Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın keçmiş dövlət katibi Henri Kessincerlə birgə brifinqdə bəyanatı - 8 yanvar 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Mətbuat nümayəndələri!

Siz artıq bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının və dünyanın məşhur siyasətçisi hörmətli cənab Henri Kissincer mənim dəvətimlə gəlibdir, Azərbaycan prezidentinin şəxsi qonağıdır. Onun bu səfəri ölkəmizə ilk səfəridir və Azərbaycanla tanışlıq xarakteri daşıyır.

Hörmətli cənab Kissincer dünən və bu gün bir çox görüşlər keçiribdir. Nəhayət, axşam saat 6-dan bizimlə bir yerdədir. Biz görüşlər, danışıqlar aparırıq. Bizim danışığımızın bir hissəsində siz iştirak etmisiniz. Danışığımızın əsas mövzusu və məqsədi Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələri və bu əlaqələrin bundan sonra inkişaf etdirilməsidir. Bu danışıqlar zamanı bizim fikirlərimiz eyni olubdur. Biz Amerika - Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi barəsində eyni fikirdə olduğumuzu özümüz üçün bir daha yəqin etmişik.

Təbiidir ki, danışıqlar zamanı bütün əsas problemlər müzakirə olunubdur. Birinci növbədə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı siyasi, iqtisadi əlaqələr, ölkəmiz üçün ağır problem olan Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi, 1992-ci ildə Amerika Konqresində Azərbaycana qarşı qəbul olunmuş 907-ci düzəliş, onun aradan götürülməsi yolları, Qafqaz bölgəsində vəziyyət və bir çox başqa məsələlər müzakirə edilibdir.

Mən bizim danışıqlarımızdan çox məmnunam. Hesab edirəm ki, bu danışıqlar, görüşlər Azərbaycan üçün çox faydalı olubdur. Hesab edirəm ki, dünyada tanınmış çox böyük dövlət xadimi və siyasətçi cənab Henri Kissincerin Azərbaycana gəlişi və bizim görüşlərimiz, danışıqlarımız Amerika-Azərbaycan əlaqələrinin inkişaf etməsinə kömək edəcəkdir.

"Azərbaycan" qəzeti, 9 yanvar 1999-cu il.