Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin YUNESKO-nun baş direktoru Federiko Mayor cənablarına məktubu - Bakı şəhəri, 3 sentyabr 1997-ci il


Hörmətli cənab Federiko Mayor, insanın bütün hüquq və vəzifələrinin həyata keçməsi, inkişaf və demokratiya üçün sülhün zəruri olduğunu bir daha təsdiq edən insanın sülh hüququ haqqında Bəyannamənin layihəsini diqqətlə öyrəndim və bu barədə mülahizələrimlə bölüşmək istəyirəm.

Sona çatmaqda olan XX əsr bəşər tarixində çox ziddiyyətli bir səhifədir. Bir tərəfdən elmin və texnikanın inkişafı insanların yaşayış səviyyəsini yüksəltməyə imkan yaratdı, digər tərəfdən isə həmin nailiyyətlər insanın özünə qarşı yönəldi. İnsanları kütləvi şəkildə məhv edə bilən silahların kəşf edilməsi bütün bəşəriyyəti böyük bir təhlükə altında qoydu. Bu gün insan hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən ümumbəşəri bir dəyər kimi qəbul edilməsinə baxmayaraq, onlar bir çox yerlərdə kobudcasına pozulur və bu da yalnız ayrı-ayrı dövlətlərdə bərqərar olunmuş totalitar rejimlərlə əlaqədar deyil. İnsan hüquqlarını kütləvi şəkildə pozan başlıca amil müharibədir. Müharibələr nəticəsində insanların ən əsas hüququ - yaşamaq hüququ pozulur, onların yaşadıqları yerlər dağıdılır, mədəni sərvətlər məhv olunur, ailə üzvləri arasında əlaqələr kəsilir, insanlar öz yurdlarından didərgin düşür və böyük faciələrə düçar olur. Bütün bunlara bəraət qazandıra bilən heç bir səbəb yoxdur və ola da bilməz.

Yaxşı məlumdur ki, sülh olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Sülh isə yalnız müharibənin olmaması demək deyil. Sülh həmçinin elə bir şəraitdir ki, bütün insanlar zorakılıqdan və qorxudan azad yaşayırlar. Hesab edirik ki, Bəyannamə layihəsində çox düzgün olaraq sülhün iki - beynəlxalq və daxili aspekti əks edilir.

Beynəlxalq aspektdə sülh bir tərəfdən dövlətlər arasında müharibələrin olmaması, digər tərəfdən isə xalqlar arasında qarşılıqlı hörmətə, etibara əsaslanan münasibətlərin mövcudluğu deməkdir.

Daxili aspektdə isə sülh məfhumu "vətəndaş sülhü" mənasını daşıyır ki, bu da vətəndaşların öz aralarında və vətəndaşlarla dövlət hakimiyyəti arasında münasibətləri ehtiva edir. Buna görə hər bir insanın sülh hüququ həm təhlükəsiz yaşamaq hüququ, həm də dövlətin idarə edilməsində fəal iştirak etmək və dövlətin daxili və xarici siyasəti haqqında dolğun və obyektiv məlumat almaq hüququ deməkdir. Öz xalqının mənafeyinə qarşı yönəlmiş və ya bu mənafelərin digər xalqlara qarşı qoyulması siyasəti yolverilməzdir.

Biz inanırıq ki, insan hüquqlarını təmin edən demokratik dövlət müharibəni birinci başlamaz. Burada xüsusi qeyd etmək istəyirəm ki, 1988-ci ildən bəri davam edən Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində ərazimizin 20 faizi işğal edilmiş, 1 milyondan artıq vətəndaşımız öz yurdlarından didərgin düşmüş, on minlərlə insanlar həlak olmuş, mədəni sərvətlərimiz dağıdılmışdır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası sülhsevər siyasət apararaq, 1994-cü ilin may ayından atəşkəsin əldə olunmasına, ölkədə siyasi sabitliyə, vətəndaş həmrəyliyinə nail olmuş və münaqişəni yalnız sülh yolu ilə həll etmək niyyətindədir. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın insan hüquqlarına nə qədər hörmət etməsinə əyani sübutdur.

Biz sülhü insan həyatında ən ülvi məqsəd hesab edirik və bu baxımdan onun layihədə yalnız insan hüququ kimi deyil, həm də hər kəsin vəzifəsi kimi müəyyən edilməsini dəstəkləyirik.

Hər bir insan dərk etməlidir ki, o, sülhün qorunmasına görə məsuliyyət daşıyır. Əgər bir kəs müharibənin mümkünlüyünü qəbul edirsə, deməli, onun başlanmasına rəvac verir. Digər tərəfdən isə sülhün öz-özünə bərqərar olacağını hesab etmək sadəlöhvlük olardı, hər şey insanların özündən asılıdır. Əlbəttə, demək olar ki, hələ heç vaxt dünyada ümumi sülh olmayıb. Amma bunu deməklə biz belə bir sülhün mümkünsüzlüyünü sübut etmiş olmuruq. Əgər ideya gerçəkliyə uyğun gəlmirsə, bu hələ o demək deyil ki, ideya düzgün deyil. Odur ki, bütün dövlətlər, təşkilatlar və insanlar hərəsi öz səviyyəsində sülhün bərqərar olmasına və onun qorunub saxlanmasına çalışmalıdırlar.

Sülh dövlətlərin siyasəti ilə sıx əlaqədə olmaqla yanaşı, həmçinin və bəlkə də hər şeydən əvvəl elm, təhsil və mədəniyyət məsələsidir. Yaxşı məlumdur ki, müharibənin əsas səbəblərindən biri insanlar və xalqlar arasında dözümsüzlük şəraitidir. Dözümsüzlük isə insanı zorakılığa vadar edə bilər. Buna görə də başlıca məqsəd insanlar arasında sülh, ədalət, azadlıq, qarşılıqlı hörmət, humanizm və bərabərlik ideyalarının yayılması, müharibə təbliğatı, dini, milli, irqi və sairə zəminlərdə düşmənçilik və ya ədavət salmaq məqsədi güdən hərəkətlərin qadağan olunmasındadır.

Layihənin son bəndində göstərilir ki, bütün dövlətlər insanların sülh hüququnu təmin etmək üçün bütün tədbirləri, o cümlədən konstitusion, qanunvericilik, inzibati, iqtisadi, sosial, mədəni xarakterli və digər tədbirləri həyata keçirməlidirlər.

Şübhə etmirəm ki, Azərbaycan Respublikasının 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyasında və digər qanunvericilik aktlarında bununla əlaqədar bir çox müddəaların olmasından xəbərdarsınız.

Belə ki, Konstitusiyanın müqəddiməsində Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti bəyan edilir. Daha sonra Konstitusiyada təsbit edildiyi kimi, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Konstitusiyaya görə Azərbaycan dövlətinin ali məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılmasını və təbliğ edilməsini qadağan edir, həmçinin, insanları hər hansı bir diskriminasiyadan müdafiə edir. Sülhün qorunmasında mədəniyyətin danılmaz rolunu nəzərə alaraq qeyd etmək lazımdır ki, Konstitusiya hər kəsin mədəni sərvətlərindən sərbəst istifadə etmək hüququnu, eləcə də milli mənsubiyyətini qoruyub saxlamaq və ana dilindən istifadə etmək hüquqlarını təmin edir, irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqatı və təbliğatı qadağan edir. Bu qadağanlar Azərbaycan Respublikasının cinayət qanunvericiliyində də öz əksini tapmışdır.

Biz inanırıq ki, bütün insanlar aralarında olan fərqlərə baxmayaraq, eyni tarixi köklərə malikdir və həyatda eyni məqsədlərə nail olmaq istəyirlər bəşəriyyətin keçmişi və bu günü bizə dəhşətli müharibələrdən xəbər verməyinə baxmayaraq, inanırıq ki, onun gələcəyi sülhdür.

Bu inama sadiq olaraq və bütün insanlara sülh arzulayaraq bildirmək istəyirəm ki, biz YUNESKO-nun insanların sülh hüququ haqqında Bəyannaməsinin qəbul edilməsi təklifini təqdirəlayiq hal hesab edirik və Bəyannamə layihəsini dəstəkləyirik.

Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikası demokratik, hüququ, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcək və bu siyasətə sadiq qalacaqdır.

Dərin hörmət və ehtiramla.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 sentyabr 1997-ci il.