarları var. Bununla belə Rusiya ilə Belarusun bu ittifaqında nəzərə çarpanda, həm Rusiyada, həm də Belarusda dövlət xadimləri eyham vuranda və işarə edəndə ki, bu, digər ölkələrin də vahid ittifaqda birləşməsinin başlanğıcıdır, əlbəttə, hamımıza aydın olur ki, keçmişdə olanı bu və ya digər formada bərpa etmək cəhdindən söhbət gedir.

Təkcə bu deyil. İmperiya əhval-ruhiyyəsi bir çox digər hallarda, təəssüf ki, Rusiyanın bəzi dairələrində, Moskvada yaşayır və özünü biruzə verir. Bu, hamını narahat edir. Zənnimcə, heç bir müstəqil dövlət bununla razılaşa bilməz. Lakin əgər Belarus razılaşırsa, bu, onun işidir. Bizim üçün, Azərbaycan üçün tamamilə aydın və şəksizdir - Sovetlər İttifaqı həmişəlik dağılmışdır O, dağılmalı idi, yaşamaq qabiliyyətini itirmişdi. Onun dağılması Azərbaycan üçün xüsusilə mühümdür. Çünki Ermənistan-Azərbaycan münaqişəsinin başlanması Sovetlər İttifaqının və onun 80-ci illərdəki rəhbərliyinin əməlinin nəticəsidir.

1990-cı ilin yanvarında Azərbaycana qarşı edilən hərbi təcavüz - sovet qoşunlarının çox böyük kontingentinin Bakıya yeridilməsi, günahsız, tamamilə müdafiəsiz insanların qırılması və Moskvanın Azərbaycana qarşı eyni ədalətsizliklə törətdiyi bir çox digər əməllər bizim mövqeyimizi qəti şəkildə aydın və anlaşıqlı edir - Sovetlər İttifaqının bərpasından söhbət gedə bilməz. Dövlət müstəqilliyinin əldə edilməsi xalqlarımızın, hər halda Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixi nailiyyətidir. Biz heç vaxt və heç bir şəraitdə onu əlimizdən verməyəcəyik, yol verməyəcəyik ki, xalqımızın bu hüququ tapdansın, yaxud məhdudlaşdırılsın.

İmperiya əhval-ruhiyyəsi ilə yaşayan və hansısa yeni ittifaq yaratmaq planları hazırlayan adamlar bu həqiqəti başa düşməlidir. Özü də, onlar tarixi yaxşı bilməlidir. Məsələn, Sovetlər İttifaqı 1922-ci ildə yaranmışdı. Tarixdən yaxşı bilirik ki, 1922-ci ilin dekabrında Sovetlər İttifaqında birləşən respublikaların razılığına nail olmaq üçün bir neçə il fəal iş aparmaq lazım gəlmişdi. Doğrudanmı, həmin adamlar güman edirlər ki, bu ölkələr XX əsrin sonunda, müstəqillik əldə etdikləri və tamamilə başqa səviyyədə olduqları bir vaxtda yenidən kiminsə tabeçiliyinə düşməyə, yaxud, necə deyərlər, kiminsə vassalı olmağa razılaşarlar? Bu, ola bilməz. Buna görə də onlar səhv edirlər və səhvlərini nə qədər tez başa düşsələr, bir o qədər yaxşı olar. Biz MDB-yə daxil olan bütün ölkələrin müstəqilliyi, suverenliyi və öz müstəqilliyimiz mövqeyində möhkəm dayanmışıq. Biz öz suverenliyimizi var gücümüzlə qoruyacağıq.

"Azərbaycan" qəzeti, 6 mart 1999-cu il.