Şair Məmməd Aslana – Bakı şəhəri, 5 aprel 2000-ci il


Hörmətli Məmməd Aslan!

Sizi – xalqımızın tanınmış şairi və publisistini yaradıcılığınızın 40 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz şifahi xalq ədəbiyyatımızın, aşıq şerinin incəliklərini dərindən bilən bir qələm sahibi kimi muasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən sənətkarlardansınız. Xalqımızın yüksək insani keyfiyyətləri, əxlaqi dəyərləri və mənəvi xüsusiyyətləri yaradıcılığınızın əsas mövzusunu təşkil edir. Ana dilimizin zəngin və geniş imkanlarına bələd olmaq və onlardan ustalıqla istifadə etmək bacarığı Sizin əsərlərinizə xüsusi rövnəq, şirinlik və səmimiyyət verir.  

Milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması sahəsində gördüyünüz işlər xüsusilə yüksək təqdirə layiqdir. Radio və televiziya verilişlərində, eləcə də mətbuat səhifələrində tarixi, dini və milli-mənəvi irsimizin təbliği ilə bağlı silsilə çıxışlarınız respublikamızda Sizə böyük şöhrət gətirmiş və gənc nəslin nümayəndələri içərisində pərəstişkarlarınızın sayının günü-gündən artmasına səbəb olmuşdur.

Sizin əsərləriniz dünyanın bir çox ölkələrində, xüsusilə qardaş türk ellərində Azərbaycanın yaxından tanınması işinə öz töhfəsini vermişdir. Respublikamızda və onun hüdudlarından kənarda çap olunmuş əsərlərinizin ruhunu ulu babalarımız haqqında poetik portretlər təşkil edir. Onlarda Dədə Qorqud hikməti öz parlaq ifadəsini bədii boyalarla tapmışdır.

Əminəm ki, doğma Azərbaycanımızın müstəqilliyinin möhkəmləndirilməsi, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması naminə yaradıcılıq yollarında topladığınız zəngin təcrübənizi vətənpərvər, qeyrətli gənc nəsil tərbiyə edilməsi uğrunda bundan sonra da sərf edəcək, ədəbiyyatımızın, mədəniyyətimizin dərin kökləri ilə bağlı olan şer nümunələri yaratmaqla müasir Azərbaycan poeziyasının inkişafına daha böyük xidmətlər göstərəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 6 aprel  2000-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT