"Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı (London, 23 fevral 1994-cü il)" sənədinə tarixi arayış


Böyük Britaniya Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış, 11 mart 1992-ci ildə isə ölkələrimiz arasında diplomatik əlaqələr yaradılmışdır. 1993-cü ilin sentyabrında Böyük Britaniyanın Azərbaycanda, 1994-cü ilin yanvar ayında isə Azərbaycanın Böyük Britaniyada səfirliyi açılmışdır. (www.mfa.gov.az)

Yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri iki dövlət arasında əməkdaşlığın inkişafına təkan vermişdir. Böyük Britaniya Azərbaycan səfirliyi açıldıqdan sonra yaranmış əlaqələri daha da möhkəmləndirmək üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 19-23 fevral 1994-cü ildə Böyük Britaniyaya rəsmi səfərdə olmuşdur. Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında müxtəlif məsələlər barəsində sazişlər imzalanmışdır. Onların ən vacibləri aşağıdakılar olmuşdur:

Təhsildə, elmdə və mədəniyyətdə əməkdaşlığa dair razılaşma;

İkiqat vergi qoymanın aradan qaldırılmasına dair razılaşma;

Enerji əməkdaşlığı memorandumu;

Kommunikasiyada anlaşma memorandumu;

Hava daşınmasında əməkdaşlığa dair razılaşma;

Səfər çərçivəsində Heydər Əliyevin Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda olmuşdur. Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutu daim yüksək rütbəli dövlət xadimlərini və beynəlxalq münasibətlər mütəxəssislərini qəbul etməyi ilə məşhurdur. Görüş zamanı Heydər Əliyev Kral Beynəlxalq Münasibətlər İnstitutunun nüfuzlu auditoriyası qarşısında çıxış etmişdir.

Heydər Əliyev öz nitqində Azərbaycan Respublikasının qısa xarakteristikasını vermiş və məlum səbəblərə görə ölkələrimiz arasında əlaqələrin zəif olduğunu vurğulamaqla, gələcəkdə əməkdaşlığın genişlənəcəyinə ümid bəslədiyini bildirmişdir. Heydər Əliyev Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu prosesi getdiyini bildirərək, keçmiş sovet dövlətlərinin yenidən kommunist quruluşuna qayıda biləcəkləri təhlükəsinin ölkəsini gözləmədiyini demişdir.

Bütövlükdə qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin Böyük Britaniyaya həmin səfəri iki dövlət arasında yaranmış strateji münasibətlərin əsasını qoymuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev də 12-15 iyul 2009-cu ildə Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində Kral Beynəlxalq Münasibətlər İnstitutunda olmuşdur. İyulun 13-də Londonda Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan üçün xarici siyasət çağırışları" mövzusunda çıxış etmişdir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin milli maraqlara, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə, bir-birinin işinə qarışmamaq prinsiplərinə söykəndiyini vurğuladı. Azərbaycanın Böyük Britaniya ilə də yaxşı əlaqələrinin olduğunu deyən dövlətimizin başçısı bildirmişdir ki, Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşıdır.

Tarixi arayış 20 noyabr 2009-cu il tarixdə tərtib olunmuşdur.