Azərbaycan Prezidenti Heydər Əliyevin "Vaşinqton-post" qəzetinin jurnalistləri ilə görüşü - 26 aprel 1999-cu il


Heydər Əliyev: Mətbuatla görüş həmişə çox maraqlı olur. Xüsusən dünyada məşhur olan belə bir qəzet - "Vaşinqton-post" qəzetinin nümayəndələri ilə. Mən sizi salamlayıram və təşəkkür edirəm ki, siz vaxt tapıb bizimlə görüşməyə gəlmisiniz.

Adətən qəzetçilər suallar verirlər. Yəqin ki, sizin də suallarınız vardır.

Stiv Rozenfeld: Cənab prezident, Sizə çox təşəkkür edirik ki, bizi dəvət etmisiniz. Bəli, doğru buyurursunuz, Sizə çoxlu suallarımız vardır. Əgər etiraz etməsəydiniz elə birbaşa suallardan başlayaq.

Heydər Əliyev: Buyurun, başlayın.

Sual: Cənab prezident, bilmək istərdik ki, Siz NATO-nun Kosovodakı əməliyyatlarını necə qiymətləndirirsiniz və Sizcə, NATO-nun Kosovo barədə qərarları sülhün bərqərar olmasına gətirib çıxaracaqmı?

Cavab: Əvvəlcə mən istəyirəm sizə təşəkkür edim ki, qəzetiniz və siz Azərbaycana, Azərbaycanın prezidentinə bu günlər çox böyük diqqət göstərmisiniz. Aprel ayının 22-də bizim Vaşinqtona gəlməyimizlə əlaqədar siz aprelin 23-də öz qəzetinizdə bizim gəldiyimizi bəyan etmisiniz və hətta bir şəkil də vermisiniz. Deyirlər ki, "Vaşinqton-post" qəzetində belə bir fotonun yerləşdirilməsi bu qəzetin xüsusi münasibətini göstərir. Ondan sonrakı gün bizim Hərbi Dəniz Akademiyasında olmağımız haqqında sizin qəzetdə bir məqalə verilibdir. Bunlara görə təşəkkür edirəm. Bizim Azərbaycanda deyirlər ki, göz dəyməsin, həmişə belə olsun. Çünki burada prezidentlər çoxdur. İndi siz bizə belə diqqət göstərmisiniz. Ola bilər, buna görə də göz dəysin.

Sizin sualınıza cavab olaraq onu deyə bilərəm ki, şübhəsiz, Yuqoslaviya, Kosovo problemi çox mürəkkəb bir problemdir. Amma siz bilirsiniz ki, biz, Azərbaycan on ildir belə bir problemin içində yaşayırıq. Yəqin sizə məlumdur ki, Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətini 1988-ci ildə Ermənistan Azərbaycandan ayırıb özünə bağlamağa çalışıbdır. Bunun nəticəsində müharibə baş veribdir və Ermənistan Silahlı Qüvvələri müəyyən səbəblərə görə Azərbaycan ərazisinin 20 faizini işğal edibdir.

Buna baxmayaraq, biz beş il öncə atəşkəs haqqında saziş imzalamışıq, atəşi dayandırmışıq və məsələni sülh yolu ilə həll etmək istəyirik. Məsələni sülh yolu ilə həll etmək üçün Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarətmə statusu verməyə razıyıq. Amma Ermənistan tərəfi bununla razı deyildir. Ona görə də indiyə qədər bu məsələ həll olunmur.

Yuqoslaviyada isə Miloşeviç Kosovonun muxtariyyətini ləğv edibdir və beləliklə, o, beynəlxalq hüquq normalarını pozubdur, ədalətsizlik edibdir və Kosovo albanlarının özünüidarəetmə statusu almaq cəhdlərinə görə də orada müharibə başlayıbdır. O, etnik təmizləmə ilə məşğul olur. Bizim bu barədə fikrimiz belədir ki, hər bir ölkənin ərazi bütövlüyü toxunulmaz olmalıdır. Ona görə də biz Yuqoslaviyanın ərazi bütövlüyünü müdafiə edirik, dəstəkləyirik. Biz separatçılığın əleyhinəyik. Amma eyni zamanda etnik təmizləmənin də, soyqırımın da əleyhinəyik.

Şübhəsiz ki, biz Kosovo albanlarına müstəqillik vermək, müstəqil dövlət yaratmaq təklifinin əleyhinəyik. Amma eyni zamanda Kosovo albanlarının hüquqlarının tapdalanmasının da əleyhinəyik. Biz hesab edirik ki, bu məsələdən ən düzgün çıxış yolu budur ki, Yuqoslaviyanın ərazi bütövlüyünün toxunulmazlığı şərti ilə Kosovo albanlarına Yuqoslaviya dövlətinin tərkibində muxtariyyət hüququ verilməlidir və hər iki tərəf belə bir prinsip əsasında münaqişəyə son qoymağa məcbur edilməlidir. Bu baxımdan NATO-nun Yuqoslaviyada apardığı əməliyyatlar, görünür ki, son qərardır. Yəni bütün başqa imkanlar nəticə vermədiyinə görə NATO bu cür əməliyyatlara başlayıbdır.

Ümumiyyətlə, biz hərbi əməliyyatların əleyhinəyik. Ancaq Miloşeviçin hərəkətlərinin qarşısını yəqin ki, başqa cür almaq mümkün deyildir. Ona görə də biz NATO-nun bu əməliyyatlarını da məqsədəuyğun hesab edirik.

Təbiidir ki, məsələnin sülh yolu ilə həll edilməsi hər şeydən yaxşı olardı. Əgər Miloşeviç bununla razı olmursa və özünü bu qədər sərbəst aparırsa, onda onu məcbur etmək lazımdır.

Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində sülhə məcbur etmək kimi bir müddəa var. Ona görə də biz hesab edirik ki, əgər NATO bu yol ilə gedibsə, bu yol ilə də məsələni sona çatdırıb həll etməlidir. Bu, mənim prinsipial fikrimdir. Amma taktiki cəhətlər, şübhəsiz ki, NATO-nun özündən asılıdır.

Sual: Siz "Bu münaqişəyə son qoyulmalıdır" deyərkən, əgər lazım olarsa, quru qoşunlarının da Kosovoya göndərilməsinin tərəfdarısınızmı?

Cavab: Bilirsiniz, indi vəziyyət elədir ki, Miloşeviç bütün dünyaya meydan oxuyur.

Rusiyanın məsələni sülh yolu ilə həll etmək fikri ilə razıyam. Amma əgər Miloşeviç heç bir təklifi qəbul etmirsə və özbaşınalıq edib soyqırımı siyasəti həyata keçirirsə, bunun başqa yolu yoxdur.

Sual: Cənab prezident, İraq Küveyti işğal edərkən Sovetlər İttifaqı beynəlxalq səylərə qoşularaq bu təcavüzə qarşı çıxış etdi. Sizcə, indi Rusiya nə üçün beynəlxalq qüvvələrlə bir mövqedən çıxış etmir?

Cavab: Buna mən tam cavab verə bilmərəm. Onu Rusiyadan soruşmaq lazımdır. Ancaq bizi narahat edən bir məsələ ondan ibarətdir ki, Rusiyada bu dəqiqə şovinist, millətçilik əhval-ruhiyyəsi çox geniş yayılıbdır.

Şübhəsiz ki, hər dövlət öz siyasətini özü bildiyi kimi aparır. Amma Rusiyada slavyan birliyi, yaxud da pravoslav, xristian birliyi şüarı altında onlar bu ədalətsizliyə dəstək verirlər. Mən hesab edirəm ki, Rusiya o qədər də düzgün siyasət aparmır. Ümumiyyətlə, Rusiyanın məsələləri sülh yolu ilə həll etmək prinsipi əsaslı fikirdir. Ancaq məlumdur ki, NATO da bu məsələni sülh yolu ilə həll etməyə çalışır. Amma bunlar nəticə vermədi. Rusiya da həmin o əlaqə qrupunun, yaxud da Rambuyedəki danışıqların iştirakçısı idi. Gərək o, həmin vaxt çalışaydı və Miloşeviçlə xüsusi əlaqəsi olduğuna görə gərək ona başa salaydı ki, bu cür hərəkətlərdən əl çəksin. Amma buna nail olmayaraq, eyni zamanda NATO-nun əməliyyatlarının əleyhinə çıxmaq, şübhəsiz ki, anlaşılmazdır. Rusiya deyir ki, məsələni danışıqlarla həll etmək lazımdır. Bu, düzgün fikirdir. Ancaq əgər danışıqlar nəticə vermirsə?

Məsələn, biz beş ildir Ermənistanla danışıqlar aparırıq ki, məsələni sülh yolu ilə həll edək. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. İndi də deyir ki, "Dağlıq Qarabağa müstəqillik vermək lazımdır". Biz nə qədər çalışırıq, münaqişəni həll edə bilmirik. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa da Ermənistanı bu məsələnin sülh yolu ilə həll olunmasına təhrik edə bilmirlər. Məsələ həll olunmur, torpaqlarımız işğal altındadır, bir milyondan artıq həmvətənimiz qaçqın vəziyyətində çadırlarda yaşayır.

Məsələn, Dağlıq Qarabağda müharibə etmək lazım deyildir. Sadəcə, Ermənistan tərəfinə daha da güclü təsir olsaydı ki, onlar düzgün mövqe tutsunlar, məsələni həll etmək mümkündür.

Görünür ki, indi Miloşeviç həm özünə arxayındı, həm də başqa şeylərə arxayındır. O, heç bir ədalətli fikrə məhəl qoymur. Mənim fikrim bu qədər.

Sual: Cənab prezident, öncə bildirdiniz ki, Siz Dağlıq Qarabağa Azərbaycanın tərkibində geniş statuslu muxtariyyət verməyə razısınız. Bilmək istərdik ki, bu "geniş muxtariyyət" deyərkən nəyi nəzərdə tutursunuz? Yəni mən Dağlıq Qarabağda yaşayan erməni çoxluğuna geniş muxtariyyət verilməsini nəzərdə tuturam. Ümumiyyətlə, "geniş muxtariyyət" deyərkən nəyi nəzərdə tutursunuz? Bir az bu məsələnin spesifik cəhətlərinə vara bilərsinizmi?

Məsələn, Siz Dağlıq Qarabağa özünün polis qüvvələrini saxlamağa və silah gəzdirərək yerli əhalinin təhlükəsizliyini təmin etməyə, yaxud Dağlıq Qarabağ ilə Ermənistan arasında planlı şəkildə körpünün fəaliyyət göstərməsinə, dəhlizin olmasına icazə verərsinizmi? Xahiş edirəm, geniş muxtariyyətin detallarında nəyi nəzərdə tutduğunuz barədə bizə ətraflı məlumat verəsiniz.

Cavab: Bilirsiniz, əgər Ermənistan tərəfi bu geniş muxtariyyətin tərəfdarı olsa, biz onlarla birlikdə bu məsələni daha da dəqiqləşdirə bilərik.

Məsələn, prinsip etibarilə siz dediyinizə, - əlbəttə ki, Dağlıq Qarabağda polis qüvvələrinin saxlanmasına və silahlı polisin olmasına biz tamamilə razıyıq. Ermənistanla daim əlaqə saxlamaq - buna da biz tamamilə razıyıq. Biz onlara iqtisadiyyatda da çox böyük səlahiyyətlər verməyə hazırıq, yaxud, xarici ölkələrlə müstəqil iqtisadi əlaqələr saxlanmasına da biz razıyıq. "Yüksək muxtariyyət" deyəndə, orada bir neçə məsələlər üzrə onlar gərək Azərbaycan hökuməti ilə mütləq bağlı olsunlar. Qalan məsələlərdə isə biz onlara geniş səlahiyyət veririk.

Dünyada çox belə muxtariyyətlər var, muxtariyyət statusu vardır. Biz bəyan etmişik ki, Ermənistan tərəfi üçün uyğun olan muxtariyyət statusunu biz onlara verməyə hazırıq. Amma Ermənistan tərəfi bununla razı deyildir.

Sual: Cənab prezident, mən mövzunu dəyişərək İrandakı cari siyasi durum barədə Sizin fikirlərinizi bilmək istərdim. Sizcə, İranın cari siyasi vəziyyəti nə qədər sabitdir və Siz gələcəyə baxdıqda İranda nələrin baş verə biləcəyini görürsünüz?

Cavab: Bu barədə qəti bir söz demək çox çətindir. İranda olan rejim, islam dövləti rejimi, şübhəsiz ki, gücə arxalanan bir rejimdir. İran əhalisinin çox hissəsinin dindar olması və dinin İranda çox güclü təsiri olması, şübhəsiz ki, bu rejimi daha da möhkəmləndirir.

İranda təxminən 30 milyona qədər azərbaycanlı yaşayır. Bu, İran əhalisinin təxminən yarısıdır. Onlar istəyirlər ki, öz dillərində məktəb olsun, kitab olsun, qəzet olsun. Onlar başqa bir şey istəmirlər.

Baxmayaraq ki, vaxtilə öz konstitusiyalarında belə hüquqların verilməsi haqqında maddə yazılıbdır və bugünkü prezident seçkiləri vaxtı söz veribdir ki, prezident seçilsə Konstitusiyanın 15-ci maddəsini həyata keçirəcəkdir, ancaq onu həyata keçirmir.

Sual: Cənab prezident, Sizcə, prezident Xatəmi İranda mövcud olan mühafizəkar qüvvələr və kəşfiyyat orqanları üzərində öz ideyaları ilə qalib gələ biləcəkmi və Siz Xatəmini yaxın 5-10 il ərzində İranda önəmli rol oynayan siyasi fiqur kimi görürsünüzmü?

Cavab: Şübhəsiz ki, prezident Xatəmi bir siyasi fiqur kimi İranda böyük rol oynayır və gələcəkdə də oynaya bilər. O, Qərblə müəyyən bir dialoq etmək təklifini irəli sürübdür.

Sual: Bu səfəriniz zamanı prezident Klinton ilə söhbət etmək imkanınız oldumu? Xüsusilə, Azərbaycana humanitar yardım göstərilməsinə qoyulmuş qadağa barədə onunla söhbət edə bildinizmi? Azərbaycana qarşı tətbiq olunmuş bu maddənin aradan qaldırılması və bu vəziyyətin düzəldilməsi üçün yeni təşəbbüslər edəcəyi barədə onun tərəfindən vədlər almısınızmı?

Cavab: Ayın 24-də axşam görüşümüz zamanı mən onunla qısa söhbət etdim və aprelin 25-də NATO-nun toplantısı bitəndən sonra biz yenə də bir neçə dəqiqə söhbət etdik. Bu söhbətlər zamanı bizim əsas fikirlərimizi mən ona bir daha çatdırdım. Bizim üçün əsas iki məsələdir: biri Ermənistan-Azərbaycan münaqişəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında Amerika Birləşmiş Ştatlarının səylərinin artırılması, ikincisi isə Konqresin qəbul etdiyi 907-ci maddənin, Azərbaycana yardıma qadağa qoyan maddənin aradan götürülməsidir. Ayın 24-də və 25-də apardığımız söhbətimizin ikisində də o, qətiyyətlə bildirdi ki, bu məsələlərlə ciddi məşğul olur və olacaqdır. Hətta belə dedi ki, mən prezidentlik müddətimin sonuna qədər Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasını mütləq təmin etməliyəm.

Mən bir neçə vaxt, 10-15 gün bundan öncə prezident Klintondan və xanım Olbraytdan məktub almışam. O məktublarda prezident Klinton və xanım Olbrayt göstərirlər ki, Amerika hökuməti Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün bundan sonra daha da ciddi məşğul olacaqlar. 907-ci maddə haqqında onlar daim bildirirlər ki, bu 907-ci maddənin əleyhinədirlər. Onların bəyanatına görə, hökumət çalışır və bundan sonra da çalışacaq ki, 907-ci maddə aradan götürülsün.

Mən bu gün xanım Olbraytla görüşəcəyəm. Görüş zamanı bu mövzuları mütləq müzakirə edəcəyəm.

Sual: Cənab prezident, Kosovo mövzusuna toxunan zaman Rusiyada son dövrdə artmaqda olan şovinizm və millətçilik təzahürlərindən narahatlığınızı bildirdiniz. Öyrənmək istərdik ki, bu, özünü daha hansı formalarda büruzə verir və Sizin regiona bu halların təsiri necədir?

Cavab: Rusiyanın siyasətində millətçilik, şovinizm hər yerdə özünü büruzə verir. Mən sizə bildirmək istəyirəm ki, keçmişdə Sovetlər İttifaqının rəhbərliyində olan şəxslərin də siyasətində millətçilik, şovinizm daim hiss olunurdu. İndi isə Rusiya, baxmayaraq ki, onlar demokratik dəyərləri özlərinin əsas prinsipləri elan ediblər, ancaq orada şovinizm, millətçilik əhval-ruhiyyəsi genişdir - həm Rusiyanın daxilində, həm də Rusiyanın müxtəlif dövlətlərlə, ölkələrlə münasibətlərində.

Biz, rus millətinə mənsub olmayanlar bu cür hallara həmişə çox həssasıq. Məsələn, mən Rusiyanın rəhbər vəzifəli şəxslərinə son vaxtlar bir neçə dəfə demişəm ki, siz ölkənizdə münasibətləri milli zəmində, yaxud da ki, dini zəmində qurmaqla özünüz-özünüzə çox böyük zərər verirsiniz. Çünki Rusiya əhalisinin hamısı slavyan deyildir, hamısı pravoslav, xristian deyildir. Rusiyada müsəlmanlar da, yəhudilər də, buddistlər də var və başqa dinlərə, başqa millətlərə mənsub olanlar da vardır. Rusiyada 20 milyon müsəlman var. İndi bu Yuqoslaviya, Kosovo problemində ardıcıl deyəndə ki, "biz slavyanıq, pravoslavıq, xristianıq, biz serblərə kömək etməliyik", bu, müsəlman millətindən, yaxud başqa millətlərdən olan vətəndaşlara toxunur.

Qafqaz ölkələrinə münasibətlərində də bu millətçilik, şovinistlik özünü göstərir.

Məsələn, xatirimdədir, bir dəfə - 1998-ci ilin əvvəlində televiziya vasitəsilə Yeltsin Ermənistanı dəstəkləyərək dedi ki, ermənilər xristiandırlar, onlar bizim strateji təsirimiz altındadırlar, ona görə də biz onlara xüsusi diqqət yetirməliyik.

Şübhəsiz, belə anlamaq olar ki, demək, başqa dinə mənsub olan ölkələrə onların münasibəti başqadır. Belə millətçilik, şovinizm siyasəti bizi çox narahat edir.

Sual: Cənab prezident, Siz hələ Sovetlər İttifaqının siyasi bürosunda çalışdığınız vaxtdan bəri uzun illərdir ki, Rusiyanın prezidenti Boris Yeltsini tanıyırsınız. Bilmək istərdik, Siz onu bir lider və bir şəxs kimi necə qiymətləndirirsiniz? Sizcə o, nəyi düzgün edir, nəyi isə səhv edir?

Cavab: Bu, çox mürəkkəb sualdır.

Sual: Cənab prezident, biz bu günlər Gürcüstan prezidenti Eduard Şevardnadze ilə də görüşmüşük. Buna bənzər sualla ona müraciət edəndə o, Rusiyada hökumətdənkənar qüvvələr arasında bir fərq qoydu. Qeyd etdi ki, Rusiyada bir hökumət dairələri var, bir də hökumətdən kənarda olan qüvvələr vardır ki, onlar daha millətçi, daha şovinistdirlər. Siz də bu fikirlə razılaşırsınızmı, yoxsa Sizcə, elə Rusiyanın hökumət dairələrinin özləri də Sizin regiona qarşı münasibətdə şovinist mövqedədirlər?

Cavab: Bilirsiniz, mən ümumi fikir söyləyirəm. Bunu araşdırmaq, seçmək çox çətindir. Bu gün isə hökumətdə olmayan sabah hökumətdədir, bu gün hökumətdə olan isə sabah hökumətdə deyil. Mən ümumi fikrimi deyirəm. Mən bunu fərdiləşdirmək istəmirəm, ümumi əhval-ruhiyyəni deyirəm.

Sual: Cənab prezident, icazə verin, Azərbaycanın şəxsiyyətləri barədə sual verim. Sizin partiyanın üzvlərinin bəziləri məqalələrində yazırlar ki, Azərbaycanın gələcəyi üçün ən ağıllı, ən düzgün yol gələcəkdə Sizin oğlunuzun prezident olmasıdır. Bu fikrə necə münasibət bəsləyirsiniz?

Cavab: Bizdə fikir müxtəlifliyi, plüralizm vardır. Kim nə cür düşünür, o cür də deyir. Mən hər bir fikrə münasibət bəsləyə bilmərəm.

Son zamanlar Heydər Əliyevin oğlu haqqında müxalifətdə cürbəcür danışıqlar gedir. Həmin müxalifətdə olan insanlar kimi, Heydər Əliyevin oğlu İlham Əliyev - o, mənim yanımda oturubdur - o da Azərbaycanın vətəndaşıdır. Onun seçib-seçilmək hüququ vardır. O da bir vətəndaş kimi öz hüquqlarından nə vaxt, nə cür istifadə etmək istəsə, o vaxt da istifadə edəcəkdir. Bu, tam müstəqildir.

Sual: Siz ona səs verərdinizmi?

Cavab: Bəs hesab edirsiniz ki, verməzdim? Əksinə desəydim siz inanmazdınız.

Sual: Cənab prezident, Xəzər dənizində olan enerji ehtiyatlarının həcmi barədə bizdə müxtəlif hesablamalar, ehtimallar vardır. Əgər biz əvvəllər Xəzər dənizinin çox böyük enerji ehtiyatlarına malik olması barədə fikirlərlə rastlaşırdıqsa, son dövrlər bu ehtiyatların daha məhdud olması barədə fikirlər eşidirik. Sizin hesablamalarınız necədir?

Cavab: Mən bu gün strateji və beynəlxalq araşdırmalar mərkəzində çıxış edərkən bu mövzuya toxundum. Xəzər dənizinin enerji ehtiyatları dörd il bundan öncə elan edildiyindən də çoxdur.

Biz 1994-cü ildə ilk müqaviləni - "Əsrin müqaviləsi"ni imzalayanda mən təsəvvür edə bilməzdim ki, cəmi üç il ərzində müqavilələrin sayı 16-ya çatacaqdır. Sabah biz burada, Vaşinqtonda yenə üç müqavilə imzalayacağıq - "Ekson", "Mobil" və "Monkrift oyl" şirkətləri ilə. Əgər Azərbaycanda, ya Xəzər dənizində neft ehtiyatları az olsa, bu qədər şirkətlər yeni-yeni müqavilələr imzalamaq üçün müraciət edərlərmi?

İndiyə qədər imzalanmış 16 müqavilədə 32 şirkət iştirak edir və bu şirkətlər 14 ölkəni təmsil edirlər. İndi üç müqavilə də imzalanacaqdır və bütün müqavilələrə görə investisiyanın ümumi həcmi 50 milyard dollara qədərdir. Neft ehtiyatlarına gəldikdə isə bizim mütəxəssislərin hesablamaları göstərir ki, Xəzər dənizinin Azərbaycan sektorunda olan neft yataqlarının ehtiyatı 4 milyard tondan 10 milyard tona qədərdir. Hələ bu, ilkin hesablamalardır. Amma həqiqətdə bundan artıqdır.

Məsələn, biz birinci müqaviləni imzalayanda layihədə nəzərdə tutmuşduq ki, oradan 510 milyon ton neft götürüləcəkdir. Yəni 120 milyon ton artıq. Biz hər qazılan quyudan sutkada 500 ton neft gözləyirdik, amma indi 2 min ton neft alırıq. Bilirsiniz, sizin o dediyiniz fikirlər Rusiya mətbuatında, Amerika Birləşmiş Ştatlarının və başqa ölkələrin mətbuatında yayılıbdır. Bu fikirləri yayanlar Azərbaycanın neft strategiyasının əleyhinə olan adamlardır, o cümlədən ermənipərəst qüvvələrdir.

Məsələn, siz bilirsiniz ki, Rusiya bizim bu neft strategiyamızın əleyhinədir, xüsusən Amerika Birləşmiş Ştatları, Avropa ölkələri şirkətlərinin Xəzər dənizinə gəlməsinin əleyhinədir. Ona görə də onlar gördülər ki, bundan bir şey çıxmır, indi bu cür şayiələr yayırlar. Bunlar əsassızdır. Xəzər dənizinin çox böyük enerji ehtiyatları vardır. Təkcə Azərbaycan sektorunda yox, digər sektorlarda da. Xüsusən Qazaxıstan sektorunda.

Sual: Cənab prezident, Siz mənim indi vermək istədiyim suala qismən cavab verdiniz. Amma yenə bilmək istəyirəm ki, Sizcə, Rusiya Xəzər regionundakı layihələrdə daha fəal iştirak etmək üçün, Ermənistana yardım göstərmək vasitəsilə Sizə təzyiq etmək istəyirmi?

Cavab: Bilirsiniz, şübhəsiz ki, təsir etməyə çalışır. İndi Rusiyanın bizim Xəzər dənizindəki neft yataqlarında fəal iştirak etməyə maddi imkanları, maliyyə imkanları yoxdur. Onların bəziləri hesab edirlər ki, Azərbaycan bu ehtiyatları saxlamalıdır, nə vaxt onların imkanları olacaq o vaxt istifadə edə bilsinlər. Ona görə cürbəcür vasitələrlə təsir etməyə çalışırlar.

1994-95-ci illərdə Azərbaycanda terror aktları, silahlı dövlət çevrilişinə cəhdlər də məhz Azərbaycanın neft strategiyasının qarşısını almaq məqsədi daşıyırdı.

Məsələn, 1994-cü ilin sentyabrın 20-də biz "Əsrin müqaviləsi"ni imzaladıq. Sentyabr ayının 29-da Azərbaycan parlamenti sədrinin müavinini və bir də yüksək rütbəli hərbi zabiti terrorla öldürdülər. Bu zaman Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına hücum edildi və oradan dörd nəfər siyasi cəhətdən çox cinayətkar adamı çıxarıb Rusiyaya qaçırdılar.

Biz 1994-cü ilin oktyabr ayındakı çevriliş cəhdinin qarşısını aldıq. 1995-ci ilin mart ayında yenidən dövlət çevrilişinə cəhd göstərdilər. 1995-ci ilin avqust ayında Azərbaycan prezidentinin təyyarəsini xaricdən qayıdarkən Azərbaycanın hava limanının üzərində raketlə vurmağa cəhd göstərdilər. Bizə məlumdur ki, burada Rusiyanın xüsusi xidmət orqanlarının rolu vardır. Azərbaycan prezidentini silahlı yolla devirmək, yaxud da ki, ona qarşı terror etmək və beləliklə Azərbaycanın siyasətini dəyişmək məqsədi var idi.

Sual: Cənab prezident, bizim ölkəmizdə analitiklər belə hesab edirlər ki, Rusiya təzədən dirçələcək, təzədən güclü bir dövlət olacaq və həm Sizə, həm də Amerikaya təhlükə törədə biləcəkdir. Bu barədə nə düşünürsünüz?

Cavab: Mən ümumiyyətlə proqnoz verməkdən çəkinirəm. Ona görə də qəti proqnoz vermək istəmirəm. Hər halda Rusiyanın daxilində gedən proseslər göstərir ki, diqqətli olmaq lazımdır.

Sual: Cənab prezident, bu ölkədə fikir müxtəlifliyi vardır. Bəziləri zəif Rusiyanın, bəziləri isə sağlam Rusiyanın tərəfdarıdırlar. Lakin hər ikisi razılaşır ki, zəifləmiş Rusiya qonşuları üçün, Qərb üçün təhlükədir, həm də hesab edirlər ki, Rusiyanın sağlamlaşması üçün Beynəlxalq Valyuta Fondu gərək ona yardımlarını davam etdirsin. Hətta baxmayaraq ki, bəzən Siz də, biz də Rusiyanın etdiyi hərəkətlərlə razılaşmırıq. Amma buna baxmayaraq bəzi adamlar hesab edirlər ki, Beynəlxalq Valyuta Fondu Rusiyaya yardımı davam etdirməlidir. Sizin bu fikirlərə münasibətiniz necədir?

Cavab: Bu da çox ciddi fikirlərdir. Mən bir onu deyə bilərəm ki, biz istəyirik Rusiya demokratik ölkə olsun, Rusiyada ümumbəşəri dəyərlərə, demokratik prinsiplərə söykənən hakimiyyət olsun, Rusiyada imperiya iddiaları inkişaf etməsin və Rusiya imperiya iddialarından əl çəksin, Rusiya sülhsevər ölkə olsun və qonşularına, o cümlədən Cənubi Qafqazda olan qonşularına ədalətli, normal münasibət göstərsin.

Sual: Cənab prezident, Siz GUAM birliyi və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz? Səhv etmirəmsə, Özbəkistan da bu birliyə daxil olmaq istəyir.

Cavab: Bəli, biz - prezident Kuçma, prezident Şevardnadze, prezident Luçinski, prezident Kərimov, bir də Azərbaycan prezidenti Əliyev srağagün Özbəkistanın Vaşinqtondakı səfirliyində görüşdük. Biz Özbəkistanı GUAM-a üzv qəbul etdik və GUÖAM-ın bugünkü mövqeyi, fikirləri haqqında birgə bəyannamə imzaladıq. Biz hamımız eyni fikirdəyik ki, il yarım bundan öncə Strasburqda yaranmış bu təşkilat özünün bu gün və gələcək üçün vacibliyini və lazımlılığını sübut edibdir. Biz bu təşkilat çərçivəsində gələcəkdə müştərək fəaliyyət göstərmək haqqında bəyannamədə öz fikirlərimizi bildirdik.

Stiv Rozenfeld: Cənab prezident, bizə verdiyiniz çox maraqlı müsahibəyə görə təşəkkürümüzü bildiririk.

Heydər Əliyev: Sağ olun. Amma suallarınız azdır. Mən sizdən daha çox sual gözləyirdim.

Amma mən bütün suallara cavab verdim. Özü də çox geniş cavab verdim və sizinlə çox açıq danışdım. Güman edirəm ki, siz mənim fikirlərimi tam açıqlığı ilə hiss etdiniz.

"Azərbaycan" qəzeti, 29 aprel 1999-cu il.

Tarixi arayış