"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüşdə giriş və yekun nitqi" (Bakı, 20 sentyabr 1995-ci il) sənədinə tarixi arayış


20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib. Mərasimdə Azərbaycan Prezidenti giriş və yekun nitqi söyləyib.

Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan neft-qaz sənayesi kollektivinin nümayəndələri ilə görüşün məqsədi neft-qaz sənayesinin bugünkü vəziyyətini təhlil etmək, görülən işləri bir daha nəzərdən keçirmək və qarşıda duran vəzifələri müəyyənləşdirməkdən ibarət olub.

Neft-qaz sənayesində çalışan mütəxəssislər, mühəndislər, fəhlələr və bu sahənin müxtəlif sahələrinə rəhbərlik edən şəxslərin iştirak etdiyi görüşdə neft-qaz sənayesinin mövcud vəziyyəti geniş müzakirə edilib. Tədbirdə ilk olaraq Azərbaycan Pespublikası Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev çıxış edərək neft sənayesinin real vəziyyəti barədə geniş məruzə edib. Sonrakı natiqlər qaz sektorunda, neftçıxarma və emal sənayesi sahələrindəki problemlər və perspektiv inkişaf haqqında məlumat veriblər.

Qeyd edilməlidir ki, bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alıb. Azərbaycan Prezidentinin 17 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabrın hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib. Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

"Əsrin müqaviləsi"nin birinci ildönümünə həsr edilən tədbirdə geniş məruzə ilə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev ölkədə neft sənayesinin 1991-ci ilədək inkişaf tarixindən və Azərbaycanın müstəqilliyindən sonra bu sahənin inkişaf yolları barəsində öz fikirlərini açıqlayıb. O, öz çıxışında Azərbaycan iqtisadiyyatının inkişafında neft sənayesinin əhəmiyyətinə toxunaraq deyib: "Mən Azərbaycan neftçilərinin fəaliyyətini həmişə yüksək qiymətləndirmişəm və qiymətləndirirəm. Neftçilər Azərbaycan tarixində əvəzsiz xidmətlər göstərmişlər, əsrin əvvəlindən indiyədək Azərbaycanın şanını-şöhrətini qaldırmışlar. Respublikanın bütün iqtisadiyyatının inkişafı neft sənayesi ilə bağlıdır. Demək, Azərbaycan neftçilərinin əməyi ilə bağlıdır".

Tarixi arayış 6 iyul 2008-ci ildə tərtib edilib.