Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik - Bakı şəhəri, 18 mart 2000-ci il


Hörmətli həmvətənlər!

Xalqımızın əziz günü - qədim Novruz bayramı münasibətilə hamınızı ürəkdən təbrik edir, sizə xoş Novruz əhval-ruhiyyəsi arzulayıram.

İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş, tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq bu günə qədər gəlib çatmışdır. Bu milli bayramımızın indi dövlət səviyyəsində geniş qeyd olunması Azərbaycanın müstəqilliyinin bəhrələrindəndir.

Novruz bayramı ürəklərdə saf duyğuların oyanması üçün, insanlar arasında səmimiyyət, mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqətinin artırılması üçün gözəl zəmin yaradır. Yaxınların yad olunması, umu-küsünün, kin-küdurətin aradan qaldırılması, cəmiyyətdə qarşılıqlı xoş münasibətlərin bərqərar olması Novruzun əsrlərin süzgəcindən keçərək formalaşmış gözəl ənənələrindəndir.

Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini uca tutaraq onların qohum-əqrəbalarına ulu Tanrıdan səbr diləyirəm. İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, onun ərazi bütövlüyünün bərpa edilməsi, ölkəmizdə sülhün və əmin-amanlığın tam bərqərar olunması yolunda atdığımız hər bir uğurlu addım şəhidlərimizin ruhunu şad edəcəkdir.

Əziz günlərdə etdiyimiz ən ümdə arzu və diləklərdən biri də erməni təcavüzü nəticəsində torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz ev-eşiklərinə qaytarılmasıdır. Qoy bu arzu və diləklər gerçəkləşsin, qaçqın və köçkün bacılarımız gələcək Novruz bayramlarını öz ocaqları başında qeyd etsinlər.

Dünyanın müxtəlif guşələrində yaşayan bütün azərbaycanlılar bu ulu bayramı böyük təntənə ilə qeyd edirlər. Onların hamısını salamlayır, bayram münasibətilə hər birinə səmimi təbriklərimi göndərirəm.

Əziz bacı və qardaşlar!

Builki Novruz bayramı xalqımızın qədim mənəvi sərvəti - ölməz "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi təntənələrinin geniş keçirildiyi bir dövrə təsadüf edir. Hər iki hadisə Azərbaycan xalqının öz tarixi keçmişinə, milli köklərinə və ulu əcdadlarımızın qoyub getdiyi zəngin irsə, adət-ənənələrə bağlılığını və sədaqətini nümayiş etdirir.

Bahar bayramının bu il qeyd edilməsi onun əsrlərin, minilliklərin qovuşduğu bir məqama düşməsi ilə də əlamətdardır. Biz gələcəyə böyük nikbinlik və ümid ilə baxırıq. Əminəm ki, yeni əsrdə, yeni minillikdə xalqımız azad, müstəqil, demokratik bir ölkədə xoşbəxt və firavan yaşayacaq, bütün əziz günlərini həmişə əz xoş əhval-ruhiyyə ilə bayram edəcəkdir.

Novruz bayramı münasibətilə sizə cansağlığı və səadət diləyir, vətənin tərəqqisi naminə işlərinizdə böyük uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 19 mart 2000-ci il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər