İslam konfransı təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının dekabrın 9-11-də Tehranda keçiriləcək VIII Zirvə görüşündə iştirak etmək üçün İran paytaxtına yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibə - 8 dekabr 1997-ci il


Heydər Əliyev: Səfərin məqsədi aydındır. Çünki Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür və bu təşkilatın zirvə görüşündə Azərbaycanın dövlət başçısının da iştirak etməsi zəruridir. Keçən dəfə, 1994-cü ildə Mərakeşdə Kasablankada İslam Konfransı Təşkilatının zirvə görüşündə bir çox məsələlər müzakirə edilmişdir. İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana təcavüzünü daim pisləyir. Bu barədə 1994-cü ildə də qətnamə qəbul edilmişdir. Keçən il Cakartada İslam Konfransı Təşkilatı ölkələri xarici işlər nazirlərinin görüşündə də Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər öz əksini tapmışdır.

Təkcə bu deyildir. Biz islam aləminin bir hissəsiyik, ona görə də bu zirvə görüşünün işində iştirak etməliyik və öz fikirlərimizi, təkliflərimizi bildirməli, islam ölkələrinin həmrəyliyi üçün öz səylərimizi qorumalıyıq. Məhz bu məqsəd üçün də mən Tehrana gedirəm.

Sual: Humanitar yardım və Dağlıq Qarabağ haqqında hər hansı sənədin imzalanacağı gözlənilirmi?

Cavab: Ola bilər ki, İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qaçqınların vəziyyətini nəzərə alaraq təşkilatın Azərbaycana humanitar yardım göstərməsi haqqında bir qərar qəbul etsin.

Sual: İkitərəfli görüşlər nəzərdə tutulurmu?

Cavab: Şübhəsiz, belə zirvə toplantıları zamanı ikitərəfli görüşlər olur. Bu dəfə də bir çox ikitərəfli görüşlər nəzərdə tutulubdur. Baxarıq, vaxt nə qədər imkan versə, o qədər də görüşəcəyik.

Sual: ATƏT-in Minsk qrupu həmsdrlərinin səfərini necə qiymətləndirirsiniz?

Cavab: Yəni həmsədrlərin Azərbaycana gəlişini deyirsiniz? Yəqin ki, siz orada vardınız, mən həmsədrlərin fəaliyyətinə aid öz fikirlərimi dedim. Onları təkrar etmək istəmirəm, bizim televiziya ilə də verilib, qəzetlərdə də dərc olunubdur. Mən hesab edirəm ki, bu bir il müddətində həmsədrlər ləng işləyiblər. İl sona çatır, biz nəzərdə tutulan arzulara gəlib çata bilməmişik. Ancaq eyni zamanda hər bir belə görüş əhəmiyyətlidir. Elə bu görüşümüz də çox gərgin keçdi, çox vaxt apardı. Mən Minsk qrupunun həmsədrlərindən gözlədiklərimizi indiyə qədər almadığımız haqqında öz fikirlərimi onlara bildirdim. Narazılığımı da bildirdim və tələb etdim ki, onların ölkələrinin başçıları tərəfindən üzərlərinə qoyulmuş vəzifələri daha da məsuliyyətlə yerinə yetirsinlər. Hər halda, görüş səmərəli oldu. Ayın 18-19-da Kopenhagendə ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirləri görüşəcəklər. Hesab edirəm ki, oradakı danışıqlar, qəbul ediləcək qərarlar üçün bizim apardığımız danışıqlar çox əhəmiyyətli oldu.

Sual: İranla ikitərəfli danışıqlarda hansı məsələlər müzakirə olunacaqdır?

Cavab: Bilirsiniz, İranla ikitərəfli danışıqlarda konkret məsələlər nəzərdə tutulmayıbdır. İranın yeni prezidenti ilə mənim xüsusi görüşüm olacaqdır. Bizim məqsədimiz həmişə belə olubdur ki, İran böyük qonşumuzdur və İranla əlaqələri daim yaxşılaşdırmalıyıq. Biz bu barədə üzərimizə düşən vəzifələri öz tərəfimizdən yerinə yetiririk. Mən bu dəfə də çalışacağam sübut edəm ki, İran ilə Azərbaycan arasında hər bir dövlətin xüsusiyyətini nəzərə alaraq normal dostluq əlaqələri olmalıdır və İran hökuməti də bu barədə öz üzərinə düşən addımları atmalıdır.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2004, XIII cild, səh.309-311.

Tarixi arayış