Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının nümayəndə heyəti ilə görüşdə söhbətindən - Bakı, 3 yanvar 2001-ci il


- Cənab nazir, mən sizi salamlayıram. Sizi Bakıda, Azərbaycanda görməyimə çox şadam. Latviyanın hazırda Avropa Şurasının sədri olması ilə əlaqədar mən sizi təbrik edirəm. Bu, hər bir ölkə üçün böyük əhəmiyyəti olan hadisədir. Biz Sovetlər İttifaqının tərkibində olarkən Latviya nümayəndələri xaricə hər hansı bir səfər etmək üçün Moskvanın icazəsini almalı idilər. İndi isə Latviya Avropa Şurası kimi mötəbər bir təşkilata sədrlik edir. Bir təsəvvür edin, tarixən qısa dövr ərzində dünyada nə kimi dəyişikliklər baş vermişdir.

Yenidənqurmanın ilk illərində Latviyanın müstəqilliyə necə çalışdığının şahidi olmuşam, mən bunların hamısını yaxşı xatırlayıram. Sizin adamlar fəal çıxış edirdilər. Doğrudur, mən artıq onda işləmirdim, - 1987-ci ildə bütün vəzifələrdən getmişdim, bu proses isə bir qədər sonra başlandı, - buna baxmayaraq, bütün bu işlərin gedişini izləyirdim. Hələ onu demirəm ki, bundan əvvəl, Sovetlər İttifaqının hələ mövcudluğu dövründə mənə Latviyanın bir çox məsələləri ilə məşğul olmaq lazım gəlirdi.

İndi isə biz başqa şəraitdə görüşürük. Siz Avropa Şurasında sədrlik edən Latviyanın xarici işlər nazirisiniz, mən isə bir çox hadisələrdən sonra müstəqil Azərbaycanın prezidentiyəm. Mənə elə gəlir ki, keçmişdə birlikdə işlədiyin, bir dövlətdə yaşadığın adamları görmək xoşdur. Bu da xoşdur ki, indi biz azad və müstəqil olmuşuq. Əlbəttə, Latviya öz müstəqilliyinə digər Baltikyanı ölkələrə nisbətən tez qovuşmuşdur. Lakin, fərqi yoxdur. Sovetlər İttifaqı dağılmazdan əvvəl Latviyada da, Litvada da Sov.İKP MK mövqelərində duran Kommunist Partiyası mövcud idi.

Dünyada böyük dəyişikliklər baş vermişdir. Bu nümayəndə heyəti yeni ildə, yeni yüzillikdə, yeni minillikdə qəbul etdiyim ilk nümayəndə heyətidir. Bu nümayəndə heyəti çox mühümdür, çünki o, Avropa Şurasının nümayəndə heyətidir. Nümayəndə heyəti Azərbaycana çox ciddi bir məsələ ilə əlaqədar gəlmişdir. Buna görə də mən bu görüşə şadam və hesab edirəm ki, o, maraqlı olacaq, ən başlıcası isə, müsbət nəticələr verəcəkdir. Bilirəm ki, bu gün siz parlamentimizin sədri ilə, baş nazirlə, xarici işlər naziri, mənim aparatımın rəhbəri ilə görüşmüsünüz. Maraqlandığınız məsələlər ən çox mənim aparatımın rəhbərinə aiddir.

Bugünkü gün sona yetir. Mənə dedilər ki, sabah siz yola düşürsünüz, buraya qısa müddətə gəlmisiniz. Çox təəssüf. Çünki daha çox danışmaq istərdik, ən başlıcası isə, siz bugünkü Azərbaycanı, onun uğurlarını, problemlərini, çətinliklərini görərdiniz. Şəhərimizi - Azərbaycanın paytaxtını görərdiniz. Buyurun.

***

Cənab nazir, Azərbaycan haqqında, onun müasir vəziyyəti haqqında, Azərbaycanın demokratiya, siyasi plüralizm, insan hüquqlarının qorunması yolu ilə getməsi haqqında söylədiyiniz fikirlərə, sözlərə görə təşəkkür edirəm.

Siz çox doğru dediniz. Mən sözü açıq-aydın deyən adamam. Təəssüf ki, hərdən bəzi Qərb ölkələrində bütün bunları çox da dəqiq təsəvvür etmirlər. Demokratiya bir prosesdir. Bu, sizin sözlərinizdir. Mən bu barədə ona görə deyirəm ki, bu sözlər mənim sözlərim deyildir. Sizin dediyiniz kimi, demokratiya elə bir şey deyil ki, yığışıb onu tikəsən, Azərbaycana rəhbərlik etdiyim dövrdə, 70-80-ci illərdə mən burada çox böyük sayda fabrik, zavod, körpü, yaşayış binaları, məktəb, xəstəxana və digər obyektlər tikmişəm. Oturduğumuz bu binanı, eləcə də bir çox digər binaları mən tikmişəm. Siz demişkən, demokratiya o demək deyil ki, vəsait götürüb, texnika, işçi qüvvəsi yığıb nə isə tikəsən və onu istifadəyə verəsən. Bunlar tamam başqa-başqa şeylərdir. Demokratiya bir prosesdir. Özü də insanlar, ölkələr və xalqlar bu prosesi ona hazır olduqları səviyyədə keçirlər.

Biz özümüzü 100-200 illik demokratiya tarixinə malik ölkələrlə heç cür müqayisə edə bilmərik. Elə götürək sizin Latviyanı. O, 1940-cı ilədək bir quruluşda yaşamış, sonra Sovetlər İttifaqının tərkibinə düşmüşdür. 1990-cı ilədək kommunist ideologiyası altında olmuşdur. O vaxtlar da deyirdilər ki, bizdə demokratiya, söz azadlığı var. Amma orada bunlar həmin cəmiyyətin hüdudları çərçivəsində olmuşdur.

Bilirsinizmi, ölkələrin 100-200 il getdikləri yolla getmək və onlarla bir səviyyədə olmaq real deyildir. Mən bunu hamıya deyirəm. Ona görə də mən öz fikirlərimi açıq bildirirəm ki, əvvəllər Sovetlər İttifaqına daxil olmuş ölkələri, sosializm düşərgəsində olmuş ölkələri - Şərqi Avropa ölkələrini və başqa ölkələri real surətdə təsəvvür etsinlər. Axı, onlar öz inkişafının müxtəlif pillələrində olmuşlar və təbii ki, birdən-birə 100 metr irəliyə tullana bilməzlər, - çünki insan 4-5 metr, ən çoxu isə 6 metr uzağa tullana bilər, - bu qeyri-mümkündür, qeyri-reallıqdır. Təəssüf ki, Qərbdə bəziləri belə hesab edirlər - hər hansı Qərbi Avropa ölkəsində də, Qafqazda da, daha haradasa demokratiya eyni cür olmalıdır. Yox, belə ola bilməz.

Başqa məsələdir ki, demokratiyanın əsas daşıyıcıları və böyük təcrübəyə malik olan ölkələrin keçdiyi yolu biz xeyli qısa vaxtda keçə bilərik və keçirik. Ona görə də demokratiya elə bir hadisədir ki, insanların təfəkküründə dəyişikliklər baş verməlidir. O demək deyil ki, tez tələsik qurub tikəsən, deyəsən ki, belə et, otur, dur. Bu, mümkün deyildir. Ona görə də mən Sizinlə razıyam və Sizə açığını demək istəyirəm: biz demokratiya, siyasi plüralizm, insan hüquqlarının qorunması yolu ilə gedirik. Bizim başqa yolumuz yoxdur. Demək istəyirəm ki, biz başqa yolla getməyəcəyik və özü də bunu ona görə etmirik ki, hansısa Qərb ölkəsinin xoşuna gəlsin və bizi Avropa Şurasına qəbul etsinlər. Ona görə edirik ki, biz dövlət müstəqilliyi əldə etdikdən sonra özümüzə bu yolu seçmişik. Bu, nümayiş etdirmək üçün deyildir. Biz bu yolu dövlətimizin daha da azad, suveren inkişafı üçün yeganə yol kimi görürük. Bu yolla biz nə qədər irəliləmişik, başqaları nə qədər irəliləyibdir - bilirsinizmi, bu da nisbi qiymətdir. Baxır, kimə necə gəlir. Lakin biz bu yolla gedirik və gedəcəyik.

O ki qaldı Avropa Şurasına qəbul olunmağa, əlbəttə, biz Avropanın bir hissəsiyik. Özü də Azərbaycan Avropanın ən ucqar cinahında yerləşir. Azərbaycandan sonra Avropa qurtarır. Biz Avropa ailəsində olmaq istəyirik. Əgər kimsə bunu istəmirsə, nə demək olar, biz bunsuz da yaşaya bilərik. Yəni bu işi zorakılığa çevirmək olmaz.

Tutalım ki, demokratiyanın ən mühüm cəhətlərindən biri seçkilərdir. Bizdə parlament seçkiləri keçirildi. Zənnimcə, bizim şəraitdə, xalqımızın mentaliteti, ənənələri nəzərə alınmaqla, seçkilər normal keçmişdir. Lakin nöqsanlar da, pozuntular da olmuşdur. Ona görə də Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi 11 dairədə seçkilərin nəticələrini etibarsız hesab etmişlər. Biz bu baxımdan ideal olmaq iddiasında deyilik. Bununla belə, mən bilmirəm, harada ideal seçkilər var? Bəzi ölkələr deyə bilərlər ki, onlarda seçkilər tamamilə ideal keçirilir, qoy onlar belə də düşünsünlər. Mən onlarla mübahisə etmirəm. Lakin bununla yanaşı, mən razılaşa bilmərəm ki, Azərbaycanda seçkilər, guya tamamilə qeyri-demokratik keçmişdir və s. Mən bununla razılaşa bilmərəm. Qoy, kim istəyir, mənimlə razılaşsın, kim də istəmir, razılaşmasın.

Bir baxın, bizdə nə qədər qəzet çıxır.

Hollandiyanın özündə Azərbaycanda olduğu qədər qəzet çıxmır. Burada hər bir adam qəzet buraxmağa başlamışdır. Bizdə azad bazar iqtisadiyyatıdır. Pul qazanıb və ya qazanmayıb, yaxud, haradansa əldə edib, fərqi yoxdur, indi bizdə qəzet xəstəliyi meydana gəlmişdir. Ən demokratik ölkələrdə 5, 6, 10 qəzet var, hamı onları oxuyur və sair. Burada isə, bilirsinizmi, yarış gedir ki, görək, kim nə qədər qəzet buraxacaqdır. Bu, xəstəlikdir, mən buna tamamilə sakit baxıram. Çünki demokratiyanın və mətbuat azadlığının, siyasi plüralizmin sivilizasiyalı səviyyəsinə gəlib çıxmaq üçün biz xəstəlik mərhələlərindən keçməliyik. Bizim qəzetlərdə olduqca çox böhtanlar, hətta olduqca çox təhqirlər yazırlar. Təsəvvür edirsinizmi, bir çox qəzetlər hər gün məni təhqir edir. Mənə deyirlər ki, onları məhkəməyə verin. Mən onları məhkəməyə verə bilərəm, sübuta yetirə bilərəm ki, məni təhqir etmişlər, amma Avropada o saat hay-küy qalxacaq ki, görürsünüz, mətbuatı sıxışdırırlar. Ona görə də mən bəzən hər cür təhqirlərə, hər cür uydurmalara, hər cür ədalətsiz böhtanlara dözməli oluram. Özü də sizin xoşunuza gəlmək üçün deyil, məhz xalqı sivilizasiyaya öyrətmək üçün dözürəm. Deyə bilərəm ki, bizdə hər şey - demokratiya da, mətbuat azadlığı da, insan hüquqları da hələlik başlanğıc mərhələsindədir. Cəmiyyətimiz bu başlanğıc mərhələsini çox ağrılı keçir.

Cənab nazir, siz iki dəfə qeyd etdiniz ki, hazırda Azərbaycanda ictimai-siyasi sabitlik var. Odur ki, bu gün Azərbaycanın Avropa Şurasına qəbul edilməsi məsələsinə baxanlar qoy görsünlər ki, Azərbaycan müstəqilliyə qovuşduğu vaxtdan bəri necə bir yol keçmişdir. Buraya onu da əlavə edək ki, Ermənistan əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağda əhalinin əksəriyyətinin ermənilər olduğunu bəhanə gətirərək, bu torpağı ələ keçirmək və özünə birləşdirmək üçün hələ 1988-ci ildə Azərbaycana qarşı əslində müharibəyə, təcavüzə başlamışdır. Mən sonra bu məsələyə qayıdacağam. Bu təcavüz müharibəyə çevrilmiş və 1988-ci ildən 1994-cü ilədək, mənim iradəmlə dayandırılanadək davam etmişdir.

Burada daha nələr baş vermirdi! Hər il və ya iki ildən bir rəhbərlik dəyişirdi. Xalqı sıx birləşdirmək, öz torpağını qorumaq və ya məsələni müharibəsiz, ədalətlə həll etmək əvəzinə, adamlar bu vəziyyətdən istifadə edir, özlərinə silahlı dəstələr yaradır və hakimiyyət uğrunda mübarizə aparırdılar. Sözün düzü, elə hakimiyyət uğrunda mübarizə 1990-cı ildə faciəyə gətirib çıxardı. Sovet qoşunları, Qorbaçov, Siyasi Büro Azərbaycana tanklar, böyük qoşun kontingenti yeritdilər və Bakının küçələrində qan tökdülər. Bilmirəm, siz Şəhidlər xiyabanında olmusunuz, ya yox. Bu xiyaban 1990-cı ilədək yox idi, orada park vardı. Bir gecədə nə qədər insan həlak oldu! Mən Sovetlər İttifaqının tarixini yaxşı bilirəm. Siz tarixlə məşğul olmusunuz, yəqin, siz də yaxşı bilirsiniz. Sovetlər İttifaqının tarixində hələ elə hal olmamışdı ki, hökumət, dövlət xalqına qarşı bu cür dəhşətli təcavüz törətsin.

Təbii ki, bu, Azərbaycanda vəziyyəti mürəkkəbləşdirdi. Belə mürəkkəb vəziyyətdə, bir tərəfdən, Ermənistan Azərbaycan torpaqlarına hücum edir, digər tərəfdən isə, ölkənin daxilində sabitlik yox idi, müharibə getdiyi halda xalqı sıx birləşdirə, öz düşməninə qarşı ayağa qaldıra bilmirdilər. Əksinə, adamlar dəstələrdə cəmləşir və hakimiyyət uğrunda mübarizə aparırdılar. Bu, nəyə gətirib çıxardı? Bu, yeni faciəyə - Ermənistan silahlı qüvvələrinin, yeri gəlmişkən, Rusiya qoşunları ilə birlikdə, Xocalıda soyqırımı törətməsinə və Azərbaycan rəhbərliyinin yenidən dəyişməsinə gətirib çıxardı. Bu yeni rəhbər də Moskvaya qaçdı.

Hakimiyyətə demokratiya qüvvələr deyilən qüvvələr, yəni Xalq Cəbhəsi gəldi. Bir vaxtlar sizdə də Xalq Cəbhəsi olmuşdur. Amma sizin Xalq Cəbhəsi mədəni, sivilizasiyalı idi. Təəssüf ki, bizim Xalq Cəbhəsi nə Latviya, nə Litva, nə də Estoniya Xalq Cəbhəsinin səviyyəsinə qalxa bilmədi. Onlar hakimiyyətə gəldilər, bir ildən sonra isə Azərbaycanda vətəndaş müharibəsi başlandı. Bilirsinizmi, əllərində böyük miqdarda silah olan həmin komandanın adamları düşündülər ki, onlar nə üçün də prezident olmasınlar. Buna görə də Gəncə şəhərindən buraya qoşun yeritdilər, burada isə rəhbərlik o qədər aciz idi ki, dövlət quruluşunu müdafiə etməkdənsə, hərəsi bir tərəfə qaçaraq öz canını qurtardı. Separatçılıq hərəkatlarının yeni növü başlandı. Ermənilərin, məhz separatizmin Dağlıq Qarabağda müharibəyə başlamasından əlavə, Cənubda yeni separatçılıq hərəkatı başlandı. Həmin Xalq Cəbhəsindən olan bir neçə "xadim" qərara gəlmişdi ki, Azərbaycanın bir neçə Cənub rayonunu ayırmaq, müstəqil respublika yaratmaq və onu az qala İrana birləşdirmək olar. Şimalda da separatizm cəhdləri olmuşdur.

Bir baxın, Azərbaycan müstəqillik əldə etdikdən sonra necə çətin vəziyyətdə idi. Bildiyiniz kimi, 1993-cü ildə mən buraya, Bakıya dəvət edildikdən, burada sabitlik üçün şərait yaratmağa başladıqdan sonra da, 1994-cü ildə mənə qarşı dövlət çevrilişi cəhdi baş verdi. Altı aydın sonra isə XTPD, yəni Xüsusi Təiynatlı Polis Dəstəsi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxdı, ixtiyarlarında olan əsgərləri, silahları topladı və Azərbaycan prezidentinə əmr etməyə başladılar - ya istefaya gedib hakimiyyəti bizə verməlisən, ya da biz səni öldürəcəyik. Buna da davam gətirməli olduq, Azərbaycanı, dövlət quruluşunu qorumaq lazım gəldi və xoşbəxtlikdən, qorumağa müvəffəq olduq. Bəs sonra?

Bir neçə aydan sonra prezident Rumıniyaya, Bolqarıstana səfərdən qayıdarkən müxtəlif dövlətlərin bəzi xüsusi idarələrinin iştirakı ilə burada onun təyyarəsini raketlə vurmağa cəhd göstərildi. Şükür ki, bu dəfə Allah kömək etdi, təyyarə başqa istiqamətdən yerə endi. Demək istəyirəm ki, bir baxın, Azərbaycan 1995-ci ildə özünün ilk Konstitusiyasını qəbul edənədək, ilk parlamentini seçənədək neçə illər bu cür mürəkkəb vəziyyətdə olmuşdur. Sonra da hər şey qaydasında olmamışdır. Azərbaycana müxtəlif tərəflərdən təzyiq var. Azərbaycanın coğrafi-strateji mövqeyi, zəngin enerji ehtiyatları - neft, qaz və sair bir çox ölkələrin diqqətini cəlb edir və hər biri də burada öz maraqlarını bərqərar etmək istəyir. Ona görə də bəzən belə şəraitdə bunlara qarşı dayanmaq da lazımdır.

Bax, biz belə bir şəraitdə demokratiya yolu ilə gedirik. Bəziləri isə hesab edir ki, demokratiya hərc-mərclik deməkdir, demokratiya hərki-hərkilikdir, nə istəyirəmsə, onu da edirəm. Biz bununla razılaşa bilmərik. Son bir neçə ildə biz burada sabitliyə böyük çətinliklə nail olmuşuq. Əvvəla, hərbi əməliyyatları dayandırmışıq, məsələnin dincliklə həlli barədə Ermənistanla danışıqlar aparırıq. İkincisi, Azərbaycandakı həmin silahlı dəstələri, cinayətkar ünsürləri və s. ləğv etmişik, sabitlik yaratmışıq, xalq rahat yaşamağa başlamışdır. Halbuki, təxminən beş il əvvəl burada axşamlar küçəyə çıxmaq mümkün deyildi. Hərə bir avtomatla gəzirdi, nə istəyirdisə, onu da edirdi. Bir sözlə, baxın, bu qısa müddətdə biz Azərbaycanın bütün bu müsibətlərini aradan qaldırmışıq. Bu qısa müddətdə sabitliyə nail ola bilmişik, bir çox məsələləri həll etmişik. İndi iqtisadiyyatımız inkişaf edir. İqtisadiyyatın inkişaf sürətinə görə, həm əvvəlki illərin, həm də 2000-ci ilin yekunlarına görə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir. Bu heç də asan deyil, göydən düşmür. Bu, bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz islahatlar, bazar iqtisadiyyatının bərqərar edilməsinə yönəldilmiş qəti xəttimizdir, nəticə etibarilə demokratiya, azadlıq deməkdir. Ona görə də bu cür vəziyyətdə belə hesab etmək ədalətsizlik olardı ki, indi Azərbaycanda demokratiya insanların tam firavanlıq, bolluq şəraitində yaşadıqları, müharibələrin, daxili sarsıntıların nə demək olduğunu bilmədikləri ölkələrdəki səviyyədə olmalıdır.

Ona görə də mən sizin belə bir fikrinizə qayıdıram ki, demokratiya bir prosesdir və biz bu yolla gedirik. Əlbəttə, biz Avropa Şurasının üzvü olmaq istəyirik. Başa düşürük ki, bu, üzərimizə daha böyük məsuliyyət qoyacaqdır. Avropa Şurasında olmayanda biz sərbəst, nəyisə yerinə yetirə bilərik, nəyisə yox, bu, bizim öz işimizdir, bizə heç kəs heç nə etməz. Amma Avropa Şurasının üzvü olduqda, biz Avropa Şurasında sənəd imzalayacağıq və onda istəsək də, istəməsək də həmin sənədi yerinə yetirəcək və bu qaydalara əməl edəcəyik. Bir sözlə, Avropa Şurasının tərkibində olmağın nə demək olduğunu başa düşürük, o mənada ki, üzərimizə daha böyük məsuliyyət qoyulur. Biz buna daha böyük demokratiya təcrübəsi əldə etmək üçün, Azərbaycanı demokratikləşdirmək, Avropa Şurasında olan, xüsusən də bu strukturda çoxdan olan ölkələrlə daha sıx əməkdaşlıq etmək üçün gedirik.

Məhbuslara gəldikdə, siz bilirsiniz ki, bu yaxınlarda mən adamların böyük bir qrupunun əfv olunması haqqında fərman vermişəm. Mən ildə əfv haqqında təxminən üç-dörd belə fərman verirəm. Mənim təşəbbüsümlə parlament amnistiya haqqında qərar qəbul edir və çox adamlar həbsdən buraxılır. Bizdə bu proses gedir və gedəcəkdir. Qoy bu məsələ heç kimi narahat etməsin.

O ki qaldı burada nələr baş verdiyi və sair barədə sualınıza, mən onun bir hissəsini cavablandırdım. Vəziyyət ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında 1988-ci ildə başlanmış münaqişə, təəssüflər olsun ki, indiyədək aradan qaldırılmayıbdır. Atəşkəsə nail olmağımız Ermənistan üçün də, Azərbaycan üçün də böyük işdir. Lakin o vaxtdan bəri, indiyədək sülh yaradılması haqqında razılığa gələ bilməməyimiz və münaqişənin tamamilə aradan qaldırılması haqqında razılıq əldə edə bilməməyimiz, əlbəttə, pisdir. 1992-ci ildə ATƏT Minsk qrupu deyilən qrup yaratdı. Həmin qrup 12 ölkədən ibarətdir və bu münaqişənin dincliklə nizama salınması ilə məşğul olur. Yeri gəlmişkən, 1993-cü ildə Minsk qrupuna İtaliya, sonralar İsveç rəhbərlik etmişdir.

Cənab Yan Elisson ATƏT-in Minsk qrupunun sədri olmuşdur və bir il ərzində biz onunla burada, başqa yerlərdə dəfələrlə görüşmüşük. Amma heyif ki, münaqişəni aradan qaldırmaqda bizə kömək edə bilmədilər. Cənab Yan Elisson çox çalışırdı. Mən onun haqqında çox yaxşı rəydəyəm. Əgər imkan olarsa, mənim salamımı ona yetirin. Ancaq münaqişəni həll edə bilmədilər. O vaxtlar sizdə xarici işlər naziri qadın - Marqarita Uqlas idi, qəşəng qadındır. O, buraya gəlmişdi, mən onunla görüşmüşdüm, biz danışıqlar aparırdıq. Xanım Uqlas o vaxt ATƏT-in sədri idi. O da bir şey edə bilmədi. Sonra estafeti Rusiyaya verdilər, o da bir şey edə bilmədi. Sonra Rusiya estafeti Finlandiyaya verdi, o da bir şey edə bilmədi. Nəhayət, 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Rusiyanı, Amerika Birləşmiş Ştatlarını və Fransanı həmsədrlər təyin etdilər. O vaxtdan bəri bu üç böyük dövlət problemin həllində bizə kömək göstərə bilmir.

Bəs problem nədən ibarətdir? Ermənistan hesab edir ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir. Guya ki, o, erməni torpağıdır. Bu, tarixi həqiqətə ziddir. Lakin müharibə zamanı müxtəlif səbəblərə görə ermənilər nəinki Dağlıq Qarabağı, həm də Dağlıq Qarabağ ətrafında yerləşən və əhalisi yalnız azərbaycanlılardan ibarət olan daha yeddi rayonu işğal etdilər. Bu rayonlardan bir milyon adam didərgin salınmışdır, onlar çadırlarda yaşayırlar. Bizim müxalifət hər şeydə məni ittiham edir, ittihamlardan biri də belədir ki, Əliyev yeddi ildir bu məsələni həll edə bilmir. Onların hər biri hesab edir ki, bu məsələni həll edə bilər. Halbuki, bu məsələnin həlli üçün onların hamısı birlikdə bir addım ata bilməz. Mən bilirəm ki, bu məsələ nə dərəcədə çətindir. Ermənistan təcavüzkardır, Ermənistan insanların hüquqlarını tapdalayır. Avropa Şurası ayrıca bir vətəndaşın hüquqları uğrunda mübarizə aparır. Bəs nə üçün Avropa Şurası bütöv bir xalqın hüquqları uğrunda mübarizə aparmır? Xalqımız təcavüzə məruz qalmışdır. Daimi yaşayış yerlərindən didərgin salınmış bir milyon adam 6-7 ildir çadırlarda yaşayır. Azərbaycanda real vəziyyət, bax, belədir. Avropa Şurası buna fikir vermir. Amma haradasa kimsə bir cinayət törədib həbsxanaya salındıqda, onun tezliklə azadlığa buraxılmasına çalışır.

Bilirsinizmi, biz belə münasibətlə razılaşa bilmərik. Biz Avropa Şurasına ona görə daxil oluruq ki, Avropa Şurası başlıca məsələnin, insan hüquqlarının kütləvi surətdə pozulmasından söhbət gedən məsələnin həlli üçün səy göstərsin. Bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, insanların öz yaşayış yerlərinə qayıtması, - hərçənd orada hər şey dağıdılmışdır, bütün həyata yenidən başlamaq lazımdır, - Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsinin həllidir. Bunlar Cənubi Qafqaz regionuna aid olanlardır.

Cənubi Qafqazda üç respublika var - Gürcüstan, Ermənistan və Azərbaycan. Münasibətlərimiz çox yaxşı idi. Gürcüstanda yarım milyon azərbaycanlı yaşayır Amma heç bir problem yoxdur. Nə bizim tərəfimizdən torpaq iddiası var, - hərçənd onlar Azərbaycanla həmsərhəd rayonlarda yaşayırlar, - nə də Gürcüstan tərəfindən. Biz öz aramızda qarşılıqlı münasibətləri saxlayırıq. Siz yəqin ki, bilirsiniz, hazırda Gürcüstanın iqtisadi vəziyyəti ağırdır. Biz əlimizdən gələn köməyi Gürcüstandan əsirgəmirik. Hərçənd bizim də çox problemlərimiz var. Rusiya şimal qonşumuzdur. Hazırda Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Lakin bununla yanaşı, onlar Ermənistana gizlincə bir milyard dollarlıq silah və hərbi texnika vermişlər. Məgər belə şey olarmı? Azərbaycan və Ermənistan MDB-nin tərkibindədir. Üstəlik, Rusiya münaqişəni dincliklə həll etmək üçün ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiya isə Ermənistana gizlincə bir milyard dollarlıq silah göndərir. Nə üçün? Münaqişəni ləğv etmək üçün, yoxsa başqa bir şey üçün? Bizim ərazimizdə heç bir ölkənin hərbi bazaları yoxdur. Ermənistanda isə Rusiyanın hərbi bazaları var. Bu bir yana, son bir ildə onlar orada qüvvələri artırır, ən yeni C-300 raketləri, ən yeni MİQ-29 təyyarələri göndərmişlər. Yəni bu kiçik torpaqda o qədər silah yerləşdirmişlər. Mən Rusiya rəhbərlərindən soruşuram, bu nə üçündür, nəyə görədir? Amma buna qənaətbəxş cavab ala bilmirəm. Regionumuzun xüsusiyyəti, bax, belədir.

Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Ənənəvi olaraq, tarixən yaxşı münasibətlərimiz olub, indi çox yaxşı münasibətlərimiz var. Aramızda yaxşı əmtəə dövriyyəsi mövcuddur və Türkiyəni özümüzə dost ölkə bilirik.

İran cənub qonşumuzdur, orada çoxlu azərbaycanlı yaşayır. Bəzilərinin dediklərinə görə, İranda az qala 30 milyon azərbaycanlı yaşayır. Biz İranla tarixən çox sıx bağlıyıq. İranla çox yaxşı münasibətlər, dostluq münasibətləri olmasını istəyirik. Aramızda böyük əmtəə dövriyyəsi var, ticarət gedir. İranla sərhədlərdə gediş-gəliş rahatdır.

Orta Asiya ölkələri ilə münasibətlərimiz yaxşıdır. Hazırda Xəzər dənizi çox böyük problemə çevrilmişdir. Ona görə ki, biz - Azərbaycan - dənizin dərinliyindən neft və qaz çıxarmağa hələ 50 il əvvəl, Sovetlər İttifaqının dövründə başlamışıq. Biz böyük təcrübəyə malikik. Geoloqlarımız dənizdə çoxlu neft və qaz yataqları aşkara çıxarmışlar. Ona görə də biz Qərb ölkələri ilə, Amerika Birləşmiş Ştatlarının, İngiltərənin şirkətləri, Almaniyanın "Bibel" adlanan çox böyük bir şirkəti ilə bir çox müqavilələr bağlamışıq, Hollandiyanın "Şell" şirkəti burada fəal işləyir, çox böyük imkanlara malikdir, Belçika, İtaliya şirkətləri, hətta İspaniya şirkətləri, Fransanın "Total", "Elf akiten" kimi iri şirkətləri, Norveçin "Statoyl" şirkəti işləyir. Bir sözlə, biz Xəzər dənizinin imkanlarını dünya üçün açmışıq. Çünki burada zəngin neft və qaz yataqları var. Biz Gürcüstan ərazisi ilə Qara dəniz sahilinə neft kəməri çəkmişik. Biz artıq bu boru kəməri ilə neft ixrac edirik. Gələcəkdə ildə təqribən 50-60 milyon ton neft ixrac etmək üçün bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşasına dair çox iri müqavilə imzaladıq. Bizi bu da bütün ölkələrlə birləşdirir.

Lakin Xəzər dənizinin o tayında Qazaxıstan, Türkmənistan da neft və qaz hasilatı ilə məşğuldurlar. Xəzər dənizi hələ Sovetlər İttifaqının dövründə sektorlara bölünmüşdü. Doğrudur, indi bəziləri buna etiraz edirlər, Xəzər dənizinin statusu haqqında mübahisələr gedir - problemlərimizdən biri də budur. Mən suallarınıza cavab verməyə çalışdım.

Düşünürəm ki, ayın 7-də keçiriləcək seçkilər barədə sizə ətraflı danışmışlar. Əmin ola bilərsiniz ki, ayın 7-də seçkilərin ən yüksək səviyyədə keçməsi üçün hər şey edilmişdir və ediləcəkdir. Yəqin ki. onlar hər şeyi söyləmişlər. Mən təkrar etməyəcəyəm. Sağ olun.

İndulis Berzinş: Mütləq gələcəyəm. Sağ olun.