Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Slovakiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İqor Furdikin etimadnaməsini qəbul edərkən söhbətindən - 10 fevral 2000-ci il


İqor Furdik:  Zati-aliləri!

Bu gün mən öz etimadnaməmi Sizə təqdim etməkdən böyük şərəf duyuram. Sizin razılığınızla Slovakiya Respublikasının prezidenti Rudolf Şuster bu etimadnamə ilə məni Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin etmişdir.

İndinin özündə dövlətlərimiz arasında münasibətlər inkişaf edir və biz bu münasibətləri yaxşı və mehriban münasibətlər kmii qiymətləndiririk. Eyni zamanda demək istəyirəm ki, zənnimizcə, biz bütün mövcud potensialdan hələ tam istifadə etmirik.

İcazə verin, Slovakiya və Azərbaycan vətəndaşlarının mənafeyi naminə ölkələrimiz arasında əməkdaşlığın və dostluq münasibətlərinin daha da inkişaf etməsinə öz imkanlarım və bacarığım daxilində kömək göstərmək arzusunda və niyyətində olduğumu bildirim.

Çox hörmətli cənab prezident, Slovakiya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri olaraq mən Slovakiya Respublikasının prezidenti cənab Rudolf Şusterin tapşırıqlarını bu inam və niyyətlə yerinə yetirmək istəyirəm. Xahiş edirəm, etimadnaməmi qəbul edəsiniz.

Heydər Əliyev: Cənab səfir, sizi Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm. Sizə işinizdə uğurlar arzulayıram.

Slovakiya ilə Azərbaycan arasında münasibətlər səmimi, xoş və yaxşıdır. Bu yaxınlarda Azərbaycanda biz ölkənizin xarici işlər naziri başda olmaqla Slovakiya nümayəndə heyətini qəbul etdik. Ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi sahəsində tədbirlər barədə ətraflı fikir mübadiləsi oldu.

Slovakiya xarici işlər nazirinin nümayəndə heyəti burada Xarici İşlər Nazirliyində, hökumətdə, parlamentdə də qəbul edildi. Mənim onlarla kifayət qədər uzun çəkən, çox faydalı görüşüm oldu. Bu onu göstərir ki, Slovakiya da, Azərbaycan da münasibətlərin daha da inkişafı üçün bütün imkanlardan istifadə etməyə çalışır.

Biz Slovakiya xarici işlər nazirinin Azərbaycana səfərini alqışladıq və bu münasibətləri inkişaf etdirmək üçün öz tərəfimizdən bütün tədbirləri görəcəyik.

Slovakiyanın xarici işlər nazirini biznesmenlər müşayiət edirdi. Burada hökumətlərimiz arasında bəzi sənədlər imzalandı. Bütün bunlar münasibətlərimizin daha da inkişafı üçün yaxşı başlanğıcdır. Düşünürəm ki, Slovakiyanın Azərbaycanda səfiri kimi siz münasibətlərin, başlıcası isə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafı və dərinləşməsi üçün hər şeyi edəcəksiniz.

Biz Azərbaycanda bu əhval-ruhiyyədəyik və əmin ola bilərsiniz ki, ölkəmizin bütün hakimiyyət orqanları səfir vəzifənizi yerinə yetirməniz üçün Sizə hər cür kömək göstərəcəklər.

Yaltada cənab prezident Rudolf Şuster ilə görüşümü xatırlayıram. Biz bu yaxınlarda İstanbulda da görüşdük, ikitərəfli münasibətlərimizin inkişafı məsələlərini müzakirə etdik, beynəlxalq həyata dair problemlər barədə fikir mübadiləsi apardıq. Münasibətlərimizin daha da yaxşı inkişaf etməsi üçün bu da yaxşı əlamətdir.

Sizi bir daha təbrik edir və uğurlar arzulayıram.


"Azərbaycan" qəzeti, 11 fevral 2000-ci il.