Azərbaycan Prezidenti Heydər Əliyevin İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablanka zirvə toplantısında çıxışı (13 dekabr 1994-cü il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə əməkdaşlığı 1991-ci ilin dekabrından başlanıb. 1994-cü ilin may ayından etibarən Heydər Əliyevin sərəncamına əsasən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı səfirlik vasitəsilə mənzil-qərargahı
Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq başlanıb. İKT-nin VII Zirvə görüşü 13-15 dekabr 1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilib. Azərbaycan Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətilə ilk dəfə dövlət başçısı səviyyəsində İKT-nin Kasablanka görüşündə təmsil olunub. İslam Konfransı Təşkilatının Kasablanka zirvə toplantısının yekun iclasında Asiya dövlətləri adından təbrik nitqini də Heydər Əliyev söyləyib. İKT-nin VII Zirvə görüşünün yekun sənədinə Ermənistanın Azərbaycana qarşı təcavüzünü ittiham edən bəndlər (Yekun Kommunikenin 68-71-ci bəndləri) salınıb. Bu bəndlərdə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı təcavüz edildiyini qəbul etməyə və buna qarşı öz nizamnaməsinə uyğun olaraq müvafiq tədbirlər görməyə çağırılıb.